Ardını oxu...
Aktualinfo.org hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilmiş tender barədə məqalə yaymışdı.

Qeyd edək ki, həmin məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə bir mənbədən satınalma metodu ilə iki satınalma müqaviləsinin bağladığına toxunmuşduq. Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə 1.667.520 manat məbləğində satınalma müqaviləsinin 18.09.2024-cü ildə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üzrə 1.075.840 manat məbləğində satınalma müqaviləsi barədə məlumat isə 06.08.2024-cü ildə açıqlanmışdır.

Xatırladaq ki, sözügedən məqalədə bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi fiziki şəxs Məmmədov Mehman Rza oğlunun mənzillərin satın alınması üzrə konkret təchizatçı olmadığını, satınalma üzərində xüsusi hüquqlara da malik olmadığını və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedici və alternativ şirkətlərin olduğunu qeyd etmişdik. Bununla bərabər qeyd etmişdik ki,elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması üzrə daha bir tenderin nəticəsini açıqlayıb. 27.11.2024-cü ildə yekulaşmış bu tenderdə də qalib yenə fiziki şəxs Məmmədov Mehman Rza oğlu seçilib və onunla 1.204.640 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Müqavilənin şərtlər toplusuna görə Mehman Məmmədov əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı mənzil almalıdır.

Rəsmi dövlət orqanların yaydığı bu məlumatlardan da göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 4 ayda fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə ümumi dəyəri 3 948 000 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Bəs Məmmədov Mehman Rza oğlu kimdi və bir fiziki şəxs kimi satınalma müqaviləsini icra etmək iqtidarındadırmı?

Bununla bağlı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya cavabda bildirilir ki, “Sizin, vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) sahibkarlıq fəaliyyəti üzrə məlumatlarının təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır.

Bildiririk ki, müraciətinizdə qeyd olunan vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) vəziyyəti hal-hazırda aktivdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları haqqında Qərarında qeyd olunan meyarlara əsasən riskli vergi ödəyicisi kateqoriyasına aid deyildir, dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu yoxdur və ƏDV-nin məqsədləri üçün vergi orqanında qeydiyyata alınmamışdır. Müraciətdə təqdim edilməsi tələb olunan digər məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlar olduğundan həmin məlumatların verilməsi mümkün deyildir.”

Bərdə rayonundakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.

Əldə etdiyimiz ən yeni məlumatlara görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində sadəcə daimi pasport qeydiyyatındadır. O, Bakı şəhərində yaşayır və bizneslə məşğuldur. Bakı şəhəri, Səbail rayonu massiv 1 (Badamdar qəsəbəsi) ev 282, 2-ci döngə ünvanında 12 avqust 2024-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan “RB İNŞAAT” (VÖEN: 1703837151) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət Vergi Xidmətinin bu məlumatlarından da göründüyü kimi Məmmədov Mehman Rza oğlu 12.08.2024-cü ildə “RB İNŞAAT” MMC-ni təsis edib. Ondan cəmi 6 gün əvvəl, yəni 06.08.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fiziki şəxs kimi 1.075.840 manat dəyərində bir mənbədən satınalma metodu ilə tender udub.

Əldə etdiyimiz ən yeni məlumatlardan biri də odur ki, Mehman Məmmədov uzun illərdir Milli Məclisin deputatı olan, “Azəraqrartikinti” ASC-nin sədri, “Kristal Abşeron” tikinti şirkətinin sahibi Ağalar Vəliyevin adamıdır. Verilən məlumatlarda bildirilir ki, düzdür, Mehman Məmmədovun biznesi var, amma qalibi olduğu tenderlər əslində Ağalar Vəliyev tərəfindən həyata keçirilir.
Ardını oxu...
Bakı şəhərinin Binə qəsəbəsində yerləşən su kanalı tullantı poliqonuna çevrilib.

Burada həm antisanitariya, həm də üfunət hökm sürür.

Problemlə bağlı Binə qəsəbəsi bələdiyyəsindən bildirilib ki, quruma məsələ ilə bağlı müraciət olunub və tullantılar vaxtaşırı olaraq daşınır.

Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) materialında:

 
 
 
Ardını oxu...
Paytaxt küçələrində rəngi getmiş piyada zolaqları insanlar üçün təhlükə mənbəyinə çevrilib.
Bakı şəhərinin Xudu Məmmədov küçəsində yaranan bu vəziyyət insanların qorxulu yuxusuna çevrilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, zolaqların silinməsi hərəkət intevsivliyindən asılıdır.

Daha ətraflı APA TV-nin materialında:

 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “EL EPMC” MMC (VÖEN – 2007785971) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “EL EPMC” MMC Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərini həyata keçirəcək və qarşılığında 41 milyon 505 min 291 manat 51 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Dövlət Su Ehtiyatları Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, “EL EPMC” MMC 30 dekabr 2022-ci il tarixində Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 14, m. 112 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Fərman Zöhrab oğludur.
“EL EPMC” MMC dövlət qeydiyyatına alındıqdan sonra yalnız Dövlət Su Ehtiyatları Agentliyinin tender müsabiqələrində qalib olub. Agentlik oktyabr ayında “EL EPMC” MMC ilə 1 milyon 909 min manat və 1 milyon 249 min 762 manat 11 qəpik dəyərində 2 satınalma müqaviləsi də imzalayıb.
 
Ardını oxu...
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhər idarəsinin müdiri 50-dən çox ailəni evsiz qoyub. Bir neçə il bundan öncə vətəndaşlardan pul alaraq onların həyətyanı ərazilərdə fərdi yaşayış evləri tikməsinə şərait yaradan Samir adlı FHN məmuru, bu “yaxşılığı” ilə onlarla ailəni evsiz qoyub. Belə ki, bugünlərdə yetkili qurumlar tərəfindən aparılan araşdırma nəticəsində Sabunçuda FHN yetkilisinin icazəsi ilə tikilən evlərin qanunsuz olduğu üzə çıxıb. Bunun ardınca 50-dən çox ev aidiyyati qurum tərəfindən sökülərək yerlə bir edilib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Vətəndaşların iddiasına görə, onlar ev tikintisi üçün şifahi icazəni həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə yetkilisi, sabiq MTN əməkdaşı Ruslan Əliyevə verib. Təbii, bu icazə də müftə olmayıb və vətəndaşlar tikəcəkləri evlərin mərtəbə və sahəsinə görə Ruslan Əliyevə müxtəlif məbləğlərdə pul ödəyiblər. Lakin evlərin söküntüsü zamanı məlum olub ki, Samir adlı FHN məmuru kimi Ruslan Əliyevin də pul qarşılığında verdiyi icazələr əsassız imiş. Maraqlı məqmalardan biri də ondan ibarətdir ki, vətəndaşlar vaxtilə “hörmət” qarşılığında bu tikintiyə şərait yaradan şəxsləri - Samir və Ruslan Əliyevi tapıb pullarını ondan geri ala bilmirlər. Buna görə də yaxın günlərdə evləri başlarına yıxılan həmin ailələr bir sıra dövlət qurumları, eləcə də FHN qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Məlumat üçün qeyd edək ki, Ruslan Əliyev haqqında bundan öncə də mediada çoxsaylı məlumatlar yer alıb. Həmin məlumatlarda qeyd olunur ki, Ruslan Əliyev şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur”"".

Mövzu ilə bağlı araşdırmamız davam edir.
 
Ardını oxu...
Milli Məclis əlillər, şəhidlər, qazilər barəsində ayrı-seçkilik edir

Milli Məclisdə büdcə müzakirələrinin “qızğın qırğın” gedir. Ən çox “qızışdırılan” mövzu- qonu populist “veteran pulu” artımı, əlil, şəhidlərə diqqət, məşğulluqla bağlıdır. Bəri başdan, başımıza gələnlərə istinadla deyək ki, ƏƏSMN-in ən diqqətcil, qayğıkeş qurumu Dövlət Məşğulluq Agentliyidir, görəvlərini layiqincə yerinə yetirirlər. İndi Agentlik neyləsin ki, göndəriş verdikləri vakant iş yerləri saxta çıxır, işverənlər saxta elanlar verib, işaxtaranlarla məzələnirlər?

Keçək dövlətin, qanunverici orqanın əlillər, şəhidlər, qazilər barəsində ayrı-seçkilik sərgiləməsi barədə qanun aktlarına.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3 maddəsində göstərilir:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər İSTİSNA olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün UYĞUNLAŞDIRILMASI ONLARIN (əlil olan şəxslərin- M. B.) VƏSAİTİ HESABINA TƏMİN EDİLİR”. Bu açıq-aşkar əlilliyi olan şəxslər barəsində dövlətin ayrı-seçkilik etdiyini ortaya qoyur. Bəs müharibə ilə əlaqədar, yaxud anadangəlmə əlilliyi olan şəxslərin “suçu” nədir ki, onlar istehsalatda yox, hərbi peşə “xəstəliyindən”, anadangəlmə sağlamlıqlarını itiriblər?

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun Qarabağ əlillərinə və şəhid ailələrinə aid olan bütün maddələri ləğv edilib, yalnız Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının, onların dul arvadlarının, uşaqlarının güzəştləri tanınır.

Ayrı-seçkiliyin dərəcəsinə baxın, şəhidin dul qalmış yoldaşına, uşaqlarına güzəşt edilmir, amma BVM iştirakçısının övladlarına gəlir vergisində güzəşt tətbiq edilir. Qanunun yalnız 11-ci maddəsi (“Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir”)

Qarabağ savaşı veteranlarına aiddir, ona da Tarif Şurası 05.07.2013 tarixli qərarla qadağa qoyub. Əmlak Məsələləri Dövlət Xidməti qanunu, Konstitusiyanı yox, tabeliyində olduğu nazirin normativ hüquqi akt olmayan qərarını daha üstün tutur.

Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001 tarixli, 613 saylı Fərmanını və “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” 597 saylı Sərəncamı icra etməli olan DSMF-in uyğun filialları, əksinə, bu aktları “ciblərinə uyğunlaşdırıblar”.

Qanunverici isə Qarabağ savaşı veteranlarını, şəhidlərin dul arvadlarının güzəştini ləğv edib, yalnız BVM iştirakçıları və onların dul arvadlarının güzəştini müavinət formasında saxlayıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2 maddəsinin 2-ci cümləsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ( müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, şəhid ailələrinin) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı, təminat xərcliyi sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanırdı.

5 noyabr 2022-ci il tarixli 627-VIQD nömrəli Qanunla 29.2 maddəsi ləğv olunub. Şuşa, Qarabağ ZƏFƏRİNİN düz 2-ci ilində ŞƏHİDLƏRƏ, QAZİLƏRƏ bu “ləğvetmə diqqəti” nədən qaynaqlanıb? Heç demə, hökumət, dövlət böyük yanlışlıq edibmiş, ŞƏHİD, XİDMƏTƏ YARARSIZ QAZİ DÖVLƏTƏ SIĞORTA HAQQI ÖDƏMƏDİYİ HALDA, ONLARA BU HAQQA UYĞUN PENSİYA ÖDƏYİRMİŞ!(??) Şəhidin, qazinin hesabına BÜTÖVLÜYÜNÜ BƏRPA EDƏN DÖVLƏTİN ZƏFƏR GÜNÜNÜN 2-Cİ İLİNDƏ QAZİNİN, ŞƏHİDİN HAQQINA GİRMƏSİ, ŞƏHİDDƏN, ƏLİLDƏN SIĞORTA HAQQI TƏLƏB ETMƏSİNİN ADINI NƏ QOYAQ? Bu, ayrı-seçkilikdən də betərdir, faktiki düşmən ilgisidir. Şəhid cənnətdəki dünyasından DÖVLƏTƏ necə HAQQ ödəsin? Bunu Milli Məclis, PA, MƏHKƏMƏ HAKİMİYYƏTİ nə ilə izah edə bilər?!

Populist deputatlar da 5 ildən bir “xal yığırlar” ki, “veteran pulu” belə gəldi, əlillik təyinatı elə getdi. Elə 30 ildir Qarabağ belə, Qarabağ elə, şəhid sənin, şəhid mənim, şəhid heç kimin. Şəhid Allahındır, sığorta haqqını da dövlətə O, ödəyər…

Məğrur Bədəlsoy
Birinci qrup Qarabağ əlili

 
Ardını oxu...
"1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib".

"AzPolitika" xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

O, iddia edib ki, bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır:

"Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir".

Nazir vurğulayıb ki, məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır.

Qeyd edək ki, nazir Emin Əmrullayevin şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olduğunu bildirdikdən sonra həmin məktəblərin rasionallaşdırılması həyata keçiriləcəyini qeyd etməsini başqa mənada başa düşmək mümkün deyildi. Nazir açıq ifadə etməsə də, bu "rasionallaşdırmanın" həmin məktəblərin böyük hissəsinin bağlanlması ilə nəticələnəcəyi şübhə doğurmur. Bundan imtina edildiyi, yoxsa nazirin fikirləri böyük ictimai reaksiya doğurduğu üçün müvəqqqəti olaraq geri çəkildiyini isə zaman göstərəcək.

Hər halda hörmətli nazirimizə bir daha xatırladaq ki, bu sayda məktəbin bağlanması ilə nəticələnəcək "rasionallaşdırma" minlərlə müəllimin işsiz qalması, yüzlərlə kəndin boşalması ilə nəticələnə bilər!

Rasim Əliyev

"AzPolitika.info"

***

Elm və təhsil naziri Emin Əmrullayev "Facebook"- da "Azərbaycan Universitetləri" səhifəsinin paylaşımına şərh yazıb.

"AzPolitika" xəbər verir ki, nazir deputat Ceyhun Məmmədovun xərclərin optimallaşdırılması məqsədilə 4440 məktəbdən 1500-nün bağlanılması ilə bağlı açıqlamasının yer aldığı paylaşımda bunları yazıb:

"Bu doğru məlumat deyil, bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək".

"AzPolitika.info"
Ardını oxu...
 
 
 
Ardını oxu...
Milli Məclisin ötən gün baş tutan iclasında millət vəkili Siyavuş Novruzovun şəhid ailələri, veteranların əlillik alması və məşğulluqla bağlı ictimaiyyətdəki bəzi fikirləri dilə gətirməsi sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

Ən yaralı yerlərdən biridir veteranların əlillik müraciəti və onun qiymətləndirilməsi. Əsgərin öz silahdaşının, qardaşının, döyüşdə kürək-kürəyə savaşdığı yoldaşının qolları üstə can verməsini görməsi, onun bədən üzvlərinin parçalanmasını müşahidə etməsindən dəhşətli nə ola bilər? Siyavuş Novruzov müharibə görmüş adamdır, ona görə də deyirdi ki, heç bir “kompüter, aparat” o əsgərin hansı travma aldığını təyin edə bilməz, bunu anlamaq üçün o kateqoriyadan olan insanlara tamamilə ayrı prizmadan yanaşılmalıdır.

Haqsızdırmı?

Nazir Sahil Babayev isə elə məhz bu müzakirənin getdiyi Milli Məclisin təsdiqlədiyi qanunverici bazanı əsas götürür.

Haqsızdırmı?

Heç biri haqsız deyil.

Ancaq məsələ bundadır ki, yüngül silahlarla sıldırım, sal qayaları yaralı yoldaşını çiyninə alıb qalxmaq və möcüzə bir əməliyyatla Şuşanı azad etmək, Vətəni xilas üçün hərəkətə keçən Ordunun sürətinin azalmaması naminə minanı öz canıyla zərərsizləşdirmək əsgər qanunlarında yoxdur, dünya hərb tarixində də rast gəlinməyib! Bu möhtəşəm Ordunun fədakar əsgərlərinin 44 gündə dünyanı heyrətə salan cəsarəti qanunvericiliyin tələbləri üzərində qurulmamışdı; Bu bir könül işi, haqq işi, ruh halı, Vətən sevgisi, inanılmaz duyğu idi!

Bu cür insanlara qanunun soyuq məntiqini tətbiq etmək olmur, olmaz, yaramaz!

Bu veteranlara yaponun, almanın, yəhudinin qayırdığı aparatlar diaqnoz qoya bilməz!

Siyavuş Novruzov “könül işi” istəyirdi, fərdi yanaşma xahiş edirdi, veteranların ürəyi-beyninə insani yanaşma tələb edirdi. Bunu isə insan ölçməlidir, hissi-duyğusu olan, Vətəni sevən - aparat yox!

Ayrı bir qiymətləndirmə qrupu, komissiyası, heyəti yaradın, üzvlərini ildə 1-2 dəfə Cıdır düzünə aparıb, Ordumuzun əsgərlərinin dırmaşdığı sal qayaları göstərin! Onlar əmin-amanlıqda mahir alpinistlərin minbir vasitə ilə dırmaşa biləcəyi sal qayanı əsgərlərimizin çiynində silah, əlində avtomatla gecə qaranlığında necə qalxdığı möcüzəsini görüb, sonra qayıdıb, o əsgərlərin yadigarlarına “diaqnoz” qoymalıdırlar.

O ki qaldı məşğulluqla bağlı bəzi şəxslərə xəstə heyvanların verilməsinə, bu barədə kifayət qədər görüntülər var, hətta çəkiliş zamanı yıxılıb ölən “məşğulluq inək-qoyunu” da olub!

İndiyə qədər bu heyvanların alınması üçün hansı tenderlərin keçirildiyi, tenderləri kimlərin udduğu, bir iribuynuzlu və ya xırdabuynuzlu damazlıq heyvanın neçəyə başa gəldiyi, hansı ölkədən və ya regiondan necə alındığı haqda tam təfərrüatlı hesabat, əlçatan informasiya yoxdur! Bu istiqamətdə edilən müraciəti də Məşğulluq cavablandırmır!

Halbuki bu heyvanların alınmasında ciddi narahatlıqlarla bağlı dəfələrlə ictimai etiraz olub!

Yalnız o hesabat – detallarına qədər açıqlandığı, bu istiqamətdə nə qədər vəsait xərcləndiyi, tenderləri udan şirkət və ya şəxslərin kimlər olduğu ortaya çıxandan sonra qəti fikir demək olar!

Nazir əsəbiləşir, faktsız danışdığına görə millət vəkilini qınayır.

Haqsızdırmı?

Demək, konkret danışmaq lazım gəlir: əvvəlcə hesabatı tələb edin, tenderləri tam incələyin, ayrılan vəsaitləri və alınmış heyvanların o vəsaitlərə adekvat olub-olmadığını müəyyənləşdirmək üçün ictimai müzakirəyə buraxın, sonra naziri araşdırma aparmağa səsləyin!/axa.az/
 
Ardını oxu...
Şirvan şəhər sakini Babayeva Elmira Bayım qızı şəhər Mərkəzi Xəstəxanasındakı özbaşınalıqdan şikayətçidir. Tribunainfo.az-a göndərdiyi şikayət məktubunda sözügedən şəxs bildirir ki, aylardır yollarda qalıblar.
O qeyd edib ki, Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. O bildirib ki, əri yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir. “22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. O, həm də həkim məsləhət komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalı olduğu halda xəstəni və bizi süründürməçiliyə salıb. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanış olmasına baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi”.
Elmira Babayeva yazır ki, bir neçə gün bundan əvvəl qəbulunda olduqları Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar edib. “Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə I qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. 1-cisi xəstənin müalicə həkimi elə o Elşən Qafarovun özüdür. Həkim kimi özü özünü nə üçün inkar edir ?! 2-si 22.09.2024-dən 14.10.2024-cü ilədək xəstəxanada müalicə alarkən bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır ?”
Şirvan sakini deyir ki, ailəsinin maddi durumu ağırdır. 7 nəfərlik ailə üzvləri bir yerdə yaşayır. “Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Demək olar ki, ölüm ayğında olan həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər”.
Şikayətçi şikayətinin araşdırılmasını, həyat yoldaşına əlillik dərəcəsinin verilməsini istəyir. Bununla əlaqədar olaraq, o, dövlət başçısı və Birinci Vitse-Prezidentə müraciət edərək, onlardan kömək istəyib.
 
Ardını oxu...
Əslən Qubadlıdan olduğu, arxasında yuxarıdakıların dayandığı deyilən Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinməyib. Hətta onlar yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil.

Dağıntı baş verən yerə baş çəkən araz.az-ın əməkdaşına sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar “dəmir barmaqlıqlar” arxasına da düşüb: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər.
Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

Doğrudan da, MMC-nin bu sahədə törətdiyi özbaşınalıqlar ölçüyəgəlməzdir. Götürək, elə burada yerləşən “1001 xırdavat” mağazasının sahibi Yusif Bayramovun başına gətirilənləri: Ona da, indiyədək heç bir xəbərdarlıq edilməyib. Özünün dediyi kimi, razılıq üçün, indiyədək onunla danışığa gələn də olmayıb. Səhər mağazasının qapısını açanda görüb ki, qonşu evin divarları yerlə-yeksan edilib. İndi daxili fotogörüntüsünü təqdim etdiyimiz bu mağazasında satışa qoyduğu bütün xırdavat təhlükə altındadır. Yağış suyu, divarın hər an çökə biləcəyi onu yaman qorxuya salıb: “Xeyli müddətdir ailəmi bu mağazam hesabına dolandırmışam. Bundan sonra nə edəcəyimi bilmirəm! Heç olmasa, gəlib deyən belə yoxdur ki, obyektimin əvəzini verəcəklər. Hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərin də nəticəsi olmur”.

Sonda, qəti şəkildə onu demək istəyirik ki, bu ünvanda yerləşən mülk sahiblərini belə incitmək mövcud qanunlarımızın tələbləri çərçivəsinə sığmır. Axı, bunu kim bilmir ki, yaşayış ərazisində hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılması, köçürülmüş sakinlərin belə evlərinin sökülməsi, mülklərə daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması qadağandır. “Capital City” MMC isə, qanunları pozmaqda davam edir, dövlət qanunlarına tabe olmamaq üçün, hər vasitəyə əl atır, ərazini viran qoymaqda davam edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məhi ELSEVƏR,

araz.az xəbər portalı.
 
 
 

Dünyapress TV

Xəbər lenti