![]() |
![]() ![]() ![]() |
|
Bakı Məhkəmə Kompleksində Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.
Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.
Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır:
Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev,
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli,
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov,
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev,
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev.
Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.
Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Prosesdə zərərçəkənlərin ifadələri dinlənilir, 1-ci Qarabağ Müharibəsi günlərində işğalçıların özləri tərəfindən çəkilmiş, özlərinin vaxtilə ictimailəşdirdiyi videolar nümayiş olunur. Həmin videolarda bu gün Azərbaycan məhkəməsi önündə dayanan işğalçılar da var. Həmin videosübutlara məhkəmənin sonunda qiymət veriləcək.
Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib.
Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.
Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28 min 249 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 43 min 144 nəfər təşkil edib.
Ermənistan Müdafiə Nazirliyi kütləvi şəkildə avtomobil şinləri toplayaraq onları şərti sərhəd istiqamətinə göndərir.
Musavat.com KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan ordusunun artilleriya bölmələrini sərhədə yaxın ərazilərə cəmləşdirdiyi bildirilmişdi. Müşahidəçilər hesab edir ki, şinlərin toplanması və sərhədə daşınması ehtimal ki, mühafizə, müdafiə və ya mümkün toqquşmalara hazırlıq məqsədi daşıyır.
Qeyd olunur ki, şinlər adətən optik görünüşü azaltmaq, səngərləri möhkəmləndirmək və ya hərbi texnikanı kamuflyaj etmək üçün istifadə olunur.
Bu isə Ermənistan tərəfinin mümkün hərbi əməliyyatlara hazırlaşdığını göstərə bilər.
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 12-də davam etdirilib.
Məhkəmədə Ermənistanın işğal siyasətinin tərkib hissəsi olaraq həmin ölkənin silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunda, o cümlədən rayonun Başlıbel kəndində, “Tunel” adlanan ərazisində və digər ərazilərində azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi, azərbaycanlı olduğuna görə dinc sakinlərə qarşı xüsusilə ağır cinayətlərin törədilməsi ilə bağlı zərərçəkmiş şəxslər ifadə verib.
İfadə verən zərərçəkmiş şəxs Habil Ələsgərov bildirib ki, aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başlayıb. “Kəndə hücum edən Ermənistan silahlı qüvvələrinin hərbçiləri evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb.
Zərərçəkmiş şəxs əlavə edib ki, Ermənistan ordusunun kahaya hücumu nəticəsində anası qolundan güllə yarası almışdı: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənistan silahlı qüvvələri mülki əhaliyə heç bir sual vermədən görən kimi öldürürdülər. Orada xarici ölkələrdən muzdlular da var idi. Girov düşməmək üçün qaçdım ki, bəlkə məni öldürərlər. Amma qaça bildim. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atmışdılar, hava soyuq olduğu üçün donaraq ölmüşdü. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavab olaraq H.Ələsgərov deyib ki, Başlıbel üçün yeganə çıxış “Tunel” kimi tanınan yol olub. Lakin Ermənistan ordusu orada pusqu quraraq yolu bağlayıb. Ərazidə gizlənmək üçün meşə də olmadığından ümid kahalara qalıb. O, həmin kahalarda günlərlə ac-susuz, qaranlıqda qaldıqlarını deyib. Bildirib ki, onlar ya kahalarda acından ölməli, ya da həyatlarını təhlükəyə ataraq gecə gizli şəkildə kəndə ərzaq dalınca getməli idilər.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Musavat.com-un xəbərinə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verildi. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.
Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.