Ardını oxu...
Milli Məclisdə pensiyaların düzgün hesablanmaması səbəbindən vətəndaşlara artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı nüanslar müzakirə olunub. Belə bir açıqlama ilə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.

Deyib ki, Azərbaycan parlamenti “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb. Dəyişikliklər arasında 2020-ci ildən qeyri-qanuni yolla alınan “əlavə” pensiyanın ödənilməsi də var. 2020-ci ilə qədər vətəndaşlara ödənilən pensiya və aylıq əlavələr üzrə artıq hesablamalar hələ də geri qaytarılmayıb.

Bayramovun sözlərinə görə, onlar müvəqqəti amnistiyaya məruz qalıblar: “Qaydalara görə, bu məbləğ əmək pensiyasını təyin edən orqanın (Dövlət Sosial Müdafiə Fondu - red.) qərarı əsasında, əmək pensiyaçısının razılığı ilə və ya məhkəmə qaydasında tutulacaq. Dəyişikliklərə əsasən, yalnız son üç ildə alınmış pensiyaların artıqlığı qaytarılmalı, qanunsuz hesablanmış pulun ödənilməsi üçün hər ay tutulan məbləğ əmək pensiyasının 20 faizindən çox, lakin 10 faizdən aşağı ola bilməz”

TEREF.AZ-ın məlumatına görə, belə hallar olur ki, pensiya və ya müavinətin məbləği yuxarı götürülür və bu cür artıq ödənişlər adətən geri qaytarılır. İqtisadçı ekspert Rauf Qarayevin AYNA-ya şərhinə görə, söhbət bəzi vətəndaşlarımızın pensiyalarının Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən qeyri-düzgün hesablanması ilə bağlı artıq ödənilmiş vəsaitin dövlətə qaytarılmasından gedir: “Bu, yalnız üç il ərzində alınan pensiyalara aiddir. Məsələn, 2023-cü ildə məlum oldu ki, təqaüdçüyə - deyək ki, onun adı Əlidir - 2021-ci ildə üç min manat artıq pul alıb. Qanunvericilik dəyişiklikləri qüvvəyə mindikdən sonra Dövlət Sosial Müdafiə Fondu bu pulu geri tələb edə bilər. Əgər təqaüdçü “əlavə” pensiyanı könüllü olaraq qaytarmağa razı deyilsə, məsələ məhkəmə yolu ilə həll olunacaq”.

“Qanunvericiliyə edilən dəyişikliklərdə aylıq kompensasiya limiti də nəzərə alınır - bu, pensiyanın 10%-dən az və 20%-dən çox ola bilməz. Bu ssenaridə Əli pensiyanın 80-90 faizini alacaq, qalan pul isə ona səhv hesablanmış üç min manatı ödəməyə gedəcək”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu, adətən tətbiq olunur: “Yanlış hesablamalara yol verən Fond işçilərinin niyə məsuliyyətə cəlb edilməməsi ilə bağlı suala gəlincə, bu, hələ sübuta yetirilməli və dəqiqləşdirilməlidir. Qanuna görə, təqaüdçünün günahı yoxdur. Amma DSMF əməkdaşı səhv edə bilər, sistem sıradan çıxa bilər. Elə hallar olur ki, mühasibatlıq şöbəsi səhvən işçiyə lazım olandan artıq maaş verir, sonra isə bu məbləğin qaytarılmasını tələb edir”.

Bu arada, Rusiya hüquq praktikasında pensiyanın artıq ödənilməsi əsassız zənginləşmə kimi tanınır və bu, yalnız iki halda onu qaytarmaq öhdəliyinə səbəb olur. Birincisi, təqaüd alan şəxsin vicdansızlığıdır (ona vacib faktları bildirmək zərurəti barədə rəsmi məlumat verilib, lakin bunu məqsədli şəkildə etməyib və Pensiya Fondu bunu məhkəmədə sübut etməlidir). İkincisi, pensiyaçının təqsiri üzündən hesablamalarda səhv aşkar edilib. Hesablamalarda səhv DSMF əməkdaşının təqsiri üzündən baş veribsə və pensiya və müavinətlər gözləniləndən artıq məbləğdə ödənilibsə, o zaman vətəndaş artıq ödənişi qaytarmağa borclu deyil.

TEREF.AZ-ın məlumatına görə, “Xidmət İş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov AYNA-ya açıqlamasında DSMF əməkdaşlarının qanunsuz pensiya hesablanmasına görə hüquqi məsuliyyət nəzərdə tutulacağı halda, bu qərarı düzgün adlandırıb: “Bir az əvvəl yüzminlərlə vətəndaşın ikinci və üçüncü əlillik qruplarına görə pensiyaların qanunsuz hesablanması ilə bağlı məlumatlar vardı. Təqaüdlər ləğv edildi, ödənilən məbləğlərin tutulması amnistiyaya məruz qaldı, çünki intriqa geniş əks-səda doğurdu və yəqin ki, daha da şişirtmək istəmədilər”.

“Görünür, belə qərara gəliblər ki, vətəndaşın günahı yoxdursa, o zaman bu ödənişlər silinə bilər. Çox təəssüf ki, ikinci və üçüncü qrup əlilliyə görə təqaüd təyin edilərkən çoxlu nadanlıqlara yol verilirdi. İndi bu problem əmək pensiyaları sahəsinə sirayət edib”, - deyə ekspert vurğulayıb.

Eyni zamanda, belə bir miqyasda heç kimin kiməsə həddindən artıq pul hesablamayacağı da aydındır. Ona görə də hər şeylə yanaşı, DSMF-in işçilərinin dezinformasiyaya, saxta pensiya təyinatına görə cinayət məsuliyyətinə cəlb edilməsinə qədər hüquqi məsuliyyətini gücləndirmək lazımdır. Əks halda birdən məlum olacaq ki, ölkənin yarısı ikinci qrup əlildir. Bu, çox böyük biabırçılıqdır, ona görə də müvafiq idarənin əməkdaşlarından başlayaraq işləri qaydaya salmaq lazımdır.
 
Ardını oxu...
“Azərbaycanda iş tapa bilməyib, son çarə xaricdə işləmək istədim. Nəticədə pulumdan da oldum, vaxtım da getdi, hələ də işsizəm”, – bu sözləri AzadlıqRadiosuna xaricdə iş vədlərinə inanıb aldadıldığını deyən Ceyhun Mirzəyev bildirib.

Şokolad fabrikində, avtomobil zavodunda iş imkanı…
Azərbaycanda rəsmi rəqəmlərə görə, işsizlərin sayı 307 min nəfərdir, yəni, işsizlik səviyyəsi 5.76 faizdir. Ancaq müstəqil iqtisadçılar bu rəqəmlərin daha çox olduğunu istisna etmirlər. 29-yaşlı Ceyhun Mirzəyev də işsiz Azərbaycan gənclərindən biridir. O, ali təhsil almasa da, usta yanında maşın təmirini öyrənib və uyğun işlərdə çalışıb. Lakin gəlirin azlığı, iş imkanlarının çətinliyindən təngə gələn Mirzəyev internetdə gördüyü “xaricdə iş” elanı ilə maraqlanıb. O deyir ki, bir müddət sonra bu marağı başına oyun açıb.

“500 dollar ilkin ödəniş şərti ilə iki aya xaricdə işləməyə göndəriləcəyi yazılmışdı. Facebook-da da bu şirkətin paylaşımlarına baxanda xaricdə işlə təmin edilmiş vətəndaşları və onların rəsmi sənədlərini gördüm. İnanmamaq qeyri-mümkün idi. Bir az da mənim kimi savadsız adamların gözünü boyamaq asandır. Borc-xərc 500 dolları tapıb, soyadını bilmirəm, amma adı Orxan olan birinə ödədim. Mənə Almaniya, Çexiya, Polşada yerləşən şokolad fabrikləri, Norveçdə balıq fabriki, Estoniyada, Amerikada avtomobil zavodu, Varşavada metlax ustası və ev təmiri ilə bağlı işlərdən birini seçmək şansı verildi. Mən də az-çox başım çıxan avtomobil işini istədim. Əlavə 245 manat da ödəniş etdim. Müqaviləyə əsasən, vizam 45 günə hazır olacaqdı. 45 gün oldu dörd ay, uzun müddət xəbər çıxmadı”, – Mirzəyev bildirib.

Ceyhun Mirzəyevin sözlərinə görə, bu xəbərsizlik onun ürəyinə şübhə toxumu səpib. Orxan adlı həmin şəxs də onun ardıcıl zənglərini cavabsız qoyub, “Əhmədli” metrostansiyası yaxınlığında görüşdükləri evə isə dəfələrlə getsə də, üzünə qapı açan olmayıb.

“Kasıbın belindən vuran çox olar. Sonradan öyrəndim ki, mənim kimi güclə çörəkpulu qazanan beş-altı adamı aldadıb. Şikayət eləyiblər onlardan bəziləri. Hələ ki, cavab yoxdur. Amma ümidimi kəsməmişəm, çünki eyni formada camaatı aldadanların həbs edildiyini gördük televizorda xəbərlərdə…”, – o söyləyib.

Ölkədən iş dalınca çıxıb əliboş qalanlar
Əli Əliyev xaricdə işə düzəltmə şirkətinin vasitəsilə 2021-ci ildə Polşaya üz tutub. 1000 dollara yaxın xərci çıxan Əliyev Varşavaya çatdıqdan sonra işləməyi nəzərdə tutulan müəssisənin rəhbərliyi telefon zənglərini açmayıb. Bir həftə sonra aldadıldığının fərqinə varan Əliyev son pulu ilə bilet alaraq Azərbaycana geri qayıtmağa məcbur qalıb.

“Aylıq 600 manat gəlir ilə beş nəfərlik ailəni saxlamağa çalışırdım. Bakıda yaxşı maaşlı iş olsa, neynirəm 45 yaşında xaricə getməyi. Amma yox idi, dörd il universitet oxuyub güc-bəla iş tapmışdım, 20 ildir də orada işləyirdim. Polşada aylıq 5 min manata qədər qazancı olan iş təklifi məni şirnikləşdirdi. Uşağımın universitet ödənişi üçün ayırdığım pulu verdim ki, qazanıb Bakıya göndərərəm. Rəsmi müqavilə də bağladıq. Getdim ki, Varşavada zavodda qaynaqçı işləyim. Bakıda olanda internet ilə danışdığım nömrə cavab vermədi Varşavadan zəngə. Bir həftə küçə-küçə gəzdim, nə elə zavod var, nə də Bəhruz adlı zavod rəhbəri. Kor-peşman qalan pulum ilə Bakıya gəldim. Sonradan bilmişəm ki, saxta imiş. Ona sevinirəm ki, Varşavadan məni Azərbaycan hökuməti saxta sənədə görə həbs etmədi”, – o, AzadlıqRadiosuna söyləyib.

Müsahibimiz deyir ki, eyni adamın yalanına qurban olan 20 nəfər ilə birgə şikayət ediblər. Onlara deyilən son məlumata görə, istintaqın nəticəsinə uyğun olaraq verdikləri pulun qaytarılması nəzərdə tutulur. Lakin istintaqın nə vaxt başa çatacağı bəlli deyil.

Xaricdə iş adı ilə aldadılanların sayı az deyil
2020-ci ildən bugünə kimi hüquq-mühafizə orqanlarının və medianın məlumatına əsasən, xaricdə işədüzəltmə şirkətlərinin aldatdığı şəxslərin sayı 200-ə çatıb. İl keçdikcə zərərçəkənlərin sayının artdığı müşahidə olunur. Belə ki, 2020-ci ildə 40 nəfərin zərər çəkdiyi rəsmi şəkildə təsdiqlənib, 2021-ci ildə isə bu say 70 nəfərə yüksəlib.

AzadlıqRadiosu Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan xaricdə iş adı ilə zərərçəkmiş şəxslərin, eləcə də bununla bağlı məsuliyyətə cəlb edilənlərin ümumi sayını öyrənə bilməyib. Bu qurumların rəsmi saytlarında bununla bağlı statistika yoxdur. DİN sonuncu dəfə 2022-ci ilin noyabrında Bakı sakini Anar Rzayevin dörd nəfərin müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsədiyini açıqlayıb. 2021-ci ildə 35 nəfəri digər ölkələrdə iş ilə təmin edəcəyini deyərək 141 min manat mənimsəyən Ruslan Tağıyev barədə cinayət işi başladılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses bitəndən sonra Tağıyevin aldığı cəza barədə ictimaiyyətə hər hansı informasiya açıqlanmayıb. İki il öncə eyni şəkildə 31 şəxsi aldadan Vüsal Məmmədov barədə cinayət işi açılıb. Lakin istintaqın nəticəsi barədə məlumat əlçatımlı deyil.

Qanun nə deyir

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) tələb edilir. Xüsusi razılıq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Xarici ölkədə işə düzəlməsi haqqında xarici işəgötürənlə imzalanmış müqavilə sözügedən nazirlik tərəfindən təsdiq edildikdən sonra vətəndaşlar həmin müqavilə əsasında xarici ölkəyə işləməyə göndərilə bilər.

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması ilə bağlı cəza ötən il sərtləşdirilib, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, müxtəlif ölkələrə iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları ƏƏSMN-ə təqdim etməyən şirkətlər 500- 1000 manat arası cərimə oluna bilər.

Xaricdə işə düzəltmə adı ilə insanları aldadan şəxslərə dələduzluq, mənimsəmə, rəsmi sənədi saxtalaşdırma maddələri ilə cinayət işi açıla bilər. Onlar 1000 manatdan 2000 manatadək cərimələnə, ictimai, islah işləri, 2 ilədək azadlığın məhdudlaşdırılması, yaxud 2 ilədək azadlıqdan məhrum etməyə məhkum oluna bilər. Ancaq cəzalandırma üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan bundan az olduqda şəxs yalnız inzibati məsuliyyətə cəlb olunur.

Cinayət işləri niyə açılmır
Hüquq müdafiəçisi İlkin Qasımlının sözlərinə görə, hüquq-mühafizə orqanları xaricdə işədüzəltmədə rast gəlinən dələduzluq faktları ilə bağlı cinayət işləri başlamaqda maraqlı deyil, təsadüfi hallarda başlanır. Bir çox hallarda cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilir və vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi məsləhət görülür.

“Bu da ona işarə verir ki, vətəndaşa 500 manatadək, eləcə də 500 manatdan artıq məbləğdə ziyan vurularkən əksər hallarda günahkar şəxs cinayət məsuliyyətindən kənarda qalır. Məbləğ nəzərə alınmadan cinayət işi açılmalıdır, hazırkı cəza isə artmalıdır. Azərbaycan hüquq müstəvisində həbs müddəti artırılan işlərdə cinayətlərin azaldığı müşahidə edilir. Boşluqlar da aradan qaldırılmalıdır. Məsələn, ƏƏSMN hansı müəssisəni qeydiyyata alıbsa, bu barədə bütün aidiyyəti qurumlar – Miqrasiya İdarəsi, DİN, Prokurorluq, Vergi Xidmətinə məlumat verməli, insanlar arasında maarifləndirmə işləri aparılmalıdır”, – o söyləyib.

Zərərçəkənlər ilə yanaşı, xaricdə işləmək istəyənlər də artır
Bakının Yasamal rayonunda xüsusi icazə ilə fəaliyyət göstərən xaricdə işədüzəltmə şirkətindən AzadlıqRadiosuna bildirilib ki, hər ötən müddətdə Azərbaycan vətəndaşlarının digər ölkələrə iş dalınca getmək istəyi artıb: “2020-ci ildə 110, 2021-ci ildə 230 nəfər xaricə işləməyə gedib. Ölkədə iqtisadi-sosial durum pisdir, hökumət də bu adamların işsiz qalmaması üçün xaricə getməsində maraqlıdır. Əsasən Almaniya, Polşa, Çexiya, Niderland, Belarusda əməkdaşlıq etdiyimiz yerli və xarici şirkətlərə göndəririk. Müharibəyə qədər Rusiya ilə Ukraynaya da gedənlər var idi. Son altı ayda onların sayı kəskin azalıb”, – deyən rəhbərlik bu ilin ilk beş ayında 130 nəfərin xaricdə işlə təmin olunduğunu vurğulayıb. Şirkətin beş illik fəaliyyət dövründə isə minlərlə gəncin xaricə gedib ölkəyə qayıtmadığı bildirilir.

Bu şirkətin əməkdaşlıq etdiyi, Almaniyada yerləşən, təsisçilərindən biri azərbaycanlı olan şirkətdən bildirilib ki, onlara iş üçün müraciət edən azərbaycanlıların sayı ilbəil artır. Şirkət təmsilçisi aldadılan insanların sayının da paralel artdığını qeyd edir: “Ən çox azərbaycanlılar və gürcüstanlılarla işləyirik. Azərbaycanlıların çoxu yoxsulluqdan buraya gəlib, işləyərək özlərini yaxşı saxlaya bilir. Amma xaricdə iş adı ilə ən çox aldadılanlar da elə azərbaycanlılardır. Neçəsi gəlib qapımızı döyür ki, kömək edək. Biz isə qanunsuz gələnləri himayə etmirik deyə, razılaşmırıq. Digər dövlətlər vətəndaşlarının qədrini daha çox bilir”.

Xaricdə işədüzəlmə əslində necə qurulmalıdır
İşədüzəltmə üzrə mütəxəssis Abdulla Hüseynli AzadlıqRadiosuna digər ölkələrdəki işədüzəltmə proqramlarının Azərbaycandakı sistemdən fərqli olduğunu deyir. Məsələn, Türkiyədə bu iş özəl məşğulluq agentliklərinin səlahiyyətindədir, dövlət yalnız vətəndaşının məhkumluq və indiyə kimi aldığı cəzaların siyahısını təqdim edir. İnkişaf etmiş ölkələrdə iqtisadi duruma görə yox, sadəcə maraq üçün xaricə işədüzəltmə layihələri var: “Bizim ölkədə isə dövlətin nəzarətindədir. Dövlət kimə istəsə səlahiyyət verir ki, belə bir şirkət açsın. Kimi bəyənsə, icazə verir ölkədən xaricə getsin. Halbuki ali təhsilli şəxslər böyük şirkətlərə göndərilə bilər dövlət xətti ilə. Təhsilsiz, sadəcə qazanc üçün getmək istəyənlər isə özəl işədüzəltmə şirkətlərinin vasitəsi ilə iş tapa bilər. Vətəndaşın aldadılmamasından ötrü monitorinq xarakterli nəzarət həyata keçirilə bilər. Bizim vətəndaşlar üçün xaricdə təklif edilən iş və maaş da xüsusi araşdırılsa, yaxşı olar. Çünki praktikada miqrantların əmək istismarı halları da olub”.

Bəlkə bir gün…
Ceyhun Mirzəyev yeni doğulan körpəsinin yaxşı böyüməsi üçün iş axtarışındadır. Deyir, pulunu geri alandan sonra bu dəfə yaxşı araşdırdığı şirkətə üz tutacaq və xaricdə işləməyə gedəcək.

“Uşaqpulunu da çox gördükləri bir ölkədə işləmək istəmirəm. Bəlkə, bir gün ölkə düzəlsə, qayıdarıq, düzəlməsə, elə getdiyim ölkədə də qalaram. Amma iş yerləri çoxalsa, heç kim yurd-yuvasından didərgin düşməz”, – o söyləyir.
 
Ardını oxu...
 
 

 Yusif Babazadə 2015-ci ildə xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində ona ayaq ölçüsündən daha balaca hərbi çəkmə verdiklərini, uzunmüddətli istifadə nəticəsində isə sol ayağının baş barmağının qanqren olduğunu deyir. Bundan sonra o, Dövlət Sərhəd Xidmətinin Hospitalına göndərilib.

 

Y. Babazadə bildirir ki, əlillik dərəcəsi ala bilmək üçün Əlillərin Bərpa Mərkəzinə müraciət edib. Onun sözlərinə görə, ikinci qrup əlil kimi pensiyanı, elə iki il ala bilib. Bununla da pensiyası kəsilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov deyir ki, Y.Babazadənin tibbi göndərişi aidiyyatı tibb müəssəsi tərəfindən göndərilmədiyi üçün kəsilib.

Şikayətçi təkrar tibbi göndəriş almaq üçün Astara rayon Mərkəzi xəstəxanasına müraciət etdiyini, lakin bu sənədi ala bilmədiyini deyir. Sözügedən tibb müəssəsinin poliklinika şöbəsinin müdürü Gülnar Muxtarova isə bunun səbəbini belə izah edir ki, vətəndaşınhazırkı səhhəti əlillik təyinatına uyğun gəlmir.

Y.Babazadə yenidən əlillik dərəcəsi ala bilmir. Deyir, hələki döydüyü bütün qapılardan əliboş geri dönür.

Toplum TV

 

XalqXeber.Az
Ardını oxu...
Yola saldığımız köhnə il insanların bir-birinə qarşı neqativ davranışları ilə yadda qaldı.

Məktəblilərin sinifdə etdikləri davranış pozuntusundan tutmuş adi bir sözü "çəp" gəldiyinə deyə bir-birini bıçaqlayanlar, öldürənlər, "söhbətə çağıranlar" oldu.

Ailədaxili münaqişələr isə siyahıda ön cərgədədir. Vəziyyət elə həddə çatıb ki, insanlar bir-birinə amansız davranmasına, qətl, cinayət xarakterli əməllər törətməsinə haqq qazandırlar. Bu da növbəti belə davranışlar üçün zəmin yaradır. Yəni ildə hər kəsi düşündürən bir sual var. Yaranmış gərginliyi aradan necə qaldırmaq olar? DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, bu artıq cəmiyyətdə alışqanlıq həddinə keçib: "İnsanlar rahatlıqla o qədər birini öldürə, zərər yetirə bilirlər ki, bunu elə belə olmalıymış kimi qəbul edirlər. Yəni sıraradan, adi, bəsit davranış növü kimi qəbul edirlər. Kimin sözü, davranışı kimin xoşuna gəlmir, kim kimi həzm etmir, həmin dəqiqə silaha əl atır. Əvvəllər daha çox mətbuata odlu silahdan atəş açaraq digərinə zərər yetirmə xəbərləri çıxırdı. İndi bunlar yoxdur, yerini "soyuq” silahlar alıb. Mətbəx bıçağı, professional bıçaq və s. fərq eləmir. İndi məktəbli uşaqların belə çantasında bıçaq var. Çox üzülərək, təəssüflənərək etiraf edim ki, cəmiyyət bundan da betər yola doğru gedir. Getmir əslində, qaçır. "Bilinməzə", çuxura doğru o qədər sürətlə qaçır ki… Biz qarşısını ala bilmirik, önünə keçə bilmirik. Barmaqla sayılacaq az insan bundan narahat olur. İki gənc bir-birini bıçaqlayırsa, insanlar sadəcə başını yelləyərək, təəssüf etdiklərini bildirərək buna münasibət göstərirlər”.

Sosioloq bildirib ki, kimsə səbəblər axtarmır, bunun altında yatan gizlinlər barədə maraqlanmır:

“Kimsə həll yolları barədə maraqlanmır. Gərək cəmiyyətə göndərilən hər uşağın valideyni onun məsuliyyətini, davranışını əslində özünün davranışı olduğunun fərqinə vara. Valideyn nə cür tərbiyə verirsə, bu, onda özünü göstərir. Bəzən valideynlər məktəbi günahlandırırlar".

Sosioloqun fikrincə, müəllimlərin haqqı o qədər əllərindən alınıb ki, onlar artıq tərbiyə məsələsinə qarışa bilmirlər:

"Yalnız təhsillə kifayətlənməli olurlar. Bəzən təhsil prosesi çərçivəsində uşağa irad bildirən müəllimin özünə belə valideyn hücum edir. Əvvəllər belə halda valideyn müəllimin sözünün üstünə söz demirdi. Bu da haqlı olaraq müəllimə qarşı böyük simpatiya yaradırdı. Amma indi valideyn öz övladına o qədər ixtiyar verib ki, uşaqlar özündə istənilən şəxsi alçalda, istənilən şəxsə qarşı zorakılıq etmək iqtidarı görür. Uşaqlarin tərbiyəsində valideynlər bu qədər boşluq buraxır, bu elə də davam edəcək".

Lalə Mehralı hesab edir ki, bundan ağır vəziyyət gözlənilir:

“Belə davam etsə, uşaqlarımızın əksəriyyəti islah-əmək kaloniyalarına göndəriləcək. Bəziləri torpaq altına gedəcək. Yeniyetmələr o qədər bir-birinə qarşı amansız olublar ki, bu amansızlıq onlarda hardan yaranıb, niyə bu qədər qəddarlıq edirlər, bunun köku araşdırılmır. Əslində çox çeşid səbəb var. Bunu araşdırmaq üçün böyük qrup yaratmaq lazım gələcək. Bunun üçün institutların ixtiyarları artırılmalı olacaq. Dövlət sosioloq, psixoloq və digər aidiyyətlilərə imkanlar yaratmalıdır ki, cəmiyyəti bu çuxura gömülməkdən xilas etsinlər. Əgər belə davam etsə, barmaqla sayılacaq nümunəvi gənc qalacaq. Sözlərimi ona görə daha çox gənc nəsilə samil edirəm ki, yaşlı nəsil davranış pozuqluğu, səhv davranış nümayiş etdirdiklərini zamanla qəbul ediblər. Yaşlı nəslin nümayəndələri "əslində necə olmalı idi, necə oldu"nu dərk edirlər. Düşünürəm ki, daha çox gənclər təhlükədədir".
Ardını oxu...
Yanvarın 1-dən əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbukda yazıb.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb.
“Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq.
Bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq ediləcək.
Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub”, – R.Nəbiyev vurğulayıb.
 
 
 
Ardını oxu...
Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1600 manat;
2 ilədək - 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1400 manat;
2 ilədək - 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1200 manat;
2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
 
 
Ardını oxu...
Get-gedə ağırlaşan beynəlxalq iqtisadi sanksiyalar altında olan Rusiya və İran bir-biri və özləri kimi sanksiyalarla üzləşən ölkələrlə birlikdə ticarətin cəza tədbirlərini kompensasiya etməyin yollarını axtarırlar.

Beynəlxalq bank sistemindən, ixrac bazarlarından, beynəlxalq resurs və texnologiyalardan qoparılmış bu ölkələr öz ticarət münasibətlərini möhkəmləndirməyə, Şimali Koreya, Belarus, Venesuela və Birma kimi təcrid olunmuş ölkələrlə iqtisadi əlaqələr qurmağa çalışır.

“Alıb-satmaq istədikləri məhsulları yoxdur”

Ancaq ekspertlər deyir ki, bu qəbildən olan dövlətlər Qərbə qarşı durmaq üçün razılığa gəlmək istəsələr də, aralarında uzun zamandan bəri mövcud olan rəqabət, logistik çətinliklər və məhsullarının oxşarlığı hər hansı blok yaratmağa imkan vermir.

“Onlar coğrafi baxımdan bir-birinə yaxın deyil. Bir-birindən alıb-satmaq istədikləri məhsulları yoxdur. Üstəlik, bir-birini sevmirlər. Bu, içində olmaq istəmədiyiniz bir klubdur”, – ABŞ Xəzinədarlıq Departamentinin keçmiş əməkdaşı, hazırda “Castellum.A.I” konsaltinq şirkətinin baş icraçı direktoru (CEO) Piter Pyatetski (Peter Piatetsky) deyir.

İran sanksiyaların aradan qaldırılacağını gözlədiyi halda ilin əvvəlində ABŞ və Avropa İttifaqının (Aİ) yeni sanksiyaları ilə üzləşdi. Bu sanksiyalar ilk növbədə Tehranın Ukraynaya qarşı hücumda Rusiyanı dəstəkləməsi və ölkə daxilində hökumət əleyhinə etirazları amansızlıqla boğması ilə bağlıdır.

Ancaq Ukraynada müharibədən öncə də Tehran və Moskva sanksiyalardan yayınmaq üçün ticarət sövdələşmələri haqda düşünürdü.

Rəisinin vədi
“Həm İran, həm də Rusiya sanksiyaların hədəfindədir və onlar bu imkandan faydalana bilərlər”, – İranın Neft Nazirliyi yanvarda paylaşdığı tvitdə yazırdı. Həmin dövrdə rəsmilər Moskvada görüşərək iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edirdilər.

Noyabrda Tehranda Rusiya nümayəndə heyətini qəbul edən İran Prezidenti İbrahim Rəisi Moskva ilə əlaqələri “strateji” səviyyəyə qaldırmağa söz verib. O bunu “ABŞ və müttəfiqlərinin sanksiya və sabitliyin pozulması siyasətinə ən qətiyyətli cavab” adlandırıb.

Rusiyanın Ukraynaya qarşı aqressiyasını dəstəklədiyi və 2020-2021-ci illərdə ölkə daxilində hökumət əleyhinə etirazları boğduğu üçün sanksiyalara məruz qalan Belarus da bu il Moskva və Tehranla ticarət müqavilələri imzalamağı faydalı sayıb.

2014-cü ildə ölkə daxilindəki etirazları boğduğu üçün ABŞ və Aİ sanksiyalarına məruz qalan Venesuela bu il Tehranla 20 illik əməkdaşlıq müqaviləsi imzalayıb.

Çin
Hazırda “TD International” risk kəşfiyyat şirkətində aparıcı vəzifə tutan ABŞ hökumətinin keçmiş kəşfiyyat işçisi Bencamin Tsay (Benjamin Tsai) deyir ki, Belarus və Venesueladan başqa Şimali Koreya, Suriya və Myanmanın (Birma) da Rusiya və İranla ticarət əlaqələrinin olduğu bəllidir.

Onun sözlərinə görə, Çin “Rusiya və İrandan enerji idxaləndan faydalanır”, ancaq “Rusiya və İranı diplomatik və ideoloji məcralarda dəstəkləməklə yanaşı sanksiyaları pozmadan incə balans oyunu oynayır”. Tsai bunu Qərblə əlaqələri kəsməyin Çinə baha başa gələcəyi ilə izah edir.

Maraqlıdır ki, Rusiyanın Çinə daha çox neft ixrac etmək üçün qiymətləri aşağı salması İranın bazarına mane olur.

Çinlə Rusiya sentyabrda İranı rəhbərlik etdikləri Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv kimi qəbul etməyə razı oldular. Bu addım həm də ticarət əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.

Dollarsızlaşdırma
Sanksiya altında olan dövlətlər beynəlxalq yükdaşıma və maliyyə xidmətlərindən də yararlana bilmirlər. Buna görə də onlar öz aralarında ticarət üçün müxtəlif üsullara əl atırlar.

“Onlar barter, yaxud ABŞ dolları tələb etməyən ticarət növlərinə müraciət edə bilərlər. Məsələn, Qərbin sanksiyaları Rusiyanın ikitərəfli ticarətdə Çin yunanından istifadəsini artırıb. Rusiya qurumları eyni zamanda kriptovalyutalarla sanksiyalardan yayınmağa çalışırlar”, – Tsay deyir.

Rusiya və İran uzun zamandır ki, ABŞ dolları ilə aparılan ticarətdən yayına bilmək üçün alternativ valyuta yaratmağı götür-qoy edirlər.

Rusiya 2014-cü ildə Ukraynaya məxsus Krım yarımadasını ilhaq edəndən sonra sanksiyalara məruz qalmasından bəri SWIFT-in yerinə öz bank sistemindən istifadəyə cəhd edib.

Bu il Rusiya və İran dollarsızlaşdırma məqsədilə ikili ticarəti öz milli valyutalarında aparmaq və özlərinin elektron bank ödəmə sistemlərini – “Mir” və “Şetab”ı inteqrasiya etmək yönündə addımlar atıblar.

Ticarət alınmayanda…
İranla Rusiyanın sanksiya altında olan dövlətlərlə birbaşa ticarəti alınmayanda hərbi məhsullar, texnologiya və nou-hau mübadiləsinə əl atmağa başladılar.
ABŞ Şimali Koreyanı Rusiyanı hərbi sursatla təchiz etməkdə günahlandırır. İransa Rusiyaya Ukraynada istifadə üçün döyüş və “kamikaze” dronları satıb. Britaniya Rusiyanı İrana bunun əvəzində “müasir hərbi hissələr” verməkdə suçlayıb.

Ancaq Pyatetski deyir ki, bu cür sövdələşmələri kənara qoysaq, İran, Rusiya və sanksiya altında olan digər dövlətlərin özlərinin kənardan idxal etmədikləri, ticari dəyəri olan məhsulları yoxdur.

“…Bəli, bir-birinizlə iş görə bilərsiniz. Ancaq sənin qarşı tərəfə lazım olan bir şeyin yoxdur”, – Pyatetski deyir.

Əngəllər
Rusiya, İran və Belarusun hər üçü enerji istehsalçısıdır. Rusiyanın Hindistan və Çinə neft satışları isə İranın ixracatına mane olur. Həm Rusiya, həm də Belarus aparıcı gübrə ixracatçılarıdır. Bu isə Belarusun əsas ixracat məhsulu olan potaş (kalium mineralları) satışına əngəl yaradır. Rusiyanın daxili avtomobil sənayesi ciddi problemlərlə üz-üzədir. Tehran bu ölkəyə avtomobil və hissələr satmağa cəhd etsə də, İran maşınlarının təhlükəsizlik standartlarına uyğun olmamaqda ad çıxarması bu sövdələşməni şübhə altına alır.

Ötən il Moskva Tehrana təyyarə ixracı barədə razılığa gəlib. Ancaq bu sövdələşmə də sual altındadır.

“Rusiyada adamlar İran maşını sürmək, İranda isə insanlar Rusiya təyyarəsində uçmaq istəmirlər”, – Pyatetski deyir.

“Bu cür sanksiyalardan yayınma tədbirləri … rejimin ayaqda qalmasına kömək edə bilər, amma iqtisadi artıma yol açmayacaq. Sanksiya altında olan dövlətlərin bu “blokunun” Qərblə hər hansı şəkildə iqtisadi rəqabət apara biləcəyi ağlasığmazdır”, – Tsay deyir.
pressklub.az
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1800 manat dövlət rüsumu müəyyənləşib. Bu halda 15 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat dövlət rüsumu alınacaq.

Qanuna görə, 20 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1200 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat dövlət rüsumu müəyyənləşib.

Yuxarıda qeyd olunan müddətlər 2023-cü il yanvarın 1-dən 5 il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 5 iş günü azaldılmaqla tətbiq ediləcək.

Miqrasiya Məcəlləsinə əlavə edilən yeni – 69.1-1-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna ilə, qüvvədə olan qanunvericiliyə əsasən yenə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumi əsaslarla iş icazəsi 1 il müddətinə verilə, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə görə iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyaya keçirilir. Dəyişiklik bu qayda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tətbiq ediləcək.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
Ardını oxu...
“Əmək pensiyaları haqqında” Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər verir ki, həmin şəxsin heç bir stajı olmadıqda belə, o, pensiya hüququ qazanır.

Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.

Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur.

Yəni, qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.
Ardını oxu...
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.
 

Dünyapress TV

Xəbər lenti