![]() |
![]() ![]() ![]() |
|
Aktyor Cavidan Novruz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından aldığı maaşla bağlı sualı cavablandırıb.
"El Canlı" verilişində qonaq olan sənətçiyə aparıcı Elcan Rəsulov "Hər gün tamaşa oynasan 2 min manat maaş alarsan" sualını verib.
Müğənni İlhamə Qasımova isə ona "2 min qazansa, adımı dəyişərəm" reaksiyasını verib.
Cavidan isə "Hər gün tamaşa olsa... Digər işlərimi görə bilmərəm. Tamaşa sayının maaşa aidiyyatı yoxdur. Status söhbəti var. Gənc aktyoram, ona uyğun maaş alıram. Ölkənin ən önəmli teatrında çalışıram. Eyni zamanda atam Ramiz Novruzun işlədiyi teatrdayam, önəmlisi budur. 2 min manat olmasa da, yarısını alıram" cavabını verib. (Axşam.az)
“Cahangir Novruzovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”. Deputat Səyyad Aran belə çağırış edib. Deputat bildirib ki, Cahangir Novruzov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir: “Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət camiyəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Novruzovla danışıb, onu Vətənə dəvət etsin”.
Xalq artisti Rasim Balayev isə Medianews.az-a bildirib ki, Novruzov həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz, bu, bir nəfərlə olmur.
Cahangir Novruzov
Cahangir Novruzov Oxu.Az-a açıqlamasında deyib: “Bu məsələ mənim üçün nəinki xoş, hətta gözlənilməz bir fəxrdir. Əgər Vətənimin, millətimin Milli Məclisində haqqımda danışılırsa, bu, mənim xalqım üçün, millətim üçün, Azərbaycan mədəniyyəti üçün bir anlam kəsb etməyim deməkdir. Bundan ancaq qürurlanmaq, fəxr etmək olar. Hətta xəbəri birinci dəfə oxuyanda yoldaşım dedi, sən niyə qızardın belə? Dedim, əsəbiləşmədim, utandım. Təsəvvür edin ki, 30 ildir yada düşməyən bir adamı birdən-birə Milli Məclis yada salır. Həmişə dediyim bir söz var - mən də Azərbaycanın bir əsgəriyəm. Harada lazımamsa, Vətənim məni istəyirsə, oraya getməyə, baş qoymağa hazıram. Bu gün həqiqətən lazımamsa, rəsmən müraciət edərlər, oturub ciddi söhbət edərik. Əgər Vətənimdə mənə ümid bəsləyirlərsə, demək ki, gələndə orada nələrsə etməliyəm. Mən vəzifə həvəskarı olmamışam, deyiləm də. Amma bəzi reallıqlar var. Bilirsiniz ki, artıq 30 ildir Türkiyədəyəm. Demək olar burada kök salmışam. Nəvələrim burada oxuyurlar, yaşayırlar, işləyirlər. Özümün burada qurduğum bir sistem var. Yəni bildiyiniz-bilmədiyiniz bir çox şeylər var ki, bunların hamısını düşünməliyəm, götür-qoy etməliyəm. Əgər bu söhbətimiz 20 il bundan əvvəl olsaydı, mən yəqin ki, bu qədər dərinə getməyə ehtiyac bilməzdim.
Bayaq dediyim kimi, Vətənim üçün hər şeyə hazıram. Əgər mənim gücüm, bacarığım, istedadım Azərbaycan mədəniyyəti üçün az da olsa xeyirli olacaqsa, bundan ancaq xoşbəxt ola bilərəm. Amma tamamilə köçüb gəlmək, ya gəlməmək məsələsi bir anda veriləcək cavab deyil. Rasim müəllimin fikri ilə də tam razıyam. Azərbaycan mədəniyyətinin inkişafı üçün biz hamımız səfərbər olmalıyıq, bir olmalıyıq. Tək əldən səs çıxan deyil".
Bəs teatrı nə və ya kimlər düzəldə bilər? Teatrımızda hansı işlər görülməlidir?
Bir sıra teatr tənqidçiləri qeyd edir ki, Azərbaycan teatrı hazırda dərin böhran içindədir. Lakin bu böhranın dərmanını yalnız Cahangir Novruzovun gəlişində görmək, onun xilas missiyasını daşıyacağını düşünmək romantik və həddən artıq optimist yanaşmadır. Daha konkret desək, Cahangir Novruzov bu gün “ana teatr” sayılan Akademik Milli Dram Teatrında baş verən dərin qalmaqalları səngidəcək, oradakı pozulmuş yaradıcılıq balansını bərpa edəcək şəxs kimi təqdim olunsa da, bu gözləntilər indiki reallıq fonunda bir qədər utopik görünür.
Məryəm Əlizadə
Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, Akademik Milli Dram Teatrında normal yaradıcılıq prosesi gedir.
O ki qaldı Cahangir Novruzovun ölkəyə gətirilməsi məsələsinə, o, mənim tələbəlik illərimdən çox əziz dostum, Azərbaycanın böyük aktyorudur. O, Türkiyəyə gedəndə çox təəssüf etdim ki, belə bir böyük aktyoru itirdik, o mənada ki, ölkədən getdi. Onun getmə səbəblərini də bilirik, bu, səbəbsiz deyildi. O, müəyyən maddi və digər çətinliklər qarşısında qalmışdı və sairə. Türkiyədə də çox böyük nüfuz qazanıb. Hesab edirəm ki, Cahangir Novruzov Azərbaycan teatrına hər zaman lazımdır.
Amma bir daha qeyd edirəm ki, Akademik Milli Dram Teatrında yaradıcılıq prosesi öz qaydasındadır. O ki qaldı yaranmış səs-küyə, qalmaqallara, aktyorlar həmişə obrazlar yaradırlar, cilddən-cildə girməyə məcbur olurlar və onların əsəbləri həmişə adi insanlardan daha çılpaq olur. Görünür, indi kimsə nədənsə inciyib. Buna görə oturub söhbət etmək, anlaşmaq, qarşılıqlı hörmət mühitində müzakirə aparmaq olar. Belə bir el sözü var ki, “qanı qanla deyil, su ilə yuyarlar”.
Mən şəxsən teatra gedirəm, görürəm və ona görə də deyə bilərəm ki, teatrda hər şey normaldır. Çox təəssüf edirəm ki, teatrdakı söz-söhbətlər artıq kənara çıxıb, kənarda müzakirə olunur. Hər şeyi daxildə həll edib, öz qaydasına qoymaq olardı. Konflikt heç bir zaman heç bir nəticə vermir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
"30 dəfə əməliyyat keçirmişəm (gülür). Aktrisa elədir ki, yaşlı obrazları oynamasa, kim oynayacaq?! Hər yaşın öz dövrü, tələbi var. Bir gün mənə dedilər ki, səni filmə çəkəcəyik, "Sarıköynək və Valehin nağılı"na. Dedim mən kimi oynayacağam? Dedilər Sarıköynəyi. Bildirdim ki, mənim 28 yaşım var, 18 yaşındakı qızı canlandırmayacağam. Söylədilər ki, bu, kinodur, dedim yox, oynamayacağam. Soruşdular, bəs kimi fikirləşirsən? Dedim bir qız var, onu gətirəcəyəm, baxarsınız. Mehriban Xanlarovanı gətirdim, təsdiq etdilər. Həmin film də tarixə düşdü. Həmişə düşünmüşəm ki, kino nə qədər aldadıcı olsa da, yaş nəzərə alınmalıdır. Teatrda aldatmaq olur, kinoda bu mümkün deyil".
Bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu "Bir gün" verilişində deyib.
O, həmçinin plastik əməliyyatlardan da söz açıb: "Mən plastik əməliyyatların əleyhinə deyiləm. Amma bizim sənətimizdə plastik əməliyyatlar bizi təəccüblənməkdən, təbii hisslərdən, hissləri cizgilərimizlə göstərməkdən məhrum edir. Ona görə də bacardığımız qədər plastik əməliyyatlardan uzaq olmalıyıq. Bu o demək deyil ki, mən özümə fikir vermirəm. Hər səhər idmanla məşğul oluram.
Plastik əməliyyat keçirməmişəm. Allah qismət eləsə, 90 yaşımda fikirləşərəm. Mən plastik əməliyyatdan qorxuram. Çünki Allah nə yaradıbsa, odur, ona müdaxilə etmək düzgün deyil. Yaş kompleksim yoxdur. Hər zaman hər yerdə qışqırıram ki, 67 yaşım var".//Milli.Az
Türk kinosunun məşhur adlarından biri, "Yeşilçam"ın əfsanəsi Ediz Hun uzun müddətdir səhhətinə dair yayılan iddialara aydınlıq gətirib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, ötən il xərçəng xəstəliyinə tutulması ilə bağlı iddialara səssiz qalan aktyor ilk dəfə yaşadıqlarını ictimaiyyətlə bölüşüb.
84 yaşlı Ediz Hun qatıldığı konfransda yoğun bağırsaq xərçəngindən müalicə aldığını və xəstəliyə qalib gəldiyini bildirib.
"Kolonoskopiya etdirdim, bağırsaqlardakı 21 hüceyrədən 5-də xərçəng aşkarlandı. Allaha şükürlər olsun ki, hamısı getdi", - deyə o qeyd edib.
"Özümə həddindən artıq arxayın olduğum üçün belə oldu. Əməliyyat oldum, indi yaxşıyam. Heç bir problem yoxdur, amma təbii ki, Allah bilir. Məni heç kimə möhtac etməsin. Kişi kimi yaşayaq, kişi kimi gedək", - deyə Ediz Hun kimyaterapiya müalicəsindən sonra sağlamlığına qovuşduğunu nəzərə çatdırıb.
Sənətçi, həmçinin yaşadığı sağlamlıq prosesindən dərs aldığını da diqqətə çatdırıb və sağlam həyat vərdişlərinin əhəmiyyətinə toxunub. B vitamini əlavələri qəbul etdiyini və mütəmadi olaraq balıq yağı istehlak etdiyini deyib.
"Evdə idman edirəm. Çəki almamağa diqqət edirəm, çünki hər kiloqram ürəyi yorur", - deyə o vurğulayıb.
Bakıda Qətər Mədəniyyəti Günləri başlayıb.
Musavat.com xəbər verir ki, ötən gündən etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri təqdim olunmağa başlayıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qətər Dövlətindən olan həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Dənizkənarı Milli Parkda yaradılan müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olublar.
Eyni zamanda Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı keçirilib. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Qətərli ifaçıların təqdim etdiyi musiqili kompozisiyalar maraqla qarşılanıb.
Bakıda Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.
Qeyd edək ki, bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib.
Könül İbrahim
Musavat.com
Aktrisa Oksana Rəsulova Pakistana yola düşüb.
Musavat.com xəbər verir ki, aktrisa rejissor Əbu Alehanın Pəncab dilində çəkdiyi "Salem" filmində rol alacaq. Oksana filmdə ikinci baş rolu oynayacaq və onun üçün filmdə mahnı da yazılacaq.
Oksana haqqında yazan Pakistan mətbuatı qeyd edib ki, o 5 il Bollivudda işləyibvə hindi dilini çox yaxşı bilir.
Könül
Musavat.com