Ardını oxu...
  

osial şəbəkələrdə mammoloq-radioloq Günel Qəmbərovanın rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar həyata keçirdiyinə dair görüntülər yayılıb.

Maraqlıdır, bəs, həkimin bu davranışını Səhiyyə Nazirliyi necə dəyərləndirib? Onunla bağlı hansısa tədbir görüləcəkmi?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət ünvanladıq.

Qurumdan News24.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AEM əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hallarla bağlı rəsmi müraciət daxil olduqda həmin məsələni təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq ətraflı şəkildə araşdırır:

"Əgər qanunvericiliyin pozulması halları müəyyən edilərsə, plandankənar yoxlama həyata keçirilir.

Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir.

Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək".

Açıqlamada sözügedən klinikanın müvafiq qanuna əsasən cərimə oluna biləcəyi də vurğulanıb:

"Ümumiyyətlə qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, reklamı qadağan olunmuş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının təqdiminə görə vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək, hüquqi şəxslər isə 1000 (bir min) manatdan 2000 (iki min) manatadək cərimə edilə bilər.

Belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Bundan əlavə, AEM tərəfindən həkimlər, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli 137 nömrəli əmri – “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” sənəd barədə məlumatlandırılır.

Həmin sənədin VI bəndinə əsasən, tibbi nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, habelə media vasitəsilə maarifləndirmə fəaliyyəti etik normalara uyğun olmalı, yalnız obyektiv elmi-praktik məlumatlarla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünüreklam elementlərini əks etdirməməlidir. Əmrdə həmçinin vurğulanır ki, həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.

Bu kimi hallarda həkimlərdən izahat alınır və analoji hadisələrin təkrarlanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir".

Qurumdan o da qeyd olunub ki, mərkəzin rəsmi saytında əməliyyat zamanı canlı yayım etmək istəyən həkimlərə dair xəbərdarlıq da yerləşdirilib:

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qarşılaşdıqları hər hansı problem barədə AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırma aparılır və zərurət yaranarsa, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

Ardını oxu...
Vaşinqtonun Tehranla danışıqlarında İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü şərtlərin ölkəsinin maraqlarına zidd olduğunu bildirən ali dini lider Əli Xamenei Ağ Ev sahibi Donald Trampın adını çəkmədən “Sən kimsən ki, İrana deyirsən nüvə proqramı olsun, ya olmasın” sözləri ilə müraciət edib. Əli Xamanei bununla Tehranın Vaşinqtonla razılaşmanın mümkün olmadığını anladıb. İran Prezidenti Məsud Pezeşkianın ali dini liderin təlimatını yerinə yetirməkdən başqa seçimi yoxdur.
Əli Xamaneinin bu açıqlaması Donald Trampın imicinə zərbədir. Çünki, Ağ Ev sahibi Tehranla danışıqlar yolu ilə məsələni həll edəcəyinə ümidli idi. Bu Trampın Rusiya-Ukrayna müharibəsini dayandıra bilməməsindən sonra aldığı növbəti zərbədir. Xamanei danışıqlarla heç nəyin həll olunmayacağını bildirməklə Trampın təkliflərinin üstündən xətt çəkib. Bu gözlənilən idi. Çünki, Tehran və Qum Trampın “İran uran zənginləşdirməməlidir” prinsipini qəbul etməyəcəkdi. Tehranın və Qumun Trampın şərtini qəbul etməsi İranın ABŞ-a təslim olması anlamına gələcəkdi. İrandakı mühafizəkarlar isə təslim olmaq istəmirlər. Mövcud gərginlik İsrailin baş naziri Benyamin Netahyahunun maraqlarına cavab verir. Çünki, Netanyahu hələ Barak Obamanın Prezidentliyi dövründən Vaşinqtonla Tehran arasında nüvə razılaşmasının əleyhinə olub. Netanyahu Trampı da inandırmağa çalışıb ki, İranla danışıqlar aparmaq əvəzinə, bu ölkənin hərbi mərkəzlərinə zərbələr endirmək lazımdır. Tramp Netanyahuya danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq Əli Xamanei Trampa nəticənin olmayacağı mesajını göndərib və ali dini lider bununla Netanyahunun işini asanlaşdırıb. Trampa ABŞ-da müxalif olanlar da “Tehranı yola gətirəcəyini deyirdin, nə oldu” sualıyla Ağ Ev sahibini tənqid edəcəklər.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüşün keçirilməsinin də əleyhinədir. Rusiya və Ukrayna nümayəndələri İstanbulda sadəcə əsirlərin dəyişdirilməsinə razılaşıblar. İki İstanbul görüşü hələ ki, əsirlərin dəyişdirilməsiylə yadda qalıb. Böyük ehtimalla iyun ayının sonunda keçirilməsi planlaşdırılan növbəti görüş də İstanbulda keçiriləcək. Bunun özü Türkiyənin bölgədə və dünyada artan rolundan xəbər verir. Ankaranın müharibə aparan Moskva və Kiyevlə dialoq imkanları mövcuddur. Bu da Türkiyənin vasitəçi rolunu artırıb.
Bəs Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? Bunun bir neçə səbəbi var. Birincisi, 30 günlük atəşkəsdən sonra yenidən müharibəyə başlamaq Rusiya üçün çətin olacaq. Digərləri kimi Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub, ancaq buna açıq etiraz edə bilmir. Ancaq əgər 30 günlük atəşkəsdən sonra Kreml yenidən müharibəyə başlayarsa, bu Rusiya cəmiyyətində narazılığı açıq müstəviyə keçirə bilər. Kreml sahibi bu baş verməsin deyə, müharibədə fasilə vermək istəmir. İkincisi, 30 günlük atəşkəs təklifi qəbul olunarsa bu, müddətin daha da uzanması ehtimalı yaranacaq. Kreml isə saxta referendumla Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirib, ancaq işğalçı ordu hələ həmin bölgələrin administrativ sərhədlərinə çıxa bilməyib. Atəşkəs olarsa, Rusiyanın həmin bölgələrin tamamının işğalı mümkün olmayacaq. Yəqin Rusiya Prezidenti Vladimir Putin düşünür ki, nə qədər ki, müharibədə fasilə verməyib döyüşlər vasitəsilə bölgənin sərhədlərinə çıxmaq lazımdır. Halbuki, Kreml sahibini ətrafının yarıtmaz fəaliyyəti daha çox düşündürməlidir. Ukrayna kəşfiyyatının müharibədən uzaq ərazidə bombardmançı təyyarələri məhv etməsi Rusiyada idarəetmə sisteminin səhlənkarlığından xəbər verir. Putin Ukraynanın yarısını işğal etməyi düşünərkən, müharibə onun evinin içərisinə qədər alovlanıb. Kreml sahibini bu daha çox düşündürməlidir. Müharibə davam etdikcə, Ukrayna kəşfiyyatı Rusiya ərazisində başqa əməliyyatlar da həyata keçirəcək.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Son bəyanatlara diqqət yetirsək görərik ki, Konqresdə Rusiyaya qarşı qəzəb dərəcəsi pik həddə çatmaqdadır.
Nümayəndələr Palatasının spikeri Mayk Conson ilk(!!!) dəfə bu mövzuda mövqe ortaya qoydu: "Konqresin bir çox üzvləri Rusiyaya qarşı maksimal sərt sanksiyaların tətbiq olunmasını istəyir. Mən də bunu dəstəkləyirəm."
Senator Lindsi Qrem Mayk Consonun bəyanatına cavab verib: "Çətin və təhlükəli zamanlarda qətiyyətli liderlik nümayiş etdirirsiniz."
Senator respublikaçı Con Tyun(Senatda respublikaçıların lideri): "Prezident Tramp Ukraynada qan tökülməsini dayandırmaq üçün kifayət qədər vaxt sərf edib, lakin Vladimir Putin sülhə nail olmaqdan daha çox müharibəni davam etdirməyə maraqlı görünür."
Demokratlar
Senator Çak Şumer(Senatda demokratların lideri):
"Putin zalım və quldur. Bəs Trampın iradəsi hanı? Onun inamı hanı? Onun göstərməyi sevdiyi sərtlik hanı? Prezident Trampın Ukraynanın mövqeyini möhkəmləndirmək üçün edə biləcəyi ən yaxşı şey, ABŞ-ın Ukraynanı dəstəklədiyini və Rusiyaya qarşı açıq şəkildə çıxdığını nümayiş etdirməkdir, amma Tramp hələ bunu etməyib. Açığını desəm, hər iki partiyadan olan senatorlar Trampın Putinə qarşı qeyri-müəyyən münasibətindən beziblər. Əgər Tramp Putinə qarşı çıxmaq istəmirsə, bunu Senat etməlidir."
Senator Dik Dörbin(Senatda ikinci ən nüfuzlu demokrat): "Bütün dünya ABŞ-a baxır və "Putinə qarşı möhkəm dayanacaqsınızmı" sualını verir. Putin nə bizə, nə də ABŞ-a dost deyil. Cənab prezident, bizim quyduğumuz miras Rusiyaya güzəştə getmək və transatlantik təhlükəsizliyimizin zəiflədilməsi olmamalıdır."
Göründüyü kimi, hər iki partiya (hər iki palatada) səbirini itirir.
Qeyd edək, ABŞ-da prezidentin vetosunu zərərsizləşdirmək üçün Konqresin hət iki palatasında səslərin 2/3 lazımdır, yəni Senatda 67 səs, N/P-də isə 290 səs.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 2-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasiminləri keçirilib.
Tədbirdə 39 ölkədən 267 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”. “Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir. “Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir”, - deyə Prezident vurğulayıb.
Bu gün Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.
Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə dövlətlərimiz tərəfindən imzalanan sənədlərlə deyil, xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib

Müasir geosiyasi reallıqlar fonunda regional əməkdaşlıq və strateji tərəfdaşlıqlar qlobal güc balansının formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə və Pakistan kimi ortaq tarixə, mədəniyyətə, dinə və ideoloji dəyərlərə malik olan qardaş dövlətlər bu baxımdan unikaldır. Bu ölkələrin əməkdaşlığı təkcə coğrafi yaxınlıq və diplomatik münasibətlər çərçivəsində deyil, həm də xalqların tarixi bağlılığı və strateji hədəfləri ilə müəyyən olunur. Bu baxımdan 28 May tarixində Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü bu baxımdan mühüm dönüş nöqtəsi oldu.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı da “Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik qardaş dövlətlər olaraq, bu gün də birgə strateji xətt üzrə uğurla irəliləyirlər. Bu əməkdaşlıq sadəcə diplomatik müstəvidə deyil, eyni zamanda iqtisadi, hərbi və mədəni sahələri də əhatə edir. Laçın şəhərində baş tutan üçtərəfli Zirvə görüşü bu qardaşlığın daha da möhkəmləndirilməsinə və beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət edir:

“Azərbaycan, Türkiyə və Pakistan tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik olan qardaş dövlətlərdir. Ölkələrimiz arasında mövcud əlverişli siyasi mühit dinamikliyi və interaktivliyi ilə seçilir.
İşğaldan azad olunmuş Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü Bakı, Ankara və İslamabad arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və bu əməkdaşlığın beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.
Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə cari əməkdaşlıq sahələri ilə kifayətlənmədi. Hər üç liderin fikirləri və baxışları olduqca geniş və əhatəli idi. Xüsusilə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının yalnız diplomatik və iqtisadi əsaslarla deyil, eyni zamanda mədəni və ideoloji müttəfiq olduqlarını təsdiq etdi. Dövlət rəhbərimizin qeyd etdiyi kimi, Azərbaycan ötən müddət ərzində Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə 20 milyard dollardan çox investisiya yatırıb. Cənab Prezident İlham Əliyevin ideya müəllifliyi əsasında birgə həyata keçirdiyimiz enerji layihələri iki ölkənin iqtisadi tərəqqisinə töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevrilib.
Bununla yanaşı, rəsmi Bakı Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində investisiya yatırmaq niyyətini bəyan edib ki, bu da qardaş ölkənin inkişafına təkan verəcəkdir. Artıq tərəflər arasında konkret investisiya layihələri üzərində işlər gedir. Həmçinin ölkələrimiz arasında hərbi əlaqələr müasir müharibə metodikalarının tələbi çərçivəsində birgə keçirilən hərbi təlimlərlə daha da dərinləşir. Qardaş Türkiyə və Pakistanın müdafiə sənayesinə məxsus qabaqcıl və yüksək texnologiyalı hərbi məhsullar Silahlı Qüvvələrimizin inventarına daxil edilərək, ordu quruculuğu və müdafiə qabiliyyətimizin gücləndirilməsində mühüm rol oynayır. Üç qardaş ölkə yalnız siyasi, iqtisadi və hərbi sahədə deyil, mədəniyyət, elm və təhsil sahələrində də uğurlu tərəfdaşlıq modeli formalaşdırıblar. Universitetlər arasında mübadilə proqramları, mədəni tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə dövlətlərlərimiz tərəfindən imzalanan sənədlərlə deyil, xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib. Çünki bu bağlar qanla, canla, tarixlə və sədaqətlə yazılıb”.
Şəymən Bayramova
Ardını oxu...
Uzaqdan başlayaq.
Son 9 il ərzində Respublikaçı partiyasının dəyişilməz, sorğulanmaz və qeyd-şərtsiz lideri Donald Tramp olub. İlk prezidentlik dönəmində Tramp əsasən öz kultunun formalaşdırılması ilə məşğul idi və bu yolda uğur qazandı. Trampın fenomenliyi həm də ondadır ki, o, ABŞ siyasi ənənəsinə zidd olaraq seçkilərdə məğlub olmuş bir namizəd növbəti seçkilərdə yenidən namizədliyini irəli sürüb və 2024-cü ildə qalib gəlib.
Son 9 ildə Respublikaçı öartiyasının Trampa dəstəyi sarsılmaz olub. Hətta 2020-ci ildə Baydenə məğlubiyyətindən sonra belə, partiyanın dəstəyi davam edib. Bu dövrdə cəmi bir dəfə partiya elitası tərəddüd yaşayıb və Trampı dəyişdirmək istədi-2022-ci ilin noyabrında.
Həmin il keçirilən Konqresə ara seçkilər zamanı bütün dünya “qırmızı dalğa”nı, yəni Respublikaçıların dağıdıcı qələbəsini gözləyirdi. Lakin gözləntilərin əksinə olaraq, Respublikaçılar nəinki hər iki palatada böyük üstünlük əldə edə bilmədi, hətta Nümayəndələr Palatası belə Demokratların nəzarətində qaldı. Bu məğlubiyyət Trampa qarşı partiya daxilində ciddi narazılıq doğurdu. Elita hesab edirdi ki, məğlubiyyətin əsas səbəbi Trampın siyasi “toksikliyi” və artıq tükənmiş siyasi fiqur olmasıdır.
Bu məğlubiyyətdən sonra Respublikaçı elita yeni lider axtarışına çıxdı. Partiyanın beyin mərkəzləri, aparıcı siyasi fiqurları, rəy liderləri (hətta İlon Mask belə) Floridanın qubernatoru Ron DeSantisi Trampın alternativi kimi görməyə başladılar və ona açıq dəstək verdilər. Qısa müddətdə DeSantis yüksək reytinqlər topladı, hətta bəzi sorğularda Trampı da geridə qoydu. Bu zaman Tramp susurdu, o gözləyirdi ki, partiya daxilindəki narazılıq hissi soyusun.
Ron DeSantis Floridada çox sevilir və mühafizəkar elektorat tərəfindən yüksək dəyərləndirilir. Bu münasibətin səbəbi sadədir: Ron DeSantis və həyat yoldaşı Keysi DeSantis Floridanı “bənövşəyi” (yelləncək) ştatdan “qırmızı” (yəni Respublikaçıların möhkəm dayağına) çevirmişdilər. Qeyd edək ki, Trampın Mar-a-Lago iqamətgahı da məhz Floridadadır.
2023-cü ilin əvvəlində partiya daxilindəki “məğlubiyyət hikkəsi” soyuyandan sonra Tramp de-fakto seçki kampaniyasına başladı. Amma ilk hədəfi Co Bayden yox, Ron DeSantis oldu. Trampın özünəməxsus aşağılama və qarayaxma üsulları var: bunlardan biri rəqibə istehzalı ləqəb verməkdir. O, DeSantisə “Ron DeSanktimonius” (sanctimonius-ikiüzlü, riyakar) ləqəbini yapışdırdı. Trampa bağlı bütün rəy liderləri DeSantisə qarşı hücuma keçdilər. Reytinqinə, nüfuzuna ciddi zərbə vuruldu və qısa müddət sonra DeSantis partiya liderliyi iddiasından geri çəkildi. Tramp üçün yol açılmışdı.
İlk baxışdan bu hadisə tarixin yaddaşına DeSantisin siyasi məğlubiyyəti kimi yazıldı. Amma...
Yaxın zamanda maraqlı bir hadisə baş verdi. Nəzərə alsaq ki, Tramp partiya daxilində fərqli fikrə belə dözümsüz atmosfer formalaşdırıb, bu hadisə xüsusi diqqətə layiqdir.
Ron DeSantis iki dəfə Floridanın qubernatoru seçilmişdi. Qanunvericiliyə görə, o üçüncü dəfə namizəd ola bilməz. Beləliklə, bu vəzifə boşalır və yeni namizədə ehtiyac yaranır. Tramp artıq öz namizədini müəyyənləşdirib: afroamerikalı konqresmen Bayron Donalds. Trampın təbliğat maşını hazırda Floridada bütün gücü ilə Donaldsın kampaniyasını aparır.
Əsl intriqa isə buradan başlayır.
DeSantis Trampın namizədini görməzlikdən gələrək, faktiki olaraq öz alternativini irəli sürdü-həyat yoldaşı Keysi DeSantisi. Keysi DeSantis keçmiş televiziya aparıcısı, xüsusilə Floridada ən populyar idman növü olan qolfun peşəkar şərhçisi olub. Eyni zamanda, ştatda kifayət qədər tanınan və sevilən ictimai fiqurdur.
Respublikaçı partiyasında hökm sürən avtoritar ab-havanı nəzərə alsaq, Ron DeSantisin bu addımı siyasi jest yox, Trampa birbaşa “müharibə” elanıdır. Və nəticələr dərhal özünü göstərdi.
Keysi DeSantisin qubernatorluğa iddiası ortaya çıxandan dərhal sonra ona qarşı kampaniya başladı. Məsələn, onun rəhbərlik etdiyi “Hope Florida” xeyriyyə fondu dövlət vəsaitlərindən məqsədəuyğun istifadə etməməkdə ittiham olunur. Trampın media komandası isə DeSantis cütlüyünü nepotizmdə - yəni ailə üzvlərini vəzifəyə təyin etməkdə ittiham edir.
Trampa qarşı bu siyasi demarşın indiki mərhələdə baş verməsi olduqca maraqlıdır, xüsusilə Trampın reytinqlərinin sabit şəkildə enməkdə olduğu bir vaxtda. Ola bilsin, DeSantis düşünür ki, 1-2 ilə Trampın siyasi çəkisi tam tükənəcək, trampçılıq bir siyasi dövr kimi başa çatacaq. Və əgər Respublikaçı partiyası 2028-ci il seçkilərinə daxili parçalanma ilə gedərsə, partiyanın birləşdirici, yeni liderə ehtiyacı olacaq.
Bəlkə də Ron DeSantis düşünür ki, həmin “ağ atlı oğlan” elə özü olacaq və məhz bu səbəbdən indidən artıq savaşa başlayır...
Kamran Cəfərov
TEREF
 
 
 
Ardını oxu...
“Direktorların kütləvi işdən çıxarılması Elm və Təhsil Nazirliyinin – illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O, son vaxtlar orta ümumtəhsil məktəblərində direktorların kütləvi işdən çıxarılması və bu hadisələrə Elm və Təhsil Nazirliyinin şablon reaksiyasını şərh edib:

“Azərbaycanda orta ümumtəhsil məktəblərində direktorların kütləvi şəkildə işdən çıxarılması və ya intizam məsuliyyətinə cəlb olunması son illərdə təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə 2023 və 2024-cü illərdə müşahidə olunan bu tendensiya ictimaiyyətdə “təmizləmə əməliyyatı”, “kadr islahatı” kimi təqdim olunsa da, əslində, bu prosesin arxasında daha dərin struktur problemlər dayanır. Əgər bu gün onlarla direktor rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, fond pulu toplamaq və ya qeyri-qanuni ödənişlər səbəbilə vəzifədən uzaqlaşdırılırsa, bu təkcə fərdi məsuliyyətsizlik deyil, həm də idarəedici strukturların, xüsusilə Elm və Təhsil Nazirliyinin illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Onun sözlərinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsində təhsil müəssisəsinin rəhbərinin, yəni direktorun təhsilin keyfiyyətinə, şagirdlərin həyat və sağlamlığına görə məsuliyyət daşıdığı qeyd olunur:

“Bu, direktorun məsuliyyətini müəyyən etsə də, həmin direktorun hansı mexanizm və mühitdə fəaliyyət göstərdiyini nəzərə almadan yalnız onu cəzalandırmaq, sistemin öz məsuliyyətini pərdələmək deməkdir. Direktorların təyinatı, monitorinqi və fəaliyyətinə nəzarət bilavasitə nazirliyin və onun struktur bölmələrinin səlahiyyətindədir. Əgər məktəblərdə bu qədər qanun pozuntusu baş verirsə, bu, həmin nəzarət və idarəetmənin effektiv olmadığını sübut edir”.

Ekspert qeyd edib ki, 2024-cü ildə 70-ə yaxın direktorun işdən çıxarılması halına rast gəlinib:

“2024-cü ilin rəsmi statistik göstəricilərinə əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə ümumilikdə 70-ə yaxın məktəb direktoru ya vəzifədən azad edilib, ya da intizam məsuliyyətinə cəlb olunub. Bu, bütövlükdə məktəb rəhbərlərinin təxminən 6-7%-ni təşkil edir ki, bu da, əslində, çox yüksək göstəricidir. Əgər sistemli nəzarət və şəffaf idarəetmə mühiti mövcud olsaydı, bu qədər pozuntu mümkün olmazdı. Ən təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu prosesdə ictimaiyyətə heç bir əsaslandırılmış hesabat təqdim olunmur. Elm və Təhsil Nazirliyi yalnız qısa press-relizlər yaymaqla kifayətlənir, konkret təhlil, səbəblər və struktur cavabdehlik barədə məlumat vermir”.

K. Əsədov sözügedən hadisələrlə bağlı nazir Emin Əmrullayevin açıqlamalarına da şərh verib:

“Bu vəziyyətdə nazirliyin rəhbəri Emin Əmrullayevin açıqlamaları bəzən daha da ziddiyyətli görünür. O, bir neçə çıxışında təhsildə problemlərin səbəbini direktorların bacarıqsızlığı, bəzən isə valideynlərin təzyiqi ilə izah edib. Bu isə idarəedici qurumun öz məsuliyyətindən yayınmaq cəhdidir. Halbuki həmin direktorları təyin edən, onların fəaliyyətinə nəzarət etməli olan da məhz Nazirliyin özüdür. Əgər seçdiyin kadrın fəaliyyətində bu qədər ciddi problem varsa, bu, ilk növbədə, sənin seçim və nəzarət mexanizminin qüsurlu olması deməkdir. Müsbət tərəfdən baxsaq, bəzi hallarda korrupsiyaya qarşı bu cür cəza tədbirləri təhsil sisteminə qorxu və məsuliyyət hissi gətirir. Direktorların qeyri-rəsmi fond yığımına son qoyulması, qeyri-formal ödənişlərin qarşısının alınması, hesabatlılıq və şəffaflığın artırılması baxımından bu addımlar faydalı ola bilər. Amma bu tədbirlər yalnız fərdi deyil, sistemli şəkildə və hüquqi çərçivədə tətbiq olunmalıdır. Əks halda, bu, yalnız “sadiq olmayanların cəzalandırılması”, “yerini dəyişmək məqsədilə aparılan kampaniya” təsiri bağışlayır. Müxtəlif bölgələrdə direktorların yerinə gətirilən yeni şəxslərin çoxunun eyni mərkəzdən seçilməsi, “loyallığa” əsaslanan təyinatların çoxalması bu prosesi islahat deyil, sadəcə klanik strukturlarla yer dəyişməsi kimi təqdim edir”.

Müsahibimiz əlavə edib ki, dünya təcrübəsinə baxdıqda, Almaniya, Estoniya, Sinqapur və Koreya kimi ölkələrdə məktəb direktorlarının təyinatı açıq müsabiqə yolu ilə aparılır və prosesdə yerli təhsil şuraları, ictimaiyyət nümayəndələri və təhsil ekspertləri iştirak edir:

“Məsələn, Estoniyada məktəb direktoru yalnız peşəkar menecer deyil, eyni zamanda, icmanın təmsilçisi kimi dəyərləndirilir və vəzifəyə başlamazdan əvvəl 6 ay müddətində idarəetmə üzrə praktiki hazırlıqdan keçir. Bu yanaşma həm idarəetmədə effektivliyi, həm də ictimai etimadı gücləndirir. Azərbaycanda isə direktor vəzifəsinə təyin prosesi çox hallarda qeyri-şəffaf, formallığa əsaslanan və fərdi təsirlərə açıq şəkildə həyata keçirilir. 2021-ci ildən tətbiq olunan müsabiqə sistemi müəyyən müsbət addım sayılsa da, müsahibə mərhələsinin nəticələri, komissiyaların tərkibi və qiymətləndirmə meyarları çox zaman ictimai əsaslandırmadan kənar qalır. Bütün bunlar nəticəsində direktor vəzifəsi ya idarəedici yükün daşıyıcısı deyil, sadəcə icraçı və formal rəhbər statusu daşıyan bir fiqura çevrilir”.

“Nəticə etibarilə, bu gün baş verən “kütləvi azadetmələr” təhsildə islahat kimi deyil, idarəetmə sistemindəki xaosun və məsuliyyət böhranının nəticəsi kimi dəyərləndirilməlidir. Əgər doğrudan da islahat niyyəti varsa, ilk növbədə direktorların fəaliyyəti üçün şəffaf mühit, sabit qanunvericilik çərçivəsi və real peşəkar dəstək mexanizmləri yaradılmalıdır. Təhsildə korrupsiyanın əsas səbəbi təkcə rüşvət alan direktor deyil, bu rüşvəti doğuran maaş sistemləri, qeyri-rəsmi fondlar, infrastruktur çatışmazlıqları və valideyn təzyiqləridir. Bunları aradan qaldırmadan direktorları kütləvi şəkildə dəyişmək, sadəcə simvolları dəyişməkdən ibarət olacaq. Əgər təhsildə inamı bərpa etmək istəyiriksə, mübarizə şəxslərlə deyil, sistemin özü ilə aparılmalı, islahatlar isə şəxslərin yox, strukturun dəyişməsinə yönəlməlidir. Əks halda, bu gün çıxarılan direktorların yerinə sabah onların eynisi gələcək və problem dövri olaraq təkrarlanacaq. Bu isə nə dövlətin, nə də cəmiyyətin maraqlarına cavab verir”, – deyə o, fikirlərini tamamlayıb.

Ardını oxu...
 

İyinun 2-də İstanbulda növbəti Rusiya-Ukrayna nümayəndə heyətinin birbaşa görüşü keçiriləcək. Gedişatdan hiss olunur ki, xüsusi bir dəyişiklik olacağına nikbin yanaşan yoxdur. Görüşə iki gün qalsa da, nəticəni əvvəlcədən söyləmək çətin deyil.

Türkiyə XİN rəhbəri Hakan Fidanın Moskva və Kiyev səfərindən sonra Ukrayna Xarici İşlər naziri Andrey Siqiba ilə birlikdə verdikləri açıqlamada eyni bir xətt vardı: “.., biz müharibəni bu il bitirmək istəyirik və atəşkəsin yaradılmasında maraqlıyıq - istər 30 gün olsun, istər 50 gün, istərsə də 100 gün - Ukrayna bunu birbaşa Rusiya ilə müzakirə etməyə açıqdır”. Yəni, iyunun 2-dən sonra nəinki müharibə bitəcək, heç atəşkəsin də yaxın aylara baş verməsi mümkün görünmür. Düzdür, bu bəyanatda Ukraynanın ən azı müharibəni ilin sonunadək davam etdirmək gücündə olduğuna da işarə var, amma müharibənin dayanmamasının bir səbəbkarı var- Putin! 

Ardını oxu...

Əslində Putin heç bu danışıqları istəmir. O nə sülh, nə də atəşkəs istəyir. Putin yay fəslinin girməsi ilə cəbhədə böyük uğur qazanmağı planlaşdırır. Putin SSRİ-Almaniya müharibəsindəki uğurları simvol kimi görür və 1943-cü ildə SSRİ-nin Kursk döyüşündən sonra Dnepr uğrunda qazandığı qələbəni bu yay təkrar etmək niyyətindədir. Həm də, Rusiyaya xas “ət müharibəsi” hesabına. O vaxt SSRİ ordusu Dnepr uğrunda 420 min canlı qüvvəsini itirmiş, 1,3 milyon isə yaralanmışdı. İndi də Dneprin sağ sahilinə çatmaq üçün Putin ənənəvi “ət müharibəsi”nə başlasa təəccüblənməyin. Psixoloqlar bu durumu Rusiya liderində “yayın gəlişi” kimi tanınan psixi xəstəliklə də əlaqələndirirlər. Rusiya hakimiyyəti üçün barışı istəməməyin daxili faktorları da var və Kremldə oturanlar bundan ehtiyat edir, hətta təhlükəli hesab edirlər. Sorğular göstərir ki, Rusiya əhalisinin 65% faizi müharibənin bitməsini istəyir. Qələbəsiz müharibənin atəşkəsə keçməsi, illərdir daxildə yığılmış gərginliyi açıq etirazlar mərhələsinə keçirə bilər. 

Ardını oxu...

Ukrayna müharibəsinin o qədər təzadlı tərəfləri var ki... Və bu ziddiyətlər, Tramp demişkən, Rusiya liderinin əlini gücləndirən kartlardır. Nədir bu açar təzadlar? Qərbi Avropanın Ukraynaya yardım edən tərəf olduğu bəllidir. Məsələ burasındadır ki, işğalın başlanmasından bəri Rusiyanın karbohidrogen ixracından Qərbi Avropadan aldığı gəlir, Ukraynaya olan yardımdan üç dəfə çoxdur. Yəni, Ukraynanın müttəfiqləri Rusiyaya yanacaqlara görə Kiyevə verdiyi yardımdan daha çox pul ödəyiblər.

Neft və qaz satışından əldə olunan gəlirlər Rusiya döyüş maşınının dəstəklənməsi üçün açardır. Genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya yanacaq ixracından 883 milyard avrodan çox (973 milyard dollar) gəlir əldə edib. Təsəvvür edin, Rusiya ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən 228 milyard avro əldə edib. Bu məbləğin ən böyük payı - 209 milyard avro Avropa İttifaqı ölkələrinin payına düşüb. Hətta, 2025-ci ilin yanvarında Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılmasına baxmayaraq, o, getdikcə artan həcmdə Türkiyə üzərindən Avropaya nəqlini davam etdirir. Hesablama mərkəzlərinə görə, qazın tədarükü 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin yanvar və fevral aylarında 26,77% artıb. 2024-cü ildə Rusiyanın xam neft ixracından əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 6%, boru kəməri qazından isə 9% artıb. Qeyd edilir ki, 2024-cü ildə Avropaya qaz ixracı 20% artıb və mayeləşdirilmiş təbii qaz ixracı rekord səviyyəyə çatıb, Rusiyanın ixracının yarısı hazırda Avropa İttifaqına gedir. Məhz, bu sadalananlar Avropa İttifaqının qəbul etdiyi 17 paket sanksiyaların az təsirə malik olduğunu sübut edir. Hər paket qəbul olunanda Kreml sözçüsü Dmitri Peskovun dodağı qaçır və bu tip sanksiyalara adaptasiya olduqlarını deyir.

Ardını oxu...

Bu vəziyyəti Avropa ölkələrinin hökumətləri yaxşı bilirlər və Rusiyanın neft hasilatı və satışı imkanlarını həqiqətən məhdudlaşdırmaq istəmirlər, çünki onlar qlobal enerji bazarları üçün nəticələrdən, xüsusən də enerji qiymətlərinin artmasından qorxurlar. Bununla belə, Qərb hökumətlərinin Kremlə neft və qaz gəlirlərin axınını dayandırmaq üçün alət və vasitələri var. Bu təsirlərin başında sanksiyalardan yayınan “kölgə donanması” gəlir.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, OPEK neftin qiymətini aşağı salarsa Rusiya müharibəni bitirməyə məcbur olar. Rusiyada neftin çıxarılması ərəb ölkələrindən də ucuz başa gəlir, odur ki, qiymətin aşağı düşməsi ilk növbədə Trampın 3 trilyon dollarlıq müqavilə imzaladığı Səudiyyə Ərəbistanına, Qatara, Birləşmiş Ərəb Əmirliyinə daha mənfi təsir edir. 

Ardını oxu...

Rusiya gəlirlərini azaltmaq üçün çıxış yolları varmı? ABŞ bu işdə açar ölkə olaraq qalır. Ağ Ev silah-sursat yardımını ikiqat artırarsa hərbi baxımdan Ukraynanın əlini gücləndirmiş olacaq və o zaman Rusiyanın daha üç vilayəti işğal etmək planı baş tutmaz. Sanksiyalar isə ənənəvi formadan çıxmalıdır. Son məlumatlara görə ABŞ Senatı gələn həftədən etibarən Rusiyaya və Rusiya neftini alan ölkələrə qarşı dağıdıcı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə baxmağa başlaya bilər. Bu, Kremlin müharibəni dayandırmaq istəməməsinə reaksiyadır. Bu barədə Kiyevdə keçirilən brifinqdə amerikalı senatorlar - respublikaçı Lindsi Qrehem və demokrat Riçard Blumental məlumat veriblər. Qrehemin fikrincə, bu yay “sülh üçün məsuliyyət” mövsümü hesab edilməlidir. Senator Avropa ölkələrinin də Rusiya qazının, neftinin alışını minimuma endirməyi tövsiyyə edib. ABŞ senatoru deyib ki, “əgər Avropa bu addımı atarsa, bu, Rusiya hərbi maşınına ciddi zərbə olacaq. Biz bu təşəbbüsləri Senatda müzakirəyə çıxaracağıq.” Senator Çini də yaddan çıxarmayıb. O, Çinə qarşı tətbiq edilən sanksiyaların bir mərkəzdən icra olunmasının vacibliyini vurğulayıb: “Çinlə bağlı sanksiyalar da koordinasiyalı olmalıdır.” Gözləyək. 

Dünya təcavüzkarın təhlükəli, aqressiv hərəkətlərini müşahidə etmək funksiyasından çıxıb onu dayandırmaq üçün bütün mümkün olan təsir vasitələrindən istifadəyə başlamasa, bəşəriyyəti daha böyük təhlükələr, təhdidlər gözləyir.

 

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

Ardını oxu...
Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü

Tariximizin ən önəmli günlərindən biri olan 28 May bu il Azərbaycanda daha möhtəşəm və yaddaqalan hadisə kimi qeyd edildi. Müstəqillik Günündə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü təkcə diplomatik baxımdan deyil, həm də rəmzi mənada mühüm əhəmiyyət daşıyırdı.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılan Laçının bu cür yüksəksəviyyəli tədbirlərə ev sahibliyi etməsi bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunduğunu göstərir. Digər tərəfdən isə Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin möhkəmləndirilməsi anlamına gəlir.
Dünya dövlətləri və onların liderləri Azərbaycanı, Türkiyəni və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələnin nəticələrinin aradan qaldırılmasında dövlətimizin başçısı İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olmasını bəyan etməsi, eynilə Pakistanla Hindistan arasında hərbi toqquşma zamanı ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz təzahürü idi. Azərbaycan özü milli və regional səviyyələrdə, Türkiyə ilə birlikdə regional və qismən qlobal müstəvidə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə mövqeyini ortaya qoyur, müəyyən nəticələr əldə edir. Amma artıq Azərbaycan-Türkiyə-Pakistan birliyi regional səviyyədə nəticəyönümlülüyü qətiləşdirəcək, qlobal səviyyədə potensialı artıracaq.
Laçın Zirvə görüşünü mahiyyət etibarilə 2021-ci ilin iyunundakı Şuşa görüşü ilə müqayisə etmək olar. Şuşa Bəyannaməsinin imzalandığı həmin görüş regionda revanşizmə yol verilməyəcəyinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edəcəyinin, Azərbaycan ərazisindən bütün yad silahlı qüvvələrin çıxarılacağının təminatı olmuşdu. Bu mənada, Laçın Zirvə görüşü və üçtərəfli münasibətlərin yeni səviyyəsi regionda Azərbaycanın haqlı olaraq irəli sürdüyü digər məsələlərin də həllini tapacağının təminatıdır.
Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: “Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha səmərəli mövqenin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 

Dünyapress TV

Xəbər lenti