![]() |
![]() ![]() ![]() |
|
23 may 2025-ci il, Xocavənd rayonunun Hadrut qəsəbəsindəyik.
Hadrut 2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. 44 günlük Vətən müharibəsi zamanı 9 oktyabrda işğaldan azad edilib.
Musavat.com-un Hadruta ezam olunmuş müxbiri xatırladır ki, Vətən müharibəsi zamanı Azərbaycan ordusu düşmən ordusunun heç gözləmədiyi məqamda Hadruta yönəldi.
Bu isə müharibənin taleyini həll edən əməliyyat idi, çünki Azərbaycan ordusunun xüsusi təyinatlıları məhz bu istiqamətdən Şuşaya doğru irəliləməyə başladı.
Hadrutda işğaldan dərhal sonra olan şahidlər deyirdilər ki, hücumun qəfil olması erməniləri qaçmağa məcbur etmişdi.
5 il keçib və bu gün də bu fikirlərin sübutlarını görmək olar. Məsələn, Hadrutda tərk edilmiş həyət evində üst-üstə qalaqlanmış ot tayaları hələ də qalır. Həyətdə bağlanmış, işğalçıların apara bilmədikləri, bəlkə də azərbaycanlılardan oğurlanmış xalça da var idi. Meyvə ağacları arasında tut ağacı gördüm.
Qismətdə Hadrutda qara tut da yemək var imiş…
Qəsəbə daxilində hərbi strateji obyektlər çoxdur, küçələrdə demək olar ki, ancaq hərbçilərlə qarşılaşdıq.
Dağlar qoynunda cənnət guşəsi olan Hadrutda həyat öz axarına yavaş-yavaş qayıdır - evlər abadlaşdırılacaq, infrastruktur yenilənəcək.
Daha öncəki xəbərdə yazdığım kimi, artıq məscidin inşası yekunlaşmaq üzrədir. Ən qısa zamanda bu məscidin minarəsindən ətrafa Azan səsi yayılacaq. Azadlığın əks-sədası kimi…
Allah şəhidlərimizə rəhmət eləsin!
Nigar HƏSƏNLİ,
Xocavənd, Hadrut
Musavat.com
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın da iştirak etməsi etirafını əks etdirən videomaterial nümayiş olunub.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, videomaterialda L.Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində fəaliyyət göstərirdi - Şuşa qalası istiqamətində. Bizim bölüyümüz onların bölüyü ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi”.
Dövlət ittihamını müdafiə edən prokurorların videomaterial barədə sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 23-də davam etdiriləcək.
“Yeni nəslin nümayəndələri arasında təhsilli olan da var, olmayan da, ona görə...”
Bu ilin yanvar-aprel aylarında 148 min 881 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 44,1 min şəxs münasib işlərlə təmin olunub, 5,4 min nəfər isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Qeyd olunan dövrdə 2,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 96,6 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib. O ki qaldı işğaldan azad olunan ərazilərə, köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib. 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb. Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunda çıxışı zamanı deyib ki, 2030-cu ilə qədər Qarabağ bölgəsində 150 minə yaxın iş yeri açılacaq. İş yerlərinin regionda bərpa və iqtisadiyyatın şaxələndirilməsinə kompleks yanaşmanın bir hissəsi kimi sənayenin geniş spektrini əhatə edəcəyi gözlənilir.
“Hökumət dövlət sektorunda, o cümlədən idarəetmə, təhsil və səhiyyə sahələrində 20-25 min nəfəri işə götürməyi planlaşdırır. Kənd təsərrüfatında 15-17 min nəfərin işlə təmin olunması gözlənilir ki, bu da regionda ənənəvi əkinçilik və heyvandarlığın canlanmasına kömək edəcək”, - o deyib.
Sahibkarlığa və yerli biznesə dəstək həmçinin 10 000-11 500 iş yeri yaradacaq. Bundan başqa, o əlavə edib ki, qabaqcıl inkişaf zonalarından biri olan Ağdam Sənaye Parkı istehsal və logistika sektorlarında 5 minə yaxın iş yeri təmin edəcək. Bölgənin mineral ehtiyatlarından istifadə mədənçıxarma və əlaqəli sənaye sahələrində 1500-2000 yeni iş yeri yaradacaq.
Mədəni irs obyektlərinin və təbii attraksionların bərpası planları çərçivəsində turizm 1000-1500 iş yeri yaradacaq.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, işğaldan azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28 min 249 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 43 min 144 nəfər təşkil edib.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında işğaldan azad edilən ərazilərdə geniş iş imkanlarının olduğunu bildirdi. S.Məmmədovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: “İnfrastruktur salınır, yaşayış, qeyri-yaşayış evləri tikilir, yəni yaşayış məntəqələri və ona bağlı infrastruktur sıfırdan qurulur. Bunun üçün də çox sayda işçi qüvvəsi tələb olunur. Bəzi peşə sahibləri müəyyən qədər əməkhaqqı ilə bağlı narazılıq bildirsələr də, əhalinin işlə təminatı prosesi davamlı şəkildə həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi əhalinin işlə təminatı üçün müəyyən proqramlar həyata keçirir. Buna baxmayaraq, işğaldan azad edilən ərazilərdə məskunlaşmış insanların heç də hamısı işlə təmin olunmayıb. Bunun səbəbi məskunlaşmanın tam başa çatmamasıdır. Dövlət orqanları, büdcə təşkilatları işə düşdükcə iş yerlərinin sayı artacaq. Eyni zamanda infrastrukturun istismarı ilə bağlı işçi qüvvəsi tələb olunacaq. Məsələn, dəmiryolu xətti işə düşəndə yollarda xidmət üçün, o cümlədən vağzallarda işçi kadrlara ehtiyac olacaq.
Onu da qeyd etmək lazımdır ki, məcburi köçkünlərin əksəriyyətinin ixtisası yoxdur. Yaşlı nəsil işğaldan öncəki dövrdə təsərrüfatlarda çalışıb. Yeni nəslin nümayəndələri arasında isə təhsil alan da var, almayan da. Buna görə də əhalinin peşəyə yiyələnməsi istiqamətində müvafiq tədbirlər görülməlidir ki, görülür. Əlavə qanunvericilik təminatına ehtiyac ola bilər. Vergidən azadetmə kimi güzəştlər də nəzərdə tutulub, müəyyən şərait yaradılıb, lakin işlər bir qədər genişləndirilməlidir".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının paytaxtı Tiranaya səfərdən öncə Ağdamda olmuşdu. Həmin səfər boyunca keçirilən möhtəşəm görüşlərdə, tədbirlərdə dövlətimizin başçısını kövrələn də görmüşdük, bizlər də kövrəlmişdik...
2000-ci ilin 9 mayında ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavano mərhum Prezident, Ulu Öndər Heydər Əliyevə Ağdam Cümə məscidindən bir parça daş gətirmişdi. Keri Kavano həmin daş parçasını ulu öndər Heydər Əliyevə təqdim edərkən “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir.
Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”, - demişdi. Heydər Əliyev kövrələrək Kavano ilə qucaqlaşmışdı, sonra da bu barədə danışmışdı, əminliklə o torpaqların azad olunacağına inamını ifadə etmişdi. O hadisənin 25-ci ildönümündə ata vəsiyyətini yerinə yetirən oğlu Ağdamda qurulmuş möhtəşəm tədbirlərdə iştirak edirdi. Kim bilir, bəlkə kövrək anlarda elə həm də o daş parçası ilə bağlı xatirələr baş qaldırmışdı. Yeri gəlmişkən, həmin daş parçası Heydər Əliyev Fondu tərəfindən təmir edilən Ağdam Cümə məscidində saxlanılır...
Qayıdaq Balkanlara, Tirana müşahidələrimizə...Uzun həsrətdən sonra doğma torpaqlarına qayıdan sakinlərin əhatəsində gözləri dolan Prezidentimiz Avropa məkanında qətiyyətli, məğrur və qalib görkəmi ilə varlığımıza əlavə güc qatırdı.
Albaniyada ilk qarşılanma anlarından başlamış, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində görüşlərədək hər yerdə iştirakçı liderlər tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunması qürurverici anlar idi. Azərbaycanın imzası imzalar içindədir, təkcə ona görə yox ki, Tiranada iştirakçılar xüsusi tabloya imza atırdılar. İlham Əliyev də təvazökarcasına imzasını əlavə etdi. Artıq dövlət, millət olaraq imzamıza hər yerdə etibar və etimad var, xüsusən də işğala son veriləndən sonra Azərbaycan adına, bu dövlətin liderinə münasibət kökündən dəyişib, qətiyyətli olduğu qədər də humanist, sülhpərvər dövlət başçısına xüsusi münasibət daim sezilir. Builki Zirvə toplantısında iştirak edən 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları içərisində öz yeri və çəkisi ilə seçilirdi dövlətimizin başçısı, təbii ki, dost-qardaş ölkələrin başçıları ilə bərabər...
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını şəxsən qarşıladı, onların hər birinə özəl münasibəti var idi. Azərbaycanla Avropa İttifaqı arasında gərginlik yaratmaq və öz məqsədləri üçün ziddiyyətləri qabardanlar bu dəfə də hesablamalarında yanıldılar. Çünki gərginlikdən əsər-əlamət hiss olunmadı, əksinə, ən yüksək hörmət və ehtiram var idi Azərbaycan liderinə. Bunun əsas səbəbi heç şübhəsiz ki, İlham Əliyevin öz sözünün sahibi olmasıdır. Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Azərbaycana səfərini, dövlət başçımızla görüşlərini xatırladım. O zaman Qarabağ hələ işğalda idi və dövlət başçımızın Avropa İttifaqı ilə münasibətlərin, əlaqələrin qurulmasında açıq şəkildə bəyan etdiyi əsas şərt Azərbaycanın ərazi bütövlüyünə hörmət, Qarabağla bağlı açıqladığı qırmızı xətt idi. Təsəvvür edin, ozamankı reallıqlar daxilində də Azərbaycan lideri qarşısındakılara “Ya Qarabağ, ya da Qarabağ!!!” hədəfini çatdırırdı, bu mövzuda hər hansı güzəştləri qəbul etmirdi. Yeri gəlmişkən, Ukrayna ilə bağlı davam edən acınacaqlı vəziyyət, bu ölkənin liderinin qarşısına bəzən təslimçi sazişin şərtlərinin qoyulması faktı ortadadır...
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedən Prezident İlham Əliyevin sözünü imzası qədər ciddi, etibarlı qəbul edən Avropa liderləri səmimiyyət və diqqətlərini ondan əsirgəmədilər. Üstəlik, Rusiya-Qərb konfrantasiyasının ən gərgin dönəmlərində Azərbaycan dövlətinin Avropa İttifaqına üzv olan 10-a yaxın ölkəni mavi yanacaqla təmin etməsi, heç bir təhdiddən çəkinməyərək anlaşmalara əməl edilməsi istiqamətində cəsarətli addımlar atması unudulası fakt deyil. Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə əlahiddə görüş də mühüm hadisə idi.
Təsadüfi deyildi ki, Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının VACİB VƏ ETİBARLI TƏRƏFDAŞI olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın ENERJİYƏ EHTİYACI OLAN ZAMAN (seçmələr bizimdir-E.P.) göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Bu etiraf təkcə Avropa məkanı üçün deyil, ümumilikdə dünya üçün çətin günün dostunun kimliyinə dair suala cavab verməkdən ötrü qiymətli faktdır. Ancaq Avropa İttifaqının rəhbərliyi ölkəmizin və dövlət başçımızın rolunu yalnız yaxın tarixin önəmli hadisələri ilə əlaqədar xüsusi qiymətləndirmir, həm də perspektivlər baxımından Azərbaycanın roluna, əhəmiyyətinə diqqət verirlər. Təsadüfi deyil ki, hər iki avropalı liderin çıxışlarında Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Həmçinin, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.
Bu fikirlərin qarşılığında Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolundan bəhs edib. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb. Eyni zamanda Prezident İlham Əliyev ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunaraq, bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri vurğulayıb. Dövlətimizin başçısının Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını xatırlatması da mühüm məqamdır. Ani olaraq düşünürsən: Zəngəzur dəhlizinin reallaşmasından sonra bu artımın miqyası harayadək artacaq?..Heç şübhəsiz, avropalılar da bu barədə düşünməmiş deyillər. Rəsmi məlumatdan aydın olur ki, görüş zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub, Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib. Bundan əlavə, müzakirələrdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunuldu, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.
Azərbaycana verilən önəmin səbəbləri kifayət qədərdir. Bu məqamda Ermənistanın baş naziri Nikol Paşinyana münasibətə də ötəri nəzər salmaqla müqayisədə “yerdən göyə qədər” fərq olduğu ortaya çıxır. Ermənistan Qoşulmayanlar Hərəkatının üzvü olan Azərbaycandan fərqli olaraq, Avropa İttifaqına can atan, bu il parlament səviyyəsində quruma üzvlüklə bağlı konkret qərar verən ölkədir. Amma Aİ-yə üzv olmağa çalışan Ermənistanın bu təşkilatda çəkisi Azərbaycanla müqayisədə gözəgörünməz səviyyədədir. Xatırlayırsınız yəqin, illərlə ermənilər Azərbaycan dövlətinin və liderinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında Ermənistandan, onun rəhbərliyindən qat-qat artıq diqqətin olmasına görə yanıb-yaxılırdılar. Azərbaycan Ermənistanın üzv olduğu təşkilatlarda da ondan güclü və üstün idi. Tirana görüşü Avropaməkandakı vəziyyəti də tam şəkildə ortaya çıxartdı. 9 May paradına görə özünü Rusiyaya çatdıran və prezident Putinin qəzəbindən xilas olmaq üçün cəhdlər göstərən, bu zaman da gülməli duruma düşən Nikol Paşinyan Tirana da gülüş obyektinə çevrildi, özü də dəfələrlə. Paşinyanın qarşısındaca Ermənistan bayrağının tərsinə qoyulması, özünün isə ailə fotosu çəkdirilərkən heç olmasa boyunun kiçik olması belə, nəzərə alınmadan lap arxa sırada saxlanması digər faktlarla müqayisədə kişik nümunələrdir. Azərbaycan Prezidenti ilə təmasa can atan təkcə Paşinyan olmadı, həm də onun “arxa-dayağı” Emmanuel Makron oldu. Bütün dünya bu kadrları gördü...Maraqlıdır, heç olmasa bundan sonra ermənilər anladılarmı ki, bundan sonra yenə ciddi səhvlərə yol versələr, nə Fransanın Ermənistana yeritdiyi Avropa İttifaqının kəşfiyyat şəbəkəsi, nə də Makronun silahları onları xilas etməyəcək?..
Albaniyanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyevə böyük diqqət, Albaniya Respublikasının rəhbərliyinin, digər rəsmilərin münasibəti öz yerində. Qardaş Türkiyənin Prezidenti Rəcəb Təyyib Ərdoğanla Azərbaycan Prezidentinin səmimi münasibətləri, ikili söhbətləri, hətta Paşinyanın yaxınlaşdığı məqamda iki Türk liderin mesajları, həmçinin Makronun Azərbaycan liderinə yaxınlaşıb, heç nə olmamış kimi, onun əllərini sıxmasının ardınca dövlət başçımızın unikal mövqeyi unudulmayacaq. Azərbaycan Prezidenti nə onunla “kofe içmək” adı altında danışmaq istəyən Nikol Paşinyanın, nə də havadarı Makronun əlini geri itələməməklə yenə böyüklüyünü, bəşəri sülh və təhlükəsizlik üçün əlindən gələni etməyə hazır olduğunu nümayiş etdirdi.
Əslində əlində kifayət qədər imkanlar var idi ki, Paşinyan-Makron cütlüyünə indiyədək etdiklərinə görə yerlərini göstərsin, etmədi, türkün böyüklüyü budur, qalib olanda basmır, kəsmir, əfv edir, şans verir...Əgər cızığından çıxsalar, deyildiyi kimi, peşman olacaqlar. Necə ki, Tirana görüşü artıq göstərdi: peşman olublar...Gözləyək, görək dərs olacaqmı? Sülhə doğru uzanan əllərin yenidən Dəmir Yumruğa çevrilməsini istəyənlər cavablarını alacaqlar, bunu da unutmasınlar!
İrəvana qaçan keçmiş xunta başçısı Samvel Şahramanyan əski parçası sayılan “fərman” imzalayıb və bununla da “artsaxın ləğvi haqqında” 2023-cü il sentyabrın 26-da imzalanmış qərarı qüvvədən salıb. “Yeni Müsavat” məlumat verir ki, bu barədə hüquqşünas Roman Yeritsyan öz feysbuk səhifəsində yazıb.
Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan Şahramanyanın qərarına sərt reaksiya verib. Onun sözlərinə görə, “Ermənistanda başqa heç bir dövlət yaradıla bilməz və başqa dövlətin ləğvi haqda qərar ləğv edilə bilməz”.
Çaxoyan bildirib ki, Şahramanyanın verdiyi bəyanatların Ermənistanda heç bir hüquqi qüvvəsi yoxdur: “Çünki ləğv edilmiş dövlət yalnız öz ərazisində bərpa oluna bilərdi. Lakin bu baş vermədi. Amma Ermənistan Respublikasının ərazisində bu mümkün deyil”.
Çaxoyan mifik dövlətçiliyi “öz kabinetindən” idarə olunan bir şey kimi qəbul edənləri kəskin tənqid edib: “Əks təqdirdə, ”artsax"ın ləğvinə imza atan və dövlətə öz kabinetinin məntiqi ilə yanaşanlar bir gün Latın Amerikasında və ya Afrikada başqa bir dövlət yaradacaq və ya ləğv edəcəklər", - deyə o, istehza ilə vurğulayıb.
Erməni mediası bununla bağlı yazıb ki, beləcə, Paşinyan hakimiyyəti uydurma “artsax”a münasibətdə öz rəsmi mövqeyini təsdiqləyib: “Artsax”ın ləğvi məsələsi artıq yuridik olaraq bağlanıb və Şahramanyanın öz qərarını ləğv etmək və ya Ermənistan ərazisində hansısa varis yaratmaq cəhdlərinin heç bir hüquqi əsası yoxdur və bu, siyasi manipulyasiya kimi qəbul edilir", - şərhdə vurğulanır.
Rəsmi İrəvanın bu mövqeyini hakimiyyətin separatçı ünsürlərə qarşı son və həlledici həmləsi saymaq olarmı? O halda, yəni Paşinyan hökumətinin prinsipial mövqeyinin davamı kimi İrəvanda separatçıların ofisi də bağlanacaqmı? Ümumiyyətlə, hakimiyyətin revanşist-separatçılara qarşı sərt davranışın səmimiyyətinə inana bilərəkmi?
Bu arada “Hraparak” qəzetinin yazdığına görə, bir qrup separatçı Şahramanyanla görüşüb və ondan fikrini soruşub. Lakin o, növbəti “seçki”lərdə “namizəd” olmayacağını bildirib. Başqa “namizəd”lərin isə adlarının siyahı şəklinə salınaraq, təqdim edilməsini istəyib. Lakin belə birinin hələ üzə çıxmadığı qeyd edilib.
Bundan başqa, separatçılar yenidən Qarabağa “qayıdış” nağıllarını gündəmə gətirməyə başlayıblar. Onlardan biri Artak Beqlaryan bildirib ki, bunun üçün bir neçə mərhələni keçmələri lazımdır. Onun sözlərinə görə, hazırda əsas vəzifə Ermənistanı gücləndirməkdir. “Yəni qısaca desək, bizim güclü inkişaf etmiş Ermənistan Respublikamız olmalıdır”.
O qeyd edib ki, bütün erməni xalqının milli ideologiyası, milli elitası və buna əsaslanan effektiv idarəçiliyi olmalıdır. “Bunun əsasında əminəm ki, zaman keçdikcə biz də Qarabağa qayıda bilərik. Əminəm ki, Qarabağın qaytarılması mümkündür. Bu, zaman məsələsidir. İstər bir neçə ildən, istərsə də onilliklərdən sonra”.
Separatçılar hələ çox belə nağıllar uydurub, vaxtilə taladıqları və istismar etdikləri Qarabağı və ermənilərə “xəyal plov” yedirtməyə çalışacaqlar. Amma arzuları heç vaxt çin olmayacaq. Separatçı Nahapet Sarkisyan bildirib ki, Balasanyan, Şahramanyan və digərləri Qarabağda talançılıqla məşğul olublar. Onun sözlərinə görə, bu gün onların özlərini “qəhrəman” kimi təqdim etmələri Qarabağdan köçmüş ermənilərə təhqirdir. “Biz onların korrupsiya əməlləri və talançılıq fəaliyyəti ilə araşdırma aparacağıq”.
Göründüyü kimi, bu separatçı tör-töküntüləri həm bir-birini ittiham edir, həm utopik arzular qurur, həm də artıq mövcud olmayan qondarma qurumun fəaliyyətini bərpa qərarları verir. Bu vəziyyətdə isə Paşinyanın ofisindən səslənən bəyanatdan sonra İrəvanın növbəti addımlarının atılması gözlənilir.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ermənistan qarşısında məsələ qaldırmalıdır. “Bakı İrəvandan tələb etməlidir ki, separatçıların bu kimi bütün hərəkətlərinə qadağa qoyulsun, ofis verilməsin, toplaşa bilməsinlər. Bu şəxslər artıq mifik fikirlərdən oyanıb Ermənistanda yaşamağa öyrəşməli, iş tapmalıdırlar. Şahramanyan kimi qorxaqların indi Ermənistanda hansısa qərar verməsi birbaşa bu ölkənin sülh prosesinə zərbədir. Paşinyan Qarabağın Azərbaycana aid olduğunu söyləyir, sülh mətni razılaşdırılıb, amma İrəvanda ərazi iddiaları irəli sürən tör-töküntülər fəaliyyət göstərirlər. Buna dərhal son qoyulmalıdır. Çünki daha əvvəl spiker Simonyan onların fəaliyyətini Ermənistan dövlətçiliyi üçün təhdid adlandırıb. Paşinyan da bəyan edir ki, real Ermənistan qurulmalıdır. Belə vəziyyətdə isə hansısa oyunların qurulması, cəfəng ideyaların irəli sürülməsi yalnız Ermənistana ziyandır”.
Professor hesab edir ki, onların İrəvandakı fəaliyyəti Azərbaycana təhlükə yaratmır, lakin Ermənistana sülh yolunda, Ankara və Bakı ilə normallaşma prosesində bir əngəldir: “Biz Xankəndidə separatizmi məhv etmişik. Ordumuz antiterror əməliyyatı nəticəsində separatçı ünsürləri darmadağın edib, onların rəhbərlərinin bir hissəsi Bakıda mühakimə olunur, qanun qarşısında cavab verirlər. Bundan əlavə, bu qüvvələrin yenidən Qarabağa yerləşməsi, burada qondarma rejim qurmaq planları mümkün deyil. Buna nə onların gücü var, nə dövlətimiz imkan verər. Ona görə də İrəvanda oturub evcik-evcik oynayanlar ürək bulandırırlar. Bundan da Paşinyan hakimiyyəti narahat olmalıdır. Çünki biz Ermənistandan ərazi iddialarına son qoymağı tələb edirik, Konstitusiyadan çıxarılmasını gözləyirik, bu yandan isə ərazi iddiası ilə separatçılar yeni proses başlamağa cəhd göstərirlər. Güman edirəm ki, Çaxoyanın bu açıqlaması növbəti addımların atılmasına gətirib çıxaracaq. Paşinyan da bunu dərk edir”.
Q.Hüseynlinin fikrincə, separatçıların fəallaşmasının bir səbəbi də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, bəzi Avropa fondlarından Qarabağdan könüllü getmiş “qaçqınlara yardım” adı ilə qonorar qoparmaq hiyləsidir: “Ancaq Paşinyan hökuməti seçim etməlidir. Əgər bu oyunlara son qoyulmasa, sərt və radikal qərarlar verilməsə, deməli, sülhdə səmimi deyil, separatçıların fəaliyyətində maraqlı tərəfdir. Çaxoyanın bu açıqlamasından sonra biz növbəti addımların atılmasını gözləyəcəyik. Eyni zamanda, rəsmi Bakı İrəvana bu məsələlərlə bağlı xəbərdarlıq etməlidir. Yəni bizim sülh müqaviləsi üçün iki məlum şərtimiz var, separatçıların İrəvanda əl-qol açmasına imkan verməmək də əlavə tələbimiz olmalıdır. Bu qüvvələr sülh sazişinə açıq təhdid sayılırlar”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”