Ardını oxu...
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan mövqeyini ifadə edib. Sizcə, təşkilat birtərəfli qaydada bundan sonra hansı şərtlər daxilində öz mövcudluğunu saxlaya bilər?

- Minks Qrupu artıq işlək bir qurum deyil. Üç həmsədrdən ikisi, yəni ABŞ və Rusiya da bunu qəbul edib. Sadəcə olaraq ATƏT-də qərarlar konsensus əsasında qəbul edilir. Azərbaycan çoxdan bu qurumun ləğvinə tərəfdardır. Məhz bu baxımdan da Prezident İlham Əliyev Ermənistana çağırış edir ki, Minsk qrupunun ləğvi ilə bağlı öz mövqeyini ortaya qoysun. Çünki konsensus olmasa bu mümkün olmayacaq. Ümumiyyətlə isə bu qurum işlək deyil. Artıq onun büdcəsinə da veto qoyulub. Azərbaycan tərəfindən Minsk Qrupunun büdcəsinə maliyyənin dayandırılması ilə bağlı qərar var.

- Müharibə olmadan ATƏT xətti ilə əldə ediləcək sülh sazişinin mahiyyəti nədən ibarət idi? Bu, Azərbaycanın mövqeyi ilə nə dərəcədə uzlaşırdı?

- ATƏT-in Minsk Qrupunun xətti ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə edilsə, bunu BMT Təhlükəsizlik Şurası təsdiq etməli idi. Çünki BMT Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Vaxtilə həmin qətnamələrdən sonra belə bir qərar da qəbul edilib ki, bu, regional münaqişə olduğuna görə, bununla ancaq ATƏT məşğul olsun. Məhz qəbul edilən qərarlar da buna əsaslanırdı.

- O vaxt sülh sazişinə başlıca maneə nə idi? Ermənistan ordusunun çıxarılması fonunda digər əngəl nədən ibarət olub?

- Ordunun çıxarılması ilə yanaşı Ermənistan qanunverciliyinin dəyişdirilməsi amili var. Sülh sazişini bu şərtlər çərçivəsində imzalamaq mənasız olar. Çünki əldə ediləcək razılaşmadan sonra Ermənistanda dəyişəcək siyasi konyuktura bundan imtina edə bilər. Nikol Paşinyandan sonra hakimiyyətə gələcək qüvvə bunun ölkə konstitusiyasına zidd olduğunu əsas gətirib imtina edəcək. Bu halda saziş öz mahiyyətini itirir. Ona görə də, sülh sazişindən öncə Ermənistan öz qanunvericiliyini tənzimləməlidir. Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi şəkildə imtina edilməlidir.

- Ermənistan qanunverciliyinə dəyişikliklər edilmədən sülh sazişinin imzalanacağı ehtimalı varmı?

- Vaxtilə belə təkliflər var idi. Məsələn, Avropa İttifaqında qaydalar fərqlidir. Əgər Avropa Parlamenti hansısa qanunu qəbul edirsə, o ölkələrin milli qanunlarından üstün hesab edilir. Daha sonra təklif edildi ki, sülh sazişində onun milli qanunlardan daha üstün olması ilə bağlı bənd salınsın. Amma bu da ağlasığmaz bir məsələdir. Hüquqi baxımdan bu, düzgün hesab edilmir. Avropa İttifaqı təşkilat kimi bunu qəbul edə bilər. Amma Azərbaycanla Ermənistan arasında imzalanacaq saziş ikitərəfli hüquqa malikdir.

- Minsk Qrupunun xətti ilə imzalanacaq sülh sazişində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hansı şərtlər var idi?

- ATƏT-in Lissabon sammitində (1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı) bu məsələ tam şəkildə öz əksini tapmışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail olundu. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi keçmiş Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Sammitdə qərara alındı ki, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində keçmiş Dağlıq Qarabağa yüksək muxtariyyət “status”nun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi mümkündür.

Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu. Amma burada erməni tərəfi konsensusa razı olmadı deyə həmin qərar məhz ATƏT sədrinin adından qəbul edildi. Amma indi bu “status” söhbətləri bitdi. Cənab Prezident demiş “status” cəhənnəmə getdi. O vaxt mən də xarici işlər naziri kimi danışıqlarda bilavasitə iştirak edərək ermənilərə təklif edirdim ki, gəlin, ən yüksək “status”u müzakirə edək. Tatarıstan modelini belə təklif edirdim ki, gəlin, onların konstitusiyası üzərində işləyək. Ermənilər hətta buna da razılıq vermirdilər.

- Həmin dövr üçün danışıqlarda ən təhlükəli ssenari nədən ibarət idi? Doğrudan da gündəmdə belə bir riskli məsələ olubmu?

- Azərbaycan üçün o dövr üçün ən təhlükəli ssenari Kosova variantı idi. Çünki Kosova o vaxt elan etmişdi ki, biz Serbiya və Yuqoslaviyanın asılılığından çıxırıq. Həmin vaxta qədər Kosovanın adi muxtariyyəti vardı. Rusları məhz balkanlardan sıxışdırıb çıxarmaq üçün böyük ölkələr, xüsusən də ABŞ və Avropa İttifaqı həmin vaxt Kosovanın müstəqilliyini tanımağa başladılar. O vaxt Kosova variantının keçmiş Dağlıq Qarabağa presedent kimi tətbiqi ən təhlükəli gediş ola bilərdi.

- Təhlükəli məqam dedikdə siz nəyi nəzərdə tutursunuz? Muxtariyyətdən üstün hansı “status”dan söhbət gedirdi?

- Muxtariyyətdən üstün hal kimi müstəqillikdən bəhs edilirdi. Çünki o dövrdən sonra Kosovaya müstəqillik verilmişdi. Qarabağa da bu ssenari üzərində iş aparmaqdan bəhs olunurdu. BMT TŞ Serbiyanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul etmişdi. Amma buna baxmayaraq Kosovanın müstəqilliyini tanıdılar. Ziddiyyət də məhz bundadır.

- ATƏT xətti ilə əldə ediləcək razılaşma fonunda bölgəyə sülhməramlıların gəlişi nəzərdə tutulubmu?

- ATƏT-in belə bir səlahiyyəti yoxdur. Sülhməramlıları yerləşdirmək səlahiyyəti ancaq BMT Təhlükəsizlik Şurasına aiddir. Əgər “Madrid prinsipləri” və sair bir əsasda Azərbaycanla Ermənistan arasında saziş imzalansa idi, onu BMT TŞ təsdiq etməli idi. Onlar ancaq bu halda sülhməramlı kontingentlə bağlı qərar verə bilərdi. Çünki BMT-nin ayrı-ayrı bölgələrdə bu cür sülhməramlı qüvvələri var.
Ardını oxu...
Naxçıvan MR, Şərur rayon Dərəkənd kənd sakini Əliyeva Ceyran Hüseyn qızı Azinforum.az-a verdiyi videomüsahibədə iddia edib ki, onların ailə mülkünə məxsus ev və bir hektara yaxın torpaq sahəsi icazələri olmadan başqa adamlara satılıb. Şikayətçi bu işdə həmin kəndin icra nümayəndəsinin təqsirli sayır: “O, bizim mülkümüzü öz qardaşının oğlunun adına rəsmiləşdirib. Mən bütün rəsmi qurumlardan kömək istəyirəm”. Azinforum.az olaraq bildiririk ki, müsahibədə adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq. Həmin videomüsahibəni təqdim edirik:

 
Ardını oxu...
Moderator.az "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Azərbaycanın sülhlə bağlı şərtləri ölkə başçısı tərəfindən bir daha gündəmə gətirildi. Sizcə, qarşı tərəfin bu şərtlərə adekvat yanaşması sülh prosesinin gündəliyinə necə təsir edəcək?

- Hazırda iki ölkə arasında danışıqlarda bir neçə istiqamətlər var. Delimitasiya və demarkasiya ilə bağlı dialoq davam etməkdədir. Sülh müqaviləsi və yaxud münasibətlərin normallaşdırılmasına dair mətn üzərində iş gedir. Bu məsələlərin tam olaraq şəffaf şəkildə həll edilməsi və gələcəkdə bu danışıqlara geri qayıdılmaması üçün vacib olan şərtlər təmin edilməlidir. Bu da Ermənistanın normativ hüquqi aktları ilə bağlıdır. Faktiki olaraq Ermənistan konstitusiyasında Qarabağla bağlı absurd iddialar yer alıb.

- Sizcə, Ermənistan konstitusiyasının preambulası necə dəyişməlidir? Bunun üçün dəyişikliyin və yaxud yeni konstitusiyanın qəbulu mümkündürmü?

- Bu məsələ üzərində Ermənistan hökuməti düşünməlidir. Çox güman ki, yeni konstitusiyanın qəbulu mümkün olacaq. Çünki bu, konstitusiyanın preambulası ilə bağlı olan məsələdir. Azərbaycan hakimiyyətinin gözləntisi ondan ibarətdir ki, bu məsələ tezliklə həll edilsin. Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyanat verdi ki, Azərbaycanın bu tələbi guya Ermənistanın daxili işlərinə qarışmaqdır. İddia edib ki, Ermənistan konstitusiyasının dəyişdirilib-dəyişdirilməməsi və normativ-hüquqi aktların qəbulu onların daxili işidir.

- Bu ölkənin əsas qanunlarında digər qonşusuna qarşı açıq ərazi iddiaları yer alıbsa, bu necə “daxili məsələ” ola bilər?

- Mirzoyan unutmasın ki, bu, heç də Ermənistanın “daxili işi” deyil. Söhbət Azərbaycan ərazilərinə olan iddialardan gedir. Ermənilərin normativ-hüquqi aktları Azərbaycan torpaqlarına istinad edirsə, bu, birbaşa olaraq məhz ölkəmizin əsas məsələsidir. Hazırda Azərbaycanın mövqeyi güclüdür. Beynəlxalq situasiya da Azərbaycanın yanındadır. Belə olan təqdirdə, Bakı əlində olan rıçaqlardan və mexanizmlərdən istifadə edərək Ermənistana lazım olan qərarları qəbul etməsi israrını davam etdirməlidir.

- Burada Bakının narahat olduğu əsas məqamlar nədən ibarətdir?

- Gələcəkdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmaması üçün bütün əməli addımlar atılmalıdır. 50-100 il sonra erməni kilsəsi, diasporu, kənar qüvvələr ermənilərin yenidən Azərbaycana qarşı baş qaldırmalarına kömək edə bilər. Ona görə də, bu ölkənin qanunvericilik bazası çox əmin olmalıdır. Nikol Paşinyan özü 2020-ci il 10 noyabrda üçtərəfli razılaşmaya imza atsa da, Zəngəzur dəhlizinin açılması və digər məsələləri istədiyi kimi şərh edirdi. Paşinyandan sonra hakimiyyətə gələcək şəxsin davranışlarının bu halda necə olacağı sual altındadır. Məhz bu kontekstdə Azərbaycan hakimiyyəti bütün bu məsələləri düşünərək addımlar atır.

- ATƏT-in Minsk Qrupunun mövcudluğunun saxlanılması ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Həmsədrliyin qalması ilə Ermənistan nəyə nail olmaq istəyir?

- Minsk Qrupu hazırda mövcud deyil. Bu qurumun adı belə çəkilmir. Qərb ölkələrinin açıqlamalarında belə bu quruma istinad yoxdur. Minsk qrupunun olmaması hər kəs tərəfindən qəbul edilib. O, institusional baxımından mövcuddur. Azərbaycan isə bu qurumu proseslərdən kənarlaşdıra bilib. Təşkilat proseslərdən kənarlaşmasa ölkəmizə qarşı təzyiqlər ola bilərdi, Çünki ikili standartlar davam edir. 30 il ərzində həmsədrlərin əsas mexanizmi yaxşı və ya pis oyunu oynayaraq, sonda öz bildiklərini həyata keçirməli olub. Məqsəd status-kvonu saxlamaq idi. 2020-ci il 44 günlük müharibədən sonra da Minsk Qrupunun üzvləri Qarabağın dağlıq hissəsində erməni separatçılarının bölgədən çıxarılmaması üçün onlara ərazi daxilində müəyyən “hüquqlar” verilməsi naminə əllərindən gələni edirdilər. Amma sonrakı proseslər fonunda Azərbaycan öz haqlı mövqeyini ortaya qoyaraq suverenliyini tam təmin etdi. Amma nə qədər ki sülh müqaviləsi bağlanmayıb Minsk qrupunun qalması sonrakı dövr üçün arzuolunmaz məsələlərin ortaya çıxması ilə nəticələnə bilər. Ona görə də, Ermənistan tərəfi də Azərbaycanla birlikdə Minsk qrupunun ləğv edilməsi ilə bağlı çağırış etməlidir.
 
Ardını oxu...
Ümumi Daxili Məhsul (ÜDM) ölkənin iqtisadi göstəricilərinin və gücünün əsas göstəricisidir. O, müəyyən bir müddət ərzində ölkədə istehsal olunan bütün əmtəə və xidmətlərin əlavə dəyəri və ya həmin müddət ərzində hər bir şəxsin gəlirinin əlavə edilməsi ilə ölçülür. Adambaşına düşən ümumi daxili məhsul bəzən əhalinin həyat səviyyəsini təsvir etmək üçün istifadə olunur. Daha yüksək ÜDM isə daha yaxşı həyat səviyyəsi deməkdir.

Bəs adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə lider ölkələr hansılardır?

İqtisadiyyat.az bu barədə bazar məlumatları üçün statistika portalından məlumat əldə edib

2022-ci ildə adambaşına düşən ÜDM-ə görə lider olan 10 ölkənin adı açıqlanıb. Lüksemburq, Norveç, və İrlandiya dünya üzrə adambaşına düşən ümumi daxili məhsulun ən yüksək olduğu ölkələrdir.

Dünyada adambaşına düşən ümumi daxili məhsulun həcminə görə ikinci ölkə Norveçdir. Norveç iqtisadiyyatı son bir neçə ildə böyük güc əlamətləri nümayiş etdirir. Son on ildə isə ölkədə adambaşına düşən ÜDM 2 dəfə və ya 43 min dollardan çox artıb.

Ümumilikdə, Norveç iqtisadiyyatı dünyada ən sabit və perspektivli iqtisadiyyatlardan biridir.

Araşdırmalar göstərir ki, adambaşına düşən ÜDM-ə görə lider ölkələr bunlardır:

Ölkə Adambaşına düşən ÜDM
Lüksemburq 126,598 dollar
Norveç 105,825 dollar
İrlandiya 103,311 dollar
İsveçrə 93,657 dollar
Qətər 83,521 dollar
Sinqapur 82,807 dollar
ABŞ 76,343 dollar
İslandiya 74,590 dollar
Danimarka 68,294 dollar
Avstraliya 64,813 dollar
 
Ardını oxu...
Diaspora.TV-də “Uğurlu soydaşın” növbəti qonağı Moskvada yaşayan soydaşımız, gənc musiqiçi Rusalina Hüseynzadə olub.

R.Hüseynzadə Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.

Hazırda Rusiyada yaşayan qonağımız musiqiyə birinci piano öyrənməklə başladığını, 15 yaşından isə skripka ifa etdiyini bildirib:

“Bir il sonra baş dirijor T.Gökçayevin dəvəti ilə Qara Qarayev adına kamera orkestrində skripka qrupunun konsertmeysteri kimi fəaliyyətə başladım”.

R.Hüseynzadə məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının təqaüdü ilə Moskva Dövlət Konservatoriyasında təhsil alıb. 2022-ci ildə Konservatoriyanı qırmızı diplomla bitirib və həmin il aspirantura təhsilinə başlayıb.

R.Hüseynzadə qeyd edib ki, müsabiqələrdə Rusiyanı təmsil etməsi üçün ona vətəndaşlıq da təklif olunub:

“Lakin mən imtina etdim. Bütün müsabiqələrdə və festivallarda Azərbaycanı təmsil edirəm”.

Gənc musiqçi bir sıra ölkələrdə, eləcə də Rusiyada Azərbaycanı müxtəlif konsert proqramlarında, tədbirlərdə təmsil edib.

R.Hüseynzadə qeyd edib ki, bir sıra müsabiqələrin keçirildiyi illərdə Azərbaycandan heç bir skripkaçı yer tutmayıb:

“Azərbaycanı “Grand Prix Emanuel Feuermann”, “Queen Elizabeth Competition”, “Tchaikovsky Competition” kimi nüfuzlu müsabiqələrdə təmsil etməyi düşünürəm”.

Soydaşımız bildirib ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur:

“Onlar tədbirlərinə daha çox estrada müğənniləri dəvət edirlər”.

 
Ardını oxu...
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın Qeqarkunik vilayətinin (Göyçə mahalı) qubernatoru Karen Sərkisyan iddia edir ki, guya Azərbaycan 2022-ci ildə bu istiqamətdə ermənilərə məxsus strateji yüksəklikləri götürüb. Onun sözlərinə görə, Azərbaycan ordusu bu yüksəkliklərdən çəkilməsə, hərbi varianta əl ata bilərlər. Ermənistanın belə bir hərbi gücü varmı ki, bu avantüra haqda düşünür?

- Karen Sərkisyan kimdir?! Heç kimdir, heç nədir. Heç onun sözünü ciddiyə almaq lazım da deyil. Ermənistanda xəstə təxəyyüldə olan insanlar çoxdur. Təəssüf ki, belələri rəhbər vəzifələrdə də var. Bu adamların iddiaları da, özləri də heç nədir. Bu cür ifadələri boş vermək, ciddiyə almamaq lazımdır.

Ermənistanın hərbi imkanlarına gəlincə, Azərbaycan ordusunu sınağa çəkmək onlara baha başa gələrdi. Əgər Ermənistanın hərbi imkanları vardısa, 44 günlük müharibədə göstərərdi. Ermənistanın hərbi imkanları Azərbaycanla savaşa girəcək səviyyədə deyil. İndi təsəvvür edək ki, Baqrat Qalstanyan Ermənistanda hakimiyyətə gəlib, o da heç nə edə bilməz. Baqratın havadarları Serj Sərkisyan və Robert Köçəryan yox, daha təsiredici dairələrdir. Heç onlar istəmirlər ki, regionda vəziyyət dəyişsin.

- Ermənilərin bu kimi təxribatçı iddiaları delimitasiya prosesini tormozlaya və ya mürəkkəbləşdirə bilərmi?

- Buna inanmıram. Əgər Paşinyan cəsarətini davam etdirsə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, heç bir problem olmayacaq. Gedişat göstərir ki, bu “müqavimət”in heç bir təsir gücü yoxdur. İndi İrəvanda bir qrup insan küçələrə düşüb zibil qutularını ora-bura atırlar, hay-küy salırlar, vəssalam. Onlar heç nə edə bilməzlər, heç kimdirlər. Paşinyan öz davranışları ilə açıq şəkildə göstərir ki, onları saymır, ciddiyə almır, boşuna vaxt itirirlər.

- Sülh müqaviləsinin Bakıda imzalanacağı ilə bağlı iddia da var. Bu dəfə Rusiyanın nüfuzlu nəşrləri yazırlar ki, Baş nazir Nikol Paşinyan noyabrda Bakıda keçiriləcək COP29-a qatılacaq, saziş də bu mümkün səfər çərçivəsində imzalanacaq. Belə bir iddia Ermənistanda da gündəmdədir. Sizin bu haqda fikriniz necədir?

- Mən bu məsələyə münasibətdə bir az təmkinli yanaşıram. Yeri gəlmişkən, Paşinyan istisna etmir ki, bu sənəd COP29-dan əvvəl imzalana bilər. İndidən nəsə demək çətindir, hələ müzakirələr davam edir. Düzdür, müsbət inkişaf var, amma bir sıra, xüsusən də nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər həllini tapmayıb. Buna görə də, tələsik fikirlər söyləmək düzgün olmazdı. Bəzən mediada oxucu auditoriyasının diqqətini çəkmək üçün bu kimi maraqlı mövzular ortaya atılır. Mediada ortaya atılan iddialarının bununla bağlı olduğunu düşünürəm. Prosesin özü bir qədər fərqlidir.

- Sülh müqaviləsində Almatı bəyannaməsinə istinad məsələsi də gündəmdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iddia edir ki, Bakı buna razı deyil. Sizcə, niyə müqavilədə Almatıya istinad olmamalıdır?

- Çünki Almatı bəyannaməsi 1991-ci ilə qədər olan ərazi bölgüsünü əks etdirir. Sovet dönəmində hansı ərazilərin nə vaxt Ermənistana qanunsuz olaraq verilməsi araşdırılmalı və bu, delimitasiya prosesində öz əksini tapmalıdır. Məsələn, Zəngəzur mahalının Nüvədi kəndi 1928-ci ildə qanunsuz olaraq Ermənistana verilib. 1968-ci ildə bu kəndin Ermənistanın tərkibində olması yenə qanunsuz olaraq rəsmiləşdirilib. Bundan əvvəl heç bir sənəddə Nüvədi “Ermənistan ərazisi” kimi təsdiqlənməyib. Nüvədini ermənilərə verənlər kobud səhvə yol vermişdilər, SSRİ qanunları kobud şəkildə pozulmuşdu. O vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi Levon Mirzoyan idi, yəni erməni. Planı elə qurmuşdular ki, guya Azərbaycan SSR Ermənistan SSR-ə nəsə bağışlayır. Bunu kim bağışlayıb? Bura bir ölkənin ərazisidir, şəxsi mülkiyyət deyil. Bunu SSRİ-nin ali rəhbərliyi təsdiqləməli, reyesterə daxil edilməli idi, bunu etməmişdilər. Nəhayət, 1968-ci ildə Nüvədini qanunsuz olaraq Ermənistana qatdılar.

Belə faktlar çoxdur. Buna görə də, 1991-ci ilədək baş verənləri nəzərə almalıyıq, delimitasiya da bu çərçivədə aparılmalıdır.

- Sizin də qeyd etdiyiniz kimi, sovet dönəmində bəzi ərazilərimiz qanunsuz olaraq Ermənistana verilib. Həmin ərazilərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin edən Mehridir. Sizcə, bu, delimitasiya prosesində Bakının tələblərindən biri ola bilərmi?

- Düşünürəm ki, bunlar kommunikasiyalarla bağlı olan məsələlərdir. Azərbaycan tələb edir ki, sülh müqaviləsində bu məsələ (kommunikasiyaların açılması) də əksini tapmalıdır. Yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq nəqliyyat xətləri sərbəst şəkildə fəaliyyət göstərməlidir. Əlbəttə, biz Ermənistanın tanınmış ərazilərinə iddialı, ələ keçirmək niyyətində deyilik. Amma nəqliyyat dəhlizləri ilə bağlı xüsusi rejim olmalıdır. Çünki söhbət Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında birbaşa əlaqənin qurulmasından gedir. Yüklər və sərnişinlərin daşınması üçün heç bir maneə olmamalıdır.

Dəhliz Azərbaycandan Azərbaycana prinsipi ilə açılmalıdır, vəziyyət belədirsə, hansısa keçidlər və maneələr heç kimə lazım deyil. Düşünürəm ki, indi tərəflər arasında bununla bağlı fikir ayrılığı var, bu da yekun sənədin imzalanmasına təsir göstərir.
 
Ardını oxu...
"Azərbaycanda piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında ilk yerlərdə olar. Belə olan halda biz deyə bilərikmi ki, bizdə sürücülərin bilik səviyyəsi aşağıdır? Piyadaların təhlükəsizliyi üçün onların maarifləndirilməsinə, yol hərəkəti ilə bağlı biliklərinin artırılmasına, eyni zamanda, yol infrastrukturunun piyadalar üçün daha təhlükəsiz qurulmasına ehtiyac var. Təəssüf ki, bu gün üçün qayda pozan piyadalar sırasında şagirdlər və tələbələrin də sayı kifayət qədər çoxdur. Düşünün, yüksək balla universitetə qəbul olan tələbə yol hərəkəti qaydalarını bilmir və müəyyən edilməyən yerdən keçdiyinə görə yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ömür boyu çəkilən əziyyət, qarşıda onları gözləyən karyera puç olur, bundan da önəmlisi - ailəsinə yaşatdığı sevinc ağır bir kədərə çevrilir. Həyatda istənilən mövzuda qaydaları bilmək, məsuliyyətli davranmaq önəmlidir".

Bunu Oxu.Az-a müsahibəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev deyib. Onunla müsahibəni təqdim edirik:

- Rövşən bəy, sürücülərin son dövrlər ən çox şikayət etdikləri məqamlardan biri baş verən yol-nəqliyyat hadisələri zamanı qəzanın qiymətləndirilməsi məsələsidir. Belə ki, sığorta şirkətlərinin zərərçəkmişə ödəniş etməsi üçün gərəkli olan, "forma 4" deyilən elektron sənədin göndərilməsi bəzən aylarla yubanır. Bu sənədin gecikdirilməsi nə ilə bağlıdır?

- Bu tip sorğular bizə də ünvanlanır. "Forma 4" sənədi 10 gün müddətində elektron qaydada sığorta şirkətinə göndərilir. Eləcə də, sürücülərin hər birinə xüsusi kod verilir və o kod əsasında sığorta şirkətinə yaxınlaşaraq "forma 4" sənədinin gəlib-gəlmədiyini öyrənə bilirlər. Əgər müddət pozuntusu olarsa, həmin sürücülərin bizə müraciət etmələri tövsiyə olunur. Biz məsələni dərhal araşdıracağıq.

- Bəzi ekspertlər ölkəmizdə yol-nəqliyyat hadisələrinin qonşu ölkələrlə müqayisədə dəfələrlə çox olduğunu və bunun da səbəbinin sürücülərin yol hərəkətinə dair bilik səviyyələrinin aşağı olması ilə əlaqələndirirlər. Bu barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, belə şəxslər var və onların dedikləri hansısa təhlillər əsasında səsləndirilən fikirlər deyil, sadəcə, öz şəxsi düsüncələridir. Yol - elə bir sahədir ki, onunla bağlı hər insanın öz şəxsi fikirləri ola bilər, ancaq bunu ekspert fikri kimi səsləndirmək doğru olmaz. "Ekspert" sözü böyük bir mənanı ifadə edir, ekspert olmaq hansısa sahədə savada, uzunmüddətli təcrübəyə sahib olmağı tələb edir. Həm Azərbaycanda, həm də Avropanın bir çox ölkələrində yol-nəqliyyat hadisələrinin sayı ictimaiyyət üçün əlçatandır və aylıq, rüblük, yarımillik və illik olaraq açıqlanır. Hər kəs bu məlumatları rahatlıqla əldə edə, hər 100 000 insana və ya hər 100 000 nəqliyyat vasitəsinə düşən qəza sayını rahatlıqla hesablayıb qəza əmsalını çıxara bilər. Bizdə olan qəzaların sayı, səsləndirildiyi kimi, Avropa ölkələrində olan qəza sayından çox deyil, eləcə də ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsi heç də həmin ölkələrdən aşağı deyil.

Ölkəmizdə yol-nəqliyyat hadisələrinin sayına ən böyük təsiri məhz piyadavurma təşkil edir. Yol hərəkəti təhlükəsizliyi baxımından qabaqcıl ölkələrdə piyadavurma halları ümumi yol-nəqliyyat hadisələrinin maksimum bir-iki faizini təşkil etsə də, bizdə bu, 50 faizdən yuxarıdır. Düşünün, yollarda dünyasını dəyişən hər iki nəfərdən biri piyadadır. Bu hadisələrin də başlıca səbəbi piyadalarımızın qanunvericiliklə onların üzərinə qoyulmuş hüquq və vəzifələri yetərincə bilməmələri və yolu haradan gəldi keçmələridir. Bu sahədə sürücülərdən daha çox, piyadaların maarifləndirilməsinə ehtiyac var.

Çünki bizdə də piyadavurmalar ümumi yol-nəqliyyat hadisələrinin bir-iki faizini təşkil edərsə, o zaman ölkəmiz avtoqəzaların sayının az olduğu ölkələr sırasında ilk yerlərdə olar. Belə olan halda biz deyə bilərikmi ki, bizdə sürücülərin bilik səviyyəsi aşağıdır? Piyadaların təhlükəsizliyi üçün onların maarifləndirilməsinə, yol hərəkəti ilə bağlı biliklərinin artırılmasına, eyni zamanda, yol infrastrukturunun piyadalar üçün daha təhlükəsiz qurulmasına ehtiyac var. Təəssüf ki, bu gün üçün qayda pozan piyadalar sırasında şagirdlər və tələbələrin də sayı kifayət qədər çoxdur. Düşünün, yüksək balla universitetə qəbul olan tələbə yol hərəkəti qaydalarını bilmir və müəyyən edilməyən yerdən keçdiyinə görə yol-nəqliyyat hadisəsinin qurbanı olur. Ömür boyu çəkilən əziyyət, qarşıda onları gözləyən karyera puç olur, bundan da önəmlisi - ailəsinə yaşatdığı sevinc ağır bir kədərə çevrilir. Həyatda istənilən mövzuda qaydaları bilmək, məsuliyyətli davranmaq önəmlidir.

- Bəzi saytlar var ki, avtomobillər üçün nömrələr satırlar. Daha da maraqlısı odur ki, bir nömrəni 10-15 min manata təklif edirlər. Bu qanunidirmi?

- Əlbəttə ki, xeyr. Bəzi saytlar var, hətta sosial şəbəkələrdə səhifələr də var ki, nömrə satışı adı ilə insanları aldatmağa çalışırlar. Bu kimi hallar barədə bizə çoxsaylı müraciətlər daxil olurdu. Kimlərsə bu səhifələrə aldanıb, nömrələri almaq üçün beh verirdilər. Sonda da məlum olurdu ki, bu nömrələr başqa şəxslərə məxsusdur və onların avtomobillərinin nömrələrinin satışa çıxarılmasından heç xəbərləri yoxdur.

Ümumiyyətlə, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ayrıca alqı-satqının və ya başqa əqdin (bağışlama, dəyişmə və s.) predmeti ola bilməz. "Yol hərəkəti haqqında" Qanunun 27 və 29-cu maddələrinə görə, avtomobil üzərində nömrə ilə satıla bilər. Amma "mən yalnız nömrəni satıram, avtomobili yox" kimi bir iddia qanunla qadağandır.

- Heç bu istiqamətdə şikayət əsasında qanunsuz olaraq başqalarına məxsus avtomobil nömrələrini satışa çıxaran şəxs və ya şəxslər aşkarlanıbmı?

- Bəli, bu istiqamətdə aparılan araşdırmalar nəticəsində bəzi şəxsləri müəyyən etdik və onlar barəsində qanunamüvafiq tədbirlər görüldü.

Tərəfimizdən aşkar edilən "avtomobil nömrə satışı" adı altında "Instagram" və "TikTok" sosial şəbəkələrində kifayət qədər izləyicisi olan səhifələrin sahibi izahatında insanların diqqətini çəkən avtomobil nömrələrini ağlına gələn qiymətlərlə səhifələrdə yerləşdirməkdə məqsədinin sosial şəbəkə səhifələrinin reytinqini və izləyici sayını artırmaq olduğunu, müəyyən izləyici sayı qazandıqdan sonra onların adını dəyişərək başqa şəxslərə satdığını etiraf etdi.

- Son vaxtlar yenə nəqliyyat vasitəsini nömrəsiz idarə edən sürücülərin sayı artıb. Sürücüləri buna vadar edən nədir?

- Əlbəttə, məqsəd - qayda pozsalar da, xüsusi texniki vasitələr tərəfindən aşkarlanıb cərimələnməməkdir. Bu cür sürücülərə qarşı ciddi mübarizə aparılır. Nəqliyyat vasitəsinin nömrəsini çıxardığınız zaman hər hansı yol-nəqliyyat hadisəsi törətdikdə nəqliyyat vasitəsinin kimə məxsus olduğunu müəyyənləşdirmək çətinləşir. Təbii ki, bu da zərərçəkənlərin haqlı narazılığına səbəb olur. Nömrə nişanları birmənalı olaraq avtomobilin üzərində olmalıdır. Buna əməl edilməməsi həm qanunlara, həm də hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.

- Bahalı avtomobillərin səsgücləndirici sistemləri zavodda tərtib edilir. Bəzən sürücülər 100-300 min manatlıq avtomobillərini şəhərdə "rahat" sürə bilmədiklərindən tez-tez nəqliyyat vasitələrinin polis tərəfindən cərimə meydançasına aparıldığını iddia edirlər. Burada belə bir sual yaranır ki, əgər bu nəqliyyat vasitələrinin respublika ərazisində sürülməsi qadağandırsa, aidiyyəti üzrə ölkəyə gətirilməsinə niyə icazə verilir?

- Avtomobil zavod tərəfindən hansı konstruksiyada buraxılıbsa, onda hər hansı bir məhdudiyyət tətbiq olunmur. Yox, əgər siz sonradan səsgücləndirici qurğular quraşdırıb, səsboğucuya kənar müdaxilə edərək səsgücləndiricilər, partlama səsi çıxaran qazanlar qoşursunuzsa, bu, qanunla qadağandır. Çünki bu, digər sürücülərin narazılığına səbəb olmaqla yanaşı, onların diqqətini də yayındırır. Elə sürücü ola bilər ki, həmin səs onu qorxudar və o, ani manevrlə qəza törədə bilər. Düşünün, işıqforda dayandığınız yerdə yaxınlaşan nəqliyyat vasitəsi güclü partlayış səsləri çıxarır. Hərəkət iştirakçıları arasında uşaqlar, yaşlı şəxslər, hamilə qadınlar da var, bu isə onlara, təbii ki, mənfi təsir edir.

- Sosial şəbəkələrdə operativ nəqliyyat vasitələrinə xas olan sayrışan işıqları şəxsi avtomobillərinə quraşdıran sürücülərin videolarına da rast gəlinir. Həmin sürücülər digər hərəkət iştirakçılarını çaşdıraraq onlardan ehtiyac oldu-olmadı yol istəməklə qəza şəraiti yaradırlar. Bu kimi hallarla necə mübarizə aparırsınız?

- Belə avadanlığı alan və avtomobilinə quraşdıran şəxs düşünməlidir ki, bu ona problem yaradacaqsa, buna görə yüksək məbləğdə cərimə ödəyəcəksə, belə qurğunu niyə alsın və quraşdırsın? Biz, demək olar ki, bütün platformalarda bunu səsləndiririk ki, vəzifəsindən, statusundan asılı olmayaraq, yollarda hər kəs bərabər hüquqa malikdir və yol hərəkəti ilə bağlı qaydalara riayət etməyə borcludur.

- Avtoxuliqanlıq edən sürücülərlə bağlı reydlər davam edirmi? Təəssüf ki, belə sürücülər bəzən etdikləri əməlləri fəxr edilməli hal kimi sosial platformalarda paylaşırlar. Onlara qarşı mübarizə aparılırmı?

- Avtoxuliqanlıq edən şəxslərə qarşı çox ciddi mübarizə tədbirləri aparılır və aparılmalıdır da. Avtoxuliqanlıq - ictimai təhlükəli əməldir. Bu, insan həyatını təhlükəyə atmaq deməkdir. Bəzilərinin diqqət çəkmək və ya fərqlənmək istəkləri kimlərinsə həyatına son qoyur. Kimlərsə belə şəxslərə "cavandır" deyərək haqq qazandırmağa çalışırlar. Cavandır deyə avtomobili bu cür idarə etməli və insanların həyatına son qoymalıdır? Bu, yolverilməzdir!

Bu tərz videoların sosial şəbəkələrdə geniş yayılması isə ən təəssüfləndirici haldır. Biz çox zaman sosial şəbəkələrdə nümunəvi sürücülər, eləcə də respublika yollarında müşahidə edilən müsbət hallarla bağlı məlumat paylaşarkən onun geniş ictimaiyyətə çatması üçün heç kim dəstək olmur. Görürük ki, paylaşılma minimumdur. Çünki sosial şəbəkə istifadəçiləri tərəfindən belə müsbət hallar o qədər də maraqla qarşılanmır. Ancaq kimsə hansısa bir qayda pozuntusunu çəkib paylaşanda baxırıq ki, onun izlənməsi bir saat ərzində, bəlkə də, yüz min baxışı keçir. İstifadəçilər də dayanmadan bunu paylaşırlar. Əslində, istəmədən, şüuraltı səviyyədə neqativ halları, qayda pozuntularını təbliğ etmiş olurlar. Buradan belə nəticəyə gəlirik ki, sosial mediada pozitiv xəbərlər yox, neqativ xəbərlər daha çox yayılır, daha çox maraq cəlb edir. Düşünürəm ki, eyni təbliğatı müsbət hallar üzərində etsək, artıq müəyyən zaman sonra bu da insanların maraq dairəsinə düşər.

- Hazırda ölkə ərazisində "təmiz hava aylığı" keçirilir. Bu aylığın keçirilməsinə zərurət nə idi?

- "Təmiz hava aylığı" ildə bir neçə dəfə olmaqla hər il BDYPİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. İl ərzində havaya atılan zərərli qazların ümumi həcminin 85%-i nəqliyyat vasitələrinin, 15%-i isə zavod və fabriklərin payına düşür. İkinci bir statistikanı da deyim. İl ərzində nəqliyyat vasitələri tərəfindən havaya atılan dəm qazının miqdarı 800 000 tondan artıqdır. Təəssüf ki, bu gün yollarda olan nəqliyyat vasitələrinin təxminən 80%-dən çoxu istehsal ili 15-20 ildən çox olan avtomobillərdir. Bu isə həm havanın çirklənməsinə, həm də yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktlarının artmasına bilavasitə səbəb olan hallardandır.

- Bəs nəqliyyat vasitələrinin utilizasiya proqramı ilə bağlı nə deyə bilərsiniz?

- Çox istərdik ki, ən qısa müddət ərzində insanların istəyi əsasında utilizasiya proqramı uğurla həyata keçirilsin.

Biz utilizasiya proqramını icra edən qurum olmasaq da, məsələyə təhlükəsizlik baxımından yanaşsaq, sürücülərimizin yeni, komfortlu, müasir təhlükəsizlik tələblərinə cavab verən avtomobillər əldə etməsi həm ekologiyaya, həm də avtoqəzaların sayına müsbət təsir göstərərdi. Çünki yol-nəqliyyat hadisələri zamanı ölüm faktına yol açan əsas səbəblərdən biri avtomobilin müasir təhlükəsizlik tələblərinə cavab verməməsi və istehsal ilinin kifayət qədər köhnə olmasıdır.

- Bir sıra Avropa ölkələrində yollarda qayda pozuntularının aşkarlanmasında dronlardan istifadə edilir. Son dövrlər yol infrastrukturunda bir sıra yeniliklər tətbiq edilir, məhz buna görə maraqlıdır ki, ölkəmizə dron radarların gətirilməsi gözlənilirmi?

- Bizdə də ötən illərə nisbətdə artıq bir çox qayda pozuntuları elektron formada, yəni insan amili olmadan xüsusi texniki vasitələrlə aşkar edilir. Doğrudur, gündən-günə yol hərəkəti təhlükəsizliyinə dair yeni, müasir texnologiyadan istifadə edilir. Dronlar da bunlardan biridir. Ölkəmizdə hələ ki inzibati xətaların aşkarlanmasında dronlardan istifadə olunmur. Lakin gələcəkdə buna zərurət yaranarsa, yəqin ki, bu məsələ müzakirə oluna bilər.

- İlin əvvəlindən indiyədək respublika yollarında baş verən qəzaların sayında azalma müşahidə edilirmi?

- Cari ilin dörd ayı ərzində respublika yollarında ümumilikdə 439 yol-nəqliyyat hadisəsi baş verib ki, onlardan 212-si ölümlə, 389-u xəsarətlə nəticələnib. Rəqəmləri keçən ilin müvafiq dövrü ilə müqayisə etsək, görülən tədbirlərin müsbət nəticə verdiyini və ölüm halının azalan dinamikasını görərik. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il yol-nəqliyyat hadisələrinin sayı 73 fakt, ölüm halları 35 fakt, xəsarət halları isə 55 fakt azalıb.

Qəza törədən şəxslərlə bağlı aparılan araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisəsinə sürücülük hüququ olmayan 46 nəfər, birillik sürücülük hüququ olan 51 nəfər, 10 ildən yuxarı sürücülük hüququ olan 171 nəfər səbəb olub.

Təəssüf doğuran məqamlardan daha biri sürücü səhlənkarlığı səbəbindən baş verən yol-nəqliyyat hadisələrində ailə üzvlərinin həlak olmalarıdır. Bu tip 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, hadisə zamanı üç nəfər özünün, beş nəfər həyat yoldaşının, bir nəfər atasının, dörd nəfər oğlunun, bir nəfər isə qızının ölümünə səbəb olub.
 

Ardını oxu...
Mərkəz rəhbəri: “Ermənistanda qanlı qarşıdurmanın, sui-qəsdlərin baş verməyəcəyinə zəmanət yoxdur”

Ermənistanda daxili siyasi gərginlik qismən səngisə də, müxalif “Vətən naminə Tavuş” hərəkatı aksiyaların davamlı olacağını, hərəkatın məqsədinin Baş nazir Nikol Paşinyanın hakimiyyətinə son qoymaq olduğunu bəyan edir. Hərəkatın lideri, Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan Baş naziri “vətəni satmaqda”, “Ermənistanın milli maraqlarını satmaqda” və “dövləti təhlükəyə atmaqda” günahlandırır. Qalstanyan ermənilərə mitinqlərə qoşulmaq çağırışı etsə də, İrəvanın mərkəzi meydanına 15 mindən artıq etirazçı toplaya bilmir. Mütəxəssislər hesab edirlər ki, bu qədər mitinq iştirakçısı ilə Paşinyanı devirmək mümkün deyil.

Paşinyan hökuməti isə “Vətən naminə Tavuş” hərəkatını və onun rəhbərliyində olan şəxsləri “qarışıqlıq yaratmaqda”, “Ermənistanın təhlükəsizliyinə xələl gətirməkdə” və “xarici qüvvələrin əlində oyuncaq olmaqda” ittiham edir.

Paşinyan Qalstanyana son mesajında keşişi “xarici qüvvələrin təsirində olan şəxs” adlandırıb: “Kimlərinsə oyuncağı olan, meydanlarda şoumenlik edən hansısa bir keşiş ətrafına özü kimiləri toplayaraq Ermənistan rəhbərliyi ilə görüş tələb edir, istefaya çağırış edir. Bilmirəm, bu arsız özünü nə hesab edir?!”.

Paşinyan Ermənistanda təxribatlar törətmək istəyən radikallara da cavab verib: “Mənim hakimiyyətdən getməyimi istəyənlərə səslənirəm, bilsinlər ki, belə bir niyyətim yoxdur. Ölkədə anarxiya, xaos yaratmaq istəyənlərin bütün cəhdlərinin qarşısını hüquq-mühafizə orqanları qətiyyətlə alır və alacaq”.

Ermənistanda baş verənlər və hadisələrin bundan sonrakı mərhələsində nələrin baş verəcəyi ehtimalları ilə bağlı AYNA-nın suallarını Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri cavablandırıb. Analitik qeyd edib ki, keşişin başlatdığı hərəkat erməni cəmiyyəti tərəfindən dəstək görmədi:

- Qalstanyan Tavuşdan İrəvana yürüş etdi, paytaxtda keçirdiyi ilk mitinqdə xeyli insan meydana toplaşdı. Sonrakı mitinq və aksiyalara qatılan insanların sayı azalmağa doğru getdi. Qalstanyan İrəvanda mitinqlərə 10-15 min şəxsdən artıq etirazçının gəlmədiyini anladı. İndi keşiş yenidən bölgələrə səfərlər edir, insanları etirazlara səsləyir. Bu, yeni müstəvidir. Bununla keşiş çalışır ki, regionlardan insanları paytaxtdakı mitinqlərə cəlb edə bilsin.

Qalstanyanın eyni zamanda, hakimiyyət rəsmilərini hədəfə almaqla hakim komanda içərisində parçalanma yaratmaq istəyir. Keşişi meydana atan qüvvələr anlayırlar ki, hakimiyyət içərisində parçalanma olmadan azsaylı iştirakçısı olan mitinqlərlə Paşinyanı devirmək mümkün deyil. Dövlət qurumları binaları qarşısında keçirilən aksiyalar da bu məqsədə xidmət edir.

- Erməni müxalifəti məqsədinə çata biləcəkmi?

- Hesab edirəm ki, proses kulminasiya nöqtəsinə yaxınlaşır. Məlumdur ki, bu etiraz dalğasına milyonlarla dollar vəsait ayrılıb. Xaricdə yaşayan kriminal erməni lobbisi etiraz dalğasına külli miqdarda maliyyə yatırıb. Söhbət Qərbdəki erməni lobbisindən və Rusiyadakı erməni diasporasından gələn vəsaitlərdən gedir. Eyni zamanda, konkret siyasi sifarişlər var. Bəzən deyirlər ki, Rusiya çoxdandır erməni müxalifətindən əlini üzüb, bu məsələ Rusiya ilə bağlı deyil. Bu, yanlış yanaşmadır.keşişin başlatdığı etiraz dalğasının arxasında Rusiya dayanır. Moskvada anlayırlar ki, müxalif qüvvələr – keçmişdə hakimiyyətdə olmuş Robert Köçəryanla, Serj Sarkisyanla bir nəticəyə vara bilməyəcək, keşişin simasında lider ortaya atdı. Rusiyanın bu siyasi əməliyyatı da iflasa uğramaqdadır.

- Erməni mediası iddia edir ki, Qalstanyanla məqsədinə nail ola bilməyən Moskva yenidən Paşinyanla münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlara başlayıb...

- Bu, görüntü xarakterlidir və insanları çaşdırmaq üçün ortaya atılan məlumatdır. İnsanları Rusiya yanlış istiqamətə yönləndirir. Kreml anlayır ki, Ermənistan cəmiyyətində Rusiyaya inam yoxdur, nifrət dostluğu üstələyir. Paşinyanla əməkdaşlığın bərpası kimi məsələni ortaya atmaqla ola bilsin ki, Rusiyaya nifrət edən erməni cəmiyyətini ayağa qaldırmaq, hakimiyyəti devirmək istəyir.

Məlumdur ki, Rusiya hər zaman “kökə və kötək” siyasətindən paralel şəkildə istifadə edir. Əgər keşişin başlatdığı etiraz dalğası üstün olsaydı, Rusiyanın Ermənistan siyasətini başqa yöndən görə bilərdik.

Eyni zamanda, Qalstanyan son vaxtlar müstəvini dəyişir. Əslində keşişin arxasında dayanan qüvvələr gərginliyin daha da artması və qan tökülməsinin tərəfdarıdırlar. Hesab edirlər ki, qanlı qarşıdurma olarsa, o zaman erməni ictimaiyyətində ajiotaj yaranar, mitinqlərin masştabı daha da artar. Çünki qan tökülərsə, burada ittiham olunan tərəf təbii ki, hakimiyyət olacaq. Bir növ, hakimiyyət zorakılığa təhrik edilir.

- Amma Paşinyan bu qarşıdurmadan sanki yayına bildi...

- Tam yayındığını söyləmək çətindir. Proses kulminasiya nöqtəsinə gəlsə də, tam başa çatmayıb. Ermənistanda hakimiyyəti dəyişmək istəyən güc, konkret olaraq xaricdəki radikal erməni lobbisi və Rusiya hər vəchlə istəyir ki, qanlı qarşıdurma olsun, zorakılıq törədən Paşinyan hakimiyyətdən zoraklılıqla qovulsun. Çünki hüquqi yolla, hüquqi müstəvidə etiraz yolu ilə Paşinyanı devirə bilməyəcəklərini başa düşürlər. Anlayırlar ki, növbədənkənar seçkilər təyin olunsa belə, ermənilərin səsini qazana bilməyəcəklər. Ona görə də hakimiyyəti zorla devirməyin marağındadırlar. Hətta Qalstanyanın özü bəyanatında açıq şəkildə bildirdi ki, məqsədləri növbədənkənar seçkilərin təyin olunması yox, Paşinyanı istefaya məcbur etməkdir.

Bəli, Paşinyan bu niyyəti görür və qan tökülməməsi üçün çalışır, amma nəzərə almaq lazımdır ki, bu etiraz dalğası tam sıradan çıxmayıb. Ona görə də sabah Ermənistanda qanlı qarşıdurmanın, sui-qəsdlərin baş verməyəcəyinə zəmanət yoxdur. Çünki keşişin arxasında duran qüvvələr vətəndaş qarşıdurmasının baş verməsinə təhrik edirlər. Milyonlarla pul ayırmış dairələr konkret siyasi nəticə istəyirlər ki, bu nəticə də yoxdur.

- Demək istəyirsiniz ki, növbəti mərhələ zorakılıq mərhələsidir?

- Əlbəttə, Ermənistanda proseslər artıq zorakılıq mərhələsinə qədəm qoyur. Ayrı-ayrı zorakılıq halları, etirazçıların hökumət binaları qarşısına toplaşmaları, səslənən təhdidlər bunun göstəricisidir. Demək olar ki, keşişin başlatdığı etiraz dalğasında “B” variantı işə düşüb. Qalstanyanın arxasındakı güclər “B” varianına keçidi tələb edirlər. Yenə deyirəm, proses qanlı qarşıdurmayadək inkişaf edə bilər. Amma bu o demək deyil ki, erməni müxalifəti uğur qazanacaq. Paşinyanın hakimiyyətdən devrilməsi elə də asan məsələ deyil. Baş naziri sui-qəsdlə aradan götürmək, bununla hakimiyyətinə son qoymaq ehtimalı da heç vaxt istisna olunmamalıdır.

Müəllif: Anar Bayramoğlu
 

Dünyapress TV

Xəbər lenti