2025-ci il iyunun 9-da Özbəkistanın əhalisinin sayı 37 804 613 nəfərə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Dövlət Statistika Komitəsi yayıb.
Komitənin məlumatına görə, ölkədə kişilərin sayı qadınlardan çoxdur: kişilər — 19 milyon, qadınlar isə 18,7 milyon nəfərdir.
Ümumi artıma baxmayaraq, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 266 478 uşaq dünyaya gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 min nəfər azdır.
2025-ci ilin yanvar ayında verilən məlumata əsasən, ölkədə əhalinin aylıq artımı orta hesabla 51,5 min nəfər, gündəlik isə təxminən 1,7 min nəfər təşkil edir.
Bundan əlavə, son 34 ildə – 1991-ci ildən 2025-ci ilə qədər Özbəkistanda əhali sıxlığı demək olar ki, iki dəfə artıb: 1991-ci ildə 1 kvadrat kilometrə 46,1 nəfər düşürdüsə, 2025-ci ildə bu göstərici 83,6 nəfərə çatıb. Bu isə ölkənin müstəqillik tarixi ərzində qeydə alınmış ən yüksək göstəricidir.
"Müəllimə töhmət? Hansı əsasla? Bir müəllim dərsdən sonra, qeyri-iş günündə şagirdlərinin valideynləri ilə sosial xarakterli tədbirdə iştirak edib və onlardan bir təşəkkür hədiyyəsi qəbul etdiyi üçün ona töhmət verilir?"
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa görə, müəllim şagirdlərin intellektual və mənəvi inkişafı üçün tədbirlər təşkil edə bilər:
"Heç bir qanun müəllimin məktəbdənkənar, könüllü görüş keçirməsini qadağan etmir. Eləcə də Etik Kodeks sadəcə tövsiyə xarakterlidir – “qadağandır” yazılmayıb. Hətta orada “çalışmalıdır” deyilir. Bu hüquqi məsuliyyət doğurmur.
Müəllim dövlət qulluqçusu deyil, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hədiyyənin təzyiq vasitəsi olmadığı, qiymətləndirməyə təsir etmədiyi, sadəcə təşəkkür xarakterli olduğu halda bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qərəz və qanunsuzluqdur".
Ekspertin dediyinə görə, Əmək Məcəlləsinin 186-cı maddəsi deyir ki, töhmət yalnız əmək vəzifəsinin pozulması ilə verilir.
"Dərs olmayıb, iş günü olmayıb, vəzifə öhdəliyi olmayıb. Bəs nəyə görə cəza?
Müəllimləri qorumaq əvəzinə, onları özəl təşəbbüslərinə görə cəzalandırmaq bu cəmiyyətə nə qazandırır?
Müəllimə təşəkkürə görə cəza vermək – təhsilə biganəlikdir. Biz bu yanaşma ilə təhsili inkişaf etdirə bilmərik.
Bu qədər müəllimin üstünə getmək, ona təzyiq etmək, hər addımda günahkar çıxarmaq olmaz. Onlar aylıq 300–500 manat maaşla sizin övladlarınıza həyat öyrədir. Bu insanlara nəinki cəza, əksinə, dəyər və qayğı göstərmək lazımdır. Bezdirib bu peşədən uzaqlaşdırmaq yox, ruhlandırmaq lazımdır", - deyə K.Əsədov bildirib.
Xatırladaq ki, Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllim Günel Məmmədovaya töhmət verilib.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.
Demokrat.az xəbər evrir ki, bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.
2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.
Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdu. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur – yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.
Azərbaycanda doqquzillik ümumi orta təhsil mərhələsi qanunvericiliklə məcburi hesab olunduğuna görə, müəyyən yaş həddinə çatan hər bir şəxsin məktəbə cəlb olunması nəzərdə tutulur. Lakin bu tənzimləmələrə baxmayaraq, həmin mərhələni başa vuranların yalnız az bir qismi təhsillərini növbəti pillələrdə tam orta və ya peşə təhsili səviyyəsində davam etdirir.
TEREF xəbər verir ki, modern.az-ın Dövlət İmtahan Mərkəzinin jurnalından əldə etdiyi məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 86 836 şagird ərizə verib ki, bu da 2013-cü ildə birinci sinifə gedən 135 min 681 şagirdin təxminən 64 faizini təşkil edir. Bu şagirdlərin 9 min 413-ü orta ixtisas təhsil müəssələrinə, 44 min 471-i isə ali məktəblərə qəbul olunub.
Ümumilikdə 2013-cü ildə birinci sinifə gedənlərin 34,7 faizi ali məktəblərə, 8,3 faizi kollec və texnikumlara, 8,6 faizi peşə məktəblərinə qəbul olunub. Onların 21,5 faizi ali və orta məktəblərə qəbul oluna bilməyib, 10 faizi isə ali və ora ixtisas təhsilini davam etdirmək üçü ərizə verməyib.
9-cu sinifdən sonra təhsilini davam etməyənlərin sayı 13, 8 faizdir. 9-cu sinifdə haqqında məlumat olmayanlar isə 2013-cü ildə məktəbə gedənlərin 3,2 faizini təşkil edir.
Onu da qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd verməyənlərin 69 faizi oğlan, 39 faizi qızdır. Təhsilini davam etdirməyənlərin 75 faizi kənd, 25 faizi isə şəhər məktəblərinin məzunlarıdır.
"2024-cü ildə ali təhsil müəssisələrindən 14 min tələbənin uzaqlaşdırılması faktı Azərbaycanın ali təhsil sistemində sosial-iqtisadi bərabərliyin təminində və tələbə rifahı siyasətində ciddi struktur boşluqlarının mövcudluğunu göstərir. Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalında yer alan məlumata görə, bu tələbələrdən 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlərlə yollarını ayırıb. Təhsil haqqı problemi və davamiyyətsizliyə görə ali təhsildən uzaqlaşma hallarının bu qədər geniş miqyasda olması, tələbə kreditləri sisteminin və sosial dəstək mexanizmlərinin funksionallığının yetərsiz olduğunu ortaya qoyur".
Bu sözləri "Yeni Sabah"a təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda tələbələrin təhsil xərclərini ödəmək məqsədi ilə yaradılmış Təhsil Tələbə Krediti Fondu 2021-ci ildən fəaliyyət göstərir:
"Təhsil Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin sonunadək fond 19 mindən çox tələbəyə kredit ayırıb və ümumi portfel 87 milyon manata yaxınlaşıb. Lakin bu rəqəm universitetlərdə ödənişli əsaslarla təhsil alan 120 mindən artıq tələbənin cəmi 15%-ini əhatə edir. Üstəlik, fondun təklif etdiyi kreditlər iki kateqoriyada – sosial və standart kreditlər üzrə həyata keçirilir.
Sosial kreditlər yalnız ailə gəliri 500 manatdan az olan tələbələrə, şəhid və müharibə veteranı ailəsinə mənsub, habelə əlilliyi olan şəxslərə verilir. Bu meyar digər ehtiyaclı tələbələri əhatədən kənarda saxlayır.
“Təhsil haqqında” Qanununun 18.4-cü maddəsində bildirilir ki, dövlət təhsilalanlara təhsil müddətində sosial müdafiə tədbirləri, o cümlədən təqaüdlər, güzəştlər və digər maddi yardımlar tətbiq edə bilər. Lakin “edə bilər” ifadəsi hüquqi öhdəlik yaratmadığından, dövlətin bu sahədə fəaliyyəti tam sistematik və məcburi xarakter daşımır.
Nəticədə, tələbələr arasında sosial və maliyyə imkanlarına görə təhsildən uzaqlaşma halları geniş yayılır.
Ali təhsilin ödənişli forması ilə tədris olunan ixtisasların artması, xüsusilə də regional universitetlərdə təhsil alan tələbələr üçün təhsil xərclərinin yüksək olması bu problemin kəskinləşməsinə səbəb olur. Ölkədə orta statistik bakalavr təhsil haqqı illik 2.000-3.000 manat arasında dəyişir. Bu, aylıq gəliri 500 manatdan aşağı olan ailələr üçün ciddi yükdür.
Məlum mənzərə fonunda kredit fondunun bürokratik müraciət prosedurları, kreditlərin təsdiqlənmə müddətinin uzunluğu və tələbələrin bu imkanlardan xəbərsizliyi əlavə risk faktorları yaradır. Müsbət tərəf ondan ibarətdir ki, 2023-cü ildən etibarən sosial tələbə kreditlərinin illik faiz dərəcəsi sıfır faiz olaraq təyin edilib və bu kreditlərin geri ödənişi məzun olduqdan 2 il sonra başlayır. Eyni zamanda, kreditlər yalnız təhsil haqqını əhatə edir və yaşayış, qida və nəqliyyat xərcləri nəzərə alınmır. Yəni tələbələrin ümumi maliyyə yükünü azaltmaqda yetərli deyil. Bir çox tələbə yalnız təhsil haqqını deyil, gündəlik xərclərini də qarşılaya bilmədiyi üçün dərs buraxmalı və son nəticədə ali təhsildən uzaqlaşmalıdır".
Ekspert qeyd edib ki, mövcud vəziyyət davam edərsə, bu, ali təhsilə çıxışda sosial ədalətsizliyin dərinləşməsi, regional və kasıb ailələrdən olan tələbələrin sistemdən sıxışdırılması və təhsilin kommersiyalaşması ilə nəticələnəcək:
"Mövcud vəziyyət davam edərsə, bu, ali təhsilə çıxışda sosial ədalətsizliyin dərinləşməsi, regional və kasıb ailələrdən olan tələbələrin sistemdən sıxışdırılması və təhsilin kommersiyalaşması ilə nəticələnəcək. Bu həm də əmək bazarında qeyri-bərabərliyi artıracaq və ali təhsilli gənclərin sayında azalma ilə nəticələnəcək. Sistemdə dəyişiklik üçün tələbə kreditlərinin əhatə dairəsi genişləndirilməli, sosial vəziyyətə görə yox, ehtiyac əsaslı model tətbiq olunmalıdır.
Təhsilhaqqı gecikməsi ucbatından dərsdən çıxarılma qərarı avtomatik yox, sosial xidmətlərlə əlaqələndirilmiş vəziyyətdə qəbul edilməlidir. Kreditlər yalnız təhsil haqqı deyil, həm də yaşayış və tədris materialları kimi digər əsas ehtiyacları da əhatə etməlidir. Universitetlər daxili təxirə salma və ya hissə-hissə ödəniş modelləri yaratmalıdır.
Eyni zamanda, tələbələrin işlə təminatı və təcrübə proqramlarında iştirakı üçün ödənişli imkanlar yaradılmalıdır. Nəticə etibarilə, tələbələrin maddi sıxıntılar səbəbindən təhsildən uzaqlaşdırılması ali təhsilin keyfiyyətindən çox onun əlçatanlığına zərbə vurur. Buna görə də, sosial və maliyyə dəstək sistemləri yalnız yardım mexanizmi yox, ali təhsilin davamlılığı üçün strateji alət kimi formalaşdırılmalı və dövlət siyasətinin mərkəzinə çevrilməlidir".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova vurğulayıb ki, tələbələrin öz xərclərini ödəməsi üçün universitetlər də müəyyən işlər görə bilər:
"Uşaqlar böyük ümid və arzularla ali məktəblərə daxil olurlar. Xüsusən, maddi sıxıntlar ucbatından ali məktəbləri tərk etmələri ürəkaçan fakt deyil. Əslində, tələbə sırf maddiyyata görə təhsili yarımçıq qoyursa, bunun üçün tələbə kreditləri var. Bu kreditlərin olduqca yaxşı şərtləri olur. Tələbə kreditləri tələbələrin müəyyən xərclərini ödəmək imkanına malikdir. Son instansiya kimi bir çoxu bu kredit növünə müraciət edə bilər.
Düşünürəm ki, hər bir ali təhsil ocağının kitabxanalarında, yaradıcılıq mərkəzlərində tələbələrə müəyyən işlər təklif oluna bilər ki, dərsdən sonra əlavə işlə təmin olunsunlar. Bu isə onlara öz tələbatlarını ödəmələri üçün çox əlverişli olar. Yaxud müəyyən hallarda repetitorluq etməklə, onlayn işlərdən yararlanmaqla, tərcümə, dizayn məsələləri və s. tələbələr müəyyən bir müddət ərzində öz sıxıntılarını aradan qaldıra bilər. Eyni zamanda, yaxşı oxuyan tələbələrə prezident təqaüdləri ayırmaq olar, yaxud ali məktəblərin özündə təqaüd proqramlarını sosial vəziyyətə, fəallığa görə və s. təkmilləşdirmək olar. Bu, həm tələbələr arasında yaxşı oxumağa həvəsi artırar, həm də rəqabət mühiti formalaşdırar.
Həmin yöndə atıla biləcək uğurlu addımlardan biri də o ola bilər ki, tələbə kartından istifadə etməklə tələbələr nəqliyyat xərcindən azad olsunlar, yaxud kirayə xərcinin ödənişində və yeməkxanalarda müəyyən güzəştlər tətbiq edilsin. Fikrimcə, bütün hallarda ilk növbədə tələbənin qarşısında duran əsas məqsəd oxumaqdırsa, ona yardımçı ola biləcək bütün vasitələrin reallaşmasına kömək etməliyik".
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın ali təhsil müəssisələrində ümumilikdə 67 842 tələbə təhsil alıb. Onların 14 min nəfəri müxtəlif səbəblərdən təhsildən uzaqlaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması davam edir.
IDEA-dan verilən məlumasta görə, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Qaradağ rayonu olub. Burada yaşayan 200 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
Qeyd edək ki, “Bizim mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.
“Dəyişikliklər həyata keçirilməzsə, minlərlə gəncin taleyi sistem səhvlərinə qurban veriləcək”
DogruXeber.az: - Son vaxtlar Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanlarında baş verən “texniki” səhvlər imtahan sisteminə olan etibarı ciddi şəkildə sarsıdıb.
Son olaraq, 2025-ci ilin 1 iyun tarixində keçirilən qəbul imtahanında rus bölməsi üzrə riyaziyyat fənnindən bir sualda səhv aşkar olunub. Dövlət İmtahan Mərkəzi müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcəyini və həmin sualın düzgün cavablandırılmış kimi qeyd ediləcəyini bildirib və məsələni bu formada bir növ “ört-basdır” edib. Maraqlıdır ki, daha bir yaxın tarixdə, daha dəqiq desək, mayın 25-də II və III ixtisas qruplarına keçirilən qəbul imtahanlarında isə tarix fənni üzrə bir neçə sualda səhvlər aşkarlanıb.
DİM-in absurd əsaslandırmaları...
Bu da eyni qaydada abituriyentlər arasında ciddi narahatlıq doğurub. Təhsil mütəxəssisləri, eləcə də abituriyentlər haqlı şəkildə sualların məktəb proqramına uyğun gəlmədiyini, ən azı üç sualın problemli olduğunu və bunun da təxminən 15 balın itirilməsinə səbəb olduğunu dilə gətirirdilər. DİM isə həmin vaxt müəmmalı şəkildə deyilənləri qulaq ardına vuraraq hər hansı açıqlama verməyə gərək duymamışdı.
Hətta İTV-də “Sabaha saxlamayaq” verlişinə çıxan DİM-in eksperti qəbul imtahanlarında salınan sualın cavabının məktəblərdə tədris olunan tarix kitablarında başqa olmasına “izah” verərkən, Kembric Universitetindəki tədqiqatı “sübut” kimi təqdim edib. Belə çıxır ki, məktəblilər qəbul imtahanlarına hazırlaşarkən artıq dünyanın müxtəlif elmi mərkəzlərinin tədqiqatlarını da öyrənməlidirlər?!
Oxşar problemlər bundan əvvəlki illərdə də – abituriyentlərin qəbul imtahanlarında, hətta müəllimlərin işə qəbulu imtahanında da baş verib və böyük narazılıqlara səbəb olub. Son dövrlər isə bu cür problemlərin artması yaşananları “texniki səhv” adlandırıb, təsadüfi bir hadisə kimi qiymətləndirməyi mümkünsüz hala gətirib. Təhsil sahəsindəki bu növ ardıcıl pozuntular artıq təkcə imtahanlarda baş verən kiçik səhvlərlə izah edilə bilməyəcək bir vəziyyətə çatıb.
Şübhəsiz ki, bu səhvlərin ardıcıl təkrarlanması artıq ilk olaraq sanki bunun məqsədli şəkildə edildiyini və “yad” abituriyentlərin (DİM-in “bunker müəllimlərinin” hazırlamadığı abituriyentlərin-müəllif.) imtahanlarda uğur qazanmalarına maneələr yaratmağa hesablandığı fikrini ağıllara gətirir. Maraqlıdır, əgər bu cür problemlər yalnız texniki səhvlərdən qaynaqlanırsa, o zaman niyə eyni səhvlər dəfələrlə təkrarlanır və bir çözüm yolu tapılmır? Məqsəd tələbələrin biliklərini ölçməkdir, yoxsa onların imtahanlardan keçməmələri üçün əlavə maneələr yaratmaq?
Aydın məsələdir ki, məqsəd yalnız tələbələrin bacarıqlarını ölçməkdirsə, o zaman bu cür səhvlərin sistemli şəkildə təkrarlanmasının hər hansı ağlabatan bir izahı ola bilməz. Ancaq reallıq da odur ki, bu cür səhvlərin artması tələbələrin hər birinə bərabər şərait yaratmaq əvəzinə, onları şübhəli və qeyri-şəffaf bir mühitdə imtahan verməyə məcbur hala gətirib…
“Bu, “texniki məsələ” deyil, gənclərin taleyinə birbaşa təsir edən sistem problemidir”
Mövzunu şərh edən təhsil eksperti Kamran Əsədov da bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında təkrar-təkrar baş verən test səhvləri artıq istisna hal yox, struktur xarakterli problem kimi ortaya çıxır: “2024 və 2025-ci illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında həm tarix, həm də riyaziyyat fənləri üzrə bir neçə sualın səhv tərtib olunması ictimai narazılıq doğurmuş, nəticədə şagirdlərin psixoloji vəziyyətinə və təhsil nəticələrinə mənfi təsir etmişdir. İmtahan iştirakçısının yalnız bir sualdan topladığı və ya itirdiyi bal ali məktəbə qəbulda ciddi rol oynadığı üçün bu tip texniki xətalar artıq təkcə “texniki məsələ” deyil, gənclərin taleyinə birbaşa təsir edən sistem problemi kimi dəyərləndirilməlidir”.
Ekspert qeyd edir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən testlərin hazırlanmasında iştirak edən ekspertlərin sayı 6000-dən çox göstərilsə də, bu say keyfiyyət göstəricisi deyil: “Son illərdə müxtəlif fənlər üzrə apellyasiya müraciətlərinin 12–15%-i DİM tərəfindən qəbul olunaraq düzəlişə məruz qalıb. Bu da testlərin ilkin mərhələdə yoxlanılmasında sistem boşluğunun olduğunu göstərir. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 19.2.3) qeyd olunur ki, “təhsilalanların biliyinin qiymətləndirilməsi şəffaf və obyektiv şəkildə həyata keçirilməlidir.” Amma imtahan prosesində səhv sualların təkrarən baş verməsi bu prinsipin pozulmasına şərait yaradır”.
“Bu,təhsildə ədalət və mahiyyət prinsipindən uzaqlaşmaq deməkdir”
K. Əsədovun sözlərinə görə, səhv tərtib olunmuş testlər əsasən iki mənbədən qaynaqlanır: “Ekspert hazırlığının və testologiya üzrə peşəkar yanaşmanın yetərli olmaması, eyni zamanda sualların kurikuluma uyğunluğunun səmərəli şəkildə monitorinq olunmaması iki əsas problemdir. DİM-in çox zaman sualları yalnız fənn bilikləri çərçivəsində yoxladığı, lakin psixometrik uyğunluq – yəni şagirdin yaş səviyyəsinə, öyrənmə məntiqinə uyğunluğu və kognitiv səviyyəsi üzrə düzgünlüyü yoxlamadığı aydın olur. Məsələn, sualların “söz oyunu” və ya “tələ” əsaslı olması şagirdin düşünmə bacarığını yox, imtahan “triki”ni başa düşməsini tələb edir. Bu isə təhsildə ədalət və mahiyyət prinsipindən uzaqlaşmaq deməkdir”.
“Məsələnin müsbət tərəfi odur ki, DİM bəzən səhvləri etiraf edərək sualın hamı üçün düzgün hesab olunmasına qərar verir. Amma bu qərar çox zaman imtahandan bir neçə gün sonra elan olunur, halbuki şagird artıq psixoloji zərbə alıb və ailə ilə birgə təhsil planlamasında böyük narahatlıq keçirmiş olur. Bu tip reaksiyalar korrekt olsa da, reaktiv xarakter daşıyır, yəni problemi əvvəldən qarşısını almaq əvəzinə, baş verəndən sonra geridönüş kimi həyata keçirilir”, - deyə ekspert bildirib.
Beynəlxalq təcrübədə necədir?
K. Əsədov daha sonra beynəlxalq təcrübəni nümunə göstərib: “Dünya ilə müqayisədə Azərbaycan hələ də faktoloji testlərə və mərkəzləşmiş imtahan monopoliyasına əsaslanır. Halbuki bir çox inkişaf etmiş ölkələr çoxölçülü qiymətləndirmə modelinə keçib – layihə işləri, portfoliolar, esse və şifahi təqdimatlar. Bizdə bu komponentlər olmadan yalnız testlə qəbul sistemi, tək sualla həyatları yönəldir. Bu səbəbdən də təhsil sistemi daha çevik, dəyərə əsaslanan və insan yönümlü formata keçirilməlidir. Beynəlxalq təcrübədə – xüsusilə Koreya, Yaponiya və Estoniya kimi ölkələrdə test hazırlığı çoxmərhələli prosesdir. Məsələn, Cənubi Koreyada qəbul imtahanlarını hazırlayan mütəxəssislər tədris ili boyunca ayrıca təlimlərə cəlb olunur, testlər 3 mərhələdə yoxlanılır, pilot sınaqlardan keçirilir və sualların statistik funksional göstəriciləri analiz olunur. Bizdə isə testin səhv olduğu yalnız imtahandan sonra üzə çıxır – bu da prosesin öncədən deyil, nəticədən idarə olunduğunu göstərir”.
Ekspert təklif edir ki, problemin aradan qaldırılması üçün sual müəlliflərinin və yoxlayıcılarının şəxsiyyəti və cavabdehliyi müəyyən edilməli, onların adları bağlı saxlanılmadan ictimai hesabatlılıq sistemi yaradılmalıdır: “Əgər bir ekspertin hazırladığı sual ardıcıl olaraq apellyasiyada yanlış çıxırsa, həmin şəxs ya yenidən təlim keçməli, ya da ekspertlikdən uzaqlaşdırılmalıdır. Bu, həm də ictimai etimadı bərpa etməyin əsas yollarından biridir. Məsələ yalnız DİM-lə məhdudlaşmamalı, Elm və Təhsil Nazirliyi ilə birgə imtahan suallarının keyfiyyət monitorinqi üçün müstəqil akademik şura yaradılmalı, tədris proqramları ilə sualların uyğunluğu sistematik olaraq dəyərləndirilməlidir. Şagirdin biliyini ölçən sistem, əvvəlcə özünün bilik və məsuliyyətini sübut etməlidir. Yalnız bu halda imtahanlar bilik yoxlama vasitəsi olmaqdan çıxıb, ədalət və inkişaf platformasına çevrilə bilər. Əgər bu dəyişikliklər həyata keçirilməzsə, hər il eyni narahatlıqları təkrar yaşayacaq, minlərlə gəncin taleyi sistem səhvlərinə qurban veriləcək. Təhsildə inam yalnız nəticədən deyil, prosesdən doğur. O proses isə şəffaf, məsuliyyətli və humanist olmalıdır.”
“Bunker müəllimləri”: Təhsil sistemindəki gizli güc mərkəzi
Digər tərəfdən qeyd etmək yerinə düşər ki, yaşanan bu cür problemlər həm də Dövlət İmtahan Mərkəzinin “bunker müəllimləri” ilə birbaşa bağlıdır.
Qeyd edək ki, “bunker müəllimi” anlayışı, Dövlət İmtahan Mərkəzinin imtahan suallarını hazırlayan şəxsləri ifadə edir. Bu şəxslər, imtahan suallarının hazırlanmasında və yoxlanılmasında iştirak edirlər. Lakin bu şəxslərin şəffaflığı və məsuliyyəti məsələsi ciddi suallar doğurur.
Bəzi iddialara görə, məhz DİM-in rəhbərliyi və "bunker" adlandırılan müəllimlər arasında maraq əlaqələrinin nəticəsi olaraq imtahan suallarında qəsdən səhvlər və mübahisəli suallar salınır ki, bu da abituriyentlərin nəticələrinə mənfi təsir göstərir. Məsələ ondadır ki, bu müəllimlərin imtahan suallarının hazırlanmasında iştirak etməsi və eyni zamanda abituriyentlərə hazırlıq keçməsi maraqlar toqquşmasına səbəb olur. Bu vəziyyət, imtahan suallarının qəsdən çətinləşdirilməsi və ya səhvlərlə hazırlanması ehtimalını yaradır.
Bu da uzun illərdir Məleykə Abbaszadənin sədrlik etdiyi DİM-in fəaliyyətindəki şəffaflığın və obyektivliyin itməsi, qurumun “bunker müəllimlər”in biznes maraqlarının qoruyucusuna çevrildiyinə dair fkirlərin yayılmasına səbəb olur. Belə qənaət formalaşır ki, “bunker müəllimlər” artıq imtahan sistemini şəxsi maraqlarına uyğunlaşdırmağa çalışırlar. Onların fəaliyyəti, sadəcə təhsil sahəsini mənfəət əldə etmək məqsədinə xidmət etməklə yanaşı, həm də tələbələrin və məktəb sisteminin gələcəyinə ciddi təhdidə oluşturmağa başlayıb.
Bu cür yanaşmalar, əlbəttə, təhsil sisteminin keyfiyyətinə və şəffaflığına ciddi zərbə vurur.
Misir Mərdənov da “bunker müəllimləri” hədəf almışdı
Keçmiş təhsil naziri Misir Mərdənov yaxın günlərdə saytımıza verdiyi müsahibədə də qəbul imtahanlarında hazırlanan sualların problemli tərəflərindən danışmış, bu sualları tərtib edən şəxsləri tənqid etmişdi.
“Bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da ‘bunker müəllimləri’ var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Ən ciddi məsələ də odur ki, məktəb və ayda 500–700 manat alan müəllim bu gün ‘bunker’ müəllimlərinin hazırladığı suallara cavab verə biləcək şagird hazırlaya bilmir. Müəllimlərə verilən suallara baxıram, sözün düzü, əsəbiləşirəm. O sualları kimlər hazırlayır? Onların özləri bu suallara cavab verə bilərlərmi? Suallar təhsilin inkişafına xidmət edirmi?”, – deyə eks-nazir bildirmişdi.
Həqiqətən də, artıq burada həm də imtahanları hazırlayan şəxslərin, şəbəkələrinin necə işlədiyi, hansı məqsədlərlə fəaliyyət göstərdikləri də əhəmiyyətlidir və araşdırılması vacib bir məqamdır. Təhsil sahəsindəki bu cür şəffaf olmayan münasibətlər, tələbələrin haqsız olaraq çətin vəziyyətə düşməsinə səbəb olur və nəticədə də təhsil sisteminə olan inam azalır. Sözsüz ki, bu cür texniki səhvlərin və sistemli problemlərin davam etməsi, Azərbaycan təhsilinin ciddi islahatlardan keçməsinə olan ehtiyacı açıq şəkildə ortaya qoyur. İmtahanlarda baş verən bu cür səhvlər isə təhsil sisteminin artıq düzgün və obyektiv qiymətləndirmə funksiyasını yerinə yetirmədiyindən xəbər verir.
“Bu imtahanlar bəzən bir insanın bütün həyat kursunu dəyişir...”
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə məsələni şərhində bildirib ki, bu cür texniki və ya məzmunla bağlı xətaları ümumiləşdirərək DİM-in bütün fəaliyyətini zəif hesab etmək doğru deyil: “Dövlət İmtahan Mərkəzi uzun illərdir ölkədə şəffaf, obyektiv və standartlaşdırılmış qiymətləndirmə sistemini qurmaq və inkişaf etdirmək istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu sistemin etibarı təkcə bir qurumun deyil, ümumən təhsilin infrastrukturunun əsas sütunlarından biridir.”
Ekspert qeyd edir ki, bununla belə, imtahan suallarında hər hansı nöqsanın aşkarlanması cəmiyyət üçün son dərəcə həssas bir məsələdir: “Çünki söhbət tək-tük fərdi hallardan deyil, minlərlə gəncin taleyindən və gələcəyindən gedir. Bu imtahanlar bəzən bir insanın bütün həyat kursunu dəyişir – bu səbəbdən buradakı ən kiçik texniki və ya məzmun uyğunsuzluğu belə ciddi narahatlıq doğurur. Məncə, bu tip xətalar daha çox insani faktor, redaktə prosesindəki boşluqlar və ya bəzən diqqət yetirilməmiş detallardan qaynaqlana bilər.”
Ekspert əlavə edib ki, bu tip hallar varsa, onlar düzgün təhlil edilməli, məsuliyyət daşıyan mərhələlərdə keyfiyyətə nəzarət daha da gücləndirilməlidir: “Çünki buradakı məsuliyyət bir neçə insanın deyil, bütöv bir nəslin gələcəyini formalaşdıran qərarların üzərində dayanır. Vətəndaşların bu məsələlərə həssas yanaşması başa düşüləndir, lakin yanaşmalarımız həm də ədalətli və konstruktiv olmalıdır. Əsas məqsəd günah axtarmaq yox, etimadı və keyfiyyəti gücləndirməkdir.”
Sonda qeyd etməliyik ki, təhsil sahəsindəki islahatlar yalnız dərs proqramlarının yenilənməsi ilə məhdudlaşmamalıdır. Bu islahatlar həm də sual tərtibatının və yoxlama prosesinin daha şəffaf, ədalətli və obyektiv olmasını təmin etməyə yönəlməlidir. Əks halda, təhsil sahəsindəki bu boşluqlar və pozuntular yalnız tələbələrin deyil, bütövlükdə cəmiyyətin gələcəyini ciddi şəkildə təhdid edəcəkdir…//Azpolitika
Sabirabad rayonu, Şəhriyar kənd sakini Bağırov Mehman Nuhbala oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İkinci Qarabağ döyüşlərinə könüllü qatıldığını deyən şikayətçi ona veteran statusu verilməməsinə etiraz edir:
“Mən, Bağırov Mehman Nuhbala oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, İkinci Qarabağ döyüşlərinə könüllü qatılmışam. Vətən sevgisi hər zaman ürəyimizdə olub. Bu gün belə, canımızdan, qanımızdan keçməyə hazırıq. Halbuki, çox haqsızlıqla rastlaşırıq.
Qeyd edim ki, özümə məxsus olan "Kamaz" markalı avtomobilimlə döyüş gedən ərazilərə təminat çatdırmışam. Hərbi biletimdə də qeyd olunub. Fizuli, Cəbrayıl və Xocavəndin azad olunmasında döyüş tapşırığını layiqincə yerinə yetirmişəm. Lakin bu günə kimi necə məhkəmələr keçsəm də, hələ də veteranlığımı ala bilməmişəm. Bu, biz döyüşçülərə qarşı edilən təxribatdır, hörmətsizlikdir. Səlahiyyətli qurumlardan xahiş edirəm, bunu nəzərə alsınlar".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsini nəzərdə tutub.
Bu barədə fond məlumat yayıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem yenidən gündəmə gətirilib. Məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qaldırılıb. Bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi uzun illərdir cəmiyyəti narahat edən ciddi problemlərdən biridir və bu sahədə təcili tədbirlərin görülməsinə ehtiyac var.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov news24.az-a açıqlamasında qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm də müvafiq dövlət qurumlarında müzakirə prosesi uzun müddətdir aparılır:
“Əmlak məsələləri üzrə Dövlət Xidmətində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər görülür və ilkin qiymətləndirmələrə əsasən, 450 mindən çox sənədsiz evin mövcud olduğu bildirilir. Bunların böyük bir hissəsi Bakı şəhərində yerləşir. Bununla yanaşı, təhlükəli və qeydiyyatsız ərazilərdə, xüsusilə də neft buruqları və nəqliyyat infrastrukturuna yaxın zonalarda yerləşən evlərin sayının təxminən 70 min olduğu qeyd olunur. Bu ərazilər təhlükəsizlik baxımından daha ciddi risk daşıdığı üçün onların sənədləşdirilməsi prosesi daha həssas yanaşma tələb edir.
Deputat vurğulayıb ki, məsələ hazırda hökumətin diqqətindədir və sənədsiz evlərin rəsmi qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun tanınması əsas prioritetlərdən biri sayılır. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi və texniki prosedurların sadələşdirilməsi və daha şəffaf mexanizmlərin tətbiqi vacibdir:
“Yaxın vaxtlarda bu evlərin qeydiyyatı sürətləndirilməli, vətəndaşların əmlak üzərində qanuni hüquqları tanınmalı və rəsmiləşdirilməlidir. Bu həm sosial ədalətin təmin olunmasına, həm də şəhərsalma və infrastruktur planlamasında dəqiqliyin artırılmasına xidmət edəcək”.