![]() |
![]() ![]() ![]() |
|
Mobil telefon şirkəti “Vodafone” Britaniyanın keçmiş baş naziri Devid Kemerona mobil telefon satmaqdan imtina edib.
Musavat.com xəbər verir ki, məlumatı “The Times” qəzeti yayıb.
Hadisənin 2025-ci ilin əvvəlində baş verdiyi bildirilir: “Keçmiş mühafizəkar baş nazir bu ilin əvvəlində Londonda “Vodafone” mağazasında uşaqlarından birinə telefon almağa çalışsa da, onun xahişi rədd edilib”.
İlkin məlumata görə, telefon şirkətinin bazasında keçmiş baş nazir “siyasi şəxs” (PEP) kimi tanındığı üçün ona telefon satışından imtina olunub.
Böyük Britaniyanın maliyyə qanunvericiliyinə görə, “siyasi şəxs” - tutduğu ictimai vəzifəyə görə rüşvətxorluğa və korrupsiyaya daha çox meylli olan şəxs hesab olunur.
Devid Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş Naziri olub. Lakin ona qarşı hansısa korrupsiya ittihamı irəli sürülməyib.
Musavat.com
Donald Tramp administrasiyası Harvard Universiteti ilə yanaşı, digər universitetlərə də xarici tələbələrin qəbuluna qadağa qoymağı düşünür.
Musavat.com xəbər verir ki, bunu milli təhlükəsizlik naziri Kristi Noem "Fox News"a müsahibəsində deyib: "Əlbəttə, biz bunu nəzərdən keçiririk. Qoy bu, bütün digər universitetlərə xəbərdarlıq olsun: öz əməlinizi təmizləyin".
Kristi Noem Harvard Universitetinin kampusda zorakılıq və antisemitizmi təşviq etdiyi və fəaliyyətini Çin Kommunist Partiyası (ÇKP) ilə koordinasiya etdiyinə görə beynəlxalq tələbələri qəbul etməsinə qadağa qoyulduğunu iddia edib: "Administrasiya Harvardı zorakılığı, antisemitizmi təşviq etdiyinə və öz şəhərciyində hərəkətləri Çin Kommunist Partiyası ilə koordinasiya etdiyinə görə məsuliyyətə cəlb edir. Universitetlərin beynəlxalq tələbələri qəbul etməsi və onların çoxmilyardlıq ianələr əldə etmək üçün daha yüksək təhsildən faydalanması hüquq deyil, imtiyazdır. Harvardın düzgün iş görmək üçün çoxlu imkanları var idi. Onlar imtina etdilər. Qanuna əməl etmədiklərinə görə onlar tələbə mübadiləsi proqramında iştirak etmək hüququndan məhrum edildilər. Qoy bu, ölkədəki bütün universitet və məktəblərə xəbərdarlıq olsun".
Musavat.com
Türk Dövlətləri Təşkilatının (TDT) toplantılarına dünya mediası da hər zaman diqqət yetirir. Əsas müzakirələr də TDT-nin hərbi birliyinin yarana biləcəyi ətrafında aparılır. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtərəfli iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, eləcə də müasir ordulara malik TDT bu gün haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa iddialıdır.
“Yeni Müsavat”ın xəbərinə görə, bu yazılarda iddia olunur ki, son illər TDT-nin hərbi-siyasi ittifaqının yaradılmasının əlamətləri görünsə də, hər hansı əsaslı nəticə çıxarmaq üçün hələ tezdir. Əsasən “Türk NATO”sunun yaradılmasında Mərkəzi Asiya ölkələrinin həlledici mövqeyə sahib olacağı deyilir. Söhbət Qazaxıstan və Qırğızıstanın, həmçinin qurumda müşahidəçi olan Türkmənistanın mövqeyindən gedir. Bildirilir ki, bu bölgə Rusiya, Türkiyə, Aİ, ABŞ və Çin arasında rəqabət meydanına çevrilib. Təhlillərdə bildirilir ki, region ölkələrində qərarların qəbulunda türk həmrəyliyi deyil, iqtisadi maraqlar əsas olacaq.
O da bəllidir ki, Qazaxıstan və Qırğızıstan KTMT üzvüdür və belə qərar olarsa, hərbi bloku tərk etməlidirlər. Belə bir gedişat isə Rusiyanın maraqlarına ziddir. Yəni belə bir qərar daha çox Türkiyənin Rusiyaya qarşı yönəlmiş geosiyasi addımı kimi qiymətləndirilə bilər. Burada digər incə nüans da var - Azərbaycan indiyə qədər heç bir hərbi alyansa üzv olmayıb, nə NATO, nə KTMT-yə. Azərbaycan Qoşulmama Hərəkatında yer alır. Üstəlik, Rusiya postsovet ölkələrinin başqa hərbi alyanslara inteqrasiyasına qəzəblə reaksiya verir.
Amma TDT-nin hərbi bloka çevrilməsi gerçəkləşərsə, rəsmi Bakı bu haqda, əlbəttə, ölkənin maraqlarına uyğun qərar verəcək. Çünki bu gün dünyada artıq tək yox, çoxşaxəli inkişaf üstünlük təşkil edir. Bura iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi sahədə ölkələr arasında birliklər nəzərdə tutulur. Dünyanın artıq qlobal dövriyyəsi öz yolunu dəyişib. Belə ki, artıq ölkələr öz mənafelərinə yaxın olanlarla birlik qurur. Biz bunu müxtəlif sahələrdə, eynilə hərbi sahədə də görürük.
Müharibələrin və münaqişələrin gətirdiyi xaosun hökm sürdüyü müasir dünyada cərəyan edən proseslər təhlükəsizlik sahəsinə xüsusi diqqətin yetirilməsini vacib edir. Bu mənada TDT-yə üzv ölkələr də öz növbəsində müdafiə qabiliyyətlərini artırmalı, xarici təhdidlərdən qorunmaqdan ötrü lazımi addımları atmalıdır.
Bəs “Türkdilli NATO”nun yaranmasını kimlər əngəlləyir? “Turan ordusu”nun reallaşmasına Rusiyanın yanaşması necə ola bilər? Eləcə də ABŞ və Qərb bu qərarı hansı formada qarşılayacaq? Nəzərə alaq ki, Qazaxıstan və Qırğızıstan KTMT üzvü olduqları kimi, Türkiyə də NATO üzvüdür.
Şair Ramaldanov
“Yeni Müsavat”a danışan polkovnik Şair Ramaldanov qeyd etdi ki, qlobal dünyada gedən geosiyasi proseslər bu gün tərəfdaşların olması zərurətini ortaya qoydu: “Yəni atalar demişkən, "tək əldən səs çıxmaz". Bunun üçün hansısa blokda olmaq da mütləq deyil. Məsələn, Ukrayna heç bir hərbi blokun üzvü deyildi, amma 50 ölkə hərbi yardım, silah-sursat, mütəxəssislər göndərdi. Ona görə də əlaqələr, tərəfdaşlar vacib amildir. Türkdilli ölkələr də hərbi blok şəklində birgə olmasa da, hazırda bu təşkilatın inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycana gəldikdə isə Qoşulmama Hərəkatının üzvü olaraq öz siyasətini həyata keçirir. Rəsmi Bakı türkdilli ölkələrin münasibətlərinin inkişafında maraqlıdır. Cənab Prezident andiçmə mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın inteqrasiyasını türk-müsəlman ailəsində görür. Sadəcə, o demək deyil ki, Azərbaycan özünü hər hansı hərbi blokun tərkibində görür".
Ş.Ramaldanov vurğuladı ki, yenə də hər şey hadisələrin inkişafından asılı olacaq: “Hər halda, NATO və KTMT kimi blokların üzvü olmamaq yaxşıdır. Bunu yaxın keçmişdəki təcrübə sübut etdi. KTMT özünü doğrulda bilmədi. Ona görə Azərbaycan düzgün siyasət yürüdüb. Bəlkə də gələcəkdə türkdilli dövlətlərin əlaqələri o dərəcədə inkişaf edəcək ki, "Turan" bloku yarana bilər. O zaman artıq gedişata baxacağıq və Azərbaycan öz siyasətini müəyyənləşdirib qərarını verəcək, indi isə Türkdilli Dövlətlər Təşkilatının hərbi qanadının yaranması ilə bağlı addımlar atılması müşahidə olunmur".
Polkovnik hesab edir ki, siyasətdə şərtlər vəziyyətə uyğun dəyişir: “Hazırkı proseslərdə türkdilli ölkələr bir-birinin maraqlarını dəstəkləməlidir. Burada regional, dini, milli faktorlar nəzərə alınmalıdır. Ona görə də sadalanan amillərlə bağlı əlaqələr daha da güclənərsə, gələcəkdə koalisiyanın yaranması istisna deyil. Dünyada gedən proseslər də belə düşünməyə əsas yaradır. O baxımdan istisna etmirəm ki, gələcəkdə təkcə türkdilli deyil, digər müsəlman ölkələri də bu inteqrasiyaya qoşula bilər. İndi isə Azərbaycan Prezidenti geosiyasi proseslərin mürəkkəb, çətin dövründə xarici siyasət kursunu düzgün tutub, ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqdadır. Azərbaycan geosiyasi məkanda öz yerini dərk etməkdədir və türkdilli ölkələrin birliyində də ölkəmizin mühüm rolu var”.
Arayış üçün bildirək ki, Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlayıb və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir. Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.
Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və digər məmurları il ərzində davamlı olaraq iclaslar keçirir, məclis rəhbərləri, heyətləri Bakıda toplanır.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
21–22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib. Tədbir çərçivəsində regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi, inklüziv rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal infrastrukturun inkişafı, investisiya imkanları və dayanıqlı tərəfdaşlıqların qurulması kimi aktual mövzular müzakirə olunub.
“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri cənab Şerzod Şermatov, GSMA-nın baş direktoru Vivek Badrinath və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) baş katibinin müavini Tomas Lamanauskas kimi yüksək vəzifəli şəxslərlə yanaşı forumun açılış sessiyasında çıxış edib.
“Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib.
Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Z. Zeynalova Azercell-in şəbəkə modernizasiyası üzrə genişmiqyaslı layihəsini və Aztelekom-un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.
Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək nəsil rəqəmsal ekosistemi qurmaqdır.”
Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.
Musavat.com
ABŞ-da keçirilən Freeman’s & Hindman hərracında ABŞ-ın sabiq prezidenti Avraam Linkolna məxsus 144 şəxsi əşya satışa çıxarılıb. Ümumi satış məbləği 7,9 milyon dollar təşkil edib.
Musavat.com xəbər verir ki, hərracın ən bahalı lotu Linkolnun ölüm gecəsi cibində olan və qanla islanmış dəridən əlcəklər olub.
Tarixi dəyəri olan bu əşya 1,52 milyon dollara alınıb. Eyni zamanda prezidentə məxsus iki dəsmadan biri də 826 min dollara satılıb.
Xatırladaq ki, Avraam Linkoln 1865-ci il aprelin 14-də Vaşinqtonda bir teatrda aktyor və Konfederasiya tərəfdarı olan Con But tərəfindən güllələnmişdi.
Musavat.com
İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərində yerləşən zindanda Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərindən olan üç türk – Nasir Dəhhar, Qənbər Qəffari və Nurəddin Məhəmmədzadə “narkotik qaçaqmalçılığı” ittihamı ilə edam olunublar.
Musava.сom bu barədə "Azad İran"a istinadən xəbər verir.
Qeyd edilib ki, hadisə ilə bağlı məlumatları insan haqları təşkilatı Hengaw yayıb.
Musavat.com
Putin yaxın zamanda Ukrayna ilə sülh danışıqlarında iştirak etməyi planlaşdırmır.
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin nə Vatikanın təşəbbüsü ilə, nə də hər hansı digər formatda Ukrayna ilə sülh danışıqlarında iştirak etməyə hazır deyil.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, Qərb ölkələrinin və Vatikanın danışıqlar üçün müxtəlif cəhdlərinə baxmayaraq, Kreml bu təşəbbüslərə müsbət yanaşmır və yaxın zamanlarda belə bir prosesə qoşulmaq niyyətində deyil.
Bildirilib ki, Moskva hazırda münaqişənin hərbi yolla həllinə üstünlük verir və müharibənin gedişində üstünlük əldə etməyə çalışır.
Musavat.com
Ermənistan yenidən Rusiyanın qanadının altına girir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfərdə olub. İrəvanda Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib. APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə və keçirilən mətbuat konfransında xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa köklənib:
“Komandalar artıq iki ölkənin xarici işlər nazirlikləri arasında yeni iki illik siyasi məsləhətləşmə proqramının hazırlanmasını başa çatdırıblar və ümid edirəm ki, biz onu bu gün imzalayacağıq. Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərinin formatına yenidən baxmaq niyyətində deyil. Tərəflərin hüquq və öhdəlikləri açıq şəkildə kağız üzərində yazılıb, imzalanıb və ratifikasiya edilib. Heç kim bu hüquq və öhdəlikləri denonsasiya etməyib. Ermənistanın nəzərdə tutulan mexanizmlərin tam işləməməsindən narahatlığı məlumdur”.
Lavrov isə bildirib ki, Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır. Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayır.
Lavrovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına səmimi şəkildə çalışır, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinə bu mənada möhkəm əsas kimi baxır.
“Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz - istər kommunikasiyaların blokdan çıxarılması, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində...”, - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov qeyd edib ki, Moskva həmçinin Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən 3+3 platformasında regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli potensialını görür.
Lavrov həmçinin deyib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır.
O qeyd edib ki, Rusiya tərəfi Ermənistanla müttəfiqlik münasibətlərini və iki xalq arasında dərin əlaqələri yüksək qiymətləndirir: “Artıq dövlətlər arasında münasibətlərin bütün sahələrində çoxlu zəmin yaradılıb ki, bundan maksimum və ağıllı şəkildə istifadə etmək lazımdır. Biz əvvəlki kimi təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq.
Bu il Rusiya bazasının Ermənistanda yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.
Rusiya Ermənistanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır və bu sazişlər tam şəkildə qorunur. O, həmçinin əlavə edib ki, hökumətlərarası komissiyanın ritmik işi iki ölkənin hökumət strukturları və biznesi üçün istiqamət müəyyən edir".
Görüşün keçirildiyi vaxtda Ermənistan XİN qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilib. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların getdiyi Ermənistan XİN-in binasının yaxınlığında Rusiya əleyhinə plakatlar qaldırılıb. Etirazlar keçmiş deputat Armen Babacanyanın təşəbbüsü ilə baş verib.
İqor Korotçenko
Rusiyalı politoloq İqor Korotçenko Lavrovun İrəvan səfəri ilə bağlı danışarkən deyib ki, Ermənistan Rusiya əleyhinə mövqe tutur, Qərb silahları ilə yenidən silahlanır, KTMT-yə üzvlüyünü dondurub: "Bəli, Gümrüdəki hərbi bazamız hələ çıxarılmır, amma bu, zaman məsələsidir, çünki İrəvan strateji kurs müəyyən edib və bu, Qərbə, Avropa Birliyinə doğru kursdur. Ona görə də Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir ki, onları respublika üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək qərarlar qəbul etməkdən çəkindirsin".
Məlumdur ki, son illər, xüsusən də Ukrayna müharibəsi zamanı Moskvanın Güney Qafqaza təsir rıçaqları əhəmiyyətli şəkildə zəifləyib. Bu müddətdə hətta Bakı və İrəvan vasitəçi olmadan sülh sənədinin mətnini razılaşdırıb.
Bəs Rusiya Ermənistanı tam şəkildə öz orbitinə qaytara biləcəkmi? Kreml onları “itirilmiş” mövqeləri bərpa edə, özünü təzədən Azərbaycan və Ermənistana vasitəçi kimi sırıya bilərmi?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya Ermənistanı əldən vermək istəmədiyini bir daha ortaya qoyur, Ermənistan da Rusiyadan tamamilə qopmağın mümkün olmadığını anlayır: “Nikol Paşinyan 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından sonra Rusiyanın mövqeyini sərt tənqid etməyə başlamışdı. Bu işə onun nazirləri də qoşulmuşdular. Ermənistan rəsmilərinin məntiqinə görə, Rusiya Azərbaycan Ordusunun ərazi bütövlüyünü təmininə imkan verməməli idi. Paşinyan və onun nazirləri Rusiyanın ünvanına tənqidlərini davam etdirdilər, Kremli Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi ilə hədələdilər. Bu arada Nikol Paşinyan Vaşinqton, Brüssel və Parislə sıx əlaqələr qurmağa başladı. Ancaq zaman keçdikcə Paşinyan anladı ki, Qərb ona təhlükəsizlik təminatı verməyəcək. Digər tərəfdən, Cozef Baydendən fərqli olaraq Donald Trampın və onun administrasiya üzvlərinin Ermənistana marağı yoxdur. Avropaya və Fransaya gəldikdə, onların başı Rusiya-Ukrayna müharibəsinə qarışıb. Bütün bunları nəzərə alan Nikol Paşinyan yenidən Rusiya ilə yaxınlaşmağın yollarını aramağa başladı. Ermənistan baş nazirinin 9 mayda Moskvada keçirilən hərbi paradda iştirakı da bu siyasətin tərkib hissəsi idi.
Sergey Lavrov mayın 21-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır. Lavrovun bu açıqlaması kimə ünvanlanıb: Azərbaycana, yoxsa elə Ermənistanın özünə? Onun məlum cümləsi o deməkdir ki, Rusiyanın xaricində heç bir ölkə, o cümlədən baş nazir Nikol Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil. Fikrimcə, Paşinyan Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyəcək. Çünki Paşinyan məhz Rusiyanın iki səbəbdən Ermənistanın maraqlarına zərbə vurduğu qənaətindədir. Birincisi, Paşinyan hesab edir ki, Rusiya 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına imkan verməməli idi. İkincisi, Paşinyan hesab edir ki, Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirdikdə, Rusiya buna adekvat reaksiya vermədi. Halbuki Rusiyanın Azərbaycana mane olması üçün əsası yox idi".
Politoloq qeyd etdi ki, Rusiya onsuz da Ermənistanda mövcuddur. İndi isə mövqelərini daha gücləndirmək üçün Ermənistanı Qərbdən mümkün qədər uzaqlaşdırmağa çalışır. Yəqin ki, bu istiqamətdə addımlar daha da çoxalacaq: “Ermənistan hələ ki Azərbaycanla sülh prosesinin vasitəçilərsiz aparılmasının tərəfdarı kimi çıxış edir. Ancaq Paşinyanın Rusiyadan asılılığı artarsa Moskvanın istəyinə uyğun mövqeyini dəyişəcəyi də istisna deyil”.
Politoloq qeyd etdi ki, bu arada Ermənistanın radikal müxalifətinin fəallığını artırması diqqəti çəkir: “Ermənistanın keçmiş prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir. Ancaq Köçəryanın budəfəki açıqlamaları baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır. Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına "əsəblərimlə oynamayın, sizi tapdalayaram" kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə o, əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb, özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Kreml Köçəryana o halda üstünlük verəcək ki, o, siyasi gücünü və reytinqini artıra bilsin. Çünki Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidenti Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də Kreml hələ ki Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb. Bu siyasət indilik Kremli qane edir. Kreml Paşinyanla bir müddət davam edəcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”