İran mediası, Tehranın İsrailə qarşı indiyədək həyata keçirilmiş ən böyük hücuma hazırlaşdığını bildirib.
İran, Netanyahunun “Tehranı boşaldın” təhdidinə “Tel-Əvivdən çıxın” cavabı ilə reaksiya verib.
"AzPolitika" xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail vətəndaşlarına müraciət edib: “Bu gecə İsraili daha sərt vuracağıq. Tel-Əvivi boşaldın!”
İran dövlət televiziyası, Silahlı Qüvvələrin Mətbuat Katibi Səyyad isə hətta İsrail vətəndaşlarına ölkəni tərk etməyi tövsiyyə edib: “İşğal altındakı torpaqları tərk edin, bu, həyatınızı xilas etməyin yeganə yoludur.”
Səyyad əlavə edib: “İsrail rejiminin hücumlarına əzici və peşmanlıq doğuracaq cavab verməkdən başqa yolumuz qalmayıb. İranın dağıdıcı cavabının miqyası şübhəsiz ki, İsrailin bütün əraziləri əhatə edəcək.”
O idia edib ki, hərbi, təhlükəsizlik və qərarvermə mərkəzləri, İsrail ordusunun komandirləri və alimlərin yaşadığı ünvanlar da daxil olmaqla, bir çox mühüm hədəflər vurulub.
Səyyad daha sonra xəbərdarlıq edib: “İsrailiı tərk edin, çünki bu yerlər gələcəkdə sizin üçün yaşanacaq məkan olmayacaq. Rejimin sizi canlı qalxan kimi istifadə etməsinə imkan verməyin.”
O, həmçinin bildirib ki, sığınacaqlarda olmaq belə təhlükəsizlik təmin etməyəcək.
İran Milli Təhlükəsizlik Şurası isə bəyan edib: “Bu gecəni israillilər üçün gündüzə çevirəcəyik.”
İran yaxın saatlarda Ramat David aviabazasını vuraraq, İran ərazisinə edilən hücumlara İsrailə cavab verəcək.
Məlumata görə, İsrailin bir çox hərbi mərkəzləri, o cümlədən “İrana qarşı təcavüzdə əsas rol oynayan” Ramat David aviabazası vurulacaq.
İranın Silahlı Qüvvələri yaxın saatlarda Təl-Əvivin ətrafındakı Bney Brak şəhərindəki hərbi obyektlərə də zərbələr endirmək niyyətindədir və sakinləri təxliyə olunmağa çağırıb.
"İran İslam Respublikası işğal olunmuş ərazilərin sakinlərini sağ qalmaq üçün Bney Brak ərazisini tərk etməyə çağırır. Yaxın saatlarda İranın Silahlı Qüvvələri son günlər Təl-Əviv bölgəsində baş verdiyi kimi, bu bölgədə sionist rejimin (İsrail nəzərdə tutulur - red.) hərbi obyektlərinə hücum edəcək", - məlumatda qeyd olunur.