Ardını oxu...
Xəbər verildiyi kimi, 26 aprel 2025-ci il tarixində Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 20 və 21-ci binaların qarşısında məhəllə sakinləri üçün yeni istirahət guşəsi istifadəyə verilib. Layihə Milli Məclisin deputatı Tahir Mirkişilinin təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Qartal” Tikinti Şirkətinin dəstəyi ilə həyata keçirilib.
Açılış mərasimində Milli Məclisin deputatı Tahir Mirkişili, “Qartal” Tikinti Şirkətinin rəhbəri Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar və sakinlər iştirak ediblər.

32gun.az xatırladır verir ki, Ş.Məmmədov mətbuata yaxından tanışdır.

Belə ki, o şəhidin dəfn mərasimi zamanı bir gülüşü ilə gündəm olmuşdu, onun bu hərəkəti sosial şəbəkədə reaksiyalara səbəb olmuşdu.
Həmin görüntünü təqdim edirik:

 
Ardını oxu...
Məzahir Pənahovun oğlu xaricdəki digər məmur övladlarından nə ilə seçilir?

DogruXeber.az: - Hüquq müdafiəçisi Novella Cəfəroğlu MSK sədri Məzahir Pənahovun “çox tərbiyəsiz oğul böyütdüyünü” deyib. Bunu ona görə deyib ki, Pənahovun ABŞ-də yaşayan oğlu öz arvadını döyüb, o da Bakıya qayıdaraq, boşanma üçün məhkəməyə müraciət edib. Buna adi ailə-məişət hadisəsi kimi baxanlar var və Azərbaycan reallığında belə hallara tez-tez rast gəlinir. Lakin söhbət Azərbaycanda seçkilərin etibar edildiyi ən yüksək qurumun başçısının oğlundan gedərkən, məsələ bir qədər fərqli görkəm alır və belə görünür ki, Azərbaycanda “nümunəvi seçki keçirən” Pənahov öz evində nümunəvi övlad böyüdə bilməyib...

Əlbəttə, haramçılıqla, saxtakarlıqla, talançılıqla, rüşvətlə “dolanan” ailələrdə tərbiyəli övlad ərsəyə gətirmək çətin işdir və görünür, Məzahir Pənahovda da bu, bir çox iri məmurlarda olduğu kimi, alınmayıb. Onun oğlu isə bir növ Azərbaycanda öyrəşdiyi cəzasızlıq mühitini özü ilə birgə ABŞ-yə daşıyıb...

Ardını oxu...

Ancaq məsələnin məişət, tərbiyə, ailədaxili münasibətlər və s. tərəfini bir kənara qoysaq, maraqlı olan həm də kütləvi olaraq Azərbaycan məmurlarının öz ailə üzvlərini, yaxınlarını, övladlarını illərdir xaricə ötürməsi, orada milyonlarla dəyəri olan mülklər alması, bizneslər qurması və bütün bunlara adi hal, sanki “belə də olmalıdır” kimi baxılmasıdır. Bu hadisədən bəlli oldu ki, Pənahovun oğlu ABŞ-də azı 2 milyon dollar dəyəri olan villada yaşayır.

Bəs, Rusiyaya alma satan azərbaycanlı fermerdən satdığı malın puluna dair qəpiyinədək hesabat istəyən, halal pulunu ölkəyə qaytarıb gətirmədiyi üçün onu həbs edən, kiçik və orta sahibkarı addımbaşı vergilərlə, cərimələrlə “boğazını üzməyə” hazır olan, sıravi vətəndaşı xırda qanun pozuntusuna görə “divara dirəyən” müvafiq hakimiyyət orqanları məzahirlərin, hacıbalaların, ziyaların, eldarların, yaqubların və digər sabiq və indiki iri məmurların bu ölkədən talayıb xaricə qaçırdıqları milyonları, yüzmilyonları, milyardları, onların həmin pulla lyuks həyat sürən övladlarını niyə görmür?

Allah Şükür Paşazadədən Yaqub Eyyubova, Hacıbala Abutalıbovdan Elman Rüstəmova, Eldar Mahmudovdan Elmar Məmmədyarova, Ziya Məmmədovdan İsmət Abbasova, Əli Həsənova, Oktay Şirəliyevə qədər və saydıqca bitməyən digərlərinin övladları Azərbaycandan oğurlanan milyonları, milyardları ilə birgə xaricdədirlər. Nəinki bunlar, üstəlik icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, bir sözlə, məmur elitasının böyük hissəsinin bir gözü, bəlkə də hər iki gözü xaricdə, Qərbdədir.

Ardını oxu...

O da maraqlıdır ki, bu məmur övladlarının çoxu Məzahir Pənahovun oğlundan nə tərbiyəsinə, nə yaşam tərzinə, nə də digər “fərasətlərinə” görə nə artıqdır, nə də əskik. Sadəcə, səsləri Pənahovun oğlu qədər çıxmayıb. Demək olar böyük əksəriyyəti də uğurlu iş adamı, biznesmen ola bilməyiblər və həmişəki kimi, dədələrinin xarici bank hesablarındakı və Azərbaycandan göndərdiyi pullarla yaşayırlar.

Məsələn, son məlum hadisədən belə aydın olur ki, ABŞ-nin Los-Anceles şəhərində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayan Məzahir Pənahovun oğlunun bank hesabı mütəmadi olaraq atasının Azərbaycandan göndərdiyi pulla doldurulur ki, oğlu “qürbətdə korluq çəkməsin”. Ötən illər ərzində Hesablama Palatası Məzahir Pənahovun 25 ildir(!) sədrlik etdiyi MSK-da dəfələrlə böyük maliyyə çatışmazlıqları aşkarlayıb, amma heç bir tədbir görülməyib. İndi də bu pulların bir hissəsinin hara getdiyi məlum olur...

Özü də yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların demək olar hamısı oturub-durub rəsmi çıxışlarında Qərbi, Avropanı, Amerikanı pisləyənlər, onları başıpozuqluqda, ailə dəyərlərini, əxlaqı məhv etməkdə, pozğunluqda ittiham edənlərdir. Bir tərəfdən “Almaniya dağılır” deyib, digər yandan öz övladlarını Qərbə lyuks həyat sürməyə göndərənlərdir.

Bir sözlə, öz əməlləri ilə Azərbaycanda xalqın övladlarının gününü qara edənlər Qərbdə öz övladlarını ağ günə çıxarmaqla məşğuldurlar. Məzahir Pənahovun oğlu ilə bağlı olan və digər bu kimi hadisələr sabah yaddan çıxıb gedəcək, lakin belələrinin Azərbaycanı talayıb xaricə daşıması isə deyəsən, qaldıqca qalacaq...//AzPolitika.info
Ardını oxu...
Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakıda Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində “Vialon” şirkətinə ayrılmış əraziyə idarə tərəfindən bu günədək bir neçə dəfə yerində baxış keçirilib.
Aparılan yoxlamalar zamanı sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib və bu hallar aidiyyəti qurumlarla birgə dayandırılıb.
"Lakin oxşar qanun pozuntusu təkrarlandığı üçün mayın 7-də əraziyə yenidən baxış keçirilib və vətəndaşlarla razılaşdırılmadan, mövcud qanunvericiliyin tələblərinə zidd şəkildə işlərin yenidən davam etdirildiyi aşkar olunub. Bununla əlaqədar olaraq Baş İdarə tərəfindən “Vialon” şirkətinə rəsmi xəbərdarlıq edilib, həmçinin aidiyyəti dövlət qurumları, Nəsimi rayon İcra Hakimiyyəti məlumatlandırmaqla qanunsuz işlərin qarşısı alınıb".
Qeyd edək ki, bu gün mediada “Kubinka”da “Vialon” MMC sakinlərlə razılaşmadan söküntü işləri aparması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən binanın sakinləri bildiriblər ki, şirkətin işçiləri söküntü zamanı təhlükəli vəziyyət yaradıb. Vətəndaşların sözlərinə görə, şirkətin söküntü üçün icazəsi olmayıb.
 
Ardını oxu...
‘’Azərbaycanda son illər təhsil bazarında fəaliyyət göstərən hazırlıq kurslarının və tədris mərkəzlərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Bu artım bir tərəfdən cəmiyyətin təhsilə olan tələbatının göstəricisidirsə, digər tərəfdən hüquqi tənzimləmə və keyfiyyət təminatı baxımından ciddi problemlərin də xəbərçisidir’’.

Bu sözləri Ajans.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, qeyri-dövlət təhsil sektorunda hüquqi çərçivənin tətbiqi praktikada ciddi şəkildə pozulur:

‘’ Bu da vətəndaşların, xüsusilə də abituriyent və valideynlərin aldanması hallarının artmasına gətirib çıxarır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsinə əsasən, qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti lisenziya əsasında həyata keçirilməlidir. Eyni zamanda, 31-ci maddəyə görə, lisenziya olmadan fəaliyyət göstərən təhsil müəssisələri qanunsuz sayılır və onların fəaliyyəti dayandırılmalıdır. Ancaq hazırda ölkədə fəaliyyət göstərən minlərlə tədris kursu və hazırlıq mərkəzinin əksəriyyəti ya ümumiyyətlə lisenziyasız fəaliyyət göstərir, ya da “fərdi müəllim” adı altında hüquqi məsuliyyətdən yayınıb fəaliyyətlərini davam etdirirlər.

Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonunda yaydığı məlumatlara görə, qeyri-dövlət sektorda təhsil fəaliyyəti ilə məşğul olan subyektlərin yalnız 22%-i rəsmi şəkildə qeydiyyatdan keçmiş və lisenziya almış qurumlardır. Bu o deməkdir ki, hər beş kursdan dördü qeyri-qanuni və qeyri-şəffaf şəraitdə fəaliyyət göstərir. Lisenziyasız fəaliyyət göstərən kurslarda keyfiyyət göstəriciləri adətən çox aşağı olur. Bu cür kurslar nə müəllimlərin ixtisasına, nə tədris proqramlarının uyğunluğuna, nə də təhlükəsizlik və sanitariya normalarına riayət olunmasına zəmanət verir. Eyni zamanda, bu mərkəzlərdə tədris nəticələrinin monitorinqi, qiymətləndirmə mexanizmi və tədris prosesinə dair hesabatlılıq sistemi mövcud deyil. Nəticədə, bu kurslarda iştirak edən vətəndaşlar xidmətin keyfiyyətsizliyindən əziyyət çəksələr belə, heç bir hüquqi müdafiə mexanizminə malik olmurlar. Müqavilə bağlanmır, ödənişlər qəbzsiz qəbul olunur və mübahisə yarandıqda kursun məsuliyyət daşıması mümkün olmur.

Beynəlxalq təcrübə göstərir ki, müasir dövlətlərdə əlavə təhsil və hazırlıq kursları ciddi şəkildə tənzimlənir. Məsələn, Almaniyada bu sahə federal və əyalət qanunları ilə tənzimlənir, hər bir hazırlıq mərkəzi qeydiyyatdan keçməli, illik hesabatlar təqdim etməli, təlim proqramları isə dövlətin müəyyən etdiyi kurikulum çərçivəsində həyata keçirilməlidir. Finlandiyada isə bu cür kurslara icazə verilməzdən əvvəl pedaqoji heyətin kvalifikasiyası və tədris mühiti dövlət qurumları tərəfindən yoxlanılır. Hətta, qonşu Gürcüstanda belə, Təhsil və Elm Nazirliyi tərəfindən qeyri-dövlət təhsil qurumlarına dair vahid reyestr sistemi tətbiq olunur ki, burada vətəndaşlar açıq şəkildə kursun statusunu, müəllim heyətini və proqramını yoxlaya bilirlər’’.

Ekspert vurğulayıb ki, Azərbaycanda bu sahədə monitorinq və ictimai məlumatlandırma mexanizmi tamamilə yetərsizdir:

‘’Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş lisenziyalı kursların vahid reyestri ictimaiyyətə əlçatan deyil, reydlər mütəmadi şəkildə keçirilmir, mediada bu sahəyə dair xəbərdarlıqlar az yayılır. Belə bir şəraitdə kurs sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. Xüsusilə “xaricdə təhsil” adı altında fəaliyyət göstərən bəzi qurumlar məsələn, “Pilgrim Education”, “ABC Təhsil Mərkəzi” və başqaları birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə onlar hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var. Müsbət cəhət ondan ibarətdir ki, cəmiyyətin təhsilə marağı yüksəkdir. Bu müstəqil təşəbbüslərə geniş imkanlar yaradır. Xüsusilə gənc müəllimlərin özəl sektorda məşğulluğunun artması, innovativ tədris metodlarının inkişafı, fərdi yanaşma imkanları baxımından hazırlıq kurslarının potensialı böyükdür. Amma bu potensial yalnız zamanında tənzimlənərsə, faydalı nəticə verə bilər. Əks halda, vətəndaşların narazılığı artacaq, təhsil sahəsinə olan inam zəifləyəcək və tədrisin keyfiyyəti daha da bərbad vəziyyətə düşəcək.

Bunun qarşısını almaq üçün bir sıra dəyişikliklər zəruridir. Əvvəla, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə monitorinq sistemi yaratmalı, bu sahədə fəaliyyət göstərən kurslara qarşı cərimə və bağlanma sanksiyalarını tətbiq etməlidir. Lisenziyasız fəaliyyətə görə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) və İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə inzibati məsuliyyət və maliyyə sanksiyaları tətbiq olunmalıdır. Bununla yanaşı, kurslar üzrə vahid informasiya bazası yaradılmalı, ictimaiyyət bu sistem üzərindən kursların statusunu yoxlaya bilməlidir.

Əgər bu sahədə hüquqi çərçivə bərpa olunmasa, “tədris xidməti” adı altında aldadılan vətəndaşların sayı artacaq. Xüsusilə də regionlarda fəaliyyət göstərən kurslar tam nəzarətsiz qalacaq. Təhsil bazarında keyfiyyət fərqi artdıqca, təhsildə sosial bərabərlik prinsipi pozulacaq. Buna görə də məsələ təkcə qanun pozuntusu deyil, həm də təhsil siyasətində bərabərlik, şəffaflıq və sosial ədalət prinsipinin qorunması məsələsidir’’.
 
Ardını oxu...
Çindən ölkəmizə avtomobil gətirtmək istəyən 80-ə yaxın vətəndaş dələduzluqla üzləşib.

Bu barədə vətəndaş Fəxrəddin Əliyev baku.ws-in “qaynar xətti”nə şikayətlə müraciət edib.

Bildirilib ki, həmin şəxslər Bakıda “Port Car” adı altında fəaliyyət göstərən Agha MMC vasitəsilə, Çin Xalq Respublikasından ümumilikdə 114 ədəd yeni avtomobil almaq məqsədilə satış müqaviləsi bağlayıb. Lakin deyilən vaxtın üstündən 8 aydan çox vaxt keçməsinə baxmayaraq maşınlar alıcılara təhvil verilməyib:

“Müqaviləyə əsasən, bank köçürmələri vasitəsilə təxminən 1.5 milyon ABŞ dolları Çin şirkətinin hesabına, “Port Car” şirkətinin Bakıdakı nümayəndələrinə isə 230 min ABŞ dollarından artıq nağd şəkildə xidmət haqqı ödənilb. Lakin müqavilədə nəzərdə tutulan müddətin üzərindən 8 aydan çox vaxt keçməsinə baxmayaraq, nə avtomobillər təhvil verilir, nə də ödənişlər geri qaytarılır”.

Şikayətçi onu da iddia edir ki, sözügedən şirkət əvvəllər bir neçə avtomobil satışı həyata keçirib və insanların etibarını qazanıb, daha sonra isə bundan sui-istifadə edib.

Onun sözlərinə görə, hadisə ilə bağlı həm ölkəmizin, həm də Çin Xalq Respublikasının hüquq-mühafizə orqanlarına şikayət olunub.

BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı ölkəmizdə cinayət işi açılıb, araşdırma aparılır.
Ardını oxu...
Bakı şəhərinin Nərimanov küçələri artıq öz sakinləri üçün bir yaşam məkanı yox, narahatlıq mənbəyinə çevrilib.
Patrulaz.az-ın çəkdiyi kadrlarda və yerində apardığı müşahidələrdə aydın görünür ki, bu küçələr nə şəhər planlamasından, nə qanunlardan, nə də insani normalardan xəbər verir.
Bölgədə yeni tikilmiş obyektlər şəhər strukturunu alt-üst edib, piyada və avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.
Əsasən də Əşrəf Əliyev 11-15 ünvanı ətrafında müşahidə edilən vəziyyət göstərir ki, yeni obyektlərin inşası küçələrdə piyada və avtomobillərin hərəkətini dözülməz həddə çatdırıb.
“Ice Pub Restaurant”, “Dental Estetika”, “Republic Pub Lounge”, “Harika” salonu kimi obyektlərin səkiləri zəbt etməsi, küçələrdə hərəkəti mümkünsüz hala gətirib. Belə ki, səkilər zəbt olunub, piyadalar yola çıxmaq məcburiyyətində qalır, avtomobillər isə sözün əsl mənasında tıxac içində çırpınır.
Ən acınacaqlı vəziyyət isə “Ciao Pizza” restoranının qarşısında yaşanır. Avtomobillər sanki restorana daxil olmaq istəyirmiş kimi, səkiləri tamamilə zəbt edib. Sanki burası bir restoran deyil, avtomobil sərgisi meydançasıdır.
Sakinlər vaxtilə köhnə binaların sökülərək, daha müasir və rahat yaşayış məkanları ilə əvəz olunacağını eşidəndə ümidlənmişdi. Lakin köhnə binaların yerinə başıpozuq şəkildə ucaldılan obyektlər nəinki vəziyyəti düzəltməyib, əksinə Nərimanov rayonunu özbaşınalıq simvoluna çevirib.
Hazırkı şəraitdə avtomobil sahibləri də çətin vəziyyətə düşüblər. Lakin problemin kökü fərdi sürücülərdə yox, şəhərsalma planlamasındakı boşluqlarda axtarılmalıdır. Bir sözlə, məsuliyyətsizlik və plansızlıq qarşısında, bu hallara haqq qazandırmaq mümkün deyil.
Mövcud vəziyyət göstərir ki, şəhərin mərkəzində sanki nə piyada, nə sürücü, nə də şəhər idarəetməsi anlayışı qalıb. Sürücülər səhv parklanma ilə cərimə olunur, amma cərimələr problemin üstünü örtə bilmir.
Küçələri bu hala salanlardan kimdir cavabdeh?
Bakı beləmi inkişaf edir?
Küçələri beləmi gözəlləşir?
Əgər belədirsə, Bombeyə ehtiyac yoxdur! Nərimanov rayonu yetər!
Bu şəhər kimindir? Xalqın? Yoxsa bir ovuc tikinti maqnatının?
Əgər indi susacağıqsa, sabah bu küçələrdə nə piyada gəzə biləcək, nə də yaşamaq mümkün olacaq!
Ümid edirik ki, aidiyyəti qurumlar Bombeyi xatırladan Nərimanov küçələrindəki sıxlıq və qarışıq vəziyyətlə bağlı tədbir görərlər.

 
 
 
Ardını oxu...
İmişli rayon sakini, H.Cavid 14 ünvanında yaşayan 1- ci qrup əlil Zeynalova Gülarə Xankişi qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, TƏBİB tərəfindən verilməli olan dərmanları ala bilmir:

“Mən, 1-ci qrup əlil Zeynalova Gülarə Xankişi qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, yataq xəstəsiyəm. TƏBİB tərəfindən verilməli olan dərmanları ala bilmirik. Bu vəziyyətlə tək mən qarşılaşmamışam. Xəstələrin hamısı eyni vəziyyyəti yaşayır. 4 manat 50 qəpik olan dərmanlar təklif edilir. Amma qiyməti baha olan, keyfiyyəti də yaxşı olan “Epinexx", "Kalimin 60 H", "İmuran” kimi dərmanları vermirlər.

Keyfiyyətsiz dərmanları qəbul etdikdə halım pisləşir, özümə gəlməkdə çətinlik çəkirəm. Ölməmək üçün istifadə etdiyim dərmanların əvəzediciləri məni, əksinə, ölümə yaxınlaşdırır. Xahiş edirəm işıqlandırın, bəlkə biz xəstələrə yardım edilər".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əlaqə saxladıq. Qurumdan bildirdilər ki, əlillik dərəcəsi təyin edilən və nevroloji xəstəliklərdən əziyyət çəkən imtiyazlı şəxslərə verilən dərman vasitələrinin təminatında problem müşahidə edilmir: "Belə ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olan imtiyazlı qrupdan olan şəxslərin dərman vasitələri tələbnamə əsasında tibb müəssisəsinə göndərilir və vətəndaşların dərman vasitələrilə təmin edilməsi həyata keçirilir.

Dərman vasitələrinin satın alınması yalnız beynəlxalq adlar əsasında həyata keçirilir. Vətəndaş tərəfindən sözügedən dərman preparatının “Kalimin 60 H” adı altında verilməsini tələb edir. Lakin bildirmək lazımdır ki, tələb edilən dərman vasitəsi “Piridostiqmin bromide” beynəlxalq adı ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Aptek bölməsində var və təminatı həyata keçirilir.

“Epinex” adlı dərman vasitəsi isə qısa müddətdə tibb müəssisəsinə göndəriləcək və vətəndaşların dərmanla təmin edilməsi həyata keçiriləcək.

Qeyd edək ki, “Imuran” preparatının ölkə üzrə dövlət qeydiyyatı olmadığı üçün satın alınması həyata keçirilmir".

Jalə FAMİLQIZI
Ardını oxu...
Abit Əliyevin rəhbəri olduğu, Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhəri Əsaslı Tikinti və Təmir MMC bir gündə üç tenderi eyni şirkətə verib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, dünən keçirilən tenderlərdən biri Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub. “AZ.ARXİTEKTURA” MMC öhdəlik götürüb ki, 3 milyon 30 min 582 manat müqabilində həmin işləri reallaşdıracaq.

Elə həmin gün “Bakı Şəhəri Əsaslı Tikinti və Təmir” adıçəkilən şirkətlə ikinci müqaviləni bağlayıb. Bu dəfə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı. Müqavilənin dəyəri isə 980 min 462 manat olub.

Tribunainfo.az xəbər verir ki, tərəflər arasında üçüncü anlaşma isə Roma papası II İohann Pavel adına katolik kilse binasının layihə-smeta sənədlərinin hazırlanmasını əhatə edib. “AZ.ARXİTEKTURA” MMC bunun müqabilində dövlət qurumundan 647 min 112 manat alacaq.

Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, sözügedən tərəflər arasında tender anlaşmaları ötən il də baş verib. Belə ki, “Bakı Şəhəri Əsaslı Tikinti və Təmir” MMC “Az.Arxitektura”ya yenə bahalı işlər tapşırıb. Məsələn, Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması işini MMC 296 min911 manata edib. Halbuki mayın 2-də bağlanılmış yeni müqavilədə “Az.Arxitektura” həmin işi 980 minə reallaşdıracaq. Yəni, bir ildə qiymətlər 3 dəfədən bir qədər çox artıb.

İkinci tender isə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə smeta sənədlərinin hazırlanması ilə bağlı olub. Bunun üçün “AZ.ARXİTEKTURA” MMC Bakı İcra Hakimiyyətindən 744,6 min manat alıb.
Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) üçün layihə-smeta sənədlərinin hazırlanması işi isə “AZ.ARXİTEKTURA” ilə BŞƏTT arasındakı növbəti tender anlaşmasıdır. Bu layihənin dəyəri isə 1 milyon 429 min manat təşkil edib.

Qeyd edək ki, “AZ.ARXİTEKTURA” son bir ildə cəmi 19 tenderə qatılıb. Onlardan 6-sı məhz Bakı Şəhər Əsaslı Təmir vəTikinti MMC-nin olub. Bundan başqa, bu şirkət əsasən Qubadlı və Şəmkir rayon İcra Hakimiyyətlərinin tenderlərini qazanıb.

Bildirək ki, Bakı Şəhər Əsaslı Təmir və Tikinti MMC 1 fevral 2019-cu ildə yaradılıb. Onun yradılmasının təşəbbüskarı isə Bakı meri Eldar Əzizov olub. Elə bu səbəbdən də özünün ən yaxın dostunu həmin MMC-yə rəhbər təyin edib.

Abit Əliyev Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüksəliş baş verib. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etmişdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə həvalə etməyi üstün tutdu.

Dövlət tərəfindən İcra Hakimiyyətinə şəhərdə abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin əli ilə paylanır. Yəni, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC heç bir iş görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb, başqasına sıfariş edir. Bu da qurumun heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarət üçün yaradılmadığını, şəxsi məqsədlərə xidmət üçün istifadə edildiyinidən xəbər verir.

“Az.Arxitektura” MMC-yə gəldikdə isə bu şirkət 23 oktyabr 2019-cu ildə yarandılıb. Nizamnamə kapitalı 5010 manat olan şirkətin hüquqi ünvanı Göyçay rayonu, Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, dalan 4, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rüstəmli Ömər Hafiz oğludur.

Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.//Tribunainfo.az

 

    
Ardını oxu...
Qatığın rəngi bir olur: ağ! Ona sarı, qırmızı, narıncı… rənglərini şamil etmək ən azı süd verən inəyə böhtan, elmi mütəxəssislərə isə şər atma olardı. Çünki qatıq ağdır, onun başqa rəngi olmur! Olarsa, dümək, mayasına haram qatılıb…

***

Gələk mətləbə: “Təzadlar” qəzetinin rəhbərliyi «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına istinadən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə T-18-01-2024 saylı, 18.11.2024-cü il tarixli İnformasiya sorğusu göndərmişdir. İnformasiya sorğusunda 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuş Nahid Rza oğlu Bağırov adlı şəxsin Dövlət İmtahan Mərkəzinin (DİM) nəzarəti altında həyata keçirilmiş test imtahanlarından keçərək hansısa yerli və ya xarici Ali təhsil ocağına qəbul olunub-olunmamasına dair rəsmi cavab istənilmişdir.

Xüsusi olaraq qeyd edək ki, tələb edilən informasiya adı çəkilən şəxsin özü tərəfindən rəsmi və sosial media hesablarında ictimailəşdirilmişdir. Yəni, media olaraq redaksiya DİM-dən şəxsin özü tərəfindən ictimailəşdirilmiş məlumatın rəsmi təsdiqini xahiş etmişdir.

18.11.2024-cü il tarixli İnformasiya sorğusuna DİM-nin Hüquqi təminat, insan resursları və dövlət qulluğu Departamentinin müdiri Nərminə Bayramova 29 dekabr 2024-cü il tarixdə rəsmi elektron və ənənəvi poçt ilə mənfi cavab göndərmişdir. N.Bayramova cavabında yazır: «Məktubunuzla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır və öz razılığı olmadan kimsəinin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir…».

Burda adamı ağlamaq tutur ki, axı Nərminə xanım niyə belə bir fikrə gəlib ki, redaksiya şəxsin ailə sirrinə aid məlumat tələb edir! Ən azı, redaksiyada çalışanların hər biri bilir ki, belə bir məlumatı DİM-dən istəmək jurnalistlərin korazehin olmasına işarə olardı!

Nə isə… Bir daha qeyd edirik ki, redaksiya N.Bağırovun şəxsi və ya ailə sirrinə aid məlumatı deyil, onun özü tərəfindən ictimailəşdirilmiş məlumatın təsdiqini istəmişdir.

Beləliklə, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz sorğu cavablandırılmadığından DİM-nin qanunsuz hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət verdik. Hakim Orxan Həsənov da daş atıb başını tutdu ki, DİM düz deyir, biz N.Bağırovun şəxsi məlumatını istəyir! Vallah, adam bir qara yaylıq istəyir ki, hakimin bu mövqeyinə hönkür-hönkür ağlasın! Hansı ki, o, «Media haqqında» Qanunda təsbit olunmuş bütün jurnalist hüquqlarının kobud surətdə pozulmasına səbəb olan 14 fevral 2025- ci il tarixli qərardadı ilə DİM-in qanunsuz hərəkətinə haqq qazandırdı. Yəni, demək istədi ki, ağğappaq süddən qapqara qatıq əmələ gəlir!!!

***

Redaksiya hakimin həmin qərardadından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakim Şirazi Eldarzadənin iştirakı ilə) «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinə qarşı informasiya sorğusunun cavablandırılmamasına dair apellyasiya şikayətinə əvvəlcə xüsusi diqqətlə yanaşdı. Təqdim edilən mötəbər sənəd və sübutlara baxan hakim Rəşid Səmədov sənədlərə baxıb çox təəccübləndi. Görünür iş materiallarını oxumamışdı, xəbərsiz idi. Məhkəmə yerində müşavirə edərək (bunlar iclas otağının kameralarında qeydə alınmışdır) qərarını elan etdi: «Məhkəmə işin mürəkkəbliyini nəzərə alaraq 10 dəqiqəlik fasilə elan edir!». Hakimlər 10-15 dəqiqədən sonra iclas zalına qayıtdılar. Sonra kollegiya yerində müşavirə edərək yekun qərarını elan etdi: «Məhkəmə heçab edir ki, bu məsələ olduqca mürəkkəb xarakterlidir, ona görə də xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınır!».

Nəhayət, 29 aprel 2025-ci il tarixdə saat 10:40 radələrində məhkəmə iclası açıq elan edildi, kollegiya sədri qəzetin nümayəndəsindən soruşub ki, başqa bir vəsatətiniz, sübutunuz yoxdur? Nümayəndə də deyib ki, yoxdur, ötən iclasda Sizə təqdim etmişəm, amma mən gözləyirəm ki, bir həftəlik xüsusi araşdırma aparan Kollegiya bu araşdırmaların nəticəsini elan edəcək. Lakin kollegiya üzvləri dərhal da müşavirəyə gedir. Təxminən 5 dəqiqədən sonra kollegiya üzvləri zala daxil olaraq qərarı elan edirlər: «Apellyasiya şikayəti təmin edilməsin, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı qüvvədə saxlanılsın!».

Yəni, hakim Rəşid Səmədov bir həftəlik “xüsusi araşdırma”dan sonra qəti qərara gəlib ki, qatıq qaradır!

Yaxşı, bəs məhkəmə xüsusi araşdırma nəticəsini elan etmədən necə qərar qəbul edə bilərdi?Məsələ ondadır ki, həm Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədov və Şirazi Eldarzadə) «Məhkəmə və Hakimlər haqqında» Azərbaycan Respbulikası qanununun tələblərini pozaraq «Media haqqında» Qanunda təsbit olunmuş bütün jurnalist hüquqlarının açıq şəkildə tapdanmasına səbəb olan qərar qəbul etmişlər.

***

Nə isə… hakimlərin qatığa “qara” deməsini qoyaq bir kənara, amma qəzetin baş redaktoru Asif Mərzili isə hakimlərin bu qanunsuz hərəkətindən Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova şikayət təqdim etmişdir.

Şikayətdə deyilir: “Hörmətli sədr! «Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericilikdə yazılır: «Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər:

-fiziki və hüquqi şəxslərin şikayətləri;

-mediada dərc olunmuş məlumatlar».

«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları»nda isə belə qeyd olunur:

-işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozması;

-hakim etikasını pozması;

-hakim adına ləkə gətirən hərəkətə yol verməsi».

Hesab edirəm ki, yuxarıda adı çəkilən məhkəmə hakimlərinin hamısı bu pozuntulara yol vermişlər və qeyd olunan qanun pozuntularına görə barələrində intizam icraatı başlanılmasına tam əsaslar vardır. Çünki iş materiallarında olan mötəbər maddi sübutlar bir daha təsdiq edir ki, Dövlət İmtahan Mərkəzi tərəfimizdən göndərilmiş informasiya sorğusunda tələb etmədiyimiz informasiyanın istənilməsi yalandan qeyd edilərək media sorğusu cavablandırılmamışdır. Bu saxta və qanunsuz cavab məktubuna qəsdən, bilərəkdən göz yuman hakimlər də qanunsuz və əsassız qərar qəbul edərək jurnalist hüquqlarımızın qəsdən pozulmasına səbəb olmuşlar.

Bunları nəzərə alaraq Sizdən xahiş edirəm:

-«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericiliyin tələblərini nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun və Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimləri- Rəşid Səmədovla Şirazi Eldarzadənin barəsində intizam icraatı başlanılmasına Sərəncam verəsiniz. Hörmətlə: Asif Mərzili, «Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri, Avropa Mətbuat Federasiyasının üzvü”.

Xatırladırıq ki, şikayət 01 may 2025-ci ildə Məhkəmə Hüquq Şurasının dəftərxanasına təqdim edilmişdir və icraata qəbul olunmuşdur. Qalır hörmətli sədr İnam Kərimovun qatığa “qara” deyən hakimlər barədə intizam icraatı başlanılması barədə qərarı. İnanırıq ki, qanunsuz qərardad qəbul edən hakimlər üçün görüləcək intizam tədbiri dərc olacaq! Çünki belə qərardadlar məhkəmə sistemindəki islahatlara kölgə salır, mənfi ictimai rəy formalaşdırır.

“Təzadlar”
 
Ardını oxu...
Göyçayda dövlət satınalmaları ilə bağlı araşdırmalar göstərir ki, bəzi şirkətlər rayonda keçirilən tenderlərdə mütəmadi olaraq qalib gəlirlər.

FED.az xəbər verir ki, say baxımından ən çox tender qazanan şirkət “Retro Holding” MMC-dir. Bu şirkət əsasən Göyçay Suvarma Sistemləri İdarəsi ilə əməkdaşlıq edir və ümumilikdə dörd tenderin qalibi olub. Qalib gəldiyi satınalmalara cari və əsaslı təmir işləri, mal-materialların və ehtiyat hissələrinin alınması daxildir. Ümumi məbləğ 811 min manatdan artıqdır.

“Retro Holding”dən sonra “ATF” MMC gəlir. Şirkət Göyçay Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərdə üç dəfə qalib olub. Bu tenderlər əsasən şəhərdə asfalt örtüyünün əsaslı təmiri ilə bağlıdır. Şirkətin ümumi tenderlərdən qazandığı məbləğ 2,4 milyon manatdan çoxdur.

Qeyd edək ki, “ATF” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Hüquqi ünvanı AZ2318, Göyçay Rayonu, Çayarxı ünvanında yerləşir.

FED.az xəbər verir ki, üçüncü yerdə “Turan İnternational Company” MMC dayanır. Şirkət suvarma arxlarının lildən təmizlənməsi və çay məcrasının tənzimlənməsi işləri üzrə üç tenderin qalibi olub. Onun qazandığı tenderlərin dəyəri 268 min manatdan artıqdır.

Qeyd edək ki, “Turan İnternational Company” MMC 1993-cü ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vidadi Əhmədov Bayraməli oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, İslam Abışov, ev 16N ünvanında yerləşir.

Sayca çox tender udan şirkətdən biri də “Həyat Rezidence Constraction” MMC-dir. Bu şirkət də əsasən yol təmiri və şəhər abadlığı sahəsində ixtisaslaşıb. İki tender müqaviləsi çərçivəsində ümumilikdə 1 milyondan çox dəyərində işləri icra edib. Bundan əlavə, “Huseynli Partners Architecture and Construction” MMC də iki tenderdə qalib gəlib. Bu müqavilələr Göyçay şəhərindəki prospektlərdə və küçələrdə aparılan təmir və abadlıq işlərini əhatə edir. Ümumi məbləğ 694 min manat civarındadır.

Qeyd edək ki, “Huseynli Partners Architecture and Construction” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şaiq Hüseynli Ağaməli oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal , ev 52, m. 64 ünvanında yerləşir.

FED.az xəbər verir ki, “Qadir-Ti” MMC, “Zahir Tikinti” MMC və “Premium Təchizat” MMC Göyçayda keçirilən dövlət tenderlərində iki dəfə qalib olublar. “Qadir-Ti” MMC İcra Hakimiyyətindən ümumilikdə 208 min manat dəyərində mal-material təchizatı üzrə sifarişlər alıb. “Zahir Tikinti” MMC isə bina təmiri sahəsində ixtisaslaşıb və iki tender çərçivəsində 133 min manatlıq müqavilə imzalayıb. “Premium Təchizat” MMC isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat malları üzrə 81 min manatlıq təchizat həyata keçirib.

Qeyd edək ki, “Premium Təchizat” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yasin Mansurov Arix oğludur. Hüquqi ünvanı AZ0112, Abşeron rayonu, Ceyranbatan ştq, İ.Təhməzov, ev 32 ünvanında yerləşir.
 

“Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - bəli, hər gün vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O qeyd edib ki, bu, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır:

“Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub. Maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada, Baş İdarə ilə banklar arasında real vəziyyətdə işləyən anti-fraud sistem qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır.

Hər gün külli miqdarda talamalar var. Burada nə isə çatışmır, çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir”.

Ekspert müşahidələrinə əsaslanaraq belə qənaətə gəlib ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır:

“Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq. Şübhələr nəyə əsaslanır? Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu, artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması - satışı ola bilməz.

Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.

Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır.

Nə etməliyik?

1. Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.

2. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.

3. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.

Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq.

Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.

Belə davam edərsə, vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu, dolayısı ilə nağdsız ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək.

Ümid edirəm, təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbirlər görüləcək”.
 

Dünyapress TV

Xəbər lenti