Bu məmurlardan alınan pullar görün hara xərclənir –
Azərbaycanda anti-korrupsiya tədbirləri çərçivəsində vaxtaşırı saxlananlar olur. İndiyə kimi onlarla yüksək və orta ranqlı məmur bu əmələ görə həbs edilib. Bəzilərinin barəsində məhkəmənin qərarı ilə uzunmüddətli həbs qərarı seçilib. Elə məmurlar da var ki, dövlətə vurduqları ziyanı geri qaytarırlar və azadlığa çıxırlar.

Belə məmurlar sırasında keçmiş nazirlər, komitə sədrləri, icra başçıları və dövlətə külli miqdarda ziyan vuran iş adamları var. Bildiyimiz kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri prosesi davam edir. Dövlətin pulunu oğurlamış şəxslərdən geri alınan pulların müəyyən faizinin Qarabağın tikintisinə həsr olunması şübhəsizdir.

Oxşar nümunələr başqa ölkələrdə də var. Məsələn, Qazaxıstanda korrupsionerlərdən geri alınan pullarla 28 yeni məktəb inşa edilir. Bizdə də eyni addımın atılması mümkündürmü? Ümumiyyətlə, bu pullardan sosial sahədə bəzi ciddi işlər görmək üçün də istifadə oluna bilərmi?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, korrupsiya və rüşvətxorluğun daha çox özünə yer aldığı ölkələr bir qayda olaraq zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir.

Onun sözlərinə görə, bu sırada dominantlığın həmin ölkələrə məxsus olmasının bəlli səbəbləri var:

“Belə ölkələrdə adətən qanunlar mükəmməl olmur, olan qanunlar isə yaxşı işləmirlər. Qanunların mükəmməl olmadığı və mövcud qanunların pis işlədiyi dövlətlərdə rüşvətxor məmurların əl-qolu açılır. Belə ölkələrdə adətən nəzarət sistemi də çox aşağı səviyyədə olur. Bütün bunlar isə həyatının mənasını dövlətin büdcəsindən oğurlamaqda görən məmurlara “bulanıq suda daha çox balıq tutmaq” şansları yaradır. Çox təəssüf ki, Azərbaycanda da rüşvət və korrupsiyaya bulaşmış məmurlar az deyil. Son illər bir çox rüşvətxor və korrupsiya əməllərinə bulaşmış məmurlar işdən çıxarılsa da, onların bir çoxu həbs edilsə də, bu, hələ o demək deyil ki, biz ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəni yüksək səviyyədə təşkil edə bilmişik. Lakin bunu etməyimiz çox vacibdir. Bunun üçün ilk növbədə bütün sahələrdə mövcud olan monopoliya sındırılmalı, bazarda bərabər hüquqlu oyunçu ordusu formalaşdırılmalıdır. Digər tərəfdən hüquqları pozulan hər bir oyunçu məhkəmələrdə hüquqlarının obyektiv araşdırılacağına və obyektiv qərarlar qəbul ediləcəyinə əmin olmalıdır”.

Sabiq nazir deyib ki, bütün dedikləri edildikdən sonra ölkədə korrupsiya və rüşvətxorluq halları kəskin şəkildə azala bilər:

“Əgər dünən dövlətin büdcəsini talayıb işdən qovulmuş məmur və onun övladları bu gün şəhərin ortasında, xalqın gözü qarşısında dəyəri yüz min manatlarla ölçülən avtomobillərdə şütüyürlərsə, dəyəri milyonlarla manat olan dəbdəbəli villalarda yaşayırlarsa və onlardan həmin var-dövlətin necə, hansı yolla əldə edildiyi soruşulmursa, bu, fəaliyyətdə olan məmurlar üçün çox pis bir nümunə deməkdir. Onun açması isə belədir – sizlər də oğurlayın, işdən qovulandan və hətta həbs ediləndən sonra dövlətdən oğurladığınızı əlinizdə nə qədər alsalar da, onun böyük bir qismi yenə sizə qalacaq… Baxın, biz mövcud mənzərəni aradan qaldırmağın optimal yollarını tapmalıyıq. Bu yolda dövlətin cəza maşını daha sərt işləməlidir. Bir az da obrazlı desək – dövlətdən oğurlayan vəzifəlinin əlindən oğurladığı son manatı da geri alınmalı və ona ən ağır cəza verilməlidir ki, “gözü çıxarılan qardaşı” görüb, fəaliyyətdə olan məmurlar tamahlarını ram edə bilsinlər”.

Fikrət Yusifovun fikrincə, korrupsionerlərdən alınan pulları dövlət hara zəruri sayarsa, ora da xərcləyə bilər:

“Rüşvətxorlardan geri alınan pullarla dövlət istəsə bağça, istəsə məktəb tikə bilər. Hamısını Qarabağın bərpası üçün də yönəldə bilər. Artıq bu, dövlətin baxışları ilə xərclənməlidir. O pullar xəzinəyə qayıtdıqdan sonra ən zəruri təyinat üzrə xərclərə yönləndirmək olar”.

Xatırladaq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov onun tərəfindən dövlətə dəymiş bütün ziyanı – 20 milyonu ödəyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov, 2 milyon 25 min manat ziyanı banka keçirib.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu ziyanı – 10 milyon manat məbləğində pulu ödəyib.

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi də 8 milyon manatlıq ziyanı tam ödəyib.
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti