Laçında sökülmüş erməni xaçı Ağdamın Sırxavənd kəndində quruldu?..
Laçın şəhərinin və Zabux kəndinin hayklardan və Rusiya "sülhməramlı"larından boşaldılaraq Azərbaycanın yurisdiksiyasına keçməsindən az öncə yüksəkliklərdən birində işğal dövründə qurulmuş erməni xaçının sökülərək Ağdam rayonunun işğal altındakı Sırxavənd kəndində qurulması haqda məlumat yayılıb.

DİA.AZ xəbər verir ki, bu haqda Moderator.az-a Sırxavənd kəndindən məcburi köçkün olan soydaşlarımızdan biri xəbər verib.

Məlumata görə, Ağdam rayonunun bəhs edilən kəndə qonşu kəndlərinə gedib-gələn sırxavəndlilər məhz Laçın və Zabuxun azad olunmasından sonra eyni quruluşda neon işıq verən bir xaçın Sırxavənd yaxınlığında qurulduğunun şahidi olublar.

Qeyd edilib ki, Sırxavənd kəndi yaxınlığında xaç quraşdırılması ilə bağlı məlumat sentyabrın 6-da həmin kənddəki erməni məktəbinin "Facebook" səhifəsində də yerləşdirilib.

Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən 30-31 ildir ki, işğal altında qalan yüzlərlə yaşayış məntəqələrimiz kimi, Ağdam rayonunun Sırxavənd kəndi də Rusiya "sülhməramlı"ların məsuliyyət zonasına daxil edilməklə faktiki olaraq separatçı-terrorçu erməni rejiminin nəzarətində qalıb.

1992-ci il işğalından öncə - sovet dövründə belə, Sırxavənd kəndində bir nəfər də hay, erməni yaşamayıb.

Azərbaycan ordusunun böyük uğur qazandığı 44 günlük savaşdan sonra da Sırxavəndə qanunsuz olaraq azad edilmiş digər ərazilərimizdən köçmüş 4 erməni ailəsi yerləşdirilib. Kəndin qanunsuz "icma rəhbəri"nin verdiyi məlumata görə, onlardan 2-si Qubadlıdan, 1-i Ağdam rayonunun Əliağalı kəndindən, 1-i Şuşa rayonunun Daşaltı kəndindəndir...

2021-ci ilin oktyabrında bir neçə digər kəndlərimiz kimi Sırxavənddə də qeyri-qanuni "seçkilər" nəticəsində yeni "mer" "seçilib"...

Zəruri arayış:

Sırxavənd - Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənddir.

Bu kənd 1992-ci ilədək keçmiş Ağdərə rayonunun(sovet dövründə “Mardakert”) inzibati tabeçiliyində olub.

Ulubaba və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçın çayının sol sahilində salınmışdı. Bura Aranla dağlıq ərazinin, Qırxqızla Murov dağlarının kəsişdiyi yerdir. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşir. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (keçmişdə qocalar bu yola “daşnak yolu” deyirdilər) Sırxavəndin üstündən keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30 km, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi ermənilərin kompakt yaşadığı kəndlərinin əhatəsində yerləşib...

Qarabağın bu qədim yurdu 20-ci əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı. 1991-ci ilin aprel ayında keçmiş Dağlıq Qarabağda münaqişə ilə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı. Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq idi. Sırxavənd o günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı idarəsi, təhsil şöbəsi, maddi-texniki təchizat bazası, avtomobil bazası, iki yol təmir tikinti idarəsi və s. idarə, müəssisələr yaradıldı və fəaliyyətə başladı. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batalyonu yaradıldı.

Ağdam rayonunun Sırxavənd kəndi 1992-ci il martın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmin gün Sırxavənd daxil olmaqla Ağdərənin azərbaycanlılar yaşayan kəndləri - Bəşirlər, Qaraşlar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli və başqa türk yurdları erməni silahlı qüvvələrinin total hücumu nəticəsində düşmən əlinə keçib. 1992-ci il iyunun 3-də Sırxavənd şəhid batalyon komandiri Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub. Müharibədə 19 şəhid verən kəndin özünümüdafiə batalyonunun onlarla üzvü yaralanıb. 4 sırxavəndli müharibədəki igidliklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. İki nəfər bu fəxri ada ölümündən sonra layiq görülüb.

Sırxavənd işğal edilənədək Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi, onun 2 minə yaxın əhalisi vardı. Burada 250-dən çox ev var idi. Əslində 1923-cü ildən - DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər, xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Sırxavənddə işğala qədər 250-yə yaxın Azərbaycan türk ailəsi yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə mövcud idi. Sırxavənddən (Ağdərə rayonu ləğv edildiyindən kənd Ağdamın ərazisi sayılır) məcburi köçkünlər ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Nisbətən sıx məskunlaşma Bərdə rayonundadır.

Hazırda Sırxavənd 10 noyabr üçtərəfli razılaşmasına əsasən rəsmən Rusiyanın sülhməramlı sayılan kontingentinin nəzarətindədir. Bəzi məlumatlara görə, kənddə işğalçı erməni hərbçiləri də fəaliyyət göstərir. Halbuki, Ağdam rayonu azad edildiyindən onun bütün inzibati ərazisi erməni silahlı birləşmələrindən boşaldılmalıydı. 2021-ci ilin aprelində Azərbaycan ordusu Sırxavəndi dinc yolla nəzarətə götürməyə cəhd etsə də, Rusiya hərbçiləri buna imkan verməyib...

Laçında sökülmüş erməni xaçı Ağdamın Sırxavənd kəndində quruldu?..

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti