Azərbaycanda göyərti bahalaşıb - SƏBƏB
Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artımı ilə yanaşı, göyərti dəstəsinin ölçüsü də kiçilib. Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür. Maraqlıdır ki, bu tendensiya tək Bakıda yox, elə paytaxtı göyərti ilə təmin edən əsas rayonlarda da müşahidə edilir. Bəs bu vəziyyətə səbəb nədir?

TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Dəstələrin kiçik olmasının səbəbi mövsümlə bağlıdır

Satıcı Famil Əhmədovun sözlərinə görə, hazırda göyərtilərdən ən bahası reyhandır. Dəstəsinin qiyməti 50 qəpikdir. Digər göyərtilərin bir dəstəsinin qiyməti isə 25 qəpiyədir. Dəstələrin kiçik olmasının səbəbi isə mövsümlə bağlıdır.

Meyvə-tərəvəz dükanı işlədən Əli İsmayılov isə göyərtilərin qiymətlərinin dəyişmədiyini vurğulayıb:

"Qiymətlərdə hazırda artım mövcud deyil. Bayrama görə sahələrdə göyərti az idi. Yalnız bu səbəbdən həmin dövrdə artım oldu. İndi isə qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

Eyni ərazidə göyərti satan Səkinə Nuriyeva isə deyir ki, havalar isinəndə bazar yenidən canlanacaq:

"Qışdır, rayonlarda qar yağır deyə göyərti bu qədər azdır. Biz məhsulu Bərdədən gətiririk. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Martda havalar isinəndə bolluq olur. Qiymətlər də həmin dövrdə enəcək".

Göyərtini 80 faiz bahalaşdıran səbəblər

Kənd təsərrüfatı eksperti, sahibkar Eldar Hüseynovun sözlərinə görə, bayram göyərti sektoruna da öz təsirini göstərib:

"Bayram olması ilə əlaqədar işçilər sahələrə çıxmadılar. Beləliklə, bazarda qıtlıq yarandı. Bundan da bəzi işbazlar istifadə etdilər və qiymətləri qaldırdılar. Bu ərəfədə Azərbaycandan Rusiya bazarına gedən göyərti də çoxaldı. Məhsulun böyük qisminin Rusiya bazarlarına axını başladı. Məsələn, qırmızı kahı deyilən göyərtinin qiyməti Azərbaycan bazarında iki gün ərzində 80 faiz artdı. Qara reyhan da xeyli bahalaşdı".

Ekspertin fikrincə, bayramdakı bahalaşmadan əvvəl havaların da qeyri-mülayim keçməsi öz sözünü deyib:

"Son 20 gündə güclü şaxtalar oldu və həmin dövrdə əkinçilər hazırlıqsız yaxalandılar. Gündüz yağışlar yağdı, gecə güclü şaxtalar oldu. Şirvanda əkilən şüyüd, Bakı kəndlərində, Bərdədə açıq sahələrdə əkilən göyərtilər məhv oldu. Yalnız istixanalarda olan məhsullar qaldı. Bakı kəndlərində və Şəmkirdə istixanalarda göyərtilər boldur. Bu da onu deməyə əsas verir ki, tədricən bu məhsulların qiyməti enəcək".

"Bazarlara çıxarılarkən nəzarət yoxdur"

E.Hüseynov dəstələrin niyə kiçilməsi məsələsinə də aydınlıq gətirib:

"Göyərti əkinləri əsasən Bakı kəndlərindən başlayıb. Həmin ərazilərdə də göyərtilər kiçik bağlanılır. Hazırda bazarlarda üstünlük Bakı göyərtilərindədir. İri dəstələri Bərdə və Şəmkir zonasında bağlayırlar. Onların da göyərtiləri Rusiyaya göndərilir. Bakı göyərtisinin üç dəstəsi Bərdə göyərtisinin bir dəstəsi boydadır. Bazarlarda da rayondan göyərtiləri alıb, bir böyük dəstədən üç kiçik dəstə düzəldirlər".

Müsahibimizin sözlərinə görə, bazarın tələbləri indiki halda belə olduğu üçün heç nə etmək mümkün deyil:

"Göyərti bazarlara çıxarılarkən nəzarət yoxdur. Hər şey yalnız insanların vicdanına qalır. Məsələn, gələcəkdə müxtəlif göyərti çeşidləri fərqli üsullarla satıla bilər. Xarici ölkələrdə buzun içində saxlanılır, onlar üçün xüsusi soyuducular mövcuddur və bəzi ölkələrdə göyərtilər dəstə ilə deyil, kilo ilə satılır. Amma hazırda tendensiya belədir və insanlar da bunu belə qəbul edib".

"Kəndliyə dəstək olmalıdır"

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür:

"Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir".

İqtisadçının fikrincə, ev təsərrüfatlarına da müəyyən dəstək məqsədli addımlar atılarsa, bu sahədə qiymətləri az-çox tənzimləmək mümkün olar:

"Bazarda məhsulların daha keyfiyyətli və bol olması, qiymətinin münasib olması kimi məsələlərlə bağlı ev təsərrüfatlarının fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni yalnız iri fermer təsərrüfatları olmalı deyil. Bəzən olur ki, fərdi təsərrüfatlarda yetişən məhsul daha keyfiyyətli olur. İri təsərrüfatlardan çıxan məhsullar qiymət cəhətdən də fərqlənir".
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti