Ardını oxu...
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı mövqeyini Şimali Kipr mediasına şərh edib.

Yenicag.az xəbər verir ki, jurnalistin fikirləri Kipr mətbuatının əksər aparıcı xəbər portallarında yayımlanıb.

Şimali Kipr mətbuatı ilə söhbətində A. Ələsgər bildirib ki, bir neçə il öncəyə qədər ŞKTR məsələsi Türk dövlətlərinin prioritet mövzuları arasında yer almırdı. Lakin Qarabağ zəfərindən sonra Azərbaycan və Türkiyənin koordinasiyalı siyasi xətti nəticəsində bu gün ŞKTR beynəlxalq platformalarda görünürlük qazanmağa başlayıb.

O, eyni zamanda qeyd edib ki, ötən həftə Bakıda keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident İlham Əliyev bir daha qardaş Şimali Kiprə dəstəyini açıq şəkildə ifadə edib:

“Cənab Prezident qardaş ŞKTR-nin dövlət kimi tanınması üçün hər zaman dəstək verəcəklərini açıq şəkildə bildirdi. Digər siyasətçilərin ŞKTR-yə məsafəli yanaşmalarını isə tənqid etdi. Bu tutum digər Türk dövlətlərinə ünvanlanmış açıq mesaj xarakteri daşıyır”.

MŞ üzvü həmçinin Azərbaycan Prezidentinin bu prinsipial mövqeyinin bölgədə yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb:

“Prezident Əliyev ŞKTR-ni müstəqil bir Türk dövləti olaraq görür və bu düşüncəsini dəfələrlə ifadə edib. Ersin Tatarın Şuşada keçirilən TDT Zirvəsində iştirakı və ŞKTR bayrağının orada dalğalanması bu prosesin simvolik mərhələsi idi”.

O qeyd edib ki, Azərbaycanın ŞKTR ilə bağlı siyasəti artıq konkret xarakter almaqdadır və bu istiqamətdə atılan addımların arxasında qətiyyətli iradə dayanır.
 

Ardını oxu...
  

 

Musavat.com -un həmsöhbəti Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauzdur.

-      Yücel bəy, Ermənistan həm atəş açır, həm sülh deyir. Hansına inanırsız?

-      Anadoluda belə bir ifadə var: Yalançı, sözünə güvənilməyən insanlar haqqında deyirlər ki, bir Allahın dediyinə inanaram, başqa heç nəyə. Bu o deməkdir ki, şəxsin bütün kəlmələri yalandır. İndi biz Ermənistanın hansı sözünə inanaq ki. Səhər bir söz deyirlər, axşam ayrı. Antalyada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyir ki, sülhün zamanını və yerini təyin edək. Növbəti gün Ermənistan mövqelərə atəş açır. Açığı, onların “sülh quşu” olduğuna inana bilmirəm. Ermənistan ilk olaraq üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli və Azərbaycanın tələblərini nəzərə almalıdır. Ermənistanın sülh istəməsi ilə bağlı niyyətini görmürəm. Sülh istəyən dövlət  İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı günü atəş açmaz. Əgər sülh istəyirsə, sərhədə Avropa İttifaqının müşahidəçilərini niyə yığır? Bir yandan ABŞ ilə iş birliyi edir, digər yandan  Zəngəzurda İranla hərbi təlim edir. Məgər bunlar dostanə addımlardır? Bu mənada Ermənistanın heç bir sözünə inanmıram. 

-     Avropa İttifaqı da İrəvana hərbi-siyasi dəstəyi artırır. Brüsselin məqsədi nədir?

-      Avropa İttifaqı qızışdırıcı mövqedədir. İstismar etməyə, özünün köləsinə çevirməyə yeni yer axtarır. Avropada öz problemlərini həll edə bilməyən dövlətlər Qafqazda ədalətdən, haqdan uzaq bir şəkildə Ermənistanı qıcıqlandırır, ona “daydaylıq” edir. Ermənistan regionda Avropanın maşasıdır. Bununla da Ermənistanda revanşizm duyğularını bəsləmiş olurlar.  

-     Bəli, Ermənistanda hələ də separatçı qruplar yığıncaqlar keçirir, "artsax" mübarizəsindən dəm vururlar. Yeni müharibə gözlənilirmi?

-      Onlar 2020-ci ildən əvvəlki statuslarına dönmək üçün fürsət gözləyirlər. Sülhün olmaması üçün əllərindən gələni edirlər. Azərbaycana qarşı həm siyasi, həm də hərbi fəaliyyətlər göstərirlər. Ermənistanda belə bir yol tutulması Azərbaycanın səbrini daşıra bilər. Lakin yeni müharibə ehtimalını düşünmürəm. Çünki Ermənistan haqsız durumda olduğu üçün heç kim sonuna qədər onun arxasında durmayacaq. 

-     Türkiyə-İsrail arasında Bakıda görüş oldu, gərginlik azalacaqmı?

-      Türkiyə-İsrail arasında Bakıda görüş keçirilməsi təbii ki, gərginliyi, qarşı-qarşıya gəlməməyi, çatışma ehtimalını azaltmağa yönəlib. Suriyada İran və Rusiyanın boşluğu tam olaraq doldurulmayıb. Bu baxımdan İsraillə Türkiyə arasında gərginliyin yaşanma riski var. Hər iki tərəf gərginliyi azaltmaq üçün addım atacaqlarını bildirdi. Çünki Suriyanın düzəninin yenidən formalaşdığı bir dönəmdə Türkiyə və İsrail arasında gərginliyin yaranması davam edən Üçüncü dünya müharibəsi prosesinin Orta və Yaxın Şərqdəki qığılcımı olar.

-     Türkiyə - Ermənistan normallaşma prosesi Bakısız sürətlənə bilərmi? 

-      Bu prosesi Azərbaycan-Ermənistan prosesindən kənarda görmürəm. Azərbaycanla mövcud problemlərini həll etmədən, sülh müqaviləsini bağlamadan Türkiyə ilə barışmaq, problemləri həll etməyə çalışırlar. Bu, Ermənistanın bir oyunudur. Türkiyə heç bir zaman Ermənistanla sərhədləri açacaq qədər normallaşmanı Azərbaycanın koordinasiyası olmadan etməyəcək. Ermənistanın 4 qonşusu var, onlardan biri Azərbaycan, digəri Ermənistandır. Ermənistan bu iki dövlətlə halallaşmadan Afrika ölkəsi mövqeyində qalmağa davam edəcək.    

Şahanə Rəhimli
Musavat.com


Ardını oxu...
  

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi brifinq zamanı guya Rusiya Prezidenti Vladimir Putinə Ukraynada atəşkəslə bağlı “dedlayn” – yəni son tarix qoyduğu iddia olunub.

Lakin rəsmi yayım materiallarına və Trampın çıxışına əsasən, bu məlumat həqiqəti əks etdirmir.

Rəsmi videotranslyasiyada Trampa belə bir sual ünvanlanıb:

“Prezident Tramp, siz Rusiyanın Ukraynaya hücumunun səhv olduğunu demisiniz. Bu səhv nədən ibarət idi? Və siz Putinə atəşkəs üçün hər hansısa bir dedlayn təyin etmisinizmi?”

Tramp bu suala konkret “bəli” və ya “xeyr” cavabı verməyib. O, yalnız müharibənin başlanmasının ümumiyyətlə səhv olduğunu bildirib:

“Bəli. Səhv ondadır ki, bu müharibənin başlamasına ümumiyyətlə imkan verildi. Əgər Bayden səriştəli olsaydı və Zelenski də səriştəli olsaydı — gerçi, mən bu barədə əmin deyiləm — bu baş verməzdi. Onunla (Zelenski ilə) çətin görüşümüz oldu. Daim nəsə istəyirdi — daha çox və daha çox…”

Tramp əlavə edib ki, onun prezidentliyi dövründə Putin bu məsələni heç gündəmə gətirməyib və ABŞ-da keçirilən saxtalaşdırılmış seçkilərdən sonra müharibə başlayıb:

“Mən prezident olduğum 4 il ərzində Putin bu məsələyə toxunmayıb belə. Amma seçkilər saxtalaşdırıldıqdan və mən postumu tərk etdikdən sonra bu müharibə başladı. Bu müharibənin baş verməsi üçün heç bir əsas yox idi. Bayden onu dayandıra bilərdi.”

“Putinə açıq demişdim: bunu etmə!”

Tramp deyib ki, özü dövründə Putin belə bir müharibəyə cəsarət etməzdi:

“Mən ona açıq demişdim: bunu etmə! Sən bunu etməyəcəksən. Bu onun sevimli oyuncağı idi, amma o bu addımı atmazdı. Sadəcə, neftin qiymətini endirmək lazım idi. Bayden isə qiymətləri süni şəkildə yüksək saxladı, çünki hasilatı çətinləşdirdi. Əgər qiymətlər aşağı olsaydı, bu müharibə baş verməzdi. Amma mən hakimiyyətdə olsaydım, heç nə olardı.”

“Bu — Baydenin müharibəsidir, mən onu dayandırmaq istəyirəm”

Tramp bugünkü itkiləri “böyük fəlakət” adlandıraraq bildirib:

“Bu gün hər həftə təxminən 2500 gənc ölür — həm ruslar, həm ukraynalılar. Amma heç kimə maraqlı deyil. Deyirlər, axı onlar nə sizin, nə də bizim ölkəmizdəndirlər. Amma mən bunu dayandırmaq istəyirəm. Bu 2500 nəfərin ölməsi — bu qırğındır.”

O, Ukraynadakı müharibəni ABŞ-da baş vermiş vətəndaş müharibəsinə bənzədib və əlavə edib:

“Bu, bizim dövrümüzdə baş verməməli idi. Amma müasir dövr özü də çox qəddardır. Bu müharibə olmamalı idi. Bayden onu dayandıra bilərdi. Zelenski də dayandıra bilərdi. Putin isə heç başlamamalı idi. Hamı günahkardır.”

Nəticə: Trampın çıxışında Putinə rəsmi şəkildə “atəşkəslə bağlı dedlayn” təyin etdiyi haqda konkret bəyanat yoxdur. Yayılan iddialar kontekstdən çıxarılmış və ya səhv şərh olunmuşdur.

 

Musavat.com

Ardını oxu...
Tanınmış psixoloq Samirə Bağırova yenidən açıqlaması ilə gündəmə gəlib.

TEREF xəbər verir ki,o, müsahibəsində qadın-kişi münasibətlərinə toxunub.

Qadınların açıq-saçıq geyinməsinin səbəbini kişilər bağlayan Bağırova bunları deyib:

“Hər şeyi Qərbdən götürürük. Niki Minaj, Ceylo kimi ulduzların bədən quruluşuna baxırlar. Anlamırlar ki, onlar milyonlar qazanırlar. Həyatlarını reklam edirlər, ancaq kimsə onları saxlamır. Bir konsert qazancını istəsən belə əldə edə bilməzsən. Onlar isə bədənini həyatını səviyyəli şəkildə reklam edirlər.
Biz “Azad qadın” adı altında çarşabdan çıxmışıq, amma çox yalnış istiqamətdə… Kişilər deyir ki, qadınlar kobudlaşıb, əxlaqsız olub, çılpaqlaşıb. Deyirəm ki, kişi papağını yerə qoymasaydı, qadın soyunmazdı. Qadın kişinin güzgüsüdür, kişi qadının yox”.//Milli.az
 
Tramp: “Ukrayna və Rusiya arasında hər şey yaxşı gedir”
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna böhranının nizamlanması üzrə danışıqlarda irəliləyiş müşahidə olunur.

TEREF TASS-a istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Fikrimcə, Ukrayna və Rusiya arasında hər şey yaxşı gedir. Siz bu barədə çox yaxın zamanda öyrənəkcisiniz. Görək nə olur, amma düşünürəm ki, hər şey yaxşı gedir”, – deyə Ağ Ev rəhbəri diqqətə çatdırıb.
Ardını oxu...
"Əgər mənim gücüm, bacarığım, istedadım Azərbaycan mədəniyyəti üçün az da olsa xeyirli olacaqsa, bundan ancaq xoşbəxt ola bilərəm".

TEREF bildirir ki, bunu Oxu.Az-a müsahibəsində Xalq artisti Cahangir Novruzov deyib.

- Cahangir müəllim, ötən gün Milli Məclisdə sizin ölkəyə qayıtmanız təklif olunub. Bu xəbəri necə qarşıladınız?

"Bu məsələ mənim üçün nəinki xoş, hətta gözlənilməz bir fəxrdir. Əgər Vətənimin, millətimin Milli Məclisində haqqımda danışılırsa, bu, mənim xalqım üçün, millətim üçün, Azərbaycan mədəniyyəti üçün bir anlam kəsb etməyim deməkdir. Bundan ancaq qürurlanmaq, fəxr etmək olar. Hətta xəbəri birinci dəfə oxuyanda yoldaşım dedi, sən niyə qızardın belə? Dedim, əsəbiləşmədim, utandım. Təsəvvür edin ki, 30 ildir yada düşməyən bir adamı birdən-birə Milli Məclis yada salır. (gülür)

Həmişə dediyim bir söz var - mən də Azərbaycanın bir əsgəriyəm. Harada lazımamsa, Vətənim məni istəyirsə, oraya getməyə, baş qoymağa hazıram. Bu gün həqiqətən lazımamsa, rəsmən müraciət edərlər, oturub ciddi söhbət edərik. Əgər Vətənimdə mənə ümid bəsləyirlərsə, demək ki, gələndə orada nələrsə etməliyəm. Mən vəzifə həvəskarı olmamışam, deyiləm də. Amma bəzi reallıqlar var.

- Məsələn, hansı reallıqlar?

- Məsələ burasındadır ki, zamanla dağılanları birdən-birə tək adam qura bilməz. Əgər mənim ağlıma inanırlarsa, istər media, istər Mədəniyyət Nazirliyi və digər bu işə məsul strukturlar, hətta lazım olarsa, dövlətimizin, Prezidentimizin də dəstəyi ilə əl-ələ verib Azərbaycan teatrının inkişaf proqramını hazırlamalıyıq.

- Cahangir müəllim, belə anladım ki, əgər sizinlə bu məsələləri danışsalar, sizi yenidən səhnəmizdə görə biləcəyik. Düz anladım?

- Bilirsiniz ki, artıq 30 ildir Türkiyədəyəm. Demək olar burada kök salmışam. Nəvələrim burada oxuyurlar, yaşayırlar, işləyirlər. Özümün burada qurduğum bir sistem var. Yəni bildiyiniz-bilmədiyiniz bir çox şeylər var ki, bunların hamısını düşünməliyəm, götür-qoy etməliyəm. Əgər bu söhbətimiz 20 il bundan əvvəl olsaydı, mən yəqin ki, bu qədər dərinə getməyə ehtiyac bilməzdim.

Baxın, fikrim yanlış anlaşılmasın, məqsədim o deyil ki, mənə vəzifə verin. Qətiyyən! Mən həyatda özüm üçün heç kimdən heç nə istəməmişəm. Başqaları üçün istəmişəm, amma özüm üçün yox. Nəsibə xanımın da xasiyyəti elə belə olub. Yəni bizim evə heç vaxt haram tikə girməyib.

Azərbaycan teatrı üçün mənim babam da, anam da can qoyub. Elə özüm də can qoyuram. Üstəlik də mənim 70 yaşım var. Düzdür, min cavana dəyərəm (gülür), amma yenə də bir çox məsələlər var ki, onları düşünməliyəm. Bayaq dediyim kimi, vətənim üçün hər şeyə hazıram. Əgər mənim gücüm, bacarığım, istedadım Azərbaycan mədəniyyəti üçün az da olsa xeyirli olacaqsa, bundan ancaq xoşbəxt ola bilərəm. Amma tamamilə köçüb gəlmək, ya gəlməmək məsələsi bir anda veriləcək cavab deyil.

- Bu gün Xalq artistimiz Rasim Balayev də sizin Azərbaycana qayıtmanızla bağlı məsələyə öz münasibətini bildirib.

- Bəli. Sağ olsun, onu da oxudum. Rasim müəllimin fikri ilə də tam razıyam. Azərbaycan mədəniyyətinin inkişafı üçün biz hamımız səfərbər olmalıyıq, bir olmalıyıq. Tək əldən səs çıxan deyil.

- Sizi Azərbaycan teatrında yenidən görmək arzusundayıq və ümid edirəm ki, bu arzumuz tezliklə reallaşacaq.

- İnşallah. Allah sağlıq versin. Əlimizdən gəldiyi qədər töhfəmizi verməyə çalışarıq.

- Təşəkkür edirəm.

- Buyurun. Mən təşəkkür edirəm.

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
 
 
 

Ardını oxu...
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan İranın keçmiş xarici işlər naziri Cavad Zərif vasitəsilə Prezident İlham Əliyevə mədət diləyən mesaj göndərib.
Bakupost.az xəbər verir ki, bu barədə Cavad Zərif müsahibəsində deyib.
Zərif müsahibəsində Ermənistana səfərinin maraqlı detallarını açıqlayıb. Səfər 44 günlük müharibədən 6 ay sonra – 2021-ci ildə reallaşıb. Müharibədən sonra İranın xarici işlər naziri kimi Bakı və İrəvana səfər edən Zərif bildirir ki, Ermənistanda prezident Armen Sarkisyanla da görüşüb. Geniş tərkibdə görüşdən sonra keçirilən təkbətək görüşdə Sarkisyan Zərifdən İlham Əliyevə mesajını çatdırmağı xahiş edib.
Mesajın mətni bundan ibarət olub: “28 il əvvəl biz güclü idik, Azərbaycan isə zəif idi. Biz Qarabağı aldıq, sizi (azərbaycanlıları-red) alçaltdıq, sizinlə danışıq aparmadıq. Biz sizi 28 il rüsvay etdik və bu günə düşdük. Bizim səhvimizi təkrarlamayın”.
Sarkisyan bu mesajında Qarabağın işğal edildiyini və işğal dövründə azərbaycanlılara qarşı heç bir mənəvi və insani dəyərlərə sığmayan addımlar atdıqlarını etiraf edir, müharibədə məğlub olmuş ölkəsi üçün Azərbaycan liderindən mədət diləyir.
Cavad Zərif deyir ki, Sarkisyanın mesajını Bakıda İlham Əliyevə çatdırıb: “Mən Prezident İlham Əliyevə dedim ki, siz güclü olanda sülh bərqərar olmalıdır. İlham Əliyev bu sözləri məntiqli hesab etdi və bildirdi ki, Azərbaycan da eyni şəkildə hərəkət edəcək”
Ardını oxu...
Globalinfo.az beynəlxalq gündəmdəki mövzularla bağlı britaniyalı politoloq-jurnalist Neil Vatsondan müsahibə alıb.

TEREF həmin müsahibəni təqdim edir:

– Böyük Britaniyanın baş naziri çərşənbə axşamı İsrailin Qəzzaya hücumlarını bərpa etməsinin “yanlış” olduğunu bildirib və İsrailin Fələstin torpaqlarını işğalını “qanunsuz” adlandırıb. O, daha sonra deyib ki, “uzunmüddətli perspektivdə sülhü təmin etməyin yeganə yolu” məsələnin ikidövlətli həllinə doğru prosesin başladılması üçün imkanlar yaratmaqdır. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, iyun ayında Fələstin dövlətini tanıyacaq. Cənab Neil, Qəzza zolağında ciddi humanitar böhran hökm sürür. Bir sıra ölkələr atəşkəs üçün çağırış ediblər. İsrail burada bəlkə də ABŞ-a arxalanır, amma ABŞ sona qədər onu dəstəkləməyə də bilər. Bu baxımdan Fələstin xalqı üçün hər hansı ümidverici ssenari varmı?

– Təəssüf ki, Qəzza zolağında vəziyyət həddən artıq qeyri-sabitdir və üçüncü tərəflərin iştirakı ilə müşayiət olunur. Doğrudur, Böyük Britaniyanın baş naziri Kir Starmer Qəzzada 15 fövqəladə hallar işçisinin öldürülməsi ilə bağlı araşdırma aparılmasını istəyir və Avropanın əksər hissəsində olduğu kimi, ikidövlətli həll yolunu dəstəkləməklə Fələstinə tərəf çıxıb. Fransa hətta Fələstin dövlətini tanıyacağını bəyan edib. Amma nə qədər ki İsraili dəstəkləmək Prezident Tramp üçün işgüzar əhəmiyyət daşıyır, o, İranın HƏMAS-a dəstəyi kimi bunu davam etdirəcək. ABŞ-da 7,5 milyon yəhudi var. Prezident Trampın onların dəstəyinə ehtiyacı var və zərurət olduğu müddətcə İsrailə kömək edəcək.

– Ağ Evdə İsrail Baş naziri Netanyahu ilə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə bağlı açıqlamalar verib. “Netanyahuya dedim ki, məntiqli olmalısınız… Türkiyə ilə bağlı hər hansı probleminiz varsa, düşünürəm ki, mən həll edə bilərəm” deyib. İsrail Türkiyənin Suriyada hərbi baza yaratmasına qarşıdır. Tramp isə Türkiyənin Suriyadakı rolunu çox yüksək qiymətləndirir. Tramp İsrail-Türkiyə münasibətlərinin normallaşması üçün hansı addımları ata bilər?

– Şübhəsiz ki, Prezident Tramp İsraili öz ritorikasını yumşaltmağa məcbur etmək üçün hər zaman onun maraqlarının maliyyə təminatçısı rolundan istifadə edə bilər. Məsələ burasındadır ki, Prezident Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Suriyadakı boşluğu doldurmasında rolunu çox yüksək qiymətləndirir. O, həmçinin İsrailin Suriyaya doğru genişlənməsinin ABŞ-ın təchiz etdiyi silahlarla HƏMAS-a qarşı mübarizə apardığı bir vaxtda İsrail üçün mənfi nəticələrə gətirəcəyini qəti şəkildə iddia edə bilər.

– Tramp İranla nüvə silahı proqramı ilə bağlı anlaşma əldə etmək istəyir, lakin İsrail İrana birbaşa hücumu dəstəkləyir. ABŞ-İran danışıqları necə nəticələnə bilər?

– Fikrimcə, Omanda İranla ABŞ arasında birbaşa və ya dolayısı ilə baş tutan danışıqlara müsbət baxılmalıdır. Onlar Trampın ilk administrasiyası zamanı başlayan və hazırda davam edən qarşıdurmanın bir hissəsidir. Və mən inanıram ki, bu danışıqlar uğurlu olacaq, çünki İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei bilir ki, Prezident Tramp praqmatikdir və uğurlu razılaşma İrana sanksiyalardan qurtulmağa kömək edə bilər, ABŞ isə İranın enerji ehtiyatlarına çıxış əldə etməkdən faydalana bilər.

– İran Prezidenti Məsud Pezeşkianın bu ay Azərbaycana ilk səfəri gözlənilir. Səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

– İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri onun zamanı baxımdan yüksək qiymətləndirilməlidir. İran sanksiyaların ləğvinə nail ola bilər və Azərbaycanın boru kəmərlərindən, xüsusən də Cənub Qaz Dəhlizindən istifadə etmək istəyə bilər; Azərbaycanın İkinci Qarabağ müharibəsindəki uğurlarından sonra İranın Ermənistana dəstək məsələsinin əhəmiyyətinin azalması və sülh sazişinin yaxın olması; Cənubi Qafqaz getdikcə bir-birinə bağlı və homogen şəkil alır və bundan faydalanmaq istəyir; İranın, xüsusən Güney Azərbaycanda mərkəzdənqaçma meyilləri və müxalif fikirlərə qarşı dəstəyə ehtiyacı var; və Azərbaycana qarşı İranın ciddi müttəfiqi olan Rusiya faktiki olaraq Cənubi Qafqazdakı proseslərdən kənarda qalıb.

– Aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında ikinci görüş baş tutdu. Gündəlikdə duran əsas məsələ Ukrayna savaşıdır. Görüşün hansı nəticələri ola bilər?

– İstanbulda Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqları müsbət qiymətləndirilməlidir. TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi danışıqların sonuncu raundunu “məzmunlu və peşəkar” kimi qiymətləndirib. Rusiya, ABŞ və Türkiyə liderləri arasında qarşılıqlı anlaşma və hörmət mövcuddur və onların nümayəndələri də başa düşürlər ki, müsbət nəticəyə nail olmaq lazımdır. İnanıram ki, biz Rusiya-Ukrayna münaqişəsində çoxdan gözlənilən atəşkəsə zəmin yaradacaq əsaslı bəyanatlar və Rusiya və Prezident Zelenskiyə müəyyən qədər uğur əldə etdiklərini hiss etməyə imkan verəcək kompromis təklifləri görəcəyik.

– ABŞ Ticarət Palatası yeni idxal tariflərinin tətbiqinə mane olmaq üçün ABŞ prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir. ABŞ prezidenti isə tariflərdən büdcəyə 6-7 trilyon dollar gəlir vəd edib. Sizcə, Tramp buna nail olacaqmı?

– Tarif siyasətinin uğuruna dair hesablamalarla bağlı Tramp administrasiyasının iş metodologiyasından əmin deyiləm. Bu iddianı sağçı, Yeni Vətəndaş Azadlıqları İttifaqı qaldırıb və Prezident Trampın Konqreslə məsləhətləşmədən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını gərəksiz yerə tətbiq etdiyini deyə bilərik. Bununla belə, Prezident Trampın ABŞ-da bəzi güclü hüquqşünaslarla əlaqələri var ki, bu da ona korrupsiyadan tutmuş Kapitoliya təpəsinə hücuma qədər olan məsələlərdə məsuliyyətdən yayınmasına kömək edib. İttifaq öz səylərində uğursuzluğa məhkumdur.

– ABŞ Çinlə yeni ticarət savaşına başlayıb. Çin mallarına 124% tarif tətbiq edib. Bu, ABŞ-ın indiyə qədər başqa bir dövlətə qarşı tətbiq etdiyi ən böyük gömrük vergisidir. ABŞ ilə Çin arasında silahlı qarşıdurma gözlənilirmi? Yeni dünya nizamında əsas söz sahibi kim olacaq?

– ABŞ-Çin silahlı qarşıdurması mümkün deyil, ən azı ona görə ki, ABŞ silahlarında Çin texnologiyasından istifadə olunur. Çin, fikrimcə, özünü qlobal miqyasda başlıca qüvvəyə çevirmiş dünyanın ən güclü ölkəsidir. Çin olmasaydı, Rusiya beynəlxalq sanksiyalardan sonra bu qədər uğurla ayaqda qala bilməzdi. Onu da unutmamalıyıq ki, Çin Xalq Respublikası 1949-cu ildə Stalinçi Sovet İttifaqının himayəsi altında yaradılıb. Çinin ABŞ iqtisadiyyatında iştirakının azalması Pekinin uğur hekayəsinə cüzi təsir göstərəcək və nəticə etibarilə dayanıqlı olmayacaq. Prezident Trampın sanksiyalardan istifadə etməsi effektsiz, populist addımdır və Amerika xalqına fayda verməyəcək, nəticədə prezidentlik müddətinin sonunda dəyişdiriləcək.
 
Ardını oxu...
Orta Asiyadakı türk dövlətləri Cənubi Kipr ilə diplomatik münasibətlər qurmaqdadırlar. Belə ki, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan Özbəkistan və Qazaxıstandan sonra Türkmənistan da Cənubi Kiprdə səfirlik açıb. TDT-nın üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) isti münasibətinin olduğu dönəmdə Orta Asiya dövlətlərinin belə addım atması bir çox suallar yaradır. Bu addımların Türkiyəyə və tanınmamış ŞKTC-nə qarşı olduğu fikri üstünlük təşkil edir.

ŞKTC-nin Prezidentinin xüsusi müşaviri Gökhan Gülər məsələ ilə bağlı açıqlamasında deyib ki, Qazaxıstan və Türkmənistanın Yunan Kiprində səfirlik açması bu ölkələrin ŞKTC ilə münasibətləri kəsməsi, ya da TDT-nin vizyonundan kənarlaşması mənasına gəlmir: “Hər ölkə üçün milli maraqları daha önəmlidir. Dünya siyasətində ölkələrin istər ikili, istərsə də təşkilatlar daxilində bir-biri ilə əməkdaşlıq etməsi başadüşüləndir. İqtisadi maraqlar bəzən rəqib ölkələri belə əməkdaşlığa sövq edir. Qazaxıstandan sonra Türkmənistanın da Yunan Kiprində səfirlik açması vətəndaşlarda qıcıq yarada bilər, amma beynəlxalq və dövlətlərarası münasibətlərdə belə qarşılanmır. Bu gün bu iki ölkə ŞKTC ilə çox yaxşı əlaqələrə malikdir. Bunun ən real göstəricisi ŞKTC-nin TDT-yə müşahidəçi statusunda üzv qəbul edilməsidir. Buna nə Qazaxıstan, nə də Türkmənistan etiraz edib. Hətta bu iki ölkənin ŞKTC ilə münasibətləri Yunan Kiprinə nəzərən daha yaxşıdır”.

“Bu iki ölkə gələcəkdə ŞKTC-də də səfirlik və ya konsulluq aça bilər. Aydın məsələdir ki, Yunan Kiprində qazaxlar və türkmənlər yaşayır. Bu baxımdan, həmin ölkələrin orada səfirlik açması təbiidir. Digər tərəfdən, Yunan Kipri Aİ üzvüdür. Kipr adasındakı münaqişə hələlik tam həll edilməyib. Adada türk xalqına qarşı haqsızlıq olub. Yunan Kiprinə tanınan hüquqlar bizim üçün də tanınmalı idi, amma olmadı. Təbii ki, Qazaxıstan, Türkmənistan ŞKTC-də konsulluq, səfirlik ya da buna bənzər bir institut açsaydı, daha məqbul olardı. Lakin yenə də biz məsələyə beynəlxalq münasibətlər kontekstində baxır və diplomatik yanaşma sərgiləyirik. Bizim bu ölkələrlə təmaslarımız, siyasi münasibətlərimiz Yunan Kiprindən daha dərindir”, - deyə qeyd edib.

Mövzu ilə bağlı AYNA.AZ-a danışan siyasi icmalçı Asif Nərimanlı qeyd edib ki, Orta Asiya dövlətlərinin belə bir qərarı verməsi sualların sayını artırır, amma hər bir dövlətin maraqlarını da başa düşmək lazımdır:

- Məsələ burasındadır ki, Cənubi Kipr BMT üzvüdür və müstəqil dövlət kimi tanınır. Türk dövlətləri də ada dövlətlə diplomatik münasibətlər qurmaq istiqamətində addımlarda görünür ki, maraqlıdırlar. Orta Asiya ölkələrinin bu addımı Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələrin perspektivləri fonunda atdığını güman etmək olar. Başqa bir ehtimal isə TDT-nın Cənubi Kiprdən sonra ŞKTC-nin də müstəqilliyini tanımasıdır. Düzdür, TDT-ı Şimali Kiprin müstəqilliyini hüquqi baxımdan tanımırlar, amma rəsmi Lefkoşanın TDT-a müşahidəçi üzv olması bu dövlətin faktiki olaraq tanınmasıdır. Ötən il TDT-nin Şuşada keçirilən TDT-nın Zirvə görüşünə ŞKTC-nin qatılması ilə bu istiqamətdə praktiki addım da atıldı. Güman edirəm ki, Orta Asiya ölkələri xarici siyasətində belə bir addımla TDT-na zərbə vurulmamasını hesablayıblar.

- Demək olarmı ki, TDT-na daxil olan dövlətlər növbəti addım kimi ŞKTC-nin müstəqilliyini tanımaq qərarı verəcəklər?

- Bunu proqnozlaşdırmaq asan deyil. Dediyim kimi, Orta Asiya ölkələri Cənubi Kiprdə səfirlik açmaqla Avropa İttifaqı ilə əməkdaşlıq xəttinin inkişaf etdirilməsinə çalışırlar. Eyni zamanda, Cənubi Kipr dünyada tanınan bir dövlətdir və BMT üzvüdür. Bu mənada, onun tanınması istiqamətində addımlar normal qarşılanır. ŞKTC-ni isə TDT-na üzv dövlətlər de-fakto tanıyırlar. Əlbəttə, ola bilər ki, ŞKTC-nin tanınması ilə bağlı da addımlar atılsın. Amma mübahisələr var və bu mübahisələrin tam həlli lazımdır. Hər halda, Orta Asiya dövlətləri bu addımları TDT-na üzv digər ölkələrlə müzakirə etməmiş deyillər.

- Bu, Türkiyəyə qarşı atılmış addım deyilmi?

- Lefkoşanı tanımadan adıçəkilən türk dövlətlərinin Yunan Kipri ilə diplomatik münasibətlər qurması Ankaraya qarşı atılmış addım kimi görünə bilər. Amma biz pərdəarxasi məqamlardan xəbərsizik. Ola bilsin ki, bu addımlar ŞKTC ilə bağlı planlardan qaynaqlanır. Mümkündür ki, TDT ölkələri ŞKTC-nin müstəqilliyini tanıyacaq. Rəsmi Ankaranın Lefkoşanı təşkilatın tamhüquqlu üzvü etmək istəkləri də bunu şərtləndirir. Belə görünür ki, TDT ölkələri ŞKTC-ni tanımamışdan öncə Cənubi Kiprdə səfirlik açmaqla balans yaratmağa çalışır. Eyni zamanda, ŞKTC-nin müstəqilliyini tanımaqla bağlı gələcək addımlardan sonra Avropa İttifaqı ilə münasibətlərin pozulmamasına çalışılır. Yəni demək istədiyim odur ki, bu addımların əslində ŞKTC-nin tanınması ilə bağlı TDT-nın planları ilə bağlı olması ehtimalı çoxdur.
 

Dünyapress TV

Xəbər lenti