Ardını oxu...
“Torpaqlarımız ona görə azad edilməyib ki, erməni əsillilər gəlib belə etsin…”

“Mən Şuşa şəhərində xüsusi nümayəndəliyin baş məsləhətçisi Kənan Quliyevlə əlaqə saxlayaraq, narazılığımızı ona da bildirdim. Dedim ki, ayıbdır, siz qoruğu necə saxlayırsınız?! Amma Kənan Quliyev nə özü vəziyyətə bir aydınlıq gətirməyib, nə də bu hadisədən təəssüfləndiyini bildirməyib”

44 günlük Qarabağ savaşı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Doğrudur, torpaqlarımızı işğaldan azad etmək üçün 3 min nəfərdən çox şəhid verdik, minlərlə gəncimiz qazi oldu, şikəst qaldı və s. Amma məhz onların sayəsində bu gün hər birimiz erməni tapdağından azad olunan ərazilərimizdə qürurla addımlayır və şəhidlərimizin qanı tökülən yerlərə alnımızı qoyuruq.

Lakin çox təəssüf ki, bəzi hallarda şəhidlərimizin ruhunu incidən xoşagəlməz mənzərələrlə də qarşılaşırıq. Bunlardan biri də “Rashan Style” tərəfindən edilən biabırçılıqdır. Hansı ki, bu məsələ bir çox şəhid analarının ciddi etirazına səbəb olub. Elə şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə də saytımıza müsahibəsində bu biabırçılığa kəskin şəkildə etiraz etdi.

- Radə xanım, Şuşa şəhərində baş verən və şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edilən biabırçı görüntülərdən yəqin Sizin də xəbəriniz var. İlk olaraq bu hadisəyə münasibətinizi bilmək istərdik.

- Hamımız bilirik ki, cənab Prezident Şuşamızı Mədəniyyət Mərkəzi elan edib. Bu, ulu öndərimizin – Heydər Əliyevin arzusu idi. Bunun uğrunda, içində mənim oğlum olmaqla, 3-4 mindən yuxarı şəhid vermişik. Gənclərimiz canlarından-qanlarından keçiblər.

Dünənki ifanı mənə göndərəndə, özüm də bilmirəm nə halda idim. O vəziyyəti sizə başa sala bilmirəm. Ona görə ki, həmin ifanı şəhid övladları Cəlal Qurbanovun “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində ilk dəfə Şuşaya gedəndə Cıdır düzündə etmişdilər – şəhid analarının, şəhid xanımlarının, şəhid övladlarının qarşısında oxumuşdular. Mən görəndə ki, biabırçı geyimdə, ona “geyim” də demək olmaz, bilmirəm onu necə təsvir edim, oğlanlarımızın qanı töküldüyü torpaqda həmin geyimdə çəkiliş aparılıb… Orada Ceyhun Rzayev şəhid olub, Elçinimiz şəhid olub, Əlimiz şəhid olub. Şuşa qalasının dibinə o qədər oğlanların qanı tökülüb ki, saymaqla qurtaran deyil. Bunu yəqin ki, hamımız gözəl bilirik. Mənim üçün maraqlıdır ki, neçə vaxt bundan qabaq Naxçıvandan şəhid anası xahiş etmişdi, Daşaltıya oğlunun şəklini vurmuşdular, Şuşa qoruğu o şəkli oradan götürdüb. Necə olur ki, şəhidin şəklini götürdürlər… Hansı ki, həmin şəhid canını Daşaltı kəndinin yaxınlığında yolda tapşırıb, qanı o torpağa tökülmüşdü. Onun şəkli Şuşa qoruğuna gözəllik gətirir... O şəkli götürürlər, icazə vermirlər, portal olmasa Şəhid anasına bir saat, bir dəqiqə belə Şuşaya getməyə icazə vermirlər, bəs bunları oraya necə buraxıblar? Xahiş edirəm, bunları məcbur edəsiniz ki, şəhidlərdən, qazilərdən – qolu, qıçı, gözü olmayan qazilərimiz var – onlardan üzr istəsinlər. O xanımları da – onlara xanım da demək olmaz – “haxçixləri” yığıb ora aparanları da cəzalandırsınlar.

- Radə xanım, sizcə, şəhidlərimizin ruhuna hörmətsizlik edən “Rashan Style” bunu məqsədli şəkildə həyata keçirib, yoxsa bu bir təsadüfdür?

- Mənə elə gəlir ki, məqsədli şəkildədir. Ölkəyə qızıl medallar gətirən idmançı oğlanlarımız var, onları aparıb çəksinlər, biz də fəxr edək ki, onlar ölkəmizə, dövlətimizə qızıl medallar gətiriblər, gedib orada qeyd edirlər. O xanımları Şuşaya aparmışdılar ki, guya Xurşidbanu Natəvanın geyimlərini nümayiş etdirsinlər. Orada Xurşidbanu Natəvandan əsər-əlamət var?

- Xeyr, yoxdur.

- Onlara kim icazə verib ki, oğlanlarımızın canı-qanı ilə alınmış torpaqlarda bu hərəkəti etsinlər? Şəhid analarından biri etiraz edirdi ki, “mənim portalım çıxmadı” deyə, Şuşaya buraxmadılar. Hamımız deyirik ki, o oğlanlara borcluyuq, onun anasının portalı çıxmadığına görə, Şuşaya buraxmırlarsa, bunları niyə sürü formasında oraya buraxıblar? Niyə? Səbəb nədir? Bəlkə otellərini, restoranlarını nümayiş etdirməkdən ötrü bunlara Xurşidbanu Natəvan yox, ancaq belə xanımcıqlar, “haxçixlər” lazımdır ki, reklam etsinlər? Əgər belə idisə, elə “haxçixlər” orada dururdu da, niyə bu qədər uşaq qanını bu torpaqdan ötrü tökürdü? Biz o torpaqları ona görə azad etmişik ki, ermənilərdən azad olsun. Ona görə azad etməmişik ki, erməni əsillilər gəlib belə etsin. Şuşa Mədəniyyət Mərkəzimizdir, orada başqa şeyləri təbliğ etmək lazımdır. Məsələn, qəşəng geyimlərimiz var, Xurşidbanu Natəvanın şerləri ilə təbliğ etmək lazımdır. Qarabağ xalçalarımız var, incəsənət ustaları əl işlərini təqdim edəydilər. İdmançılarımız qalib gəlib, onları nümayiş etdirəydilər. Gözəl musiqiçilərimiz var, onları nümayiş etdirəydilər. Yoxsa buna nə ad vermək olar? Şəhidlərin övladları var, onları aparmaq olardı. Allah Heydər Əliyev Fondunun rəhbərliyinə, Leyla xanıma, Arzu xanıma, Anar Ələkbərova can sağlığı versin. Onlara dərin təşəkkürümüzü bildiririk, həmişə yanımızda olublar. Allah razı olsun. “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihələrində şəhid övladlarını, şəhid analarını Heydər Əlieyv Fondunun dəstəyilə Cəlal müəllim aparıb Şuşaya, Cıdır düzünə, Şuşa qalasına, İsa bulağına. Biz həmişə bu xəttlə getmişik. Amma bu məsələnin ictimailəşdirilməsini istəyirəm. Şuşa qoruqdur, qoruq kimi də qorunmalıdır. Yoxsa orada belə şeyi, özü də şəhidlərin xatirəsiylə nümayiş etdirmək ən böyük hörmətsizlikdir. Orada şəhid olan oğlanlarımızın qanı, canı bahasına torpaqlar ona görə alınmayıb ki, kimsə getsin, belə şeyləri təbliğ etsin.

- Bu biabırçılıqla bağlı Xudayar Yusifzadənin anası və bütün şəhidlərin anaları adından ölkə rəhbərliyinə nə demək istərdiniz?

- Ölkə rəhbərliyinə dünənki müraciətimdə də demişdim ki, xahiş edirəm, bunları dayandırsın. Şuşa qoruq kimi, Mədəniyyət Mərkəzimiz kimi gözümüzün önündə parlasın. Bunu istəyirəm. Çünki oranın gözəl görünməyi, təmiz, səliqəli olması bizim övladlarımızın adının ucalığı deməkdir. Yəni onların sayəsində olubsa, cənab Ali Baş Komandanımızın yumruğu sayəsində də olub. Ona görə, xahiş edərdim ki, Şuşa qoruğunda bu işi törədənlər hamısı şəhidlərdən, qazilərdən, şəhid ailələrindən üzr istəsinlər. Bununla bağlı ciddi tədbir görülsün.

Şuşaya gələ bilməyən şəhid anası deyirdi ki, oğlumun qanı töküldüyü yerə daş da qoya bilmədik. Şəkil qoyduq, onu da götürdülər. Bilinmədi şəkli kim söküb, niyə söküb. Şəkli sökürlərsə, hansı ki, o şəhid torpaqdan ötrü canını verib, onda o xanımlar niyə oraya buraxılır? O xanımların nə haqqı var ki, gedib orada şəhidin təsnifinin sədaları altında elə ədəbsiz çıxışlar edirlər?! Həm də şəhid balalarının oxuduğu təsnifin ifası alıtnda elə biabırçılıq edilir. Şəhidin təsnifi tək Xudayara aid deyil, o bütün şəhidlərə aiddir. Buna düşmənlərimiz baxır. Bu nə qədər düzgündür? Xahiş edirik, dövlət başçısı özü bunun haqqında tədbir görsün. Bu təkcə mənim fikrim deyil, ayağından, gözündən şiksət qalmış qazilərmizin, çoxlu şəhid ailələrinin, şəhid analarının fikridir. Şəxsən mən Bərdə şəhid analarının adından danışıram. Axşama qədər onların “Whatsapp” qrupu dayanmayıb. Hətta mən dünən Şuşa şəhərində xüsusi nümayəndəliyin baş məsləhətçisi Kənan Quliyevlə əlaqə saxlayaraq, narazılığımızı ona bildirdim. Dedim ki, ayıbdır, siz qoruğu necə saxlayırsınız?! Amma Kənan Quliyev nə özü vəziyyətə bir açıqlıq gətirməyib, nə də bu hadisədən təəssüfləndiyini bildirməyib. Onlarla gedən xanım, yəni bu geyimi geyinən xanım zəng etdi, üzr istədi. Həmin qızın anası da əlaqə saxladı, bildirdi ki, bu mənim qızımla bağlı problem deyil. Soruşdum ki, evdən çıxanda o paltarı geyinmişdi? Dedi yox. Bildirdim ki, onda o geyimi geyindirəndədir günah. Həmin xanım bildirib ki, mən Xurşidbanu Natəvanın paltarını geyinməliydim, amma bu paltarı geyindirdilər.

Xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
 
 
 
Ardını oxu...
Çeçenistan lideri Ramzan Kadırovun ehtimal olunan varisinin adını çəkmək hazırda çox çətindir - bu, Axmat xüsusi təyinatlılarının komandiri, Rusiya Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-leytenant Apti Alaudinov, Kadırovun oğlu və ya başqa biri ola bilər.
Ajans.az xəbər verir ki, bu barədə politoloq Stanislav Tarasov jurnalistlər ilə söhbəti zamanı danışıb.

“Zaman-zaman Kadırov istefası ilə bağlı açıqlamalar verir, görünür, hansısa daxili səbəbləri rəhbər tutur. Amma o, hələ ki, öz yerindədir. Kadırov Şimali Qafqazın qeyri-rəsmi lideridir, onun adı Yaxın Şərqdə və İslam dünyasında yaxşı tanınır. Deməli, o, hər hansısa bir yerdə, yaxud mərkəzi yerə transfer oluna bilər. Lakin onun getməsi ilə bağlı yayılan xəbərlərə daha çox piar kimi baxmaq lazımdır”, - Tarasov hesab edir.

Əgər Kadırovun istefa ilə bağlı sözlərinin piarla əlaqəsi yoxdursa və Çeçenistan rəhbəri həqiqətən də getsə, varisi, politoloqun fikrincə, Moskva deyil, regionda böyük nüfuzunu nəzərə alaraq Kadırovun özü müəyyən edəcək.

Bundan əvvəl Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş etdiyini bildirib. O, istefa verə biləcəyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib.
Ardını oxu...
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, deputat Azər Badamovun Rusiyaya buraxılmamasını, digər həmkarınız Ramid Namazovun Rusiyanın rəsmi strukturlarına bağlı qrupların Azərbaycana kiber hücumlar təşkil etməsi barədə yaydığı açıqlamanı necə qarşıladınız?

- Böyük təəssüf hissi ilə qarşıladım, çünki Rusiya ilə Azərbaycan 2022-ci ildə müttəfiqlik münasibətlərinə dair saziş imzalayıb. Bizi tarixi, humanitar əlaqələr bağlayır. Rusiya bizim qonşumuzdur, o ölkədə 2 milyona qədər soydaşımız yaşayır. Azərbaycan Rusiya ilə dostluq münasibətlərini həmişə yüksək qiymətləndirib. Bu kimi hərəkətlər ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşmür. Hansısa səbəbdən Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulmuşdusa, ən azından Azərbaycana bu barədə xəbərdarlıq edilməli idi. Bunu dövlətlərarası münasibətlərin indiki səviyyəsi tələb edir. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bu məsələyə münasibət bildirib və biz, Rusiya tərəfinin cavabını gözləyirik. Rusiya prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir.

- Bu təxribat Azərbaycan Respublikası Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına səbəb ola bilərmi?

- Prezident qərar verəcək, amma mən düşünmürəm ki, buna ehtiyac var. Əksinə, düşünürəm həm bu məsələlər, həm də sərnişin təyyarəmizin vurulmasında təqsirli olan şəxslərin cəzalandırılması məsələsi ən yüksək səviyyədə, Rusiya prezidenti qarşısında qaldırılmalıdır.
 

Ardını oxu...
  

Prezident Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçında keçirilən siyasi partiya liderlərinin görüşündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də iştirak edib.

Pənah Hüseyn səfər təəssüratlarını xüsusi olaraq TV Musavat-a bölüşüb.

Hazırladığımız videomaterialı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

 
 
 
Ardını oxu...
Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Pezeşkianın Bakıya səfəri öncəsi İran Ədliyyə Orqanı açıqladı ki, Azərbaycan səfirliyinə hücum etmiş qatilin edam olunması üçün hazırlıq işləri başa çatıb. İndiyə kimi edamın həyata keçirilməməsi zərərçəkmiş tərəfin bunun üçün rəsmən müraciət etməməsi olub. Bu məsələni şərh etmənizi istərdik...

- Öncə onu söyləyim ki, əgər biz bir xalq və dövlət olaraq ölüm hökmündən imtina etmişiksə, başqa dövlətdən bunu tələb etmək elan etdiyimiz dəyərlərə sadiq olmamağımız kimi qiymətləndirilə bilər.

İkincisi, zərərçəkmiş şəxslər də bunda maraqlı olmamalıdırlar. Cinayət hadisəsinin necə baş verməsini əks etdirən video kadrlardan görsənir ki, polis cinayətin baş verməsinin qarşısını almır. Düşünmürəm ki, bu iş üzrə ədalətli və obyektiv araşdırma aparılıb. Ona görə onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdirəcək.

- Pezeşkianın səfərinin nəticələrini necə qiymətləndirmək olar?

- Səfərin nəticələrini yüksək qiymətləndirirəm. Pezeşkianın gəlişi belə böyük siyasi hadisədir. Bu səfər qardaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərər. İran həm də bir türk dövlətidir, orada yaşayan əhalinin yarıya qədəri Azərbaycan türkləridir. Bizim ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz var. İran Türkiyə və digər türk dövlətləri qədər bizə yaxın olmalıdır. Səfər öncəsi Pezeşkianın Az.TV-yə verdiyi açıqlamada işğalçı Ermənistanla bizə eyni yanaşma sərgiləməsi və türk dilində danışmaması məni xeyli üzdü. Çünki beynəlxalq təcrübədə səfər etdiyin ölkənin xalqının dilini bilirsənsə, xüsusilə, həmin xalqın nümayəndəsisənsə, öz dilində ona müraciət etmək xalqına və səfər etdiyin ölkəyə böyük ehtiram və hörmət əlaməti hesab olunur. Amma onu da nəzərə almalıyıq ki, o farsca danışmağa müəyyən mənada məcburdur. Yoxsa ciddi problemlərlə üzləşə bilər. Ola bilsin öncədən ona bu barədə xəbərdarlıq ediblər. Gördük ki, İranda Azərbaycan türkcəsində şeir dediyinə görə hansı təzyiqlərlə üzləşdi...

Əlaqələrimiz bütün istiqamətlərdə daha da dərinləşməlidir. İran üzərindən Naxçıvana maneəsiz (gömrük və sərhəd yoxlamalarından kənar) gediş-gəliş təmin edilsə, bu əlaqələrin inkişafına xüsusi töhfə verərdi. İran vətəndaşları üçün viza rejimi aradan qaldırılmalı, xüsusilə, Cənubi Azərbaycandan olan gənclərin, İranda mümkün olmadığı üçün, Azərbaycan Respublikasında öz ana dillərində güzəştli şərtlərlə təhsil almalarına imkan yaradılmalıdır. Bu məqsədlə tələbələrin sayı barədə kvota müəyyən olunmalı, büdcədən vəsait ayrılmalıdır. (Xalqcebhesi.az)
 
Ardını oxu...
Fəlakətin canlı şahidi: “Avropa ikinci belə bir fəlakətin öhdəsindən gələ bilməz”

Aprelin 26-da, Çernobıl AES-də baş vermiş qəzanın 39-cu ildönümündə dünya minlərlə insanın həyatına və sağlamlığına son qoyan, gələcək nəsillərə zərər vuran fəlakəti bir daha xatırladı. Bu gün öz sağlamlıqlarını düşünmədən həyatlarını riskə atan, görünməmiş fəlakətlə mərdliklə mübarizə aparan qəhrəmanlar da xatırlandı.

Faciənin ildönümü ərəfəsində Çernobıl AES-dəki bədnam dördüncü reaktorda baş verən dəhşətli yanğının söndürülməsində iştirak edən ukraynalı helikopter pilotu Andrey Mizko UNIAN-a həmin dəhşətli günlərdən danışıb. Andrey təmkinlə təhlükəli uçuşları barədə danışıb. Deyib ki, onun üçün mümkün mənfi nəticələri başa düşsə də, vəzifəsini soyuqqanlılıqla yerinə yetirib. Axı yüz minlərlə insanın həyatı onun və həmkarlarının qəhrəmanlığından asılı olub.

AYNA.AZ müsahibəni istinadla təqdim edir:

Dövlətin onların şücaətinə hörmət edib-etməməsi sualı qəhrəman üçün kifayət qədər ağrılı oldu - sağlamlığını və kifayət qədər gənc yaşda işləmək imkanını itirməsinə baxmayaraq, cənab Andrey bu dəhşətli qəzanın qarşısının alınmasında iştirak edən bütün insanlar kimi, layiqli pensiya hüququ üçün məhkəmədə mübarizə aparır.

Mizko müsahibəsində həmkarlarının - pilotların taleyindən, faciənin gələcək nəsillər üçün xatırlanmasının vacibliyindən və "Çernobıl" film-serialının yaradıcılarına niyə minnətdar olmasından da danışıb.

- Cənab Andrey, faciədən əvvəlki işiniz barədə bizə məlumat verin. Çernobıl fəlakətindən əvvəl hansısa fövqəladə vəziyyətlə qarşılaşmısınızmı?

- Mən o vaxt Sovet İttifaqının Silahlı Qüvvələrində xidmət etmişəm. Biz SSRİ Müdafiə Nazirliyinin tabeliyində idik. Bəzi yanğınları söndürmək lazım olan hallarda bunlarla xüsusi xidmət orqanları məşğul olurdular. Amma qeyri-adi bir hadisə baş verəndə biz də həmin hadisələrin qarşısının alınmasına cəlb edilirdik.

1986-cı ildə SSRİ Silahlı Qüvvələrində Leninqrad Hərbi Dairəsində xidmət edirdim və leytenant rütbəsində idim. 1986-cı il aprelin 13-dən 27-dək eskadronumuz Krım yarımadasından Əfqanıstana yola düşməyə hazırlaşırdı. Amma sonrası məlumdur, faciə baş verdi...

- Çernobıl qəzası haqqında sizə nə dedilər və oraya uçmaq əmrini nə vaxt aldınız?

- Hadisə olanda o vaxt heç kim buna xüsusi əhəmiyyət vermədi. Amma bütün aviasiya alayımız döyüş hazırlığı vəziyyətinə gətiriləndə anladıq ki, ciddi bir hadisə baş verib. Sonra rayon Hərbi Hava Qüvvələrinin qərargahından əlavə teleqramda deyildi ki, Mi-6 helikopterlərinin səkkiz ekipajına ehtiyac var, onların xarici asma ilə uçmaq üçün icazəsi var. Çünki bu, mürəkkəb uçuş növü idi. Ən çox təlim keçmiş səkkiz heyət seçildi və AN-12 təyyarəsi ilə Çerniqov şəhərinə uçduq. Orada məskunlaşdıq və helikopterləri hadisə yerinə ilk gələn və bir neçə gündür orada işləyən ekipajlardan təhvil aldıq. Biz artıq radiasiya ilə çirklənmiş bu helikopterləri qəbul etdik, işləməyə davam etdik. Mayın 5-dən 27-dək orada işlədik, sonra bizi başqa briqadalar əvəz etdilər.

- Yanğınsöndürmə əməliyyatınız necə keçdi?

- Tapşırıq yükü 30 kilometrlik zonaya daşımaq və çatdırmaq idi və yüklərin boşaldılması üçün birbaşa reaktora uçuşlar var idi. Kisələrin hər biri 10 kiloqram idi – 100 kisə, yəni bir ton qurğuşun idi. Reaktordan 12 kilometr aralıda, 200 metr hündürlükdə yerləşən ərazidən havaya qalxdıq Pripyata uçduq, sonra döyüş kursuna keçdik və Pripyatdakı bir otelin damında olan uçuş nəzarətçisi bizə hər 500 metrdən bir reaktora qədər olan məsafəni bildirdi. Biz yükü reaktorun üzərinə atdıq və sonra növbəti yükləmə üçün geriyə uçduq. Helikopterlərin uçuş intervalı 2-3 dəqiqə idi. Biz belə işləyirdik.

İlk həftə səhərlərimiz səhər saat 4-də durmaqla başladı, səhər 6-da artıq yeməkxanada idik, sonra aerodroma getdik və orada uçuş tapşırıqlarını aldıq. İşdən sonra axşam saat 9 radələrində bizi Çerniqovun kənarındakı dispanserə dincəlməyə aparırdılar.

Yüklə reaktora uçuşlar qəzanın əvvəlindən təxminən mayın 15-dək həyata keçirilib. Müxtəlif uçuşlar, o cümlədən kabelləri endirən və radiasiya səviyyəsini ölçən Mi-26 helikopterləri var idi. Bir polkovnik var idi, ölçülər üçün yükü yerə atmadan çoxlu uçuşlar edirdi. O, artıq həyatda deyil. Çox böyük miqdarda radiasiya almışdı.

Biz uçan zaman Mi-8 kəşfiyyat təyyarəsi də uçurdu və biz 300 rentgen oxunuşunu eşitdik. Və biz reaktorun üstündə nə baş verdiyini bilmirik, çünki reaktorun 200 metr yüksəkliyində uçurduq.

Mayın 27-də artıq bizi başqa heyətlə əvəz etdilər. Hərbi hissəyə uçduq və ertəsi gün bizi xəstəxanaya göndərdilər. Həkimlər iki həftə bizi müayinə etdilər, sonra 10 günlük məzuniyyətimiz oldu və üç ay ərzində eskadronumuz Əfqanıstana göndərildi.

- Əvvəldən səhhətiniz üçün yaracaq təhlükəni başa düşürdünüzmü?

- Biz zabit idik, nüvə silahının, radioaktiv çirklənmənin nə olduğunu bilirdik. Amma o anda tapşırıq belə idi və yerinə yetirilməli idi. Çünki biz başa düşdük ki, xalq, Ukrayna və bütün Avropa məhv olmaqla üz-üzədir. Ona görə də beynimdə təhlükə barədə heç bir fikir yox idi, əsas olan tapşırığı yerinə yetirmək idi. Sonra sağlamlıq problemləri yarandı və s. O vaxt biz hələ gənc idik, 26 yaşımız var idi. Ona görə də o zaman heç kimin səhhəti vecinə deyildi.

- Yəni bunu bir vəzifə kimi qəbul etdin...

- Əlbəttə, vəzifəmiz bilirdik. Bizə fasilə verəndə bir həftəlik işdən sonra evə zəng vurmaq üçün şəhərə çıxırdıq. İnsanlar bizi saxlayıb təşəkkür edirdilər. Bu, çox xoş idi, başa düşdük ki, biz bunu bir səbəbə görə edirik – insanlıq üçün. O zamanlar bunun yalnız Çerniqov vilayətinə təsir edəcəyini düşünürdülər. Əslində isə bütün Ukraynanı, Belarusu və Avropanı əhatə edəcəyi anlaşılan idi.

- Sizcə, qəzada yanğının söndürülməsi prosesi nə dərəcədə səmərəli təşkil olunub?

- Bəşəriyyət heç vaxt belə bir fəlakətlə üzləşməmişdi. Buna görə də, o dövrdə istifadə olunan resurslar yəqin ki, edilə biləcək maksimum idi. Mən hakim deyiləm, heç kimi günahlandıra bilmərəm. Baxmayaraq ki, insan amili də var - kimsə sayıqlığını itirib. Bu isə elə bir məsələdir ki... Nüvə ilə zarafat etmək olmaz. Ona görə də bu, dünənin, bu günün və gələcəyin məsələsidir. Onda nə baş verdiyini bilmək lazımdır. Gələcəkdə belə halların təkrarlanmaması üçün, əlbəttə. Çünki Avropa ikinci belə bir fəlakətin öhdəsindən gələ bilməz.

- Dağıdılmış reaktorun şəklini təqdim etdiniz. Zəhmət olmasa bizə onun tarixini deyin - onu kim və nə vaxt çəkib?

- Uçuş zamanı havadan çəkilən fotodur. Unikal şəkildir. Onu səkkiz ekipaj üzvündən biri olan uçuş mühəndisimiz çəkib. Yanında fotoaparatı var idi, nəyisə lentə almaq qadağan olduğundan xəbərimiz yox idi. O, bu şəkli məhz reaktora uçuş zamanı çəkib.

- Yanğının qarşısının alınmasında iştirak etmək sağlamlığınıza necə təsir etdi?

- Belə deyim - 35 yaşımda pilot vəzifəmdən, 40 yaşımda isə Silahlı Qüvvələrdən tərxis olundum. Bu, məncə, cavabdır. Çünki 40 yaşında çox təcrübən olur – çox şey bilirsən və daha faydalı olursan. Amma səhhətinə görə işləyə bilmirsən. Bunu təsəvvür edin, cavab aydın olacaq.

Sizə deyim ki, bizə qurğuşun yükləyən “partizan” adlanan 731-ci xüsusi batalyon 500 nəfərdən ibarət idi. Hazırda bu insanların yarıdan çoxu artıq həyatda deyil. Bunlar da o vaxt 20-45 yaş arası insanlar idi. Onkoloji və digər xəstəliklər o dövrdə yaşlılarda rast gəlinirdi. İndi isə gənclərdə bu xəstəliklər artıb. Hamısı bu qəzanın nəticəsidir.

- Əməliyyatda birgə çalışdığınız pilot yoldaşlarınızla əlaqələriniz qalırmı?

- Onlardan sağ qalanlar var, əlaqələrimiz var. Birlikdə işlədiyim rusiyalı həmkarlarımla əlaqəm var idi, amma 2014-cü ildən sonra heç biri ilə əlaqə saxlamamışam. Həqiqəti bilmək istəyən hər kəs soruşa bilər, mən heç kimə heç nə sübut etmək fikrində deyildim.

Məsələn, bizimlə iki eskadron komandiri var idi - biri Əfqanıstanda həlak oldu, digəri isə Çernobıl hadisəsindən sonra öldü.

- Sovet İttifaqı Çernobıl AES-dəki faciənin miqyasını gizlətdi. O zaman başa düşürdünüzmü ki, hakimiyyət bunun nəticələrini ört-basdır edir?

- Bu Sovet İttifaqının sistemi ilə əlaqəli idi. İndi Rusiyada olduğu kimi, hadisələrin miqyası ört-basdır edilirdi. Ona görə də Rusiyada o vaxt baş verənlərlə indi baş verənləri müqayisə edə bilərik.

Bəli, o zaman hər şeyi gizlətdilər. Çernobıl hadisələrini öz ehtiyaclarına və istəklərinə uyğunlaşdırdılar. Bir çox insanlar nahaq yerə sertifikatlar aldılar. Çünki o dövrdə faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edənlər üçün güzəştlər var idi.

- Əslində nə qədər insan həqiqətən də nəticələrin aradan qaldırılmasında iştirak etmişdi?

- İndi mənim bildiyimə görə, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak nəticəsində 47 min nəfər əlil qalıb. 47 min nədir? Bunlar xüsusilə faciənin aradan qaldırılması ilə bağlı xəstəliklərə tutulanların sayıdır. Mən həmişə əsl ləğvedicilərdən danışıram, çünki qanunsuz əlillik dərəcəsi alanlar çox idi.

- Məşhur “Çernobıl” serialı ilə bağlı sual verməyə bilmirəm. Bu serialı necə qiymətləndirirsiniz?

- Serialın yaradıcılarına təşəkkür edirəm. Çünki bizim əməyimizi orada qeyd ediblər. Bu, çox vacibdir. Çünki bu serialdan sonra biz Çernobıl muzeyində özümüzü yaxşı hiss edirik – orada bizə hörmət edirlər və hərarətlə qarşılayırlar. Orada bizim kimi insanların indi olmadığını deyirlər.

Seriala gəlincə, bu, sənədli film deyil - bədii filmdir. Yaradıcılar onda nəyisə dəyişə bilərlər və bunu prinsipcə ciddi qəbul etməmək lazımdır. Amma Sovet İttifaqının reallıqlarını göstərdilər ki, bu da çox maraqlı idi. Biz onlara minnətdarıq. Bundan sonra bizi Böyük Britaniyaya dəvət etdilər, rəyimizi soruşduq, serialın yaradıcılarına təşəkkür edib təbrik etdim.

- Dövlət xidmətinizə görə sizə necə təşəkkür etdi? Əməyinin layiqincə qiymətləndirildiyini hiss edirsinizmi?

- Bu çox ağrılı sualdır. Çünki biz lazım olanda və tapşırıqları yerinə yetirəndə qəhrəman idik. Hadisənin nəticəsi aradan qalxandan sonra həmin qəhrəman heç kimə lazım olmur. Təsəvvür edin ki, biz hələ də pensiya məsələlərini məhkəmə yolu ilə həll edirik. Çünki başqa yol yoxdur.

Güləcəksiniz – hər il sağlamlıq üçün kartımıza 120 qrivna yükləyirlər. Pensiyaya çıxana qədər hər ay vitaminlərə 456 qrivna xərcləyirdim, indi 596 qrivna xərcləyirəm.

- Bu ilin yanvar ayından Ukraynada bəzi pensiyaçılar, o cümlədən Çernobıl qəzası əlilləri üçün pensiyalar kəsilib. Bu qərar sizə təsir etdimi?

- Hələ yox, çünki məhkəmədəki işlərim pensiyanın ölçüsünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır. İndi bu haqda danışmaq istəmirəm, çünki ölkəmizdə müharibə gedir, insanlar ölür...

Dediyim kimi, faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı 47 min nəfər əlil qalıb. Bizə isə heç bir müavinət lazım deyil - layiqli pensiya verilsin. Ondan sonra mənə mənzil üçün subsidiyalar, pulsuz səyahət lazım olmayacaq. Bizim sayımız o qədər də çox deyil.

- Bu miqyasda baş verən hadisələrin xatirəsi və bu hadisələrdə qəhrəman insanların iştirakı çox önəmlidir. İndiki gənclərin o faciə haqqında nə bilməsini istərdiniz?

- 1986-cı il hadisəsi qlobal bir hadisə idi. Bu mövzu çox aktualdır və hələ uzun illər aktual olacaq. Və bunun bir daha təkrarlanmaması üçün gənclərimiz nə baş verdiyini, hansı nəticələrə səbəb olduğunu dəqiq bilməlidir. Axı bu, milyonlarla insanın həyatı ilə bağlıdır.

Faciənin 25-ci ildönümündə bizi Avropaya dəvət etməyə başladılar - onların "Çernobıl həftəsi" var və biz hər il müxtəlif ölkələrə sərgilərə, gənclər və ictimai təşkilatlar üçün mühazirələrə dəvət olunurduq. Oradakı insanlar Çernobıl haqqında bizdən çox bilirlər. Mən heyrətləndim – İngiltərədə 7-9 yaşlı uşaqlar elə suallar verirdilər ki, mənim özüm üçün də maraqlı idi.

Bir gün əvvəl kitabxanada şagirdlərlə görüşdüm və onları sual verməyə dəvət etdim. Yalnız bir oğlan xəstəliklərlə bağlı sual verdi. Bu o deməkdir ki, onlar ya hər şeyi bilirlər, ya da heç nəyi bilmirlər - çox güman ki, heç nə bilmirlər.

Avropalılar belə şeyləri təkcə demirlər, gəncləri gələcəyə hazırlayırlar ki, onlar nüvə enerjisinin nə olduğunu, nə qədər təhlükəli olduğunu və gələcəkdə oxşar fəlakətlərin təkrarlanmaması üçün nə etmək lazım olduğunu başa düşsünlər. Xatırladığım qədəri ilə dünyada 500-dən çox nüvə reaktoru var. Elektrik ucuz başa gəlir, bəli, bəs məsələn, Rusiyadan hansısa raket gəlsə? İkinci Çernobıl olacaq.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
  

Ərdoğan bilir ki, Hindistanla Pakistan arasında müharibə olmayacaq.

Musavat.com xəbər verir ki, bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu "TV Müsavat"ın efirində deyib.

Onun təhlilinə görə, bu məsələ çox böyüməyəcək:

"Hindistan bəyanat verib ki, 130 nüvə başlığı Pakistanı hədəf alıb. Pakistan isə 170-dən çox nüvə başlığına malikdir. 15-20 strateji nüvə bombasının partlaması yetər ki, planet dağılsın".

Rauf Arifoğlu, həmçinin Türkiyənin Pakistanın yanında olduğunu qeyd edib.

Musavat.com daha ətraflı videonu təqdim edir:

 
 
 

Ardını oxu...
  

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Müsahibə zamanı dövlət başçısı ilə çinli jurnalist arasında çayla bağlı maraqlı dialoq yaşanıb.

Həmin dialoqun videosunu təqdim edirik:

 
 
 
Ardını oxu...
Globalinfo.az yazıçı, araşdırmaçı Həmid Herisçi ilə müsahibəni təqdim edir:

– Həmid bəy, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana yaxın günlərdə gözlənilən səfərini indiki qarışıq geosiyasi durumda necə qiymətləndirmək olar? Sizin bu mövzuda təhliliniz, qənaətiniz nədən ibarətdir? İran artıq Azərbaycanla bağlı hikkəsindən geri durur, əvəzində əməkdaşlıq formatına üstünlük verir? Yeri gəlmişkən, İran-Azərbaycan sərhədinin Zəngəzur hissəsində iki ölkə arasında ciddi layihələr gerçəkləşmək üzrədir.

– İranın magistral iqtisadi-siyasi marşrutları 1925-ci ildən, yəni düz 100 il öncədən tam dəyişdi. Xudafərin körpüsü o vaxt demək olar ki, qapadıldı. Bütün iqtisadi yollar cənuba – Fars körfəzinə doğru yönəldildi. Bu tarixi dönüş, türk əsilli Qacar nəslinin hakimiyyətdən getməsi, fars mənşəli Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə də bağlı idi. Rza şah Pəhləvi o vaxt, 1925-ci ildə, qədim Sasani hökmdarı Nuşirəvanın geosiyasi doktrinasını diriltdi. Bu doktrinaya görə İranın Şimal qapısı, yəni Turan yolu qapadılmalıydı. Dərbənd qalası bu yolu kilidləməliydi.

Ancaq Nuşirəvanın bu antitürk, antituran gedişi Xəzər müharibələri ilə nəticələndi. 626-cı ildə xəzərlər əvvəl Dərbəndi, sonra Tiflisi aldılar. Sonra, bax bu Sasani İranı indiki İraqda yeni müsəlman dininə uduzdu. Nəticədə fars İranı tarixi səhnədən silindi. 1400 il olmadı.

1925-ci ildə Rza şah Pəhləvi bu köhnə, məğlub Sasani şahmat oyununu yenidən diriltsə də, nə xeyri?

2025-ci ildə, düz 100 sonra bu geosiyasi Sasani projesi yenə də müasir İranın məğlubiyyəti ilə bitdi. Xəzərlərin şimal qələbələrini müstəqil Azərbaycan respublikası təkrarladı. Mən, 2020-ci il Qarabağ qələbəmizi nəzərdə tuturam. Bu qələbə, İranı şimal sərhədlərində xeyli sarsıtdı.

Sasanilərin cənubdakı məğlubiyyətləri isə, öz müasir redəktəsini qazandı. İsrailin Livan, Suriyadakı qələbələri İranı bu dəfə də, 7-ci əsrdəki kimi, Yaxın Şərqdə tam məğlubiyyətə sürüklədi.

Məhz bu səbəbdən, 2024-ci ildə, İran tarixində çox mühüm bir siyasi dönüş baş tutdu. Siyasi hakimiyyət müəyyən qədər, bir qədər yenidən türklərə-yəni Pezeşkian dəstəsinə qaytarıldı.

Rəsmi Tehran bu siyasi gedişi ilə irandaxili proseslərdə yerli türklərin dəstəyini qazandı.

Beləliklə, şahpərəstlərin, 2025-ci ildə Pəhləvi sülaləsinin 100 illik yubileyini qeyd etmək niyyəti baş tutmadı. Sasani doktrinasını-“İrane bözörg-Böyük İran, İranzəmin” projesini SEPAH, “Hizbullah” Yaxın Şərqdə, Qafqazda, Əfqanıstanda reallaşdıra bilmədi.

Azərbaycanla İsrail buna icazə vermədi. Azərbaycan bütün Qafqazda, İsrail isə bütün Yaxın Şərqdə İranın gizli, əslində antiislam planlarını alt-üst etdilər.

Yəni, SEPAH əslində Qafqazda, Yaxın Şərqdə heç də islam hərəkəti yürütmürdü. Sasani doktrinasını, qədim fars diplomatiyasını reanimasiya, “restart” edirdi.

SEPAH-ın üç cəbhədə – Qarabağda, Əfqanıstanda, Livanda məğlubiyyətləri ona bağışlanılmadı. Belə bir şəraitdə İran liberalları, Cavad Zərif dəstəsi Pezeşkian kartını, yəni türk kartını oyuna gətirdilər. Təbrizin, “Təbriz Ticarət və Sənaye Palatası”nın dəstəyi ilə öz namizədlərini prezident kürsüsündə otuzdurdular.

Fars irqçilərinin “Ariana” – yəni Böyük İran projesi laxladı. Pəhləvilər özləri sözsüz, İrana qayıtmayacaqdılar. Ancaq Pəhləvilərin “Ariana” projesi İrana bir başqa sifətdə, islamlaşmış şəkildə qayıda bilərdi. Ancaq Azərbaycanla İsrail bu geopolitik konfiqurasiyanı pozdular. Nəticədə İran, Pezeşkianın simasında öz Turan, türk ssenarisini meydana atdı. Azərbaycanla dialoq da bax bu nöqtədə yeni abzasdan başladı.

– Məsud Pezeşkianın Bakıya gələcəyi xəbərləri yayıldıqdan az sonra İsrailin baş naziri Benyamin Netenyahunun da ölkəmizə səfər edəcəyi informasiyası ortaya xeyli suallar çıxardı. Bir-biri ilə düşmən münasibətində olan dövlətlərin rəhbərləri paytaxtımıza anlaşmağa gəlir? Azərbaycan İsrail-Türkiyə, İsrail-İran arasında bir barış körpüsü, anlaşma platforması rolu oynayacaq, yoxsa, burda gözləmədiyimiz, hətta bilmədiyimiz proseslər cərəyan edir?

– Fevralın 18-də Ər-Riad danışıqlar əslində ikimasalı idi. Ər-Riad dialoqu Tehrandakı “Xəzəryanı ölkələr sammiti” ilə tam sinxron keçməsi təsadüfü deyil. Moskva bir-ki saatlıq gecikmə ilə Tehranı danışıqların tam qapalı məzmunu ilə tanış edirdi. Ancaq əslində danışıqlar heç iki də yox, üçmasalı idi.

Bir-iki saatlıq gecikmənin də izahı var – Moskva ilə Vaşinqton bu vaxt ərzində Netanyahu ilə məsləhətləşirdilər.

Üçüncü masadakı İsrail indi kölgədən çıxacaq. Bakıda, Azərbaycanda o danışıqları davam etdirəcək. Açıq, yaxud qapalı şəkildə.

İsrail bütün hallarda İranla dialoqunu Azərbaycansız keçirməyəcək. Azərbaycanla birgə keçirəcək.

Biz İsrail-İran dialoqunda vacib halqayıq. İki ölkə, hələlik Azərbaycanda barışa bilərlər. Azərbaycanda hər iki ölkə müəyyən razılaşmalara gələ bilər. Bu bizə böyük nüfuz gətirəcək son nəticədə. Dividentləri, qazancları çoxdur bu vasitəçilik missiyamızın.

– Prezident İlham Əliyevin Çinə səfəri dünyada maraqla, diqqətlə izləndi. Çin yalnız Asiya qitəsinin nəhəng dövləti sayılmır, Pekin dünya siyasətinin mərkəzi aktorudur. Çinin Azərbaycanla bu qədər yaxınlaşması, anlaşması, əməkdaşlığı bizə hansı üstünlüklər, Çinin özünə hansı avantajları qazandıra bilər?

prez cin 23
23 aprel 2025-cü il. Prezident İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi

– Siyasətdə nə varsa, sığorta naminə iki nüsxəlidir. İran-Rusiya, İran-Çin münasibətləri də ikidosyelidir. Azərbaycan, Prezident İlham Əliyev də bu ikibaşlı siyasəti nəzərə alır həmişə. İlham Əliyevin də projeləri ikinüsxəlidir. Biz siyasətimizi təkcə Moskvaya etibar edə bilməzdik. İlham Əliyevin Pekin səfəri bununla əlaqədardır.

Bu ikiqanadlı siyasət Sergey Lavrovun son Tehran səfəri zamanı da özünü gizlətmədi. Görüş günü Tehran həm də beynəlxalq TRASECA (Transport Corridor Europe-Caucasus-Asia – Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) nəqliyyat dəhlizinin növbəti – 17-ci sammitinə ev sahibliyi edirdi. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan və ən vacibi – Çin bayraqlarının sıx əhatəsində idi. Sevincini gizlətmirdi. TRASECA-da bir illik sədrlik kürsüsü Tehrana keçirdi axı.

Gözlənilməz, yaxud gözlənilən bu xəbər Sergey Lavrovun sifətini, üz ifadələrini bir az da turşutdu Tehranda. Rusiya XİN rəhbəri İranın Rusiya ilə münasibətlərini birmənalı, birnüsxəli edə bilmədi.
Moskva-Astara-Rəşt dəmir yolunu, yəni “Cənub-Şimal” nəqliyyat dəhlizini Tehran eyni gündə TRASECA Çin yolu ilə sığortaladı. Yəni Zəngəzur yolu ilə. Sübut etdi – Rusiya ilə bütün projelərini digərləri ilə sığortalayacaq. İkinüsxəli olacaq Rusiya-İran münasibətləri.

İlham Əliyev bütün bunları nəzərə aldı. O da Şimal dəhlizini Qərb nəqliyyat dəhlizi ilə sığortaladı.

– Mərkəzi Asiyanın 3 ölkəsinin rum Kipri ilə bağlı məlum addımı – Cənubi Kiprdə diplomatik nümayəndəlik açması, üstəlik Türkiyəni aqressor ölkə adlandırması nədən xəbər verir? Bu, yaranmaqda olan türk birliyinə, Turan ideyasına nə kimi zərər verəcək? Bəlkə bunu arxasında başqa məqamlar dayanır, biz xəbərsizik?

– Səmərqənddəki Türk sammitinə qarşı Avropa da öz “Səmərqənd sammitini” keçirtdi ötən həftələrdə. Burda aerokosmik nəhənglərin savaşı gedir. Turan səmasındakı “Boeing” dominantlığına, seçiminə qarşı Fransa SAS aerokosmik sənayesi qəribə gediş edib. Mülkü təyyarələrin bazarını başına buraxıb burada. Bazara öz hərbi “Dassault Rafale” təyyarələrini təqdim edib. Səmanın açarları ötən əsrdən üzü bəri “Airbus” və “Boeing” şirkətlərinə məxsusdur. Turan ərazisində yox, Turan səmasında bu iki şirkətin çox güclü savaşı başlayıb.

Yəni Avropa Birliyinin Turan siyasəti ilk növbədə aerokosmik məzmunludur.

hemid herisci 9
Həmid Herisçi

Prezident İlham Əliyev, sözsüz, bu qarşıdurmaya bələddir. 2023-cü ilin 30 aprelində Əliyevin “Boeing Commercial Airplanes” şirkəti rəhbəri Stenli Dillə vacib görüşü də bununla bağlı ola bilər.

Azərbaycan, ölkə prezidenti İlham Əliyev böyük şahmat taxtası üzərində öz gedişlərini edir. Siyasi gedişlər indi sırf iqtisadi projelərlə müşayiət edilməlidir. Sevinək ki, bizim bu cür böyük projelərimiz artıq rəqabətə səbəb olur. Demək həm siyasi, həm iqtisadi masalarda öz maraqlarımızın ticarətinə başlaya bilərik. Bu Turan səması projesində də Çinin kimi, hansı avianəhəngi seçəcəyi vacibdir. Azərbaycan Çinə təkcə Zəngəzur projesini təqdim etməyib məncə. Həm də Qərbdən Şərqə gedən hava yollarında öz vacib hava dəhlizini də təqdim edib.

Bakı-Qroznı xəttində baş vermiş məlum təyyarə qəzası çox vacib bir mövzunu – Azərbaycan hava ərazisinin geopolitik çəkisini bir daha dünyaya sərgilədi. Dünyanı tən ortadan yaran meridian xətt, qövs Şimal Qütbündən startını götürüb, Dərbəndədək Rusiya hava ərazisindən keçir. Sonra Azərbaycanda öz orta, mərkəz nöqtəsini tapır. İran hava ərazisində davam edərək körfəzdə sona çatır.
İranla Rusiya Batı (Qərb) ilə qarşıdurmadadırlar. Hava əraziləri də Qərb təyyarə marşrutları üçün yarıqapalı şəkildədir. Etibarlı deyil. Qalır Gürcüstan-Azərbaycan hava ərazisi. Hə, burada Qərbin hava marşrutu tam azaddır. Kim bu hava qövsünə tam nəzarət etsə… Cümlənin axırını bilərəkdən bütöv yazmıram. Susuram bu vacib məqamda.

Turan, Çin hava yollarının taleyi də məhz bu qövsdən, müəyyən qədər bizdən asılıdır. Biz həm də səmadakı bax bu Zəngəzur marşrutunda kilid ölkəyik.

Məncə Avropa, Çin maraqları bu nöqtədə Azərbaycanın önəmini anlayırlar. Avropa-Turan Səmərqənd sammiti, prezidentin Çin səfəri də bu ssenari tərkibindədir. Biz böyük şahmat oyunundayıq. Vacib fiqurlardanıq. Prezidentin Çin səfəri, Pezeşkianını Bakı səfəri də bax bu zaman reallaşır. Dəyərimizi, qiymətimizi düzgün hesablayaq.
 
 
 
Ardını oxu...
Bütün vaxtını xüsusi müəllimlər və mühafizəçilərlə keçirir

Rusiya Prezidenti Vladimir Putinin gimnast Alina Kabayevdan olduğu iddia edilən oğlunun ilk dəfə görüntüləri ortaya çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Kreml əleyhinə fəaliyyət göstərən xəbər saytlarında məlumat yayılıb.

Xəbərdə illərlə hər kəsdən uzaq tutulan və ciddi şəkildə qorunan uşaq üçün “yəqin ki, dünyanın ən tənha uşağıdır” ifadəsi işlədilib. Məlumata görə, İvan adlı bu uşaq və onun 4 yaşlı qardaşı Vladimir, Putinin gizli saxladığı övladlarıdır və demək olar ki, heç kimlə ünsiyyət qurmurlar. Onlar bütün vaxtlarını xüsusi müəllimlərlə və mühafizəçilərlə birlikdə keçirirlər.

Qeyd edək ki, 2013-cü ildə 30 illik həyat yoldaşı Lyudmiladan boşandığını açıqlayan Rusiya lideri, bu günə qədər iki oğlu olduğu barədə iddialarla bağlı heç bir açıqlama verməyib.

Şəxsi həyatı barədə danışmağı sevməyən Putin, bir müsahibəsində “Balacalarımla nağıl filmlərinə baxmağı xoşlayıram” demişdi. Bu açıqlamadan sonra Rusiya mediasında Putinin iki kiçik oğlundan bəhs etdiyi barədə iddialar ortaya atılmışdı.


Daha öncə xarici KİV-lərdə yayılan xəbərlərdə Kabayeva və iki oğlunun ölkə xaricində yaşadığı bildirilmişdi.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti