"Avropa Birliyinin Səmərqənddə - Əmir Teymurun vətənində türk dünyasını parçalamaq üçün əl atdığı planların da iflasa uğrayacağına şübhəmiz yoxdur"
" Qələbəmiz bütün türk, islam dünyasının uğurudur!"
Bu gün Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk barometri 2024 – türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
STM sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışını təqdim edirik:
Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə keçirilən sosioloji tədqiqatın nəticələrinə-“Türk Barometri”nin təqdimatına həsr olunan beynəlxalq konfransda hər birinizi ürəkdən salamlayır, “doğma vətəninizə xoş gəlmisiniz”, deyirik.
Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalar, akademik çevrələr və beyin mərkəzləri üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı -Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə Türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır.
Xatırladaq ki, “Türk Dünyasına Baxış-2040” sənədində Türk Sivilizasiyasının yüksəlişindən bəhs olunur. “Türk Barometri” 150 milyondan çox əhaliyə, 4.2 milyon kv.km əraziyə, 1.3 trilyon dollardan çox ÜDM-ə və geostrateji mövqeyə malik bir coğrafiyada yaşayan xalqların həyatını öyrənməklə ortaq irsin qorunmasına xidmət edir, xüsusilə elmi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma yaradır.
Bildiyiniz kimi, Türk xalqları arasında tarixi bağlar dərin olduğu üçün bütün formasiyalarda ideoloji-siyasi çərçivələri aşaraq, özünə inkişaf yolu tapa bilib. Qürurla xatırlayırıq ki, ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev həm Azərbaycanın, həm də Sovetlər Birliyinin rəhbərlərindən biri olarkən, bütün türk respublikaları ilə qurulan güclü əlaqələri ilə türk dünyasının birliyinə xidmət edib.
Təkcə onu deyək ki, ötən əsrin 80-ci illərində Kreml sarayında Heydər Əliyev bir çoxlarının risq etmədiyi qətiyyəti göstərərək, Siyasi Büronun Qazaxıstanda və Özbəkistanda etnik-milli toqquşmalara səbəb olan qərarlarına açıq etiraz edən azsaylı liderlərdən biri olub. Ulu öndərin böyük "Kitabi-Dədə Qorqud", "Manas", "Koroğlu" kimi folklor abidələrinə verdiyi dəyər, qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin yubileylərində iştirakı və parlaq nitqi, "dünya ədəbiyyatına xəzinə bəxş edən qırğız xalqının görkəmli yazıçısı Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırması, qazax mütəffəkiri Oljas Süleymenovu “Az İ Ya” əsərinə görə təqiblərdən qoruması, Alma-Atada Qorbaçov “yenidənqurma”sının qanlı təyinatı olan Kolbinə qarşı çıxması, Özbəkistana qarşı hazırlanan provakasiya və repressiyalar haqda Şərəf Rəşidovu xəbərdar etməsi, onunla sonadək dostluğunu qoruması böyük dövlət adamının zamana sığmayan cəsarət və ləyaqət nümunələridir.
Heydər Əliyevin hələ sovet illərində Türkiyə Cümhuriyyəti ilə münasibətlərin ideoloji, soyuq müharibə şərtlərindən asılı olduğu bir dövrdə Süleyman Dəmirəllə yananan münasibətləri sonralar müstəqilliyin ağır illərində Naxçıvanın qorunmasında müstəsna rol oynadı. İki türk liderinin 1992-ci ildə açdıqları Ümid körpüsü türk dünyasının birlik simvoluna çevrildi. Qars müqaviləsi 70 ildən sonra həmin yolla açıldı.
Ulu öndərin 1995-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı böyük Mustafa Kamal Atatatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün “örnək” adlandırması fərqli şərtlər və təhlükələr qarşısında Qurtuluş hərəkatı aparan iki liderin bir amalda birləşdiyini göstərir.
İndi də tarix təkrar olunur - Atatürkün aldığı Aralıq Dilucundakı 11 kilometrlik quru sərhəddi Qarabağda parlaq Qələbəmizdən sonra Zəngəzur yolunun açılması üçün mayaka çevrilib.
Müstəqillik illərində Ulu öndərin TÜRKSOY-un formalaşmasında fəal iştirakı, türkmən şairi Məhdimqulunun, böyük özbək hökmdarı Əmir Teymurun, Məhəmməd Füzulinin 500, “Kitabi Dədə Qorqud”un 1300 illiyinin keçirilməsi ümumtürk mədəniyyətinə töhfə idi.
Tarix boyu dünyada savaş aparan dövlətlər Avropa sərhədlərindən Çinədək uzanan coğrafiyada 300 milyonadək əhalini birləşdirən Türk dünyasının parçalanmasına çalışıblar. Lakin hansı qitədə və imperiyada yaşamalarından asılı olmayaraq, türklər milli kimliklərini qoruyublar. Müqayisə üçün, ermənilər başqa kültür, dəyər və demoqrafiya şərtlərinə uyğunlaşma davranışı göstəriblər. İspanların bəzi adət-ənənələri, memarlıq nümunələri İslam intibahının izlərinə malikdir. Müasir İtaliyanın gücü - Roma imperiyasının idealları bri çox xalqların qarışıq mədəniyyətindən doğulub.
Lakin Sovetlər birliyinin süqutundan sonra müstəqilliklərini elan edən və dünya siyasi xəritəsinə çıxan türk dövlətləri hazırki beynəlxalq təhlükələr və böhranlar şəraitində qlobal layları sabitləşdirən, regiona sülh və təhlükəsizlik vəd edən yeni ittifaqların qurucuları kimi çıxış edirlər.
İndi Avro-Atlantik məkan parçalanır, ABŞ və Avropa Birliyi eyni iqtisadi-siyasi ittifaqı özündə ehtiva etmir, Qərb qütbündəki qüvvələr öz aralarında yeni sədlər-müasir "Berlin divarları" çəkir, lakin Moskva müqaviləsindən tam 100 il sonra Türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ Bəyannaməsi ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsini – "2040 Vizyonu"nu imzalayır.
Prezident İlham Əliyev türk dünyasını “bir ailə” elan edir. Beləliklə, xalqlarımız öz köklərinə qayıdaraq, bir vaxtlar Atatürkün söylədiyi kimi, "hadisələrin böldüyü tariximizin içində yenidən bütünləşirlər". Türk Dünyası digər "dünya"lardan fərqli olaraq, xalqları vahid çətir altında toplamaq üçün sonradan yaradılan süni ideoloji-siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır, Türk geosiyasətinin – "Türk qütbü"nün ifadəsidir.
Avropa Birliyinin Səmərqənddə - Əmir Teymurun vətənində türk dünyasını parçalamaq üçün əl atdığı planların da iflasa uğrayacağına şübhəmiz yoxdur. Çünki qardaş Türkiyəni 60 il Brüsselin qapısında saxlayanlar orta Asiyanı türk dünyasından ayırıraq, Qərbin müttəfiqi deyil, platsdarmına çevirmək istəyirlər. Lakin müstəqil Kıprısı silmək cəhdləri məhvə məkhumdur. 12 milyard avro ilə keçmişin və gələcək idealların üzərindən xətt çəkəcəyinə əmin olan Qərb Avrasiyanı, Yaxın Şərq və Cənubi Qafqazı parçalamağa çalışır, “Qlobal Qapı” layihəsi ilə keçmiş imperiya varisi olan dövlətləri üz-üzə qoyur. Lakin Azərbaycan birləşdirici rolu uzaq paytaxtların planlarının qarşısını alır. İlham Əliyev ölkəsini türk dünyasının mərkəzi etmək iddiasını qətiyyən gizlətmir.
Türk dövlətləri arasında inteqrasiyanı sürətləndirən, min illərlə formalaşan tarixi-mədəni birliyi, türk ruhunu yenidən canlandıran ən mühüm hadisə heç şübhəsiz, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizdir. Qələbəmiz vaxtilə bir araya gəlmək üçün müxtəlif paytaxtlara boylanan ölkələrin beynəlxalq mövqelərinin güclənməsinə təkan verib, təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə və Suriya rejiminin çökməsində mühüm rol oynayıb. Qarabağ Zəfəri regionda 90-cı illər məğlubiyyət dövrünün inhisarçı geosiyasi arxitekturasını dəyişməklə, Türk dünyasının beynəlxalq və regional gücünü artıran inqilabi dönüş olub, Avropa və Asiya arasındakı tarixi İpək Yolunun bərpası ilə Zəngəzur Dəhlizinin açılmasına zəmin yaradıb. Orta Dəhliz – biz onu "Türk Dəhlizi" də adlandıra bilərik – Avropa və Asiya arasında mühüm iqtisadi əməkdaşlıq perspektivləri yaradır.
Bəli, qətiyyətlə demək olar ki, Qarabağın azad edilməsi yalnız ərazi hadisəsi deyil, həm də siyasi, mənəvi, mədəni, iqtisadi və geosiyasi coğrafiyamızın da böyüməsi deməkdir.
Biz indi türk dünyasında faciələrə və köçkünlüyə qarşı deyil, Qələbə platforması ilə birləşirik. Zəfərimiz bu torpaqlarda min illərdir yaşadığımızın sübutudur. İndi Azərbaycan sözü daim torpaq itkisi yaşayan məkanı deyil, hər qarış Vətən uğrunda döyüşməyi bacaran, onu qaytarmağa qadir olan bir millətin vətənini özündə əks etdirir. Ermənilərin Qarabağda məğlubiyyəti ilə türk dünyasını parçalamaq və üz-üzə qoymağa xidmət edən çoxəsrlik təxribat ssenariləri heç vaxt indiki qədər təsirsiz olmayıb. Qələbəmiz bütün türk, islam dünyasının uğurudur. Qarabağın qurtuluşu türk dünyasının Zəfəridir. Onu gələcək nəsillərə ötürmək türk dünyası üçün “russkiy mir”lə “amerikan müstəsnalığı” arasında yenilməz qala olar. İndi azərbaycanlıların azad torpaqlara Böyük Qayıdışı təkcə yeni Vətən qurucluğu deyil, həm də min illərin ənənələrinə və köklərinə dönüş deməkdir. Ona görə də türk dövlətlərinin Şuşada keçirilən Zirvə görüşü təkcə mədəniyyət deyil, həm də də siyasi mərkəzə çevrilən müqəddəs məkana Türk və İslam dünyasının paytaxtı statusunu qazandırıb.
İctimai rəy sorğuları deyilənləri təsdiqləyir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2024-cü ildə keçirilən ictimai rəy sorğusuna əsasən, 61.6% respondent Azərbaycanı ilk növbədə, “türk dünyası” ölkəsi olaraq görür. 84.2% respondent türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni sahələrlə yanaşı, hərbi-siyasi istiqamətlərdə qurulması istəyini ifadə edib, respondentlərin 77%-i ölkəsinin milli-mədəni dəyərlərini qorumalı olduğunu bildirib, 84% ailənin, cəmiyyətin milli adət-ənənələrə uyğun həyat tərzini vacib hesab edib. Türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər türk dövlətindən dostu var. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir.
Həmçinin, 76% türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə yaxşı olduğu mövqeyini bölüşüb. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabər olub.
"2040 Vizyonu" sənədinin də əsas hədəflərindən biri– "Türk Dünyasında birlik, bərabərlik və həmrəylik şüuruna sahib bir nəslin yetişdirilməsi; təhsil və gənclik siyasətlərinin daha da uyğunlaşdırılması"dır. Tarixi mənbələrdə XIX əsrin ortalarına qədər, Buxarada fəaliyyət göstərən 200-dən çox mədrəsədə, "Səmərqənd məktəbi"ndə Türk dünyasının müxtəlif yerlərindən on minlərlə tələbənin təhsil aldığı faktını vurğulamaq yetərli olar. Türkün yüksəlişi XXI əsrin savaş meydanı olan elm, təhsil, tədqiqatlardan keçən süni zəka ilə mümkündür. Xatırladaq ki, 2013-cü ildə yaradılan Türk Universitetlər Birliyi və "Orxun Mübadilə Proqramı" türk dövlətləri arasında təhsil diplomatiyasını yeni bir mərhələyə daşıyıb. Lakin rəqəmsallaşma və süni intellekt çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməyə ehtiyac duyulur.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səlcuq Bayraktarı “gənclərin idealı” adlandırmışdı. İndi savaş təkcə yeraltı sərvətlərin gücü, yaxud yerüstü insan resursları ilə deyil, göylərdəki orduların əliylə aparılır. Ona görə də türk dünyası texnoloji-hərbi suverenliyini birinci yerə qoymalıdır.
Milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, kibervətənimizi işğal etmək və beyinləri yumaq cəhdlərini, dezinformasiya təbliğatını Vətən müharibəsi nümunəsində vahid media səngərində aşdığımız kimi, qərbmərkəzli elm və təhsil məkanlarında tarixi şüura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclik, ailə siyasəti ilə dəf edə bilərik.
Qərbin mütərəqqi ali təhsil ocaqları heç də Kaşqarlı Mahmudun, Nizami Gəncəvinin, Əlişir Nəvainin, Cəlaləddin Ruminin, İbn Sinanın tibb, astronomiya, məntiq, riyaziyyat və digər elmlərin tədris edildiyi mədrəsələrindən daha qədim tarixə malik deyil. Biz regionda elm və təhsil məqsədilə Şərqdən Qərbə olan axını, yenidən Qərbdən Şərqə doğru dəyişdirməliyik.
Birləşdirici qan və ruh məktəblərdə-universitetlərdədir. Fikir öndərimiz İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə və əməldə birlik" şüarı ortaq əlifba və dil maneələrini aşaraq, Türk dilinin beynəlxalq ünsiyyət vasitəsinə yüksəldilməsini şərtləndirir. Tarixi irsi qorumaq təkcə muzey fəaliyyəti deyil, yaradıcı ruhu və idealları sürətlə dəyişən dünyaya uyğunlaşdırmaq, yenilərini yaratmaq deməkdir.
Təklif edirik ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın. Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər. Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər. İnanırıq ki, türk dövlətlərinin Beyin mərkəzlərinin birgə tədqiqat planları və hədəflərin uzlaşdırılması hazırki qlobal təhlükələr və böhranlardan çıxışın, yeni dünya nizamının güclü qütbü rolunu üzərinə götürməyin başlıca təminatına çevrilə bilər.
Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, biz əminik ki, gün gələcək, dünyanın bütün məsələləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll ediləcəkdir.
Dünya tarixinə yön verən qədim millətlərdən biri olaraq, türklər, təhlükəsiz gələcəyin - Yeni Yüzilin qurucularıdır!
Çıxışımı ərazi, siyasət və nüfuz coğrafiyamızı böyüdən böyük türk hökmdarı Əmir Teymurun sözləri ilə bitirmək istərdim. O deyir: ”Türklər qəhrəman millətdilər, mərddilər, sözü bütövdülər. Keşkə başladıqları kimi bitirə bilsəydilər...”
Türkiyənin məşhur "Kuruluş Osman" serialının aktyoru Ümit Gündeşin İstanbulun Avcılar rayonunda çamadan oğurladığı müəyyən edilib.
TNS xəbər verir ki, hadisə martın 27-də baş verib.
O, mağazanın qarşısındakı çamadanı oğurlayaraq, ərazidən uzaqlaşıb. Oğurluq hadisəsi ilə bağlı araşdırma aparan polis əməkdaşları çamadanın bir çox seriallarda rol almış Ü.Gündeş tərəfindən oğurlandığını müəyyənləşdiriblər.
Mağaza sahibləri şikayətçi olmadıqlarına görə, aktyora qarşı ittiham irəli sürülməyib.
Ü.Gündeşin keçən il marketlərin birində yağ oğurlaması müşahidə kameralarına düşmüşdü.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu il katoliklər, pravoslavlar və protestantlarda xristianlar üçün müqəddəs bayram eyni günə təsadüf edir. Sonuncu dəfə belə bir hal 2017-ci ilə təsadüf edib.
Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Bayramın mahiyyəti İsa Məsihin ölümə qalib gələrək dirilməsidir. Bununla da İsa Məsih bütün bəşəriyyət üzərindəki ölüm və günah lənətini yox etmiş olur. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə insanın təbiətinə, onun bütün ağrılana, hətta ölümünə şərik olur.
Ənənəyə görə, dindarlar cümə axşamı günü səhər saatlarında kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.
Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Əksər dillərdə “Pasxa” və “Pesax” sözləri də əlaqəli və ya omonim sözlər kimi işlədilir. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir.
Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılıb. Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər.
İlk dəfə erməni-türk telekanalı “4 yaramaz çocuk” serialı yayımlayacaq; deputat: “Bu, Ankara-İrəvan münasibətlərinin normallaşması anlamına gəlmir”
Türkiyədə “Luys TV” X mikrobloqunda ilk erməni-türk telekanalı - “4 yaramaz çocuk” serialı yayımlanacaq. Bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq. Serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq.
Bildirilir ki, “Luys” televiziyası İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. Yayım 2019-cu ildə başlayıb. Yayımlanan proqramların 70 faizi “Qərbi erməni”, 30 faizi isə türk dilindədir.
Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün hava-su qədər vacibdir. Bu istiqamətdə proses getməkdədir. Erməni dilində serialın yayımlanması da normallaşma prosesinin bir elementi sayıla bilərmi? İki ölkə arasında diplomatik əlaqələr qurulmamış ermənicə serial verilməsinə Azərbaycan necə yanaşmalıdır?
Bu məsələ olduqca həssas və çoxşaxəlidir. Ermənicə serialın Türkiyədə yayımlanması, ilk baxışdan mədəni müxtəliflik və tolerantlıq kontekstində təqdim olunsa da, onun arxa planında siyasi, diplomatik və ictimai rezonans doğura biləcək nüanslar da gizlidir.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması uzun illərdir müzakirə olunan, lakin real nəticələrə nadir hallarda gətirən bir məsələdir. 2022-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılsa da (sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması, xüsusi nümayəndələrin görüşləri və s.), bu proses hələ də rəsmi diplomatik əlaqələrlə nəticələnməyib. Belə bir şəraitdə erməni dilində serialın Türkiyə kimi böyük bir ölkənin media məkanında yayımlanmasını bir çox siyasi şərhçilər normallaşma prosesinin mədəniyyət vasitəsilə “yumşaq güc” metodu ilə aparılması kimi dəyərləndirir.
Məlum məsələdir ki, Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir və Ermənistanla münasibətlərdə hər hansı yumşalma, xüsusən də Azərbaycan-Ermənistan münasibətləri tam normallaşmadan baş verərsə, bu, ictimaiyyətdə suallar və narahatlıqlar yarada bilər.
Məsələ ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Türkiyədə yaşayan müxtəlif xalqların öz dilində telekanallarının açılması siyasəti bir neçə ildir davam etdirilir:
Tənzilə Rüstəmxanlı
“2009-cu il TRT-nin bir bölümü kürd dilində fəaliyyətə başladı. Bu açılım siyasəti ilə bağlı rəsmi dövlət kanalıdır. Hətta telekanal yayımına o zaman baş nazir olan Ərdoğanın çıxışı ilə başlamışdı. İndi haqqında bəhs etdiyiniz kanal da eyni siyasətin tərkib hissəsi hesab edilə bilər. Hər şeydən öncə istərdim ki, Azərbaycan ictimaiyyəti bu kimi olaylardan yanlış nəticə çıxarıb qardaş Türkiyə haqqında pessimist düşüncəyə düşməsin. Türkiyə yüz illərlə Şərqin ən böyük imperiyalarından biri olan Osmanlının varisidir. Bu coğrafiyada kürd, ərəb, laz, digər xalqlar yaşayır. Türkün böyüklüyü həm də hakimiyyəti altında olan xalqların milli, dini haqlarını qorumasıdır. Ermənilər bu coğrafiyanın aborigen etnosu olmasa da bu gün Türkiyədə müəyyən saya malikdirlər və ermənidilli kanalın fəaliyyəti də bu prinsiplər əsasında, xüsusi olaraq qeyd edim ki dövlətin nəzarəti altında açılıb. Türkiyənin milli azlıqlara bu cür yanaşması iki baxımdan çox vacibdir. Əvvəla milli azlıq məsələsindən həmişə Qərb ölkələri, xüsusi təşkilatlar istifadə ediblər. İkincisi də bu məsələ ilə bağlı haqsız ittihamları beynəlxalq təşkilatların gündəminə daşıyıblar. Bu baxımdan prosesin dövlətin himayəsi və nəzarəti altında olması təqdirəlayiqdir”.
Millət vəkilinin fikrincə, bu məsələ Ermənistanla münasibətlərin normallaşması anlamına gəlmir və belə qəbul edilməməlidir:
“Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur. Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin ”milli kimlik simvolu" olduğunu bildirirlər.
Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini qaydasına salmaması isə onun bir dövlət kimi varlığını sual altında qoyur. 85 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın uzun müddət düşmən münasibətində yaşamaq şansı yoxdur. Əks təqdirdə Ermənistan dövlətçilik mövqeyini itirəcək və parçalanacaq".
Tənzilə Rüstəmxanlı həmçinin qeyd edib ki, Ermənistan son vaxtlar Türkiyə ilə barış prosesinin intensivləşdirəcəyinə ümid edərək bəzi addımlar atmağa məcbur olub:
“Türkiyə üçün Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması prioritetlərdən biridir və bunu da təbii qarşılamaq lazımdır. İki qardaş ölkənin biri ilə yaxşı əlaqələr qurub, o biri ilə düşmənçiliyi davam etdirmək mümkün deyil. Ermənistan bölgə dövlətləri Türkiyə ilə Azərbaycanla münasibətlərin normallaşmasına eyni paketlə getməlidir. Çünki hər iki ölkə ilə Ermənistanın problemləri eynidir. Azərbaycanla Türkiyənin bölgədə gedən olaylara, siyasi və iqtisadi proseslərə baxışları da üst-üstə düşür. Ermənistan bunları anlamalıdır”.
Omanda tapılan 4000 illik musiqi aləti arxeoloqları təəccübləndirib. Bakupost.az Fox News-a istinadən xəbər verir ki, qədim Dahva yaşayış məskənində aparılan qazıntılar zamanı arxeoloqlar bir cüt mis disk aşkar ediblər ki, diqqətlə tədqiq edildikdən sonra onların eramızdan əvvəl 2200-2000-ci illərə aid zərb aləti - qədim sinclər olduğu üzə çıxıb. Hər birinin diametri 138 mm olan iki eyni yuvarlaq lövhə kiçik bir çuxurlu relyef mərkəzinə malikdir. Divarların qalınlığı cəmi 1,5-2 mm-dir ki, bu da qədim metallurqların yüksək məharətindən xəbər verir. Dörd minillik ərzində alətlət korroziyaya uğrasa da, olduqca yaxşı vəziyyətdə qalıblar. Bu, bölgə üçün unikal tapıntıdır. Arxeoloq Xaled Douglas qeyd edib ki, onlar Yaxın Şərqdə musiqi alətlərinin mənşəyi və inkişafı ilə bağlı mövcud nəzəriyyələri sual altında qoyur. Alimlər sinclərdən dini ayinlərdə və məbəd mərasimlərində istifadə olunduğunu ehtimal edirlər. Onların kəşfi Fars körfəzinin qədim sivilizasiyaları arasında mədəni mübadilədə musiqinin mühüm rolundan xəbər verir. Arxeoloqlar əlavə ediblər ki, kəşf xüsusilə qiymətlidir, çünki qədim musiqi alətləri bu günə qədər nadir hallarda olduğu kimi qalır.
Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə Rusiya telekanallarının sayını azaltmağın zəruriliyini bəyan edib.
Bu barədə TASS məlumat verib.
"Hesab edirəm ki, bizim ictimai multipleksdə xarici televiziya şirkətlərinin mövcudluğu xeyli azaldılmalıdır", - deyə o bildirib.
Ermənistanda ictimai multipleks vasitəsilə yalnız Rusiyanın "Pervıy kanal", "Kultura" və "RTR-Planeta" telekanalları retranslyasiya edilir.
Elmi araşdırmaya görə, cəmi 6 dəqiqə oxumaq stress səviyyəsini 68% azaldır
Dünya oxumağı sevən insanlara və ətrafda bu qədər maraqlı şeylər olduğu halda niyə kitab oxumağa vaxt itirməli olduqlarını başa düşməyənlərə bölünüb.
Bu gün bir çox gənclər təəssüf ki, kitab oxumağı introvert (cəmiyyətdən qaçan) zəif və assosial insanların hobbi hesab edirlər. Ancaq çox yanılırlar, çünki oxumamaqla özlərini nəinki hər bir kitabın gətirə biləcəyi həzzdən, həm də oxumağın müxtəlif müsbət təsirlərindən məhrum edirlər.
Elm sübut etdi ki, kitab oxumaq, xüsusən də beynin emosional və intellektual qabiliyyətlərinə gəldikdə, çoxlu faydalar gətirir.
Kitablar var ki, həyatın müxtəlif sahələrindəki boşluqları doldurmağa kömək edən məlumat bloklarıdır. Və kitablar var , vitamindirlər, ruh üçün ilk yardım aptekidir, onlar sizə özünüzü anlamağa kömək edir. Oxumaq ətrafımızdakı dünyanı daha başa düşülən və daha maraqlı edir.
Beləliklə, Tribunainfo.az kitab oxumaq haqqında 11 elmi faktə təqdim edir:
1. Müntəzəm olaraq kitab oxuyanlar hər gün yeni bir şey öyrənirlər.
Bədəndəki hər hansı bir əzələ toxuması kimi, beyin də tapmacaları həll etmək və ya şahmat kimi intellektual oyunlar oynamaq kimi daim əlavə məşq tələb edir.
İşinizi, əmlakınızı, pulunuzu və hətta fiziki sağlamlığınızı itirə bilərsiniz, lakin heç kim sizin biliklərinizi əlindən ala bilməz. Kitab oxumaq mövcud bilik səviyyəsini qoruyub saxlamağa kömək etməklə yanaşı, onu genişləndirir. Oxumaqla beynimizi daima yeni məlumatlarla təmin edir və həyatda ona nə vaxt ehtiyac duyacağımızı heç vaxt bilmirik. Nə qədər çox biliyə malik olsaq, həyatda qarşılaşdığımız müxtəlif çətinliklərə bir o qədər hazır oluruq.
2. Oxumaq söz ehtiyatını genişləndirir
Nə qədər çox kitab oxusanız, gündəlik lüğətinizə bir o qədər yeni sözlər əlavə olunacaq. Daha geniş söz ehtiyatı və gözəl danışmaq bacarığı özünüzə inamınızı artıracaq. Bundan əlavə, aydın nitq və sözlərin düzgün tələffüzü istənilən peşədə çox kömək edə bilər. Yaxşı oxuyan insanlar, müxtəlif mövzularda danışa bilən yaxşı natiqlər iş dünyasında yüksək qiymətləndirilir və karyera nərdivanında sürətlə irəliləyirlər.
3. Oxumaq sizi yaxşılaşdırır
2013-cü ildə Emory Universitetinin araşdırması iki qrup insanın beyin funksiyasını müqayisə etdi. Bəzi insanlar kitabı təcrübədən əvvəl oxumuşdu, digər qrupdakı insanlar isə yox. Mütəxəssislər beyin skanlarından istifadə edərək, kitab oxumağın oxumayan respondentlərdə müşahidə olunmayan narahatlıq və başqalarına qarşı empatiya hisslərinə səbəb olduğunu aşkar ediblər. Bundan əlavə, bir qrup Nyu-York psixoloqu belə qənaətə gəlib ki, ədəbi əsərləri oxumaq insanların bir-birini daha yaxşı başa düşməsinə kömək edir.
4. Oxumaq yoluxucudur
Övladlarını oxumağı sevdirmək istəyən valideynlər bunu hər gün evdə ucadan oxumaqla edə bilərlər. Elmi cəhətdən sübut olunub ki, valideynləri ucadan kitab oxuyan məktəb yaşlı uşaqlarda oxumaq həvəsi daha çox inkişaf edir. Odur ki, əziz valideynlər, balacalarınıza yatmazdan əvvəl nağıl oxuyun.
5. Zehni inkişaf etdirir
Biz oxumaqla nəinki daha ağıllı oluruq, hətta beynimiz də aydınlaşır. Amerikalı nevroloji araşdırma sübut edib ki, kitab oxumaq uşaqlıqdan qocalığa qədər hər bir insanın həyatında vacibdir. Ömrü boyu müntəzəm olaraq kitab oxuyan insanların zehni qabiliyyətləri daha yüksək olur və həyatın bütün mərhələlərində daha yaxşı yaddaş olur.
2009-cu ildə aparılan elmi araşdırmaya görə, cəmi 6 dəqiqə oxumaq stress səviyyəsini 68% azaldır.
6. Oxumaq yaddaşı yaxşılaşdırır
Kitabı oxuyarkən bir çox yeni personajlarla, onların şəxsiyyətləri, ambisiyaları, əslində, bütün dünyası ilə tanış oluruq. Bütün bu məlumatlar beyində toplanır və saxlanılır. Beynin yaddaşında saxladığı hər hansı yeni bilik yeni beyin sinapslarının inkişafını stimullaşdırır və mövcud beyin sinapslarını gücləndirir ki, bu da yaddaşımızın, xüsusən də qısamüddətli yaddaşın güclənməsinə birbaşa təsir göstərir.
7. Oxumaq konsentrasiyanı yaxşılaşdırır
Maraqlı bir kitab oxuyanda diqqətimizi yalnız hekayəyə yönəldirik, halbuki ətrafımızda hər şey yoxmuş kimi görünür. İş tapşırıqlarınıza başlamazdan əvvəl sadəcə 15-20 dəqiqə oxuyun və ilk gün konsentrasiyanızın nə qədər yaxşı olduğuna heyran qalacaqsınız.
8. Mütaliə Alzheimer xəstəliyinin qarşısının alınması kimi
Amerikalı alimlərin bu yaxınlarda apardıqları hərtərəfli araşdırma göstərib ki, beynini şahmat, tapmacalar həll etmək və ya kitab oxumaq kimi fəaliyyətlərlə məşğul edən yaşlı insanların Alzheimer xəstəliyinə tutulma ehtimalı, vaxtını daha az stimullaşdırıcı fəaliyyətlərə sərf edənlərə nisbətən iki yarım dəfə azdır. Bu, kitab oxumağın xəstəliyin başlanmasının mütləq qarşısını alacağı anlamına gəlməsə də, kitab oxumaqla Alzheimer xəstəliyinin qarşısının alınması arasında güclü əlaqənin olduğu aşkar edilmişdir.
9. Kitablar depressiya əlamətlərini yüngülləşdirir
İngiltərədə aparılan araşdırmada insanların 76%-i oxumağın onların həyat keyfiyyətini yaxşılaşdırdığını və özlərini yaxşı hiss etmələrinə kömək etdiyini bildirib. Daimi kitab oxuyanlar həyatlarından daha çox razı olurlar, daha xoşbəxt olurlar və özünə inamı yüksək olur. Oxumaq bizə reallığı qəbul etməyə kömək edə bilər. Bu, bizi bilinməyənləri araşdırmağa və həyatımızda müsbət dəyişikliklərə səbəb ola biləcək ideyaları inkişaf etdirməyə təşviq edir.
10. Oxumaq rahatlayır və stress səviyyəsini azaldır
Yaxşı bir roman və ya maraqlı ekspert kitabı istirahət etmək və stresdən azad olmaq üçün əla bir yoldur. İşdə, şəxsi münasibətlərdə və ya gündəlik həyatınızın hər hansı digər sahəsində nə qədər probleminiz olursa olsun, yaxşı bir ədəbi hekayə oxumağa qərq olanda hər şeyi unudursunuz.
11. Oxumaq analitik düşüncəni inkişaf etdirir
Heç bir triller oxuyub kitabı bitirməmişdən əvvəl sirrini özünüz həll edə bilmisinizmi? Bu, o zaman mümkündür ki, siz kitabdakı bütün faktları və halları nəzərə alıb ətraflı təhlil aparmısınız. Əgər belədirsə, siz oxumaqla analitik bacarıqlarınızı təkmilləşdirməyi bacarmısınız ki, bu, şübhəsiz ki, gələcək karyera yüksəlişinizdə sizin üçün faydalı olacaqdır. İstər hüquqşünas, istər treyder və ya həkim olun, hər bir iş yaxşı analizlə daha yaxşı yerinə yetirilir.
Hollivud ulduzu Morqan Frimen ilk dəfə qulağındakı sırğaların sirrini açqılayıb.
Kiçik yumru sırğa aktyor üçün sadəcə aksessuar deyil.
Morqan bu sırğaların bahalı olduğunu vurğulayıb və sözlərinə belə davam edib:
"Bir gün bilmədiyim bir yerdə ölsəm, bu sırğalar mənə tabut almaq üçün kifayətdir. Buna görə dənizçilər sırğalar taxırdılar və bu ənənəni davam etdirirlər".
Aktyor özünü "Mavi suların adamı" kimi təqdim edib.
Morqan "The Crimson Pirate" filmindəki Burt Lancaster obrazından ilhamlanaarq sırğa taxdığını da açıqlayıb. (baku.ws)
Dünyaca məşhur Hollivud ulduzu Jan-Klod Van Damm Rusiya prezidenti Vladimir Putinə videomüraciət ünvanlayıb.
Musavat.com xəbər verir ki, o, Rusiyaya gəlmək və “sülh elçisi” kimi fəaliyyət göstərmək istədiyini bəyan edib.
Van Dammın bu müraciətini Ukraynalı jurnalist Diana Pançenko özünün Telegram kanalında yayımlayıb. Videoda aktyor bildirir:
“Mən Rusiyaya gəlmək, orada insanlarla ünsiyyətdə olmaq və sülh üçün çalışmaq istəyirəm. İnanıram ki, sənətkarlar və idmançılar siyasətdən kənarda dayanaraq xalqları bir araya gətirə bilər.”
Bu çıxış Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə baş verdiyi üçün ciddi rezonans doğurub.
Maraqlıdır ki, Jan-Klod Van Damm təkcə dünya kinosu ilə deyil, Azərbaycanla da ailəvi əlaqələrə malikdir. Onun oğlu Kristofer Van Damm bir neçə il əvvəl azərbaycanlı qızla ailə həyatı qurub. Bu evlilik sayəsində məşhur aktyorun ailə bağları Azərbaycanla da yaranıb.
Van Damm verdiyi müsahibəsində bu nikahdan məmnun olduğunu, gəlinini çox sevdiyini və Azərbaycana maraqla yanaşdığını bildirmişdi.