Ardını oxu...
-Mirzə, mənim kağızımı yaz, aparım!

-Gözlə, bu saat yazıram, əlimdə iş var.

-Sən deyəsən məni yaxşı tanımırsan Mirzə! Mən Əhməd bəyəm, Parisdən bir ay olar qayıtmışam.

-Gözlə.

-Bilirsən, mən Həsən ağanın qohumuyam.

-Doğrudan Həsən ağanın qohumusan?

-Doğrudan.

-Sən Allah, Həsən ağanın qohumusan?

-Vallah, Həsən ağanın qohumuyam.

-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?

-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.

-Deginən sən öl, Həsən ağanın qohumuyam?

-Sən öl, Həsən ağanın qohumuyam.

-Onda gəl min boynuma!

Allah rəhmət eləsin Azərbaycanın əvəzolunmaz, korifey aktyoru, Xalq artisti Həsən Məmmədova. “Papaq” filmindəki Mirzə Səfər obrazını bu gün üçün oynayıbmış. O unudulmaz səhnə.

İndi də Sabirabadda peyda olub həmin Həsən ağa.

Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Adam Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib. Həsən Həsənov Arif Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib. Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib. Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib. Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında – hamının qarşısında ondan üzr istəməsini də tələb edib. Arif Məmmədov bununla da razılaşıb. Çarəsiz kəndli hamının gözü önündə də məmurdan üzr istəyib.

Amma icra başçısının birinci müavininin bununla ürəyi soyumayıb. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Quruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və Qəzli kənd sakinləri ilə Quruzma kəndindəki şadlıq evlərindən birində keçirilən görüşdə Arif Məmmədov da iştirak edib. O, həmin görüşdə icra başçısının birinci müavinindən üzr istəməyib.

Görüşdən sonra Həsən Həsənov Arif Məmmədovun onu yenidən təhqir etməsi iddiası ilə növbəti dəfə məhkəməyə üz tutub. O, akt tərtib etdirərək Arif Məmmədovun insanlar arasında onu söydüyünü bildirib. Akta bir sıra vəzifəli şəxslər, eləcə də İcra Hakimiyyətinin əməkdaşları imza atıblar.

Eyni məzmunlu şikayətə bu dəfə Şirvan Şəhər Məhkəməsində baxılıb. Lakin məhkəmə Arif Məmmədovun icra başçısının birinci müavinini yenidən təhqir etməsi iddiasını təsdiq edən sübutların yetərsiz olmasını əsas gətirərək ona bəraət verib.

İndi Arif başıçının müavinindən əl çəkib, amma müavin ondan əl çəkmir. İddia edir ki, bir dəfə məhkəmədə, bir dəfə kənddə, millətin qarşısında üzr istəmisən, gəl bir dəfə də rayon ictimaiyyətinin qarşısında üzr istə. Arif rayon ictimaiyyəti qarşısında üzr istəsə, onda Həsən müəllim deyəcək ki, yox e, respublika səviyyəsində üzr istə. Bəlkə də deyər ki, gözlə COP29 başa çatsın, Olimpiya Stadionu boşalsın, gəl orada, 60 minlik əhalinin gözü qarşısında üzr istə.

Həsən müəllim, gəlin sizə bir məsləhət verim də. Elə hazırda COP29 keçirilir, götür Arifi, gəl COP29 tədbirinə, 72 min nəfər xarici qonaqlarımız da var, onların qarşısında üzr istəsin, sən də rahat ol da. Axı sizin bu probleminiz həm də qlobal məsələdir. Sadə kəndli kimdir ki, siz boyda şəxsiyyətə böhtan ata. Nəinki üzr istəməlidir, hətta sizin, ölkəyə gələn 72 min xarici ölkə vətəndaşlarının qarşısında baş əyməli, dombalaq aşmalıdır.

Bir az gecikməsəydiniz, məsələni COP29-da liderlərin sammitində də müzakirəyə çıxarmaq olardı. Bəli, bəli, bu zarafat məsələ deyil. Arif kimdi axı, sizi boyda məmurun dediyini etməyə? Nə danışırsınız? Bəlkə də elə Arif sizdən üzr istəmədiyi üçün qlobal istiləşmə başlayıb, Xəzər dənizi quruyur, kainata fəlakət xəbərdarlığı edilib. Axı siz müqəddəssiniz, o boyda rayon sizin başınıza and içir. Arif kimdi? Sadə, üstündən toz tökülən, “cındırından cin hürkən” bir kəndli. Axı siz Həsən ağasız!

Samir Əli - TNS.az
 
 
 
Ardını oxu...
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində noyabrın 22-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

TEREF xəbər verir ki, IDEA könüllülərinin iştirakı ilə keçirilən budəfəki aksiya zamanı 1000 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolaqlarının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti iki rayonda toplam 10 mənzilin bərpasını həyata keçirəcək.

Rəsmi mənbələrdə qeyd edilir ki, FHN Ağsu rayonunda 9 ədəd, Şamaxı rayonunda 1 ədəd fərdi yaşayış evlərinin bərpasını reallaşdırmalıdır. “BAKU BUILDING” MMC ilə bağlanmış müqavilənin dəyəri isə 572.467,43 manat təşkil edir.

Bu isə o deməkdir ki, FHN bir evin bərpasına 57.2 min manat xərcləməyi planlaşdırır. Əyalət üçün bu rəqəmin kifayət qədər yüksək olduğu istisna deyil.

Bildirək ki, “BAKU BUILDING” MMC (VÖEN 1005706701) 14.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ Ə/V, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirzəyev Əli Məmməd oğlu olub. Göyüşov Mahal İman oğlu da 2019-cu ilin fevral-sentyabr aylarında qanuni təmsilçisi olub.

Açıq mənbələrdən apardığımız araşdırma zamanı isə məlum olub ki, sözügedən MMC ilə FHN arasında bu ilk anlaşma deyil. Buna qədər sözügedən şirkət nazirliklə 2023-cü ildə Ağsuda 3 otaqlı mənzinlin tikintisində anlaşıblar. Maraqlıdır ki, bir mənzilin inşası üçün FHN “BAKU BUILDING”ə 163.645,9 manat pul ödəyib.

Bundan başqa Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti 25.07.2024-cü ildə “BAKU BUILDING” MMC ilə Bərdə rayonu, Qaraqoyunlu kəndinin sakini Quliyeva Zeynəb Hadı qızına məxsus fərdi yaşayış evində bərpa işlərini də həyata keçirib. Bu dəfə isə işlər 46 999,99 manata başa gəlib.

Həmçinin 23.07.2024-cü ildə “BAKU BUILDING” MMC ilə Şəki şəhərində analoji işləri görüb və nazirlikdən bunun üçün 33.356,48 manat alıb. Eyni zamanda şirkət 11.06.2024-cü ildə Qusar rayonu, Kuzun kəndində 2 evi 162 169,27 manata təmir edib.
 
Ardını oxu...
“Azərbaycan məhkəməsi Ramiz Mehdiyevin kürəkəni İlhamın əlində əsir-yesir duruma düşüb. Eyni mahiyyətli, əsassız və qanunsuz iddialarla, vəsatətlərlə, şikayətlərlə İlham məhkəmələri 6 ildir ki, uzadır. İndi də eyni mahiyyətli iddia ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət ediblər. Mən Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri, hörmətli İnam müəllimə müraciət edirəm. Məhkəmədən bunca sui-istifadənin qarşısını alın. Bu adamlar məhkəməyə müraciət hüququnu “dubinka”ya çevirib haqq-ədalətin əzilməsində istifadə edirlər” – bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur İbrahimov deyib.

Onun sözlərinə görə 2024-cü il mayında Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə onun Mehdiyevin kürəkəninə qarşı iddiasına baxılarkən qarşı tərəf prosesin uzadılmasına xidmət edən növbəti vəsatətlə çıxış etdi: “O mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış etdi. Hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd etdi. Bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdilər. Hakim Almaz Süleymanova İlham Əliyevin şikayətini qanunsuz və əsassız hesab etdi. İş materialları yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidlinin icraatına qaytarıldı. Əvvəldən də bəlli idi ki, bu şikayətləri də qanunsuz və əsassızdır, sadəcə vaxt uzatmağa xidmət edir. Belə də oldu, 1 aydan artıq müddət sərf olundu, şikayət təmin edilmədi. Bundan sonra da gah vəkili qəfil xəstələndi, gah guya barışıq üçün vaxt istədilər. Sonra da vəkilin atası, ardından da qardaşı rəhmətə getdi”.

Mansur İbrahimov deyir ki, artıq 2024-cü ilin noyabr aydır, onun iddiası üzrə məhkəmə baxışı yekunlaşmayıb:

“Mən iddianı 2020-ci ilin sentyabrında qaldırmışam. 4 il 2 aydır ki, Azərbaycan məhkəməsinə iddiam üzrə qərar verilməsinə imkan vermirlər. Azərbaycan məhkəməsini heç bir əsası olmayan, sırf vaxt uzanmasına xidmət edən vəsatətlərlə, iddialarla məşğul edirlər. Bu qəbildən olan daha bir iddianı Sumqayıt Kommersiya Məhkəməsinə veriblər. Hansına ki, Sumqayıt Kommersiya Məhkəməsində baxılıb! Kürəkən Sumqayıt Kommersiya Məhkəməsində bu ilin mayında mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış edib və hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd eləyib. Sumqayıt Apellyasiya Məhkəməsinə şikayətlərini də hakim Almaz Süleymanova təmin etməyib. Bununla belə eyni vəsatəti 6 ay sonra iddia şəklində Sumqayıt Kommersiya Məhkəməsinə təqdim ediblər. Məhkəmə də həmin iddianı icraata götürüb. Ona görə də Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edirəm ki, Azərbaycan məhkəməsindən bu şəkildə istifadə edilməsinin qarşısı alınsın. Bu, sırf hüquqdan, məhkəməyə müraciət hüququndan sui-istifadədir”.

Yada salaq ki, 2020-ci ildə Mansur İbrahimov Şabran Rayon Məhkəməsinə müraciət edərək Mehdiyevin kürəkəninin zəbt etdiyi, ona məxsus 52 hektar bağ torpaq sahəsinin geri qaytarılmasını iddiası ilə çıxış edib. Şabran məhkəməsi, ardından Sumqayıt Apellyasiya Məhkəməsi onun xeyrinə qərar verib. Qarşı tərəf Ali Məhkəməyə üz tutub. Bu dəfə işin kommersiya məhkəməsində baxılması qərarı verilib. İlham Əliyev bu dəfə işə kommersiya məhkəməsində baxılmasına etiraz edib. Buna görə iş yenidən Ali məhkəməyə qaytarılıb. Ali Məhkəmə şikayətə baxıb və yenidən kommersiya instansiyasına baxılmasına qərar verilib.

Sahibkar deyir ki, kürəkən deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində ona məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib: “Bu məsələ ilə bağlı Daxili işlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırıma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı. “Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması baradə məlumatların - xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu.

Bilindi ki, keçmiş deputat mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsində iddiama baxılmaqdadır. İndi də 6 ay əvvəl vəsatət kimi verdikləri, rədd edilən şikayətlərini iddia şəkilinə salıb yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət ediblər. Baş verənlər Azərbaycan məhkəməsinə müraciət hüququnun zorlanmasından başqa bir şey deyil. Ümidim Azərbaycan dövlətinə, dövlətimizin başçısına, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovadır. İnanıram ki, Azərbaycan məhkəmələri mənə qarşı cinayətə bərabər qanunsuzluqlara son qoyacaqlar”.
 
 
 
Ardını oxu...
Masazır qəsəbəsi, Qurtuluş-93 Yaşayış Kompleksində yerləşən parkda qanunsuz obyekt tikilir.

Belə ki, əraziyə dəmir konstruksiyalar yerləşdirilərək tikinti işlərinə hazırlıq görülüb.

Sakinlərin sözlərinə görə, asudə vaxtlarını parkda keçirmək üçün demək olar ki, şərait qalmayıb.

Məsələ ilə bağlı Qurtuluş-93 Yaşayış Kompleksinin rəhbərliyi bildirib ki, ərazidə dəmir konstruksiyalar müvəqqəti yerləşdirilib və hər hansı bir obyektin tikintisi planlaşdırılmır.

Ətraflı "ATV Xəbər"in süjetində:

 
Ardını oxu...
Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyata olan xidmətlərindən Nizami Gəncəvinin 840 illik, Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileylərinin keçirilməsi əmrini verməsi ən vaciblərindəndir. Onun bu tədbirləri keçirməsi ədəbiyyat sahəsində aparılan məqsədyönlü elmi-ideoloji işin əsas hissələrindəndir. Bu yubileylərin keçirilməsi nəticəsində bu sənətkarların və abidələrin Azərbaycan xalqına məxsusluğu əsaslı sübutlarla sübut olunaraq, bütün dünyaya bəyan edilmişdir. Heydər Əliyevin ədəbiyyat siyasətinin əsasını Azərbaycanın mənafelərinin qorunması, müdafiə edilməsi təşkil edir. Eyni zamanda onun ədəbiyyat siyasətində tarixilik prinsipinin özünəməxsusluğu ona görə əsasdır ki, onun vasitəsilə Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək mümkündür. Heydər Əliyevin ədəbiyyatda tarixilik prinsipinə daha çox önəm verdiyini özünə rəhbər tutan Elçin, İsa Hüseynov, Əzizə Cəfərzadə, Hüseyn İbrahimov, Fərman Kərimzadə, Əlisa Nicat kimi Azərbaycan yazıçıları əsərlərində milli-tarixi özünüdərk proseslərinə daha çox yer vermişdirlər və onların əsərləri sayəsində ədəbiyyatda tarixi mövzularda yazılmış bədii əsərlərin sayı artmışdır. Yazıçılarımızın əsərlərində tarixi mövzuları kütləviləşdirməsi və miqyasının genişləndirilməsi nəticəsində vətən və xalq üçün önəmi böyük olan tarixiliklə bədiiliyin vəhdət daşıdığı əsərlər meydana çıxdı. Azərbaycan ədəbiyyatına tarixi simaların obrazlarını yaradaraq, daxil etmək çox çətin və məsuliyyətli işdir. Tariximizin çox mühüm şəxsiyyətlərini ədəbi əsərlərdə ən yüksək səviyyədə canlandırılmasının öhdəsindən gəlmək üçün yüksək istedad və dərin bilik tələb olunurdu. Heydər Əliyev ədəbiyyat siyasəti üçün əsas şərtləndən biri də o idi ki, tarixiliklə bədiiliyin sintezi nəticəsində layiqli bədii əsərlər yazılsın və bu əsərlərdə müasirlik meyarı özünəməxsus rolunu və yerini milli-tarixi dərk proseslərinin fonunda qoruyub, saxlaya bilsin. Çünki müasirlik çağdaş həyatın və ədəbiyyatın mərkəzində duraraq, düşüncənin və təfəkkürün ədəbiyyatda ictimai inkişafını müəyyən edir. H.Əliyev ədəbiyyatda müasirlik məsələsinə önəm verərək bildirirdi ki, müasir həyat və çağdaş ədəbiyyat birlikdə paralel şəkildə irəliləməlidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyatşünaslıq elmlərinə ən yüksək dəyəri verməsinə görə ədəbiyyatşünaslıq zənginləşmiş və inkişaf etmişdir. O, Azərbaycanda ədəbiyyat siyasətinin banisi və böyük müdafiəçisi kimi tanınır. Heydər Əliyevin ədəbiyyat siyasətinin inkişaf səviyyəsinin əsas şərtlərinə əsasən, Azərbaycanda mətbu orqanlar olan “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan”, “Qobustan” və “Ulduz” jurnallarının nəşri dövlət tərəfindən maliyyələşdirildi və bununda sayəsində milli ədəbiyyatın inkişafında böyük irəliləyiş oldu. Onun ədəbiyyat siyasətinin mərkəzində Azərbaycançılıq ideologiyası dayanırdı. Heydər Əliyevin ilkin təməlini qoyduğu ədəbiyyat siyasəti günü-gündən əlavə müddəalarla daha da zənginləşdirərək müasir dövrün ədəbiyyat siyasəti halına gəlmişdir. Onun ədəbiyyat siyasətində artıq formalaşmış ənənələri davam etdirilməsi və əlavə müddəalarla zənginləşdirməsi böyük xidmətləri siyahısındadır. Ədəbiyyat siyasətində artıq formalaşmış ənənələri davam etdirərək, yazıçılara fəxri adların, fərdi təqaüdlərin verilməsi və yaradıcı gəncliyin istedadlı nümayəndələrinin stimullaşdırılması üçün konkret əməli işlərin görülməsi bu qəbildən olanlardır. Ədəbiyyat sahəsində xidmətləri olanlara müntəzəm olaraq, Azərbaycan Respublikası Dövlət mükafatlarının verilməsi Heydər Əliyevin ədəbiyyat siyasəti sahəsindəki xidmətlərinin əməli ifadəsidir. Azərbaycan dövlətinin ədəbiyyat siyasəti böyük ehtirama əsaslanır. Yüksək səviyyəli mükafatların və təqaüdlərinin yaradılması mövcud siyasətin ənənələridir. Ədəbiyyat sahəsinə aid olan və ya onunla bilavasitə əlaqəli olan Azərbaycan Yazıçılar Birliyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Milli Dram Teatrı, Opera Teatrı, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı və s. kimi yerlərdə aparılan böyük quruculuq prosesləri Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas tərkib hissəsidir. Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti nəticəsində yeni çağdaş ədəbi nəsil meydana çıxmış və Azərbaycançılıq məfkurəsi daha da zənginləşdirilmişdir. Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və mükəmməl, hərtərəfli təsiri olduqca əhəmiyyətlidir. Ədəbiyatşünaslıq həmişə siyasiideoloji cəhətdən aktuallıq kəsb edən sahədir. Heydər Əliyevin bu sahədəki fəaliyyətindən bəhs edən ədəbiyatşünaslar öz kitab və monoqrafiyalarında ulu öndərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, onların yubileylərinin keçirilməsinə, ev muzeylərinin təşkilinə, əsərlərinin akademik nəşrlərinin hazırlanmasına, əsərlərinin dünya dillərinə tərcümə olunub yayılmasına, ədəbiyyat xadimlərinin və ədəbi nəşrlərin dövlət qayğısı ilə əhatə olunmasına göstərdiyi diqqət və qayğını qələmə almışlar. Heydər Əliyev hakimiyyəti dövründə ədəbiyyat siyasətini daim irəlilədərək, ədiblərə göstərdiyi saysız-hesabsız qayğılar ilə tarixə adını yazdırmışdır. Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Hüseyn Cavidin, Rəsul Rza və Nigar Rəfibəylinin ev muzeylərinin yaradılması və abidələrinin ucaldılması onun adı ilə bağlıdır. Ədəbiyyatı xalqın mənəvi sərvəti və intellektual mülkiyyəti sayan Heydər Əliyev Azərbaycan ədəbiyyatını dərindən bilən və sevən insanlara xüsusi hörmət etmişdir. Heydər Əliyev çox yaxşı bilirdi ki, xalqın milli mənlik şüurunun formalaşmasında, mənəvi cəhətdən təkmilləşməsində, tarixi yaddaşın qorunub saxlanılmasında şairlərin və yazıçıların böyük rolu nəzərə alınmalıdır. Buna görə də, ümummilli lider həyatı və fəaliyyəti boyunca bu sahəyə diqqət və qayğı göstərdir. Ümummilli lider yaxşı bilirdi ki, ədəbiyyat millietnik, siyasi-ideoloji, mənəvi cəhətdən xalqın formalaşma yolunu müəyyən edə bilmə gücündədir. Ədəbiyyatına bağlı Azərbaycan xalqı özünü sözlə ifadə etmiş, öz bütövlüyünü, etnik mövcudluğunu doğma ədəbiyyat ilə qoruyub saxlaya bilmişdir. Şifahi xalq yaradıcılığına böyük önəm verən Heydər Əliyev Azərbaycan ədəbiyyatının incisi olan xalq yaradıcılığının tarixə çevrilmiş və yazıya alınmış ən böyük nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanını milli varlğımızın mötəbər qaynağı hesab edirdi. “Kitabi-Dədə Qorqud” dastanı ən qədim abidə kimi xalqımızın milli mənlik şüurunu formalaşdıran elementlərlə zəngindir. Buna görə də, Heydər Əliyev Azərbaycan ədəbiyyatını “Kitabi-Dədə Qorqud” dastanınsız belə yüksək mədəni səviyyəyə çata bilməyəcəyi fikrində idi. Ulu öndər Heydər Əliyevin ədəbi məclislərdə, yubiley tədbirlərində, ədəbi simalarla görüşlərdə, Azərbaycan və türk yazıçılarının qurultaylarındakı çıxışlarında səsləndirdiyi fikirlər onun ədəbiyyat siyasətinin inkişafı istiqamətində apardığı planın bir hissəsi olmuşdur. Buna görə o, Azərbaycan ədəbiyyatının araşdırılması və sistemləşdirilməsi üçün bütün tədbirlərin görülməsini buyurmuşdur. Ədəbiyyatın təbliği nəticəsində Azərbaycan ədəbiyyatşünaslığı daha da inkişaf etmişdir. Heydər Əliyevin ədəbiyyat siyasətinin mərhələlərinin tədqiqata cəlb edilməsi nəticəsində onun klassik Azərbaycan ədəbiyyatına və folkloruna dair fikir və mülahizələri, verdiyi fərman və sərəncamlar araşdırılaraq ədəbiyyatşünaslığın inkişafına təkan verməsi konkret faktlar əsasında sübut edilmişdir. Onun ədəbiyyata milli müstəvidən yanaşması və azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən biri kimi dəyərləndirməsi ilə ədəbiyyatşünaslıq obyektiv elmi qiymətini almışdır. Çağdaş ədəbiyyatşünaslığın tədqiq olunmasında tarixi müqayisəli və sistemli-təhlil metodlarından istifadə olunmuşdur. Milli ideologiya tədqiq və təhlil prinsipləri ilə onu araşdıran tədqiqatçılar üçün gərəkli mənbə rolunu oynaya bilmişdir. Heydər Əliyevin görüşləri əsasında ədəbiyyat tariximizin müxtəlif sahələrinin tədqiqi və təbliği daim yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycan ədəbiyyatı tarixi Heydər Əliyevin ədəbiyyat siyasəti üçün gərəkli mənbə rolunu yerinə yetirilmişdir. Heydər Əliyevin ədəbiyyat siyasəti və onun mahiyyəti milli siyasətin tərkib hissəsi kimi ölkədə ədəbiyyata necə münasibət bəslənməsini və bu yürüdülən siyasətin tərkib hissəsi olan İsa Həbibbəyli, Nizami Cəfərov, Bəkir Nəbiyev və Yaşar Qarayev kimi akademiklərimizin fikirlərinə göstərilən münasibəti özündə ehtiva edir. Ədəbiyyatın millətin özünütəsdiqinin ifadə vasitəsi olduğunu bildirən ağıllı, məqsədyönlü, səmərəli şəkildə millətin özünüdərkinin və xalqda milli qürur və ləyaqət hissinin vacibliyini bilən ulu öndər ədəbiyyatı bədii sözün qüdrətilə yaşayan xalqın mənəvi potensialının meydana çıxarılması və Azərbaycan xalqının dünyada tanıdılmasına və imicinin yüksəldilməsinə rəvac verən vasitə kimi qəbul edirdi. Əlverişli şərait nəticəsində ədəbiyyatçılar Azərbaycan xalqının intellektini, böyük ədəbi-bədii potensialını özlərinin milli-mənəvi, elmi, ədəbi və mədəni mühiti təcəssüm etdirən əsərlərində bütün dünyaya çatdıra bilirdilər. Ümumiyyətlə, Heydər Əliyevin ədəbiyyat siyasətinin konsepsiyasında milli və bəşəri dəyərlərə sadiq qalmaq və tariximizi düzgün əks etdirmək dayanır. Görkəmli dövlət xadiminin bu sahədəki fəaliyyətini dəyərləndirəndə Azərbaycan ədəbiyyatının inkişafı, təbliği və tədqiqi ilə bağlı mühüm göstərişlərinin, fərmanlarının və qərarlarının olduğunun şahidi oluruq. Ədəbiyyatın inkişafı və təbliği ilə bağlı konseptual fikirləri Azərbaycan ədəbiyyatının potensiallarının üzə çıxarılmasına xidmət etmişdir. Milli zəminə söykənən Azərbaycan ədəbiyyatında vətənpərvərlik duyğuları ilə zəngin olan klassik ədəbi irs və folklor nümunələri ədiblərimizin Azərbaycançılıq idealına sədaqət nümunəsidir.


Ədəbiyyat siyahısı:
1. Heydər Əliyev və Azərbaycanda ədəbi proses // Heydər Əliyev zirvəsi (Naxçıvan Dövlət Universitetinun Elmi Əsərlərinin xüsusi buraxılışı). Naxçıvan: Qeyrət, 2008, səh. 89-90.
2. Heydər Əliyev və Azərbaycan folkloru // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 2, s.106-109.
3. Heydər Əliyev və klassik Azərbaycan ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 1, s.6-10.
4. Heydər Əliyev və “Dədə Qorqud kitabı” // MEA Folklor İnstitutu. “Dədə Qorqud” (elmi -ədəbi toplu), I (46), Bakı: Nurlan, 2013, s. 32-36.
5. Heydər Əliyev və Nizami Gəncəvinin ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2013, № 2, s. 32- 35.
6. Sovet dövrü Azərbaycan ədəbi fikirinin istiqamətləndirilməsində Heydər Əliyevin rolu / Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri. Beynəlxalq konfransın materialları. Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2009, s. 42-43.
 
Ardını oxu...
“Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 70 faizi icra olunmayıb”

“Uşaqların məktəbdən didərgin düşməsi islahatın nəticəsidirmi?!”

Keçmiş deputat, tanınmış təhsil eksperti Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin dünən verdiyi açıqlamalara münasibət bildirib.

O, xüsusi ilə nazirin iki fikrinin üzərində dayanlb:

“Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük”;

“4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.

E.Əliyev bildirib ki, Prezidentin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi tam icra olunmayıb. Sənədi müəkəmməl adlandıran keçmiş millət vəkili xatırladıb ki, Strategiyada 5 strateji istiqamət üzrə islahatların aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, sənəddə yer alan müddəalarının 70 faizi icra olunmayıb. Təhsil eksperti onların bəzilərini xatırladıb:

“Sənəddə yazılır: Orta təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması. İCRA OLUNMAYIB!

- Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi. İCRA OLUNMAYIB! E.Əmrullayev vaxtı ilə maliyyə və idaretmə müstəqilliyi verilmiş bir neçə ali məktəbi bu dəyərdən məhrum etdi.

- təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur. İCRA OLUNMAYIB!

- erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması. İCRA OLUNMAYIB!

-12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi. İCRA OLUNMAYIB!

- kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması. İCRA OLUNMAYIB!

-10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması. İCRA OLUNMAYIB!

-ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin verilməsi. İCRA OLUNMAYIB!

-tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması. İCRA OLUNMAYIB!

- ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi. İCRA OLUNMAYIB!

- uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması; İCRA OLUNMAYIB!

- təhsil müəssisələrinin reytinq sisteminin yaradılması. İCRA OLUNMAYIB!

-təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması. İCRA OLUNMAYIB!

- müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı. İCRA OLUNAMYIB!

Etibar Əliyev vurğulayıb ki, Prezidentin imzaladığı belə mühüm sənəddə müəyyənləşmiş istiqamətlər üzrə əsas müddəaları həyata keçirilməyib.

“Ancaq nazir islahatların nəticəsindən danışır. Orta məktəb tam şəkildə repetitorluq fəaliyyətinə təslim olunub. Valideynlər qazandıqları vəsaitin əsas hissəsini uşaqlarının hazırlığına xərcləyir. Elm və təhsil naziri hələ bir dəfə də olsun dərslərə davamiyyətdən danışmayıb. Strategiyanın qəbul olunmasından 11 il vaxt keçir. E. Əmrullayev indi rasionallaşmanın vacibliyindən danışır. Uşaqların məktəbdən didərgin düşməsi islahatın nəticəsidirmi?!”, - deyə keçmiş deputat sual edir.

Rasim Əliyev

“AzPolitika.info”
 
 


 
Ardını oxu...
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!”
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin (Sağlamlıq Mərkəzi) bir qrup əməkdaşı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Adlarının müəyyən səbəblərdən açıqlanmasını istəməyən şikayətçilər bildirir ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində çalışan əksər tibb bacılarına qarşı haqsızlıq edirlər:

“Biz, tibb bacıları və digər əməkdaşlar, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Bildiririk ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində çalışan Səfurə və Səyiffə adlı əməkdaşlar bizə qarşı haqsızlıq edir. Rəhbərliyin üzərinə şikayətə gedə bilmirik, çünki onlar Səfurə və Səyiffənin sözünü bizim sözümüzdən üstün sayırlar. Məhz bu səbəbdən də, bu iki qadın qalan işçilərin başına oyun açır. Onlar özlərini elə aparırlar ki, sanki baş həkim və yaxud da xəstəxananın sahibidirlər.

Səfurə və Səyiffənin bu “gücü” hardan, necə əldə etdiklərini də bilirik. İnsaf naminə qeyd edək ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin rəhbərliyi çox sakit, işlərini qanunla aparan şəxslərdir. Bir pis məqam budur ki, onlar Səfurə və Səyiffənin sözünü düzgün sayıb, bizə inanmırlar. Yəni rəhbər heyət bizə anlayışla yanaşır, amma bu iki qadın çörəyimizə bais olur.

Məlumat üçün bildirək ki, Səfurə ürək əməliyyatxanasında tibb bacısıdır, Səyiffə isə ümumi əməliyyatxanada baş tibb bacısıdır. Onlar cərrahlardan “əməliyyatda iştirak edən tibb bacılarına veriləcək”, - deyə pul alırlar, amma bizə heç nə vermirlər. İradımızı bildirəndə isə deyirlər ki, səsinizi çıxarmayın, maaş alırsınız, bəsinizdir.

Bundan əlavə, istədikləri vaxt evdə olan işçiləri işə çağırırlar, onlara qarışan yoxdur. Etiraz etdikdə isə hədə-qorxu gəlməyə başlayırlar. Bilirlər ki, hər birimizin evə aparacağımız çörəyə ehtiyacımız var. Hətta bu qadınlar başqa tibb bacısının başına oyun açaraq işdən çıxartdırıb. Biz də həmin işçinin vəziyyətinə düşmək istəmirik. Bu səbəbdən də səsimizi çıxara bilmirik.

Hər birimiz bu məktubu sizə göndərənə kimi stress keçirmişik. Çünki adlarımız açıqlansa, onlar bizi də işdən çıxartdırarlar.

Onu da deyək ki, işçilərimizin bəziləri qorxularından bizə qoşulmadı. Əslində, xəstəxanada hər kəs onlara etirazını bildirir. Amma kimsə bu müraciətə imza atmaq istəmir. Bu qadınlar da müəyyən şəxslərə arxalanıb, başımıza oyun açırlar.

Bu iki tibb bacısına sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirik, bizi düşdüşüyümüz bu vəziyyətdən xilas edin. İmkan versinlər öz işimizi layiqincə görək”.
Ardını oxu...
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Ölkənin ən böyük ət məhsulları istehsalçısı olan “Səhliyalı” Kiçik Müəssisəsi cərimələnib.Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, müəssisə İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 448-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“Səhliyalı” şirkəti ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 22 noyabr tarixində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Səhliyalı” Kiçik Müəssisəsi 1996-cı ildə fəaliyyətə başlayıb. Şirkətin “1000 bərəkət, halal nemət” ticarət nişanı isə 2009-cu ildən bəri fəaliyyətdədir.

“Səhliyalı” şirkətinin direktoru Rövşən Knyaz oğlu Səmədovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Naxçıvan Səhiyyə Nazirliyində aparılan korrupsiya araşdımalarından sonra bir neçə yüksək vəzifəli şəxsin saxlanıldığı bildirilir. Onlar haqqında həbs-qətimkan tədbiri seçild gözlənilir. Bu haqda „Gündəlik Naxçıvan“a nazirlikdəki mənbələr məlumat verib. Məlumata görə, nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir. O, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti və Naxçıvan „Tibb Müəssisələrinin İdarəetmə Birli“yi ilə əlbir olub, milyonlarla manatı mənimsəməkdə ittiham olunur. Bu iki qurumun rəhbərlərinin də saxlanılanlar arasında olduğu bildirilir.
Mənbənin bildirdiyinə görə, noyabrın 20-də nazirlik əməkdaşları ilə birlikdə muxtar respublikadakı bütün xəstəxanaların direktor və vəzifəli şəxsləri yerli DTX-ya aparılıblar:
“Üç gündür ki, nazirlikdə yoxlamalar gedirdi. Bu gün müavinlər də daxil olmaqla bir neçə vəzifəli şəxsİ gəlib, DTX-ya apardılar. Bundan əlavə bütün xəstəxanaların rəhbərliyini DTX-ya yığıblar. Söhbət milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsindən, rüşvət hallarından gedir. Dindirildikdən sonra onların çoxunu sərbəst buraxıblar. Deyilənə görə, hədəfdə nazirdir. Agentliyin rəbhəri Vüsal Məmmədov və Tibbi Sığorta müridi Elnur İbrahimovun saxlanıldıqları dəqiqdir. Onlar nazirlə əlbir olub, milyonlala manatı mənimsəməkdə ittiham olunurlar. Digər saxlanılanlarla bağlı hələlik dəqi məlumat yoxdur deyə, ad çəkə bilmərəm”.
Səhiyyə əməkdaşları bu qurumdakı korrupsiya və rüşvət halları ilə bağlı „Gündəlik Naxçıvan“a zaman-zaaman məlumatlar veriblər. Onların məlumatına görə, əsas yeyintilərdən biri də büdcə kəsirlərini doldurmaq adı altında tibb işçilərinin maaşlarının mənimsənilməsidir.
 

Dünyapress TV

Xəbər lenti