
Rusiya ilə Ukrayna arasında yeni danışıqlar ərəfəsində hər iki tərəfin ordu və kəşfiyyat xidmətləri diqqətçəkən hücumlara başlayıblar. Belə ki, Ukrayna Rusiyanın hərbi hava limanlarına və dəmir yolu xətlərinə hücum edib. Prezident Zelenski danışıqlar öncəsi konkret tələblər irəli sürüb.
Zelenskinin sözlərinə görə, o, İstanbulda keçiriləcək görüş üçün Ukraynanın mövqeyini müəyyən edib: tam və qeyd-şərtsiz atəşkəs, əsirlərin azad edilməsi və oğurlanmış uşaqların geri qaytarılması. Bundan əlavə, yüksək səviyyəli görüş təşkil olunmalı və bu görüş uzunmüddətli sülh və təhlükəsizliyi təmin etməlidir.
Ukrayna Rusiyanın hərbi hava limanlarına və dəmir yollarına hücum edir
Ukrayna kəşfiyyat xidməti uzunmüddətli hazırlıqdan sonra Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi hərbi hava limanlarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bildirir ki, İrkutsk yaxınlığındakı Sibir də daxil olmaqla dörd hava limanına edilən hücum nəticəsində ümumilikdə 40-dan çox təyyarə məhv edilib.
Rəsmi şəkildə təsdiqlənməyən məlumatlara görə, Ukrayna kəşfiyyatı hücum üçün döyüş dronlarından istifadə edib. Bu dronlar yük maşınlarına yerləşdirilmiş taxta evlərdə gizlədilərək oradan havaya buraxılıb. “Uyğun anda dam örtükləri uzaqdan idarə ilə açılıb və dronlar Rusiya bombardmançılarını vurmaq üçün havaya qalxıb”, – deyə məlumatda bildirilir.
Kiyev hərbi kəşfiyyatının verdiyi məlumata əsasən, şənbə gecəsi Rusiyaya məxsus yük qatarı partladılıb. Partlayış nəticəsində yanacaq çənləri və yük vaqonları relsdən çıxıb. Bazar gecəsi isə Rusiyada daha iki hadisə baş verib – Kursk və Bryansk vilayətlərində körpü çökməsi nəticəsində iki qatar relsdən çıxıb.
Bryansk vilayətinin qubernatoru Boqomas bildirib ki, hadisələr nəticəsində 7 nəfər həlak olub, 70-ə yaxın insan, o cümlədən 3 uşaq yaralanıb. O, körpünün partladılması ilə bağlı xəbərləri təsdiqləyib. Rusiya İstintaq Komitəsi bu hadisələri “terror aktı” kimi qiymətləndirib.
Kiyev ordusu Rusiya hücumu nəticəsində ölən və yaralananları açıqlayıb
Ukrayna ordusunun məlumatına görə, Rusiya tərəfindən həyata keçirilən raket hücumu nəticəsində Ukrayna ordusunun təlim bazasında azı 12 hərbi qulluqçu həlak olub, 60-dan çox şəxs yaralanıb. Hücum zamanı hava həyəcanı elan edilsə də, hər hansı toplaşma və ya təlim çağırışı olmayıb.
Ukrayna ordusunun baş komandanı baş verənlərə görə məsuliyyəti öz üzərinə götürərək dərhal istefa verdiyini elan edib.
Danışıqlarda fərqli mövqelər
Moskva və Kiyev danışıqlara yanaşmada fərqli mövqelərə sahibdirlər. Ukrayna ilkin mərhələdə atəşkəsin əldə olunmasını və bu prosesin davamında daimi sülhə aparan yolun müəyyən edilməsini istəyir.
Kreml rəhbəri Putin isə ABŞ prezidenti Tramp tərəfindən təklif olunmuş qeyd-şərtsiz 30 günlük atəşkəsi mart ayında rədd edib. Onun fikrincə, bu müddət ərzində Ukrayna silahlanmanı bərpa edə və cəbhədə yenidən mövqe tuta bilər. Putin yalnız Ukraynanın yekun sülh şərtlərinə razılıq verdiyi təqdirdə döyüşləri dayandırmağa hazır olduğunu bildirib.
Sarvan Səmədoğlu
TEREF