Ardını oxu...
Azərbaycanda nə səs-küylü "MTN işi", nə dəhşətli "Tərtər işi", nə digər qalmaqallı proseslərin yekunlaşması bu qədər acı bağırsaq kimi uzanmayıb. Hətta qanqster Hacı Məmmədovun cinayət işinin məhkəmə istintaqı da o dərəcədə uzun, zəhlətökən olmamışdı. Lakin nə hikmətdirsə, nə sirri-xudadırsa, Bakıda 165 ailənin başıbəlalı mənzil işi - "Sahil - S İnşaat" şirkətinin məsələsi düyünə düşüb, çözülmək bilmir.
Anxeber.com qısa arayış verərək xatırladır ki, Bakının Yeni Günəşli ərazisində "Sahil S - İnşaat" şirkəti bina tikməyə başlayıb.
"Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Alaverdiyevi Taley Şamil oğludur. Hazırda həbsdədir. Daha dəqiq desək, hansısa vasitələrlə müalicə müəsissəsindədir. O, dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onunla birlikdə şəriki Pənah Kərimov da həbs edilmişdi. O Kərimov ki, ortaqlığa gələnə qədər binada dələduzluq faktı yox idi. Elə ki Kərimov Alaverdiyevə şərik oldu, 2021-ci ildən binada bir mənzil bir neçə adama saxta sənədlə satıldı.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin GG Company MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Anxeber.com bildirir ki, ötən ilin dekabrında
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Halbuki iş hakim Əli Məmmədovun icraatında olanda P. Kərimovun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməmişdi. Lakin hakim E.Nuriyev onu törətdiyi ağır cinayətə baxmayaraq, evə buraxıb.

Anxeber.com-un əldə etdiyi məlumata görə, indi də Taley Alaverdiyevin ev dustaqlığına buraxılması üçün hərəkətlilik müşahidə olunur. Hazırda müalicə müəssisəsində olan, hansı pullarla orada qalan Alaverdiyevin ev dustaqlığına buraxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən ona mesajlar ötürülür. Dələduzluq maddəsi ilə tutulmuş, mənimsədiyi pullarla müalicə müəssəsində kef çəkən Alaverdiyevin evə buraxılması üçün şərt irəli sürülüb: sakinlərdən imza toplanması və məhkəmədən xahiş edilməsi kifayətdir ki, nəzərə alınsın. Beləcə hansısa "sirli əllər", gözəgörünməz qüvvələr bu prosesi zaman keçdikcə dələduzların xeyrinə həll etməyə çalışırlar.
Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin istintaqı dövründə zərər çəkən sakinlərin probleminin 90 faizi həllini tapmışdı.
Sakinlər bu gün də razı və minnətdardırlar ki, prokurorluq həm istintaqı obyektiv aparıb, həm saxta imza ilə satılan mənzillərlə bağlı problemin 90 faizini yoluna qoyub. Eyni zamanda, bu dəstək sayəsində binanın qaz, işıq və digər məsələləri həllini tapıb.
Ancaq elə ki işin istintaqı yekunlaşdı və materiallar prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi, o vaxtdan zərər çəkənlərin çətin günləri başlandı. Çünki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi saxta imza ilə bir neçə nəfərə satılmış eyni mənzillər məsələsini ədalətli şəkildə nizamlamış, həllinə nail olmuşdu. Təxminən 40-dən çox belə mənzil var idi. Lakin iş məhkəməyə göndəriləndə 5-6 belə mənzilin problemi qalmışdı. Artıq üç il keçir və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri 5-6 mənzilin işini həll etmir. Necə olur ki, prokurorluq qısa zamanda xeyli sayda zərər çəkənin probleminə son qoyub, amma 3 ildir məhkəmə bir işi həll etmir. Sakinlər bu məsələnin arxasında hansı maraqların dayandığını bilmirlər. Ancaq məlum olan budur ki, "Sahil S-İnşaat" mənzillərinə Çıxarış əldə etmək mümkün olmur.
Buna bir səbəb həm möhür-ştampın hələ də dələduz Taley Alaverdiyevin səlahiyyətində olmasındadırsa, digər əngəl məhkəmənin sözügedən mənzillərin məsələsini həll etməməsindədir. Əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tale Alaverdiyevin azadlığa çıxması üçün canfəşanlıq edir, çıxış yolu kimi imza toplanmasını göstərir. Hərçənd hakim həmin həllini tapmayan mənzillərin məsələsini ilk növbədə yoluna qoymalıdır. Çünki işin 3 ildir uzadılması Çıxarış (kupça) almağa imkan vermir.
Bəs kimdir bu güclər və dövlətin hökmlərinə qarşı gedənlər? Sakinlər ümidlidirlər ki, bu çağırışlar eşidiləcək. Onlar Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva, PA rəhbəri Samir Nuriyev, Ali Məhkəmə sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək gözləyir, 165 ailənin səsinə səs veriləcəyinə ümid edir: "Bizi, yəni 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik. Habelə Bakı Ağır Cinayətlər Məhkəməsi prosesi başa çatdırmalıdır ki, həm yerdə qalan mənzillər məsələsi həllini tapsın, həm sakinlərə Çıxarış verilsin. Hazırda bu iki problemin həllini gözləyirik, nəinki hakimin imza toplatdırıb şirkət sahibini də evə buraxmasını. Onsuz da Taley də, Pənah da saxlandığı vaxtdan istintaq təcridxanasının üzünü görməyiblər, dələduzluqla mənimsədikləri pullar hesabına müalicə müəssisəsinə köçürülüblər, həbs həyatını kurort kimi yaşayıblar. Artıq Pənah ürək əməliyyatı adı ilə evə çıxıb, heç əməliyyat da olmayıb, indi də Taley üçün ssenari hazırlanır. Ona görə də dövlətimizdən dəstək gözləyirik".

Anxeber.com
 
Ardını oxu...
Salyan rayon sakini Kərimov Alim Ənvər oğlu 01.02.2020-ci ildən 14.07.2021-ci ilə qədər Mübariz Mənsimovun "Palmali" şirkətinin gəmilərində işləyib.
Əvvəl 18 ay "Bəxtiyar Vahabzadə" gəmisində, sonra isə 5 ay "Malik Əliyev" gəmisində işləyib. İndi keçmiş rəhbərindən şikayət edir. Deyir, işində vicdanla çalışıb. Şirkətə heç bir ziyanı dəyməyib. Amma "Palmali"nin onun qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Beləki, Alim Kərimov "Bəxtiyar Vahabzadə" gəmisində baş mexanik işləyən dövrdə Mübariz Mənsimov həbs edilir.
Bununla əlaqədar şirkətdə narahatlıq, gərginlik yaranmasına baxmayaraq Alim gəmini, işini tərk etmir. Müəyyən müddətdən sonra işdən çıxır, amma gedəndə 5 aylıq məvacibini almır, heç bu məbləği istəmir də.
2023-cü ildə Alim Kərimovun sağlamlığı pozulur, ürəyində ciddi problem yaranır. Həkimlər ona işləməyə icazə vermirlər. O vaxtdan bu günə kimi bu hal davam edir. Maddi vəziyyəti çox çətindir. Fikirləşib ki, bir zaman işçisi olduğum, üzüağ ayrıldığım şirkətə üz tutum.
Özünü xeyriyyəçi kimi tanıdan keçmiş rəhbəri, milyarder Mübariz Mənsimov onu darda qoymaz. Amma sən saydığını say, gör fələk nə sayır. Alimin yazdığı məktub ünvanına çatsa da bir xəbər-ətər yoxdur.
Alim deyir mən Mübarizin dar günündə ehtiyaclarımı unudub onun çətin vaxtında bir neçə ayın maaşını istəmədim ki, kollektivə az da olsa kömək olum. Amma Mübariz Mənsimov deyəsən bu cür yaxşılıqları başa düşən deyil.
Mübarizin sözü-əməli okeanın o tayındakı erməni iş adamları ilə yaxşı tutur. Gəmilərinə Azərbaycan mütəfəkkirlərinin adını vermək vətənpərvərliyin sübutu deyil, gözdən pərdə asmaqdır. Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz. Bu adam rəhm nə olduğunu bilmir.
Ardını oxu...
Bilsə, öz keçmiş işçisinin çətin günündə səsini çıxardardı. Mübariz Mənsimov, axı siz də vaxtilə gəmidə Alim kimi adi işçi olmusunuz. Alim və onun kimi başqa gəmiçilərə xörəklər bişirmisiniz, çətinlikləri görüb bu günə çıxmısınız. İndi bunu necə qiymətləndirək? Keçmiş gəmi aşpazı öz keçmişinə arxa çevirdiyi üçün indi adi işçilərə yuxarıdan aşağı baxır?
Sima Babayeva
TEREF
Ardını oxu...
Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb. 2016-cı ildə salınan Ramana-Maştağa avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) böyük bir hissəsi 2022-ci ildə "Azərsu" tərəfindən sıradan çıxarılıb. Bu qurumun Ramananın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tenderdə qalib edərək 8,2 milyon manat ödədəyi “Arko Təmir Tikinti Şirkəti" nəinki əraziyə kanalizasiya xəttini çəkməyib, su xətti üçün asfalt örtüyünü də qazaraq bərbad hala salıb və bərpa işləri aparmayıb.

Sitat.info olaraq, sakinlərin şikayəti üzərinə əraziyə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq, yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları da yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranmışdı. Qazılarkən məqsəd həm də kanalizasiya sisteminin çəkilməsi olsa da, bu məsələ tamamilə gündəlikdən çıxarılıb. Hazırda qəsəbədə ümumiyyətlə kanalizasiya xətti yoxdur.
Qeyd edək ki, bu işləri “Arko Təmir Tikinti Şirkəti” MMC aparıb. Belə ki, şirkət 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün 8 202 558 manatlıq tenderi qazanıb.

Həmin ildə qəsəbəyə su çəkilib, kanalizasiya xətlərinin pulu “yeyilərkən” yolun müxtəlif hissələrindən asfalt örtük kəsilib, lakin sonradan əsaslı bərpa əvəzinə yülgülvari yamaq vurulub. Hazırda magistralın kənarları elə bərbad vəziyyətdədir ki, nəqliyyat hərəkət edə bilmir və yol daralıb.

Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra sıradan çıxarılıb. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər. Bu asfalt örtüyü çəkilən zaman kanalizasiya da sistemi ümumiyyətlə çəkilməyib.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında Prezident İlham Əliyev iştirak edib. Cəmi 6 il sonra "Azərsu" 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmayıb, vəsaitin böyük bir hissəsini havaya sovurub, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini də tamamilə siyahıdan çıxarıb.

Məsələ ilə bağlı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğluna mayın 17-də sorğu ünvanladıq. 20 gündən artıqdır ki, suallarımıza cavab ala bilmirik.

İlk reportajdan bir neçə gün sonra aidiyyatı qurum əraziyə gələrək, təqribən 10 metrlik ərazini asfaltlayıblar. Sakinlər bildirirlər ki, ADSEA-nın su xətti üçün qazıb bərbad hala saldıqları yüzmetrlərlə yolu görməzdən gəliblər. Görüntü xatirinə bir qədər ərazidə görünüb, 5-10 metr asfaltlama işi aparıb, işlərini bitmiş hesab ediblər. Bir sözlə gözə kül üfürməyə çalışırlar.

8 milyonluq layihənin icrası, tenderin keçirilməsi, su xəttinin çəkilməsi, kanalizasiya xətti üçün ayrılan vəsaitlərin mənimsənilməsi, dağıdılmış yolun bərpasına ayrılan vəsaitin böyük bir hissəsinin “yeyilməsi” 2023-cü ilin martında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbəri təyin edilən Zaur Mikayalovun rəhbərliyi dövrünə təsadüf edir.

Çünki su xəttinin çəkilməsi prosesi isə 2023-cü ilin ikinci yarısında ayında aparılıb. Belə ki, 2 oktyabr 2023-cü ildə bu haqda Sabunçu RİH-in saytında bu barədə xəbər dərc olunub. Maraqlısı budur ki, xəbərdə yalnız su xəttindən bəhs edilir. Göründür kanalizasiya məsələsi ümumiyyətlə gündəmdən çıxarılıb.

Bu mövzuda artıq ikinci araşdırmamız dərc olunur. Ümid edirik ki, Dövlət Agentliyi 8 milyon manatın haraya xərcləndiyi barədə sorğumuza detallı və əsaslandırılmış şəkildə cavab verər.

Məğrur Salmanov,

Sitat.info
Ardını oxu...
Estetik cərrahiyyə sahəsində baş verən qalmaqallar davam edir. Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.

Adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri olan "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.

Rəna Soltanovanın zərər vurduğu şəxslərdən biri də turizm sahəsində çalışan Nərmin İsmayılova adlı xanımdır. O, burun dolğusu proseduru üçün Rəna Soltanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddət müalicə almalı olub. Bu müddət ərzində həm işindən olub, həm də böyük maliyyə itkisi ilə qarşılaşıb.

Nərmin xanım başına gələnləri Qaynarinfo-ya danışıb:
Ardını oxu...
"Ötən ilin 19 noyabr tarixində Rəna Soltanovaya müraciət etmişdim. Bu, üçüncü dəfə burun dolğusu proseduru idi, əvvəlkiləri də o etmişdi. İlk iki prosedurdan sonra problem yaşamamışdım. Amma sonuncuda fəsad baş verdi. Dolğu vurulan anda göyərmə yarandı. Evə getdim və sonradan bu barədə Rəna Soltanovaya məlumat verdim. "Problem deyil, belə hallar olur", dedi. Ertəsi gün köməkçilərinə vəziyyətin görüntüsünü göndərdim, "heç bir problem olmayacaq" cavabını verdilər. Ancaq dörd gün sonra burnum qaralmağa başladı və içindən ağ prişiklər çıxdı. Bu zaman mənə dedilər ki, təcili xəstəxanaya gedim. İlk günlərdə isə problemin olmadığını deyirdilər. Halbuki, bunu adi bir insan belə görə bilərdi ki, ciddi problem var - nekroz başlayıb. Bunu bir mütəxəssis olaraq Rəna Soltanova bilməli idi.
Ardını oxu...
Sonra dedi ki, "mən xaricə uçuram, qızların yanına get". Yanında işləyən 3-4 qız var, onların yanına getdim, kömək edə bilmədilər. Bu müddət ərzində 5 ay işləyə bilmədim və işimi itirdim. Ondan təzminat tələb etmədim, amma heç olmasa deyə bilərdi ki, mənə görə bu vəziyyətə düşmüsən, nəsə kömək edim. Əvəzində məni başqasının yanına göndərdi. Safura xanım vardı, qaş və tatu silir - onun da əziyyəti oldu, amma bu, onun sahəsi deyildi. Özüm Dilqəm Məhərrəmovun yanına getdim. O dedi ki, "sənin burnun çürüyür, bunun qarşısını almaq üçün antibiotiklər, dərmanlar olunurmu?" Cavab verdim ki, "heç nə olunmur". O da telefonu götürüb çölə çıxdı, Rəna Soltanova və ya köməkçisi ilə danışdı. Sonra özü mənə resept yazdı və Fidan xanıma zəng edib dedi ki, "təcili şəkildə bu müalicə başlanmalıdır, əks halda burun tamamilə itə bilər". Bu reseptlə müalicə başladı. Demək olar ki, 7 ay süründüm, çox əziyyət çəkdim. Gördüm nəticə yoxdur, insanlarla ünsiyyət qura bilmirəm, vəziyyətim düzəlmir. Rəna Soltanovanın özünə də dedim ki, "siz də qadınsız, bu vəziyyətdə cəmiyyət içinə çıxa bilərsiz?" Cavab verdi ki, "sən danışığını bilmirsən". Bu qədər hadisədən sonra heç nə təklif etmədi. Bütün xərcləri özüm qarşıladım - aparatılara getdim, dərmanlar, vitaminlər vuruldu. Nə qədər pul xərclədiyimi dəqiq bilmirəm, amma əsas məsələ pul deyil. Mənəvi zərbə və göstərilən laqeydlik daha ağırdır. Həm zərər çək, həm də işindən ol. Ən ağrılı məqam budur".

Nərmin xanım bildirib ki, Rəna Soltanova ilə bağlı heç yerə şikayət etməyib:

"Heç yerə şikayət etməmişəm. Amma bu qədər laqeydlik göstərdi, heç bir məsuliyyət hiss etmədi. Mənə lazım deyil ki, həftədə bir dəfə mesaj yazıb "necəsən" deyə soruşsun. Əsas məsələ məsuliyyətini dərk etmək və yaranmış ziyanı aradan qaldırmaq idi. Amma heç nə etmədi. Turizm sahəsində çalışıram, yaxşı maaşım var. Amma azı 5 ay işsiz qaldım, külli miqdarda maddi zərər gördüm".
Ardını oxu...
Nərmin xanım həmçinin Rəna Soltanovanın daha bir qeyri-qanuni davranışını da açıqlayıb:

"Burnuma iynə vurdu və dərmanın yarısını soyuducuya qoydu. 3-4 həftə sonra yenidən yanına getdim. Soyuducuda saxladığı yarımçıq preparatı mənə yenidən vurmaq istədi. Dedim ki, "onsuz da burnum zədəlidir, bunu niyə vurursan? Başqasını istifadə et". Dedi ki, "sən bilmirsən, biz preparatları soyuducuda saxlayıb sonra istifadə edirik, problem olmur". Flakonun üzərində adımın yazıldığını görmədim, amma preparat da yarımçıq idi. Vurmağa icazə vermədim, yeni iynə açdırdım".

Ardını oxu...
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Laser Beauty Estetik Klinikası"nda aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Bundan əlavə, klinikanın lisenziyasız fəaliyyət göstərməsi və qeyri-peşəkar işçilərin tibbi prosedurlar həyata keçirməsi kimi ciddi qanun pozuntuları da müəyyən edilib. Bu hallar nəticəsində klinikanın fəaliyyəti dayandırılıb.

Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Son günlər ictimaiyyətin diqqətində olan "Abu Dabi N1 Cars" avtosalonu ətrafında qalmaqallı iddialar səngimək bilmir. Məlumata görə, avtosalonun arxasında dayanan əsas şəxs Müqayis Verdiyev adlı iş adamıdır. Verdiyevin fəaliyyəti ilə bağlı yayılan məlumatlar isə cəmiyyətin və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Yenixeber.org: İddialara əsasən, Müqayis Verdiyev bir çox iş adamlarına qarşı dələduzluq əməlləri törədərək, milyonlarla manatlıq dəyəri olan avtomobil salonunu yeznəsinin adına açıb. Hal-hazırda "Abu Dabi N1 Cars" adı altında fəaliyyət göstərən bu müəssisə, artıq 5 ailənin müflis olmasına səbəb olub.
Verilən məlumata görə, Verdiyev bu biznesi qızının həyat yoldaşının adına rəsmiləşdirib və həmin şəxsin əvvəllər heç bir mülkiyyəti və ya biznes təcrübəsi olmayıb. Bu da müəssisənin maliyyə mənbələri ilə bağlı ciddi suallar doğurur.
Digər tərəfdən, yayılan iddialarda bildirilir ki, Müqayis Verdiyev bu avtosalon vasitəsilə müxalif siyasi təşkilatlardan biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin maliyyələşdirilməsində rol oynayıb.
Verdiyev əvvəllər Sumqayıt Bulvarının tikintisində iştirak etdiyi və icra başçısından şikayət etdiyi üçün cəmiyyətdə tanınırdı. Lakin aparılan araşdırmalardan sonra məlum olub ki, o, əslində 13 iş adamının pullarını mənimsəyərək həmin şikayəti manipulyasiya məqsədilə istifadə edib.
Müqayis Verdiyev daha öncə də dələduzluq ittihamları ilə bir neçə dəfə həbs olunub. Hazırda isə Gəncə həbsxanasında cəza çəkdiyi bildirilir.
Oğlu Anar Verdiyevin isə "Nar Mobile" şirkətində mühüm vəzifəyə 50 min manat qarşılığında yerləşdirildiyi iddia olunur. Həmin vəzifədə də qanunsuz fəaliyyətlərin olduğu və bunun araşdırılmasının vacibliyi ekspertlər tərəfindən qeyd edilir.
"Abu Dabi N1 Cars" avtosalonunu idarə edən şəxsin – Müqayis Verdiyevin yeznəsinin – heç bir rəsmi gəlir mənbəyi olmadan belə genişmiqyaslı biznesə sahib olması, həm iqtisadi, həm də hüquqi baxımdan şübhə doğurur.

Hal-hazırda məsələ ilə bağlı tərəfimizdən geniş jurnalistik araşdırma aparılır.("Bakunews.az")
 
Ardını oxu...
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən kosmetoloqlarla bağlı lazımi addımları atsa da, hələ də bu sahədə problemlərin qaldığı hiss olujur. Bir müddət əvvəl sertifikasiya keçirildi və qanunsuz fəaliyyət göstərənlərin bəziləri çıxdaş edildi, bəzi kosmetoloji cərrahiyyə ilə məşğul olanlara qarşı cinayət işi də qaldırıldı. Amma və lakin…
XXX
Sosial media istifadəçisi olan Sima Babayeva belə bir problemdən yazır və Səhiyyə Nazirliyinə sual da edir: “Özünə kosmetoloq, üstəlik də doktor deyən Elnarə adlı bir qadın var. Bakıda- metronun Nizami stansiyasının yaxınlığında yerləşən bir binada özünə otaq götürüb, kosmetoloji xidmət göstərir.
Vaxtaşırı da Tolikin “Tarixin bir günü” verilişinin qonağıdır. Bu Elnarə xanımdan kosmetoloq kimi işləmək üçün sertifikatının, icazəsinin olub-olmadığını soruşdum. Deyir, məni Tolik yaxşı tanıyır. Tolikin məsələyə nə aidiyyatı var?
Bunu başa düşmədim. Aparıcı məgər həkimlərə rəy verəndir? Elnarə xanım, siz nədən narahatsınız?
Əgər qanuni olaraq fəaliyyət göstərirsinizsə, adınız Vahid Səhiyyə İnformasiya Sistemində çıxacaq. Amma mən jurnalist olaraq sorğu ilə bunu hələ öyrənməmişəm. Niyə belə xoflanırsınız?
Deyirsiniz, 20 nəfər işçiniz var. Çox gözəl. Bu qədər insanın işlə, pulla təmin olunmasına yalnız sevinə bilərəm. Amma sizin sosial şəbəkələrdəki videoçarxlarda “Elnarə Canlı Beauty Center” adlı salonunuzda ancaq özünüz görünürsünüz.
Heç özünü təqdim etmədən whatsapp nömrəmə yazan köməkçiniz də deyəsən kadrlarda yoxdur. Siz mənə dediniz ki, lisenziyamı və diplomumu göndərə bilərəm. Mən də dedim göndərin.
Bunun əvəziində köməkçiniz səsli mesajlar göndərərək mənə az qala jurnalistikadan dərs keçərək bir az da hədələyici tonda danışıb, sonra da ofisə dəvət edir. Guya jurnalistin whatsapp üzərindən kimləsə əlaqə saxlayıb məlumat almaq hüququ yoxdur. Bu hansı qanunda yazılıb? Göstərin, oxuyub bilək.
Elnarə xanım ölkənin xüsusi səlahiyyətli şəxsidir ki, jurnalist gedib yalnız onunla ofisində görüşsün? Bu nə məntiqdir? Elnarə xanımın öz instagram hesabında mobil nömrəsi qeyd olunub, mən də bu nömrəyə yazıb əlaqə saxlamışam. Həm jurnalist, həm də vətəndaş kimi onun nə dərəcədə qanunauyğun fəaliyyət göstərməsi mənə maraqlıdır.
Səhiyyə qaydalarına əsasən kosmetoloq ixtisasca həkim-dermotoloq olmalı və belə mərkəzlər klinikaların tərkibində yerləşməlidir. Biz sizin nümunənizdə bunu görmürük. Əgər dürüstsünüzsə, buyurub şəffaf şəkildə mediaya açıq olun.
Məni araşdırmaq istəyiniz olduğu kimi, mənim də sizi araşdırmaq istəyim, haqqım var. Jurnalisti israrla ofisinizə çağırmaqda məqsədiniz nədir? Hesab edək ki, mən jurnalist kimi deyil, müştəri kimi müraciət edən bir vətəndaşam. Gəlməmişdən əvvəl xidmət göstərəcək həkimin diplomunun, xüsusi icazə tələb edən sənədlərinin olub-olmaması mənə vacibdir. Qorxusu-hürküsü olmayan adam reklamına ilk növbədə diplomu, sənədləri ilə başlayar.
Mən buradan səhiyyəmizə cavabdeh bütün qurumlara- Səhiyyə Nazirliyinə, TƏBİB-ə, eləcə də digər dövlət təşkilatlarına səslənib xahiş edirəm ki, “Elnarə Canlı Beauty Center”-in, onun rəhbəri, özünü Dr.kosmetoloq Elnarə xanım kimi təqdim edən bu şəxsin fəaliyyətinin qanunlarımıza nə dərəcədə uyğun olub-olmadığını müəyyənləşdirsinlər”.
İnanaq ki, bu sual tezliklə cavabını tapacaq…
“Təzadlar”
 
Ardını oxu...
Paytaxtın Xətai rayonunda qanunsuz tikintiyə kim icazə verib?

XALQ Xətai rayonu M. Hadi küçəsində qanunsuz obyektin tikintisinə niyə icazə verirlib. Qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevdir.
Ardını oxu...

Sosial platformada və mətbuatda mütəmadi Xətai rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazimi tədbir görmür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Xətai rayonu Məhəmməd Hadi küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.
Ardını oxu...
Məsələ ilə bağlı Xətair rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

 
 
 
Ardını oxu...
Bataqlıqda çabalayan Azərbaycan təhsilinin "örtülü bazarında dostluğu pozanlar" bir-bir işsiz qalırlar.

Təhsil sahəsində çalışanlardan kimsə haqsızlığa, pul yığılmasına qarşı çıxırsa, dərhal qanunlar məhz həmin şəxsləri cəzalandırır. Maraqlıdır ki, ədaləti bərpa etməli olan sözdə ayrıca hakimiyyət - məhkəmə və hüquq-mühafizə orqanları da çox zaman sözügedən sahədə rəhbər vəzifələrdə çalışan şəxslərin mövqeyini aşkar müdafiə edirlər. Hər halda uzun zamandır görə-görə gəldiyimiz reallıqlar və bunun acısını yaşayan keçmiş təhsil işçilərinin iddiaları belə deməyə əsas verir.

Məktəblərdə qanunsuz pul yığan direktorların "cəzası" ya camaatgözünə verilən töhmət olur, ya da sadəcə yerinin dəyişdirilməsi. Görünür təhsil "şef"i Emin Əmrullayev məktəblərdəki "bacarıqlı xəzinədarlar"ına "güldən ağır" söz deməyə qıymır.

"Şakaya pul lazımdır"!

Zarafat deyile Avropa ölkələrində bahalı məktəblərdə xanımını oxutmaq. "Bəxtəvər ər" obrazında olan nazir, sanki qisas alırmışcasına rəhbərlik etdiyi Azərbaycan təhsilini bədbəxt etmək üçün əlindən gələni əsirgəmir. Görün işin harasıdır ki, bir zamanlar tənqid hədəfi olan sabiq təhsil naziri Misir Mərdanov belə onun fəaliyyəti barəsində narazılıqlarını dilə gətirir, "uşaqları şikəst eləmə" deyir.

Bəli, Elm və Təhsil naziri Emin Əmrullayev və onun əmri altında çalışan komandası bugünümüzü və gələcəyimizi "iflic edir".

Günü-gündən təhsilin çökməsinə (bəlkə də məqsədli çökdürülməsinə) etiraz edənlərin sayı daha da artır, onların sayı artdıqca da Əmrullayevin "qara siyahısı böyüyür" və işsizlərin sayı artır.

Yazdığı cəmi bir neçə cümləlik statusda 2-3 hərf və durğu işarəsi səhvinə yol verən nazir minlərlə çoxillik stajı olan müəllimləri savadsız adlandırdı. Halbuki, o müəllimlərin bir qismi imtahan zamanı haqsızlıqla üzləşdiklərini sübuta yetirmək üçün aylarla çırpınıb durdular. Nə təkrar imtahan keçirildi, nə də onların tələb etdiyi kimi imtahan zallarının kamera görüntüləri açıldı. Üstəlik Sertifikasiya imtahanından keçirilmək vədi ilə onlardan edilən rüşvət tələbləri də araşdırılmamış qaldı.

Axı kim araşdırsın, kim qanuni tədbir görsün?

Laborant işinə götürmək üçün 4 min rüşvət alan Həcər Mahmudovanı, yüksək səslə müəllimlərin üstünə çəmkirib, valideynlərdən pul yığmalarını tələb edən Fəranə Məhərrəmovanı və sair bu kimi 10-larla, bəlkə də 100-lərlə "xəzinədarlar"ını bir başqa vəzifə ilə "ödülləndirən" nazir mi?

Bu tragikomedik haldır ki, rüşvəti yığanların arxasında "dağ kimi dayanan" Emin Əmrullayev məhz bu qanunsuzluqları ifşa edən şəxslərin özlərini qanunla cəzalandırır.

Məsələn, bir neçə ay əvvəl çalışdığı təhsil müəssisəsində cərəyan edən qanun pozuntularını sosial mediada ifşa etdiyinə görə işdən çıxarılan Səriyyə Qənbərovanı xatırlayaq.

"DogruXeber.az" qeyd edir ki, Naxçıvan şəhər İslam Səfərli adına 1 nömrəli tam orta məktəbinin fiziki tərbiyə müəllimi Səriyyə Qənbərova güya müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozduğuna görə işindən azad edildi.

Həqiqətdə isə onun pozduğu qayda heç də nazirliyin yaydığı rəsmi xəbərdə deyildiyi kimi “Təhsilverənlərin etik davranış Qaydaları”deyil, nəinki Naxçıvan, ümümiyyətlə Azərbaycan təhsilinin yazılmamış "daxili qaydalar"ı idi. O, sadəcə kimlərinsə qanunsuz əməllərinə alət olmaqdan imtina etdiyi üçün, qanun onu cəzalandırdı.



Səriyyə Qənbərovanın danışdıqlarını dinlədikcə adama elə gəlir ki, qanunlar hər kəs üçün deyil. Sanki siravi insanları qanunlar, qanunları isə səlahiyyətlilər idarə edir.

Baxın!

Səriyyə Qənbərova bildirir ki, onun hesabına güya əlavə məşğələ üçün hər ay 90 manat, yay aylarında isə məzuniyyət pulu 131 manat köçürülüb və o, da bunu bir neçə ay nəğd şəkildə çalışdığı məktəbin direktoruna verib. Sonralar isə direktor həmin məbləğin hər ay onun kəşbek kartına köçürülməsini tələb edib. Özü də deyib ki, "yuxarının xəbəri var".

Hərgah, Səriyyə Qənbərovanın müraciət etdiyi Elm və Təhsil Nazirliyi, Naxçıvan Ali Məclisi, Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi, Baş Prokurorluq və digər dövlət qurumları səssiz qaldılarsa, demək ki, direktor Asudə Məmmədova, "yuxarının xəbəri var" deyərkən yerdən-göyə qədər haqlı imiş.

Yeri gəldiyi üçün xatırladaq ki, Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmova da "yuxarının xəbəri var" demişdi. Və həmin "yuxarı" - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, eləcə də nazir Emin Əmrullayev onu "müdafiə - mühafizə" edib, müdür kürsüsündəki yerinə "su tökmədilər".

Qeyd edək ki, Səriyyə Qənbərovanın sözlərinə görə eyni hal (əlavə məşğələ adı altında müxtəlif hesablar vasitəsilə pul çıxarmaq) Naxçıvan Muxtar Respublikasındakı bütün məktəblərdə həyata keçirilirmiş.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Belə çıxır ki, təhsil sahəsindəki bütün yeyintilərdən - valideynlərdən yığılan qeyri-qanuni pullardan əlavə, yuxarıda qeyd etdiyimiz kimi metodlarla dövlətin büdcəsindən "çırpışdırılan" maddi vəsaitlərdən Elm və Təhsil Nazirliyi və "yuxarı" adlandırılan digər dövlət qurumları xəbərdardırlar.

Bəs nəticə niyə yoxdur?

Görünür, ədalət tərəzisi sadəcə şəkillərdə bərabərdir.

Bu gün nazir öz xanımını Avropa ölkələrində külli miqdarda xərc bahasına oxudursa və min bir zəhmətlə xaricdə təhsil alanların diplomunu tanımırsa, yaxud illərlə zəhmət çəkib, təhsil alanlar bu gün sadəcə ədaləti bərpa etmək istədiyi üçün işini itirirsə və qanunlar ədalətin deyil, güclünün sözünü deyirsə, bu ölkənin qanunları, bu dövlət sarsılıb deməkdir.

Allah rəhmət eləsin, Ümumilli lider Heydər Əliyev demişdir: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

Qeyd edək ki, Səriyyə Qənbərovanın müraciətilə bağlı ölkə prezidenti cənab İlham Əliyevə göndərilməsi üçün tərəfimizdən rəsmi müraciət hazırlanıb.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Binəqədi rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır.

Bu qanunsuz tikintilərin qarşısı alınmır.

XALQ məlumat verir ki,tətil günlərində sui-istifadə edərək qanunsuz tikintilərə şərait yaradılıb. Hal hazırda isə təqdim etdiyimiz qanunsuz tikinti bu günlərdə inşa olunur.

Binəqədi icra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımovun bu tikintidən xəbəri var?

 
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə saxta stomatoloq və kosmetoloqların ifşası ilə məşğul olan səhifələr bu dəfə “Dr.ixtiyar_memmedov” istifadəçi adı ilə tanınan İxtiyar Məmmədovun fəaliyyətini gündəmə gətirib.

İddialara əsasən, İxtiyar Məmmədov hazırda Nərimanov rayonu ərazisində yerləşən Aristokrat Klinikasında fəaliyyət göstərir. Sosial media istifadəçiləri onun stomatoloji sahədə rəsmi icazə və müvafiq sənədlərə sahib olub-olmaması ilə bağlı suallar qaldırır. Bildirilir ki, onun fəaliyyətinin qanuniliyinə dair dəqiq məlumatlar ictimaiyyətə təqdim olunmayıb.
Ardını oxu...
Məlumata görə, Səhiyyə Nazirliyi son dövrlərdə bu kimi halların qarşısını almaq üçün saxta tibbi fəaliyyətlə məşğul olan şəxslərlə bağlı araşdırmalar aparır. Nazirlik bu istiqamətdə ictimai siqnalları da nəzərə alaraq nəzarət tədbirlərini gücləndirib.
Ardını oxu...
Tibbi icazəsi olmayan şəxslərin stomatoloji və ya digər tibbi xidmətlər göstərməsi vətəndaşların sağlamlığı üçün ciddi risklər yarada bilər. Hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən yoxlamalar bu halların qarşısını almağa yönəlib.
Məsələ ilə bağlı rəsmi açıqlama verildiyi təqdirdə xəbərimiz yenilənəcək.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...

 

Dünyapress TV

Xəbər lenti