Ardını oxu...
Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində oğurluq hadisəsi baş verib.

İndex.az xəbər verir ki, vətəndaşın avtomobilindən 5000 manat oğurlanıb.

Zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.

Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edib 10-cu sinifdə riyaziyyat olimpiadasına göndərənə qədər... Məhz o olimpiadadan sonra karyera yolunu da seçib, bu yolla uşaqlıq arzusunu da reallaşdırıb, hətta ABŞ-li professoru da təəccübləndirməyi bacarıb.
TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müsahib Pensilvaniya Dövlət Universitetinin 2-ci kurs tələbəsi Nihad Həsəndir. Nihad bu universitetdə kompüter elmləri ixtisası üzrə təhsil alır.

"O filmlərə baxdıqda, burada təhsil almağı xəyal edirdim"

2006-cı ildə Bakıda anadan olub. Cəmi bir il SAT və TOEFl-a hazırlaşıb və imtahanda iştirak edərək yüksək bal toplayıb. Türkiyə, Almaniya və İsveçrədən qəbul alsa da, uşaqlıq arzusunu reallaşdıraraq ABŞ-ni seçir: "ABŞ məni uşaqlıqdan baxdığım filmlərlə özünə cəlb etmişdi. Hər dəfə o filmlərə baxdıqda burada təhsil almağı xəyal edirdim. İmtahan verdim və yüksək bal topladım. Universitetlərə qəbul aldıqda, ölkələr arasında ABŞ-dən başqa, Almaniya, İsveçrə, Türkiyə də var idi. ABŞ uzaq olduğu üçün valideynlərim orada təhsil almağımı istəmirdilər. Amma xəyallarımın da önünü kəsmədilər. Atamla ilk dəfə buraya gəldim, universitetimlə tanış oldum və ABŞ macəram başladı".

"Seçildiyimin fərqində deyildim"

Yuxarıda da qeyd etdiyimiz kimi, Nihad riyazi istedadını gec kəşf edib. Buna qədər o, əksər oğlan uşaqları kimi polis, vəkil olmaq istəyib: "İnsan özünü kəşf edənə qədər hər yaşda müxtəlif peşələrə maraq göstərir. Bu, məndə də elə idi. Amma 10-cu sinifdə məktəbimizin direktoru mənə karyera yolumu tapmaqda işıq oldu. O vaxta qədər olimpiadalarda iştirak etmirdim. Direktor məni otağına çağırdı və dedi ki, riyaziyyat olimpiadasında iştirak etməlisən. Düzü, riyaziyyat fənnində yaşıdlarımdan seçildiyimin fərqində deyildim. Direktor dedi ki, səndə həvəs də var, bacarıq da, niyə qatılmayasan? Heç bir xüsusi hazırlıq keçmədən olimpiadada iştirak etdim və riyaziyyat üzrə birinci yeri qazandım. Bundan sonra riyaziyyat biliklərimə etibar etdim və kompüter elmlərinə marağımı inkişaf etdirdim. Kompüter elmlərinin nəbzi riyaziyyat və alqoritmlərdir. "Penn State"in bu ixtisasında riyaziyyata xüsusi önəm verilir. Tələbələr diskret riyaziyyat, hesablama nəzəriyyəsi, statistika və ehtimal, cəbri strukturlar kimi fundamental kurslar keçərək proqramlaşdırma və alqoritmik düşünmə qabiliyyətlərini gücləndirirlər. Riyaziyyatda bacarığı olan tələbələr bu proqramda sürətlə fərqlənə və yüksək nəticələr göstərə bilərlər. Bu yolu seçdiyim, bacardığım və sevdiyim sahədə peşəkarlaşmağa çalışdığım üçün özümü şanslı hesab edirəm".

"Təhsil metodları çox fərqlidir"

Nihad deyir ki, burada təhsil metodları fərqlidir: "Mən indi Azərbaycandakı dostlarımla dərsləri müzakirə edəndə bunun fərqinə varıram. Bura balaca şəhər kimidir və dərsləri, müəllimini, dərs saatını sən seçirsən. Professorları araşdırıb uyğun olanı seçirik. Bəzən başqa ölkədən olan professorların nitqini başa düşmək çətin olur, bunu dəyişə bilirik. "Penn State" Universiteti ABŞ-nin ən nüfuzlu ali məktəblərindən biridir və burada Kompüter Elmləri (Computer Science) ixtisası texnologiya sahəsində karyera qurmaq istəyənlərə imkanlar yaradır. Tələbə həyatı da çox aktivdir - texnologiya klubları, "hackathon" yarışları və sosial layihələr tələbələrin həm texniki, həm şəxsi inkişafına kömək edir".

"Professor "Nihad, gör düz yazmışam?" deyirdi"

Nihad deyir ki, elə birinci kursda ABŞ-li professor onun riyazi bacarıqlarının fərqinə varıb, hətta yaşının az olmasına baxmayaraq, iş üçün onu məsləhət bilib: "Riyaziyyatı tədris edən professorum dərsi izah edərkən bəzən mənimlə zarafatlaşırdı və geri dönüb soruşurdu ki, "Nihad, gör düz yazmışam?" Bu, məni çox sevindirirdi. Daha sonra elə ilk semestr mənə proqramçı köməkçisi vəzifəsinə iş təklifi gəldi. Bu iş üçün həftədə 300 dollar ödəyəcəklərini demişdilər. Amma dərslərimə daha çox fokuslanmaq istədiyim üçün imtina etdim. Daha sonra öyrəndim ki, məni onlara riyaziyyatı tədris edən professorum məsləhət görüb".

Nihad ABŞ-də də riyazi bacarıqları ilə digər tələbə yoldaşlarından seçilib. Amma ikinci kursda vəziyyət dəyişib: "İllər keçdikcə, görürəm ki, riyaziyyat dəryadır və əslində, hələ heç nə bilmirəm. Hər yeni konsept öyrənəndə deyirəm ki, heç nə bilmirəm. Birinci kursda seçilirdim, rəqabət yox idi. İndi isə rəqabət var və üstünlüyü saxlamağa çalışıram".

"Hər şey yaxşıdır, amma..."

Təbii ki, 17 yaşlı tələbə üçün ailəsindən uzaq ölkədə tək yaşamaq asan olmayıb: "İlk dəfə atamla gəlmişdim, özümü bir möcüzənin içindəki kimi hiss edirdim. Amma sonra çətinliyini yaşamağa başladım. İlk altı ay bu baxımdan yaddaşıma həkk olunub. Çox yorğun idim, amma o qədər motivasiyam var idi ki, bu yorğunluq da mənə zövq verirdi. Yorğunluqdan başqa üzərimdə çox böyük məsuliyyət var. Yad ölkədə təkəm və artıq hər işimi özüm həll etməyə çalışıram. Ailəm də mənə görə çox narahat idi. Amma onların güvənini boşa çıxara bilməzdim. Ona görə də bütün çətinliklərin öhdəsindən tək gəlirəm. Burada insanlar, mədəniyyətlər çox fərqlidir. İnsanlar ilk baxışda özünü tək hiss edir, amma dost tapmaq çətin deyil. Hər çətinliyin öhdəsindən gəlməyə çalışsam da, yemək problemini həll etmək mümkün deyil. Azərbaycan yeməklərini heç nə əvəz etmir. Nə qədər ləzzətli yemək təqdim etməyə çalışsalar da, eyni dad deyil. Hər şey yaxşıdır, amma yeməklərimizin həsrətini çəkirəm".

"Hədəfim öz şirkətimi qurmaqdır"

Gələcək planlarına gəldikdə isə, həmsöhbətimiz deyir ki, növbəti hədəfi öz şirkətini qurmaqdır: "Başlanğıc üçün hansısa şirkətdə işləyəcəm. Amma planım orada öyrənib öz şirkətimi açmaqdır. Öz məhsulumu kəşf etmək üzərində çalışıram. Hətta atam da məndən tez-tez soruşur: "Kəşf etmisənmi?"
Ardını oxu...
Bir neçə gün öncə aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır qəza törətmiş taksi sürücüsünə yeni avtomobil hədiyyə olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, bundan əlavə BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfovun xərcləri, həmçinin bank borcları da qarşılanacaq.
 
Ardını oxu...
Abşeronda intihar hadisəsi olub.

TEREF Lent.az-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsinin ərazisində baş verib.

Ceyranbatan qəsəbə sakini, 56 yaşlı Balayar Fətalı oğlu Ağamalıyev icarədarı olduğu anbarda özünü asıb. Biznesmenin intiharının səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Lənkəranda kişi iynədən sonra ölüb.

TEREF-ın məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədovun hərarəti yüksək olub. Yaxınlarının deməsinə görə evdə ona qonşu tərəfindən antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra İ.Məmmədovun halı pisləşib və evə təcili tibbi yardım çağrılıb. Deyilən ünvana təcili tibbi yardım briqadası gedib. Buna baxmayaraq İ.Məmmədovda həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Qeyd edək ki, İmran Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirdi. Bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkməli idi.

Faktla bağlı araşdırma aparılır. (Unikal)
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən iclasında keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Səsvermənin nəticəsi açıqlananda məlum olub ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasının əleyhinə cəmi 1 deputat səs verib.

TEREF Modern.az-a istinadla xəbər verir ki, Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat REAL Partiyasını partalamentdə təmsil edən Erkin Qədirli olub.

REAL Partiyasının sədri Natiq Cəfərli Erkin Qədirlinin bu təyinatın əleyhinə səs verməsinin səbəbini Xanlar Vəliyevin adının müxtəlif məsələlərdə neqativ fonda hallanması ilə əlaqələndirib:

"Cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi sorğular olub və var. Buna görə də REAL-ı təmsil edən deputatın və partiyamızın ümumi fikri bu idi ki, belə bir şəxsin Konstitusiya Məhkəməsi kimi vacib, dövlətin təməllərindən birini təşkil edən bir qurumda təmsil olunması həmin orqana güvənin zəifləməsinə gətirib çıxara bilər”.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda müxtəlif üsullarla Konstitusiya Məhkəməsinə həm vətəndaşların, həm də bəlli dövlət və hökumət qurumlarının müraciət etmək hüququ var:

"Ona görə də biz düşündük ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir şəxsin oraya təyinatı həmin qurumun özünün güvənirliyini müəyyən dərəcədə zədələyə bilər. Məhz buna görə də biz əleyhinə səs verdik. Bu qərar ona xidmət edir ki, biz ölkədə dövlət institutlarının güclənməsinə, vətəndaşların həmin institutlara güvəninin daha da artmasına çalışırıq. Bu bizim siyasi partiya olaraq mövqeyimizdir ki, dövlət institutları həmişə güvənilən olmalıdır”.
 
Ardını oxu...
“Şərq” qəzetinin Türkiyə təmsilçisi, hazırda İstanbul şəhərində yaşayan Yaqut Misirxanlı 4 il əvvəl Bakıda aldığı mənzillə bağlı problemlə üzləşib. Mənzili alandan 2 il sonra mənzilin daha bir sahibi meydana çıxıb.

Bir evin iki sahibi

Yaqut Misirxanlı APA-ya açıqlamasında bildirib ki, 2021-ci ilin may ayında Azərbaycanda olanda Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid, ev 14/3 ünvanında yerləşən, 21 kv.m sahəsi olan mənzili ilkin alqı-satqı müqaviləsi ilə alıb:
Ardını oxu...
“Alqı-satqıdan sonra evin bütün kommunal xidmətlərini “ASAN Xidmət”dən adıma keçirmişəm, Yasamal rayonu 64 saylı mənzil-kommunal istismar sahəsindən o mənzildə yaşadığıma dair sənəd almışam. 2023-cü ilin noyabr ayında evimə Apellyasiya Məhkəməsindən sənəd gəlib ki, bu ev Hüseynova Anabəyim Böyükbəy qızının imiş. O gündən ədalət uğrunda mübarizə aparıram. Məsələ budur ki, Hüseynova Anabəyim o həyətdə yaşayan Əliyev Cavidin (3 ay öncə vəfat edib) anası Əliyeva Gülzar Nazim qızına (vəfat edib) 2700 dollar borc verib, əvəzində isə, notarial qaydada sənəd alıb ki, qadının evindən 25 kv.m yer alacaq, amma bu yerin hara olduğu göstərilməyib”.
Ardını oxu...
Ali Məhkəmə jurnalistin xeyrinə qərar verib, amma...

Yaqut Misirxanlının sözlərinə görə, Hüseynova Anabəyim Əliyev Cavidi anasının varisi olaraq məhkəməyə verib, 3 dəfə yerli məhkəməni, bir dəfə Apellyasiya Məhkəməsini uduzub, sonra Ali Məhkəməyə müraciət edib: “Ali Məhkəmə isə işi təkrar Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya Məhkəməsində Anabəyim Hüseynovanın iddiası təmin olunub, mənim mənzilimin boşaldılmasına qərar verilib. Mən tərəf olmadığım üçün məhkəmədə iştirak etməmişəm, ona görə də vəkilim Yaqub Məmmədli mənim adımdan Apellyasiya Məhkəməsinin bu qətnaməsindən Ali Məhkəməyə müraciət edib, Ali Məhkəmə mən vərəsə olmadığım üçün evimin boşaldılmasının doğru olmadığına qərar verib. Bundan sonra Anabəyim Hüseynova mənzili aldığım Təranə Məmmədova ilə bağladığım alqı-satqı müqaviləsinin və Təranə Məmmədova ilə Cavid Əliyevin bağladığı alqı-satqı müqaviləsinin ləğvi tələbi ilə məni məhkəməyə verib. 2024-cü ilin sentyabr ayında Yasamal rayon Məhkəməsində keçirilən məhkəmədə iddia təmin edilib.

Daha sonra vəkilim Yaqub Məmmədli mənim adımdan bu qərardan apellyasiya şikayəti verib, 2025-ci il martın 11-də ilkin iclas keçirilib. Aprelin 8-də də ikinci iclas olub”.

Yaqut Misirxanlı bildirib ki, aprelin 18-də həyətdə yerli baxış keçirilməsinə qərar verilib.

“Qonşular Anabəyim adında qadının o həyətdə yaşamadığını deyirlər”

Şikayətçinin sözlərinə görə, Anabəyim Hüseynova iddia ərizəsində yazıb ki, 2015-ci ilə qədər o həyətdə yaşayıb, sonra xəstələnib, gedib bacısının yanında qalıb, daha sonra evə qayıdanda görüb ki, qapısı dəyişilib: “Bu isə həqiqəti əks etdirmir. Həyətdəkilər şahiddir ki, Anabəyim adında qadın o həyətdə yaşamayıb, çünki Təranə Məmmədova içi zibil dolu o evi, daxmanı 2020-ci ildə alıb, həyat yoldaşı Elşən Məmmədov zibili təmizlətdirib, təmir edib, 2021-ci ilin may ayında mənə satıb. Əgər Anabəyim Hüseynova o mənzildə yaşayıbsa, qaz, su və işıqdan istifadə etməlidir, amma onun heç bir sayğacı yoxdur, hətta aprelin 8-də məhkəmədə saxta - başqa ünvana aid işıq müqaviləsi təqdim edib. Onu da bildirim ki, Yasamal rayonu 64 saylı mənzil-kommunal istismar sahəsindən 2021-ci ildə mənə həmin həyətdəki 14/3 saylı mənzildə qeydiyyatda olduğuma dair sənəd verilib, əgər ora Anabəyimindirsə, bu sənəd mənə necə verilib?”
Ardını oxu...
“Qarşı tərəfə yalnız öz bacıları şahidlik edir”

Yaqut Misirxanlı vurğulayıb ki, aprelin 8-də Apellyasiya Məhkəməsində keçirilən prosesdə şahidlər ifadə verib: “Məhkəmədə ifadə verən mənim şahidlərim o həyətdə yaşayan insanlardır. Qarşı tərəfin isə iki şahidi olub, ikisi də öz bacısı... Mən məhkəmənin ədalətli keçirilməsini və bütün sənədləri diqqətlə araşdırmasını istəyirəm”.

Anabəyim Hüseynova evi 2003-cü ildə aldığını deyir

Qarşı tərəf Anabəyim Hüseynova isə mövzu ilə bağlı APA-ya açıqlamasında deyib ki, həmin mənzili 2003-cü ildə Gülzar Əliyevadan alıb: "Mən bu evi 2003-cü ildə almışam. Kommunal xidmətlərin hamısı da mənim adıma keçirilib. Evi aldığım Gülzar Əliyeva vəfat etdikdən sonra onun oğlu evi Yaqut Misirxanlıya satıb. Mən 2003-2015-ci illər ərzində həmin mənzildə yaşamışam. 2015-ci ildə evi kirayəyə vermişdik. Məhəllədə narkotik istifadəçiləri çox olduğu üçün kirayənişinlər orda qala bilmədi, çıxdılar. Ondan sonra ev boş olub. Arada gedib baxırdıq”.

Anabəyim Hüseynova evin Yaqut Misirxanlıya necə satıldığından xəbəri olmadığını deyib: “Məhkəməyə müraciət etmişəm, bütün məhkəmələr də mənim lehimə qərar verib, çünki ev mənimdir. Yaqut Misirxanlı evin qapısını dəyişib. Taxta qapını dəmirlə əvəzləyiblər. Amma kommunal xidmətlərin heç biri onun adına deyil. Məndə 2015-ci ildə kommunal xidmətlərinin ödəniş qəbzləri də var. Hər şeyi məhkəməyə təqdim etmişəm".

Anabəyim Hüseynova onu da qeyd edib ki, evin çıxarışı yoxdur.
 
 


 
Ardını oxu...
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
Bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.

Belə ki, “Gürcüstan Dəmir Yolları” Bakı-Tbilisi-Bakı sərnişindaşımalarının nə vaxt bərpa olunacağı və 1 may tarixinin hələ də qüvvədə olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Gürcüstan Dəmir Yolları” “Bakı-Tbilisi-Bakı” sərnişin daşımalarının bərpası ilə bağlı həm dəmir yolu administrasiyaları, həm də məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumları ilə danışıqların aparılması və texniki detalların dəqiqləşdirilməsini əhatə edən iş prosesinin getdiyini bildirib.

“Tərəflər nəqliyyatın hərəkətini bərpa etmək üçün intensiv işləyirlər. Konkret tarix daha sonra açıqlanacaq", - “Gürcüstan Dəmir Yolları” qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası ilə bağlı dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlayıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərindən şikayətçi idilər.
Sakinlər bu barədə Yenavaz.com-a yenidən müraciət ediblər.
Sözügedən yaşayış kompleksinin sakinləri daha əvvəl də dəfələrlə sadalanan problemləri ictimailəşdiriblər.
Onlar bildirirlər ki, 2019-cu ildə mətbuat nümayəndələrinin iştirakı ilə sakinlərlə görüşən şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz veriblər. Lakin həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır.
Qeyd ediblər ki, fevral ayında şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz versələr də, bu müddət ərzində heç bir iş görülməyib: “Tikinti şirkəti söz verir, amma faktiki heç bir iş görülmür”
Əlavə ediblər ki, bu gün – 11 aprel tarixində bina sakinləri yenidən şirkət rəhbərliyi ilə görüşmək üçün müraciət ediblər, lakin şirkət rəhbərliyi görüşməyib. Daha sonra sakinlər Nizami rayon icra hakimiyyətinə gediblər.
Sakinlərin sözlərinə görə, icra hakimiyyətindən gələn həftə görüşün mümkün olacağını bildiriblər.
Məlumat üçün qeyd edək ki, 2017-ci ildən tikilməyə başlamış və fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olan bina 7 il keçməsinə baxmayaraq hələ də hazır deyil.
“Binamızda ehtiyat pilləkənlərin məhəccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yanğın şitləri ilə təchiz olunmayıb, liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb. Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq”, - sakinlər bildirirlər.

 
Ardını oxu...
Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İcra haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar qanunun 84-1-ci maddəsi yeni redaksiyada təklif olunur.

Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Yeni redaksiyada təklif olunan 84-1-ci maddəyə (Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə informasiya sistemindən "Elektron icra" informasiya sisteminə ötürülür. "Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürüləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat veriləcək, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil ediləcək və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürüləck və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürüləcək və bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
 

Dünyapress TV

Xəbər lenti