Ardını oxu...
Ölkəmizə relokasiya edən əcnəbi İT mütəxəssisləri nə gözləyir ?
Ötən ilin sonu Prezident İlham Əliyev
İKT sektorunda genişmiqyaslı güzəştləri nəzərdə tutan bir neçə qanuna dəyişiklikləri təsdiqləyib.
Bu dəyişikliklər nəticəsində İT sahəsindəki şirkətlərə, fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara ciddi vergi güzəştləri tətbiq ediləcək.
Bu güşətlərə əsasən əcnəbi İT mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün şirkətlər tərəfindən iş icazəsinin alınması da tələb olunmayacaq.
Media üçün də maraqlı olacağını düşünərək güzəştlər paketinin əhəmiyyəti haqqında qısa olaraq aşağıdakıları bildirmək istərdim.
1. Qonşu ölkələrdə bu tip güzəştlər bir xeyli öncədən qəbul edilib. Həmin ölkələrə Rusiya, Belarus və Ukraynadan xeyli İT mütəxəssislərin relokasiyası da baş tutub.
Bizim ölkəmizdə gec də olsa dəyişikliklər paketinin qəbulu çox əhəmiyyətlidir və bəzi ölkələrlə bu sahədə rəqabətədavamlılıq üçün münbit şərait yaradacaq.
Bununla rəqəmsal sahibkarlığın inkişafı stimullaşdırılacaq, "beyin axınının" qarşısını almağa kömək olacaq.
Sektorda yeni , rəqəmsal sahibkarlıq mədəniyyəti formalaşacaq.
Dəyişikliklər gələcəkdə ölkəmizin regionda İKT Mərkəzə çevrilməsinə də töhfə verəcək.
2. Əcnəbi İT mütəxəssis və şirkətlər üçün münbit şəraitin yaradılması sektora investisiyaların cəlbi, yerli İT kadrların hazırlanmasının sürətlənməsi və peşəkarlığının artırılması, innovativ mühitin inkişafı və ekosistemin yeni və daha peşəkar oyunçularla güclənməsi baxımından da əhəmiyyətlidir
3.Düşünürəm ki, bütün bu dəyişikliklər və formalaşacaq yeni İT mühit gələcəkdə ölkəmizdə ÜDM-də İKT -nin xüsusi çəkisinin artmasında və İT eksportun həcminin yüksəlməsində də özünü göstərəcək
4.Yeri gəlmişkən, bir daha vurğulamaq istərdim ki , bu güzəştlər paketinin hazırlanması və kordinasiya olunmaqla ortalığa çıxarılmasında RİNN ciddi rol oynayıb.
Bununla belə, hazırda güzəştlərin tətbiqi istiqamətində informasiyalı mühit çox zəifdir.
İndiki halda, güzəştlər paketinin necə tətbiq olunacağı, kimlərə şamil olunacağı , güzəştlərdən bəhrlənmək üçün yerli və xarici İT mütəxəsislərdən və kiçik-orta biznesdən tələb olunanlarla bağlı RİNN, KOBİA və digər aidiyyatı qurumlar tərəfindən maarifçilik işlərinin aparılmasına, bununla bağlı RƏQƏMSAL PLATFORMANIN yaradılmasına ciddi ehtiyac var.
Ümid edirəm RİNN, onun müvafiq Agentlikləri bu istiqamətdə , dövlət -özəl tərəfdaşlığı prinsipini gözləməklə, vətəndaş cəmiyyəti və medianı da cəlb etməklə səylərini gücləndirəcək.
5. RİNN, KOBİA, Miqrasiya və digər maraqlı tərəflərin iştirakı ilə güzəştlərin tətbiqi və ondan bəhrələnmək yolları, relokasiya edən əcnəbi İT mütəxəssislərə mesajların verilməsi məqsədilə geniş bir tədbirin keçirilməsi də faydallı olardı
Osman Gunduz
Teref.az
 
 
 
Ardını oxu...
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənilməsinə başlanılıb və proses sabah tam yekunlaşacaq.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il üzrə verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği (16,66 manat) də bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir. Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajına görə əlavələr alan pensiyaçılara (pensiyada olan hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım da artıq bu ayın əvvəlindən onların pensiyası tərkibinə daxil edilib. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq pensiyanın da 280 manata çatdırılması nəzərdə tutulur və Sərəncamla Nazirlər Kabinetinə bu barədə təkliflərini 10 gün müddətində dövlət başçısına təqdim etmək tapşırılıb.

Həmçinin bütün növ pensiyalar orta aylıq nominal əməkhaqqının ötən il üzrə artımına dair rəsmi statistik göstərici əsasında bu ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Həmin artım tətbiq edildikdə bu barədə ətraflı məlumat veriləcək.
Ardını oxu...
Pensiya və maaşların artımı bütün hallarda istehlak bazarında hərəkətlilik yaradır. Bu dəfələrlə rastlaşdığımız haldır. Çünki, pensiya və maaşların artması əhalinin alıcılq qabiliyyətinə müsbət təsir edir. Onu da nəzərə alaq ki, ölkəmizdə əhalinin gəlirlərinin 55 faizdən artıq hissəsi ancaq ərzaq məhsullarının istehlakına xərclənir.

Ona görə də yanvar ayından minimum əmək haqqının və pensiyanın artması istehlak bazarına da az və ya çox dərəcədə təsir edəcək.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənovun fikirlərini öyrəndik.

DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, pensiya və minimum əmək haqlarının artırılması bazardakı qiymətlərə elə bir ciddi təsiri olmayacaq:

“Çünki, qiymətlər son bir ildə kifayət qədər artıb. Və indiki qiymət artımı əmək haqqının və pensiyanın artım faizindən daha çoxdur. Ona görə də demək ki, əhalinin gəlirlərinin arması istehlak bazarında canlanma yaradacaq bu düz olmazdı”.

Əkrəm Həsənov onu da qeyd etdi ki, əslində pensiya və minimum əmək haqqının artırılması qiymət bazarındakı infilyasiyanı sığortalamaq üçün həyata keçirilən bir tədbirdir:

“Ona görə də istehlak bazarında elə bir ciddi dəyişiklik gözlənilmir”.
 
 
Ardını oxu...
“Pensiya və maaşlardakı artım hamıya şamil ediləcək. Pensiyaların minimum həddinin 280 manata qaldırılması 100 min nəfərin pensiyasına öz təsirini göstərəcək”.
Teref.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O əlavə edib ki, ötən il 400 AZN alan şəxs, bu il 478 manat pensiya alacaq: “Bu il ərzində pensiyaların bütün növlərinin artımı gözlənilir.
Eyni zamanda maaşlarda da artımlar olacaq. Maaşların hər birində 15 faiz artım gözləyirik. Məsələn, 400 manat maaş alanlarda 470 manat civarında artım olacaq”.

 
Ardını oxu...
Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla minimum əmək haqqı 345 manata çatdırılıb. Belə ki, minimum pensiya 280 manata çatdırılmaqla yanaşı müavinət və təqaüdlər də artırılacaq. Bu artımlar yanvarın 1-dən hesablanacaq. Məlumata görə, minimum əmək haqqındakı artım 700 min vətəndaşımızı əhatə edəcək. Bu prosses üçün isə dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş faydalanacaq. Qeyd edək ki, artımlar özəl sektoru da əhatə edir. Yəni bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz.
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogen sənayesi üzərində qurulduğundan, onda cərəyan edən prosseslər də daxili bazardan çox xarici faktorlarla təsirlənir. Bu baxımdan əmtəə və valyuta bazarlarında olduğu kimi əmək bazarında da qiymətlər xarici amillərin təsiri altında formalaşır.

“Kritik dönəmlər olan 2009, 2015 və 2016-cı illərdə biz ən aşağı səviyyə maaş alan kateqoriyada heç bir artıma rast gələ bilməmişik. Halbuki, dünya bazarlarında neft-qaz qiymətlərinin yuxarı olduğu və yaxud da normala qayıtdığı illərdə biz bəzən bir il ərzində iki dəfə minimum əmək haqqı artımına təsadüf etmişdik. Bu isə ilk baxışdan minimum əmək haqqı artımının qeyd edildiyi sosial yönümlülük təyinatından çox qlobal-iqtisadi axınlara uyğun olaraq baş verdiyinə dair təəssüratlar yaradır. Buna baxmayaraq, hökümət bu addımı son 1 ildə həddən artıq şiddətlənən qiymət artımları fonunda sosial müdafiəni gücləndirmək kimi məqamlarla əsaslandırır. Çünki, buna dair söz-söhbətlər də olduqca intensivləşməkdədir”- deyən iqtisadçı bildirib ki, bunun nə dərəcədə effektiv olacağını təxmin etmək çətindir. Bir neçə maraqlı məqam var: minimum əmək haqqı baxımından istinad edilən qida inflyasiyası ötən il 15 faiz olduğu halda minimum əmək haqqında artım 20 faiz, bu il isə qida inflyasiyası 20 faiz olduğu halda minimum əməkhaqqı 15 faiz artmış oldu. İqtisadçının fikrincə, digər bir nüans isə minimum əməkhaqqı artımının arealının təkcə bu çərçivədə maaş alan muzdlu işçilərlə məhdudlaşmamasındadır. Bir neçə ildir ki, əmək pensiyaları haqqında qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.

“Əgər vahid tarix cədvəli ilə əməkhaqqı alanları və pensiyaçı təbəqəni nəzərə alsaq, artımın əhatə dairəsinin iki dəfədən çox böyük olduğunu deyə bilərik. Bununla belə “sosial sığorta haqqında qanunun” 14-cü maddəsinə görə, sahibkarlıqla məşğul olan, mülkü müqavilə ilə çalışan və kənd təsərrüfatı təyinatlı torpağı olan bir qrup, öz məcburi sığorta öhdəliklərini minimum əməkhaqqına müvafiq qaydada yerinə yetirirlər. Məsələn, son artımdan sonra Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən sahibkar minimum əməkhaqqının 50 faizi qədər sosial sığorta ödənişi həyata keçirdiyinə görə, qərardan sonra onun ödədiyi məbləğ 22 manat 50 qəpik artacaq. Bu da böyük ehtimalla diffuziya effekti ilə qiymətlərin bir növbəti mərhələdə bir az da artmasına zəmin yaradacaq”-deyə iqtisadçı qeyd edib. O hesab edir ki, minimum əməkhaqqı artımında əgər məqsəd əhalinin sosial müdafiəsini nəzərə almaqdırsa, baxılan parametrlərdən biri bu məqam və həmçinin Türkiyə praktikasında da olduğu kimi minimum əməkhaqqının gəlir vergisindən azad olması məsələsi olmalıdır.

Qərar inkişaf etmiş ölkələrin təcrübəsi və "Azərbaycan-2020 gələcəyə baxış, inkişaf konsepsiyası"ndan irəli gələn minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı nisbətin 60 faiz həddinə çatdırılması istiqamətində atılan addım kimi dəyərləndirilə bilər.
 
Ardını oxu...
“Bu il pensiya artımlarında iki mühüm yenilik tətbiq olunacaq. Pensiyaların artımı bütün əmək pensiyalarına şamil ediləcək”.

Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, əvvəlki illərdə təxminən 90 min vətəndaşın əmək pensiyaları indeksasiya olunmurdu:

“Vahid indeksasiya mexanizminin tətbiq olunması imkan verəcək ki, məhz həmin vətəndaşların da əmək pensiyalarında artımlar müşahidə olunsun. Pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Bu da pensiyaçıların pensiya məbləğinə əlavə olunacaq. Məsələn, vətəndaş 400 manat pensiya alırsa, onun üzərinə 16,7 manat əlavə olunacaq. Bu da 416 manat 70 qəpik edəcək. Bu məbləğ isə orta hesabla 15 faizə indeksasiya olunacaq. Bu zaman 400 manat pensiya alan vətəndaşın pensiyasında təxminən 62 manat artım qeydə alınacaq”.

Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarındakı artımlar əvvəlki ilin orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir:

“Ötən ilin 11 ayının yekunlarında əmək haqqı artımı 14,5 faiz olub. İlin yekununda illik orta aylıq əmək haqqı artımının təxminən 15 faiz olacağı gözlənilir. Orta aylıq əmək haqqı ilə bağlı statistika yanvarın sonunda elan olunacaq. Həmin rəqəm elan olunduqdan sonra cənab Prezident tərəfindən indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Rəsmi statistika hər ilin birinci ayının sonunda elan olunur. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yəni, yanvar üçün hesablanmış artım da fevral ayında veriləcək”.
 
 
 
Ardını oxu...
BMT-nin Beynəlxalq Əmək Təşkilatı yaydığı hesabatda iş vaxtının, iş saatının və iş vaxtı tənzimləmələrinin işçilərin rifahına və həmçinin işin səmərəliliyinə təsirini qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, BƏT keçirdiyi sorğuda COVID-19 pandemiyası dövründə tətbiq edilən qeyri-müntəzəm iş (“Flexible work”) tənzimləmələrinin işdəki məhsuldarlığı və potensial olaraq bir işin nəticəsini artırdığı məlum olub.

Hesabata görə, qlobal işçi qüvvəsində standart iş günü səkkiz saat və ya həftədə 40 saatdır. Hesabatda o da qeyd olunub ki, aparılan sorğu nəticəsində iş yerlərində işçilərin üçdə birindən çoxu müntəzəm olaraq həftədə 48 saatdan çox, 20 faizi isə həftədə 35 saatdan az işlədiyi məlum olub.

BMT-nin sözcüsü Stefan Dujarik jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Antoniu Quterreşin BƏT-nın sorğusunu yüksək qiymətləndirdiyini və qeyri-müntəzəm iş qrafikinin iş yerlərində daha məhsuldar olacağı barədə fikirləri dəstəklədiyini deyib. Sözcü əlavə edib ki, artıq yeni ildən etibarən BMT-nin müxtəlif strukturları qeyri-müntəzəm iş qrafikində işləməyə başlayıblar.
 
Ardını oxu...
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Xatırladaq ki, hökumət 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını bərabərləşdirərək 246 manata çatdırıb. 2022-ci il ərzində davam edən bahalaşma sosial ödənişlərin və maaşların əhəmiyyətli şəkildə artrılmasını diktə edirdi. Müstəqil iqtisadçılar kommunal tariflərin, ərzaq və gündəlik tələbat mallarının, habelə rüsumlar və xidmət haqlarının əhalinin gəlirlərinə 40 faizdən artıq əlavə yük yaratdığını bildirirlər. Hökumətin artım qərarı isə pensiyalarda 16.7, minimum əmək haqqında 20 faiz civarında oldu.

Kəskin bahalaşma fonunda hökumətin artım qərarı itkiləri tam kompensasiya etməsə də, müsbət hadisə sayılır. Amma hazırkı sosial təminat sistemində elə qaydalar var ki, bir çox hallarda maaş, pensiya artımlarından əlavə problemlərin yaranmasına səbəb olur.

Öncə qeyd edək ki, Azərbaycanın üzv olduğu Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliyə görə, ölkədə minimum əmək haqqı orta aylıq əmək haqqının (848 manat) 60 faizindən yüksək olmalıdır. Bu isə o deməkdir ki, minimum əmək haqqı ən azı 500 manat təşkil etməlidir. Göründüyü kimi, son artım da bu rəqəmin hələ əlçatmaz olduğunu göstərir.

Problemlərə gəlincə, pensiya artımı ancaq 240 manatdan 280 manata qədər təqaüd alanlara şamil ediləcək. 280 manatdan yüksək təqaüd alanlar Prezidentin Sərəncamından faydalana bilməyəcəklər. Nazirlik bəyan edib ki, artım 100 min nəfərə şamil olur, Azərbaycanda təqaüdçülərin sayı isə 750 min nəfərə yaxındır. Qeyd edək ki, bu təbəqə əsasən 40 ildən artıq iş stajına malik olan vətəndaşlardır. Onların əksəriyyəti 290-310 manat civarında təqaüd alır. Beləliklə, onilliklər ərzində işləyib dövlətə ödəniş etmiş yaşlı vətəndaşların gəlirləri ilə minimum pensiya arasında 20-25 manat fərq olacaq. Bu, birmənalı şəkildə sözügedən vətəndaşlara qarşı ədalətsizlikdir.

Gözlənilir ki, fevral ayında 2022-ci il ərzində orta aylıq inflyasiya həddinə görə onların gəliri indeksasiya olunsun. Hökumət kuluarlarında gəzən xəbərlərə görə, hökumət 15 faizlik indeksasiya haqqında düşünür. Bu da ötən ilki bahalaşmanın real itkilərinin yarsından azı deməkdir. Daha sonra ötən il ərzində hər rübdə pensiyaçılara verilən 50 manat (il ərzində toplam 200 manat) aylara bölünərək təqaüdlərə əlavə ediləcək. Hökumətin onu necə təqdim etməsindən asılı olmayaraq ona 2023-cü ildə real gəlir artımı demək mümkün deyil.

İkinci mühüm problem minimum əməkhaqqı artımı ilə bağlıdır. Nazirlik bildirir ki, bu sərəncamdan 700 min nəfər faydalanacaq. Nazirlər Kabineti Vahid Tarif Cədvəlinə uyğun olaraq gəlirlərin necə dəyişəcəyini qarşıdakı bir ayda müəyyən etməlidir. Əlbəttə, hər işçinin maaşının 45 manat artmasından söhbət getmir, bu vətəndaşların çalışdığı sahələrə, aldıqları əmək haqqına görə dəyişəcək. Ölkədə muzdlu işçilərin sayının 1.8 milyon nəfər çivarında olduğunu, onların 900 min nəfərdən artığının dövlət sektorunda çalışdığını nəzərə alsaq, maaş artımının onların hamsını əhatə etməyəcəyi məlumdur.

Minimum əmək haqqının artırılması pensiya hüququ əldə etmək üçün tələb olunan pensiya kapitalının kəskin şəkildə yüksəlməsi deməkdir.

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı Toğrul Maşallı Press Klub-a açıqlamasında bildirib ki, pensiya qanunverciliyi tamamilə dəyişdirilməlidir:

“Pensiya əldə etmək üçün tələb olunan 25 illik staj məsələsi aradan qaldırılmalıdır, ikincisi, 65 yaş həddi azaldılmalıdır. Çünki Azərbaycanda orta ömür o qədər deyil, həmçinin pensiya əldə etdikdən sonra insanlar heç 5-7 il yaşaya bilmirlər. Ona görə pensiya kapitalını hesablama üsulu mütləq dəyişdirilməlidir. Pensiya kapitalı dəqiq bir rəqəm olaraq müəyyən edilməlidir və hazırda olduğu kimi hər il dəyişməməlidir. Onun artımı heç bir halda orta aylıq əmək haqqından asılı olmamalıdır”.

Ekspert vurğulayıb ki, eyni zamanda hökumət nəzərə almalıdır ki, ölkədə xeyli sayda vətəndaş xidməti müqavilə ilə çalışır, onların pensiya kapitalı toplamaq imkanları xeyli məhduddur. Onun sözlərinə görə, ən yaxşı halda 65 yaşa qədər onlar minimal pensiya üçün kapital toplaya bilərlər:

“Tikintidən kənar digər sahələrdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri dövrdə hər ay minimum aylıq əməkhaqqının 25% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Bu məbləğ hesabına da pensiya kapitalı toplanılır. Eyni zamanda bildiyiniz kimi Azərbaycanda bir çox işçilər (kuryer, dizayner, tərcüməçi, taksi və s.) xidməti müqavilə ilə çalışırlar. Yəni onların gələcəkdə pensiya almaq imkanları birbaşa bu ödənişlərdən asılıdır. Gəlin indi baxaq, bugünkü dəyişikliklərdən sonra vəziyyət necə deyişəcək:

01.01.2023-cü ilə qədər: aylıq 75 manat, tələb olunan pensiya kapitalı 34 560 manat. Buna nail olmaq üçün 38,4 il çalışmaq lazımdır.

01.01.2023-cü ildən etibarən: aylıq 86,25 manat, tələb olunan pensiya kapitalı 40 320 manat. Buna nail olmaq üçün 38,9 il çalışmaq lazımdır”.
Ardını oxu...
“Ölkədə 17 yaşında olanlara ailə qurmağa icazə verilir, bunun qarşısı alınmalıdır”.

Bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə heç bir istisna olmadan nikah yaşı 18 qəbul edilməli, 18 yaşdan aşağı olanların nikaha girmələri birmənalı şəkildə qadağan edilməlidir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bəs görəsən, qanunda deputatın tələb etdiyi kimi dəyişiklik edilə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz:

“Bizim Konstitusiyamızda nikah hüququ var. Nikah yaşının hansı hallarda 17-yə endirilməsi ilə bağlı məlumat da qeyd olunub. Qanunvericilik məsələni kifayət qədər şərh edir. Zərurət yarandığı üçün 17 yaşında nikah bağlanmasına mane olunmamalıdır. Qanun bunu əsas tutur. Burada qeyri bir şey axtarmaq düzgün deyil. Qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz. Bu gün vacib məsələ ailəyə sədaqət nümayiş etdirməkdir. Nə qədər ki sədaqət var, ailə də möhkəm olacaq”.

Hüquqşünas qeyd edib ki, 17 yaşda nikahın bağlanması bizim inkişafımıza xələl gətirməyəcək:

“15-16 yaşda nikah bağlansa belə, ailənin təməli varsa, heç bir problem yaranmayacaq. Azyaşlıların nikahının əleyhinəyəm. Lakin vəzifələrini başa düşürsə, niyə də olmasın? Müzakirəyə ehtiyac yoxdur”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bu fikirdədir ki, qanuna dəyişiklik edilməsinə ehtiyac var:

“Əslində, bizim qanunlarımız yüksək səviyyədədir. Sadəcə, qanunun icrasına yerlərdə çox ciddi nəzarət olmalıdır ki, mənfi proseslər baş verməsin. Həm qanuni baxımdan bu məsələni tənzimləməliyik, həm də konkret cəzalar olmalıdır. Qanun pozuntusuna yol verənlər də çox ciddi şəkildə cəzalandırılmalıdırlar. Bununla yanaşı, bölgələrdə ailələrlə maarifləndirmə işləri aparılmalıdır.

Yerli icra hakimiyyətlərinin nəzdindəki komissiyalar, yəni yetkinlik yaşına çatmayan uşaqlarla işləyənlər işlək mexanizmə malik olmalı, davamlı surətdə bu istiqamətdə öz tədbirlərini həyata keçirməlidirlər. Proses hüquqi şəkildə tənzimlənməlidir”.

C.Məmmədov əlavə edib ki, 18 yaşından aşağı nikahlarla səbəbindən asılı olmayaraq ciddi mübarizə aparmalıyıq:

“Belə hallar yolverilməzdir. Eyni zamanda, qeyd etdiyim maarifləndirmə məsələləri də xüsusi önəm və əhəmiyyət daşıyır. Valideynlər bölgələrdə həssas yanaşmırlar. Ona görə bu kimi problemlərlə üzləşirik”.
 

Dünyapress TV

Xəbər lenti