Ardını oxu...
Naxçıvan prokurorluğu, "Naxçıvan Dəmir Yolları" MMC-nin vəzifəli şəxslərinə qarşı dövlət vəsaitini mənimsəmə maddəsi ilə cinayət işi açılması ilə bağlı məlumat yayıb. Lakin, açıqlamada söhbətin konkret olaraq, hansı cinayətlərdən getdiyi ilə bağlı məlumat verilmir.
TEREF.AZ yazır ki, MMC-də çalışan bir qrup əməkdaşının "Gündəlik Naxçıvan"a verdiyi məlumata görə, artıq, qurumun rəhbəri Mahir Əliyev də cinayət işinə cəlb olunub. Onun vəzifə saxtakarlığı, dövlət vəsaitini mənimsəmə və başqa saxtakarlıqlara günahlandırıldığı bildirilir. Əməkdaşlardan M. Babayev deyir ki, M. Əliyev həm də işçilərin maaşlarını mənimsəməkdə günahlandırılır:
“Yoxlamalar zamanı küllü miqdarda yeyinti aşkarlanıb. Onlardan biri də maaşların mənimsənilməsidir. M. Əliyev bir neçə il əvvəl işçilərinə ixtisar olunduqlarını bildirərək, maaş kartlarını əlindən almışdı. Onları təhdid edərək, işdən çıxmaqla bağlı ərizə yazdırmışdı. İndi məlum olur ki, onlar rəsmən işdən çıxarılmayıblar. Mahir müəllim onların maaşını hər ay karata köçürərək mənimsəyib. Bu çür maaş kartlarının sayı 500-dən artıqdır"
Yoxlamalar zamanı, MMC-sədrinin istifadəyə yaralı vaqonları gizlətdiyi, bir müddət sonra isə, onları satdığı ortaya çıxıb:
"MMC sədri 10-larla istifadəyə yararlı vaqonları öncə oğurlayaraq gizlədib, bir müddət sonra isə, doğradaraq, satdırıb".
Əvvəllər dəmir yolu idarəsində işləyən Qurbanəli Məmmədov da kart oyununun qurbanı olduğunu deyir:
"2019-cu ildə onu idarəyə çağıraraq ixtisara düşdüyümü bildirirdilər və kartını əlimdən aldılar. Aidiyyəti qurumlara şikayətm etsə də nəticəsi olmadı. Əksinə, şikayət etdiyim üçün məni dəmir yol polisinə çağırdılar. Rəis qəbul edərək təhdid etdi. Dedi ki, şikayətimi davam etdirsəm həbs olunacağam. Bildirdi ki, dəmir yolu bağlı olduğu üçün ziyanla işləyir. Bu səbəbdən işçilər ixtisar olunur. Sonradan öyrəndim ki, bizi işdən çıxarsalar da maaş kartlarımız aktiv qalıb və hər ay pul köçürülüb. Şəxsən mənim kartıma hər ay 450 manat köçürülüb. Mahir müəllim bu pulları mənimsəyirmiş."
İşçilər bildirir ki, MMac sədrinin yaxın günlərdə həbs olunacağı gözlənilir.
 
Ardını oxu...
Bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərməyə çalışan “Qızıl dağ” mətbəəsi ilə bağlı araşdırmamız var. Ona görə “fəaliyyət göstərməyə çalışan” deyə ifadə edirik ki, müstəqilliyimizin ilk illərindən fəaliyyətə başlayan və ölkəmizdə ilk özəl mətbəələrdən biri olan “Qızıl dağ” illərdir ki, bürokratik əngəllərin və məmur özbaşınalığının qurbanı olub. Bəs buna səbəb nə olub? Sahibkarın üsyan dolu müraciəti araşdırılıb.

Naxçıvan şəhərinin gözəl bir guşəsində ucalan və 700 kvadratmetrlik ərazini əhatə edən böyük bir mətbəə fəaliyyət göstərirdi. Həmin bina el arasında “mətbəənin binası” kimi tanınır. Çünki bu binada vaxtilə Naxçıvanda müasir mətbəənin qurulmasında əhəmiyyətli xidmətləri olan Hüseyn Orucəliyev müstəqilliyin ilk illərində Naxçıvanın ilk özəl mətbəəsini qurub. Vurğulayaq ki, görkəmli ziyalı, Əməkdar müəllim və pedaqoq Nəriman Orucəliyevin ailəsində doğulub-böyüyən Hüseyn müəllim Naxçıvanda həm də xeyirxah insan kimi tanınıb.

Onun təşəbbüsü ilə 1991-ci ildə “Qızıldağ” MMC fəaliyyətə başlayır. İllər ərzində fəaliyyətini genişləndirən mətbəədə 100-ə yaxın əməkdaş çalışsa da, indi burada demək olar ki, mətbəənin sadəcə adı qalıb. İndi yalnız bir otaqdan ibarət olan müəssisənin bir əməkdaşı var. Hüseyn Orucəliyev deyir ki, indi özü müəssisənin həm rəhbəri, həm də işçisidir. O, aldığı tək-tük sifarişi özü yerinə yetirir ki, heç olmasa, illərdir üzərində böyük əməklər sərf etdiyi mətbəənin adı tarixin arxivinə yazılmasın.


Ovaxtkı iqtisadiyyat naziri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbəri, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisində çalışan digər şəxslərin əli ilə böyük sıxıntılara sövq edilən mətbəənin işi zəifləməyə başlayır. Məqsəd isə “Qızıldağ”ın inkişafını ləngitməklə onun bütün sifarişlərini əllərində olan dövlət mətbəəsinə yönəltmək və qazanc əldə etmək olub.

Nəticədə kifayət qədər borclanan sahibkar müəssisəyə məxsus otaqları dəyər-dəyməzinə satır, işçilərin də böyük əksəriyyətini azad etməyə məcbur olur. O qeyd edir ki, həmin illərdə Naxçıvan Bələdiyyəsinin sədri işləməsi mətbəənin fəaliyyətinə süni maneə törədənləri daha da qıcıqlandırır və ona qarşı sıxışdırmalar daha da artır.

Hüseyn Orucəliyev bundan sonra başını götürüb Bakı şəhərinə qaçmaq qərarına gəlir ki, işlərini orada davam etdirsin. Lakin Naxçıvan rəhbərliyi tərəfindən daha böyük binada fəaliyyətini davam etdirməsi təklifi sahibkarı işlərinə qaldığı yerdən davam etməyə ümidləndirir. Elə bu məqsədlə də bir neçə əmlakını və avtomobillərini də sataraq yeni binanın tikintisinə yönəldir.

Hüseyn müəllim əslində hərdən bu ərazidən keçərkən həmin yarımtikili binanı yox, vaxtilə böyük ümidlərlə qurduğu xəyalları həsəd və həsrətlə seyr edir.

Az bir zaman keçmir ki, ona qarşı təzyiqlər daha geniş xarakter almağa başlayır. Ondan müxtəlif adlar və süni yaradılan bəhanələr fonunda yüz minlərlə vəsait tələb olunur. Nəticədə vəsaitinin çatmadığını görən sahibkar 6 milyon manat kredit götürərək işini davam etdirməyə can atır. Almaniyadan binada qurulacaq avadanlıqların bir qismini alsa da, ona kreditlə də bu işi başa çatdırmağa imkan verilmir.

Hətta 6 ay müddətində qanun-qaydasız, məhkəmə hökmü belə olmadan Böyükdüz təcridxanasına salınaraq fiziki və mənəvi işgəncələrə məruz qalan, Hüseyn Orucəliyevin ümidləri həmin bina kimi yarımçıq qalsa da, indi o ümidlər yenidən canlanıb. Ölkə başçısının Naxçıvanda apardığı köklü islahatlar, Prezident yanında səlahiyyətli nümayəndəlik institutunun yaradılması, təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarındakı yenilənmələr, şəffaflıq mühitinin yaradılmasına doğru ciddi addımlar indi Naxçıvanda maddi və mənəvi terrora məruz qalan yüzlərlə digər iş adamları kimi onda da böyük ümidlər yaradır. Öz qanuni haqları uğrunda hüquqi prosedurlara da başlayan Hüseyn Orucəliyevin tələbi isə odur ki, ötən illər ərzində ona vurulan milyonlarla manat zərər qarşılansın, “şabka” adı ilə ondan alınan pullar geri ödənilsin. Hazırda bu iş üzrə Naxçıvan MR Prokurorluğunda istintaq başlayıb və proses davam etdirilir.

Röyal Məmiyev
ovqat.com
 
Ardını oxu...
Prezidentin şəhid və qazi ailələrinə verdiyi evləri kimlər onların əlindən almaq istəyir?
Naxçıvan şəhəri, Heydərabad qəsəbə sakinləri tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Heydər Əliyevin şəhid və qazi ailələrinə verdiyi evləri onlardan geri almaq istəyirlər:

“1988-ci ildə, müharibədən qabaq Sədərəkdə - Ermənistanla sərhəddə təxminən 40 yaşayış evindən ibarət balaca qəsəbə salınıb. Həmin evlər aşağı qiymətə yeni sakinlərə satılıb. Müharibə başlıyan kimi, həmin sakinlər qorxaraq evlərini tərk ediblər. Belə ki, 33 ailə Naxçıvanı tərk edərək, Bakıya gəliblər.

Müharibə bitdikdən xeyli sonra həmin şəxslər və ailələri dövlət tərəfindən geri çağrılıb. Amma onlar getməyiblər. Sədərək rayonunda məhkəmə prosesləri yekunlaşdıqdan sonra bu evlər dövlətin hesabına daxil edilib. Köhnə sakinlərin evlər üçün ödədikləri məbləğlər də onlara geri qaytarılıb və sənədlər ləğv edilib.

Həmin ərazidə yerləşən evlər Heydər Əliyevin dövründə şəhid, qazı, əlil ailələrinə verilib. Xeyli zaman keçməsinə baxmayaraq, köhnə sakinlər yeni sakinləri narahat etməyə başlayıblar. Belə ki, müharibə vaxtı evlərini tərk etmələrindən, evlərinin əvəzinə aldıqları pullardan utanmayaraq, yenidən o evlərə sahib çıxmaq üçün Naxçıvanda, Bakıda müxətlif qurumlara şikayətlər edirlər. Bu işi dövlətin özü edib, bizlər, yəni yeni sakinlər heç kəsin evinə girməmişik. Dövlət bizi evlə təmin edib. İndi bu şikayətlər biz şəhid, qazi, əlil ailələrini qorxudur. Köhnə sakinlərin başlarında duran şəxsin özü də o vaxt müharibədən qaçanlardan olub. Həmin Qədimov Kəmaləddin deyilən şəxs və 33 nəfər gəlib rayonda aksiya keçirir, ev sahiblərini narahat edir. Müharibə vaxtı evini, torpağını satıb qaçanlar indi ev istəyirlər.

Qəsəbə mərhum Prezidentimiz Heydər Əliyevin adı ilə bağlı olduğundan, 2010-cu ildə yeni salınmış binalarla birlikdə bu evləri də təhvil verən zaman Prezident İlham Əliyevin özü də bu mərasimdə şəxsən iştirak etmişdir.

Həmin köhnə sakinlər illərdir qaçqın kimi Bakıda yaşayıb, qaz, işıq pulundan azad olublar. İllərdir dövlətin hesabına yaşayıblar, indi də şəhid və qazi ailələrinə verilən evləri istəyirlər. Bu ərazi dağa və posta yaxın olduğu üçün, müharibə vaxtı evlərini qoyub qaçmışdılar.

Sizin redaksiya heyətindən xahiş edirik ki, bu məsələni işıqlandırın. Heydər Əliyevin imzaladığı sənədlər necə ləğv oluna bilər?! İİllərdir burada yaşayan ailələr niyə evsiz qalmalıdır?!”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
 
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.
Teref.az bildirir ki, Qaynarinfo-ya da Seymur Talıbov haqqında maraqlı məlumat daxil olub.
Bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.
Sayt müxtəlif resurslar vasitəsilə bu faktı dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü BDU-ya qəbul olunduğu qeyd edilib.
Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.
 
Ardını oxu...
Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən, çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə, kənarda qaldığı bildirilir. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a imtahanda iştirak edən müəllimlər məlumat verib.
Şərur rayonundan olan namizəd M. Allahverdiyev deyir ki, imtahan sualının hər biri 60 manata satılırmış:
“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən"
Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildirir ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalır. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.
Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N. Məmmədov (ad şərtidir) deyir ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:
"Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyimə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədim. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməzdən işdən atarlar. O da məcbur qalıb, araçı vasitəsiylə 2 min manat verdib, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.
Ardını oxu...
İki gün əvvəl ölkə mətbuatı informasiya yaydı ki, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları dondurulub. İlkin olaraq “Unikal.az” və “Qafqazinfo” xəbər verdi ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsaitə “stop” qoyulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib. Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.

Bu xəbərə aydınlıq gətirmək üçün Yaqub Eyyubova zəng edən “Gununsesi.info-nun əməkdaşı sualına sualla cavab alıb. Baş nazirin müavini: “nə pul, nə 1 milyard… Kim deyir bunu?” söyləyərək telefonun dəstəyini asıb.

Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə — Rusiyaya, Avropaya, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması və oğulları tərəfindən idarə edilməsi barədə faktlar illər öncə də yayılıb.

78 yaşlı Yaqub Eyyubov 1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub. 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

Y.Eyyubovun dövlət rəsmisi kimi fəaliyyətini müşahidə etsək, elə nəticə çıxararıq ki, onun işi-gücü yalnız Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarının hava limanında qarşılamaqdan ibarətdir. Yaqub Eyyubov Rusiya prezidenti Putin tərəfindən “Dostluq” ordeni, Belorus prezidenti Lukaşenko tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Bu prizmadan baxanda Yaqub Eyyubovun qayınının Moskvada Rusiyaya general kimi xidmət etməsi təəccüblü görünmür.

Bir müddət öncə Yaqub Eyyubovun Qusarda 16 milyon dəyərində böyük torpaq sahələri və fındıq bağları alması haqqında məlumat yayıldı. Bildirilirdi ki, həmin ərazilər Qusarın Çubuqlu və Həsənqala kəndlərinin sakinlərinə məxsus olub və xeyli əvvəl Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı iş adamı Xaliq Abbasova məxsus “QRANT QARDEN” MMC tərəfindən zəbt edilib. Sonradan isə MMC-nin banklara olan külli miqdarda borclarının ödənilməsi üçün Yaqub Eyyubova və başqa oliqarxlara satılıb.

Oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun digər oğlu Emin Əyyubov Belçika Krallığında və Lüksemburqda fövqəladə və səlahiyyətli səfir işləsə də, diplomatik fəaliyyətdən daha çox çanta, sakvoyaj və yol arabalarının Bakıda ticarətinin təşkil olunmasında ad çıxarıb. Emin Eyyubov 2018-ci ilin oktyabrında Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Bir ay keçər-keçməz o, Bakıda 10.000 manat kapitalı olan “Dipcon” MMC yaradıb. Ailənin ortancılı Fərhad Eyyubov 2015-ci ilin noyabr ayından Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin olunub.

Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər. Yusif Eyyubov Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının idarə edilməsi və istehsalın təşkili departamentinin direktoru işləyib, nazirliyin kollegiyasında təmsil olunub. 2001-ci ildə Xorvatiyada “Montevideo D.o.o” şirkətini yaradıb. Şirkətin mülkiyyətində Zaqrebdə, Rijeçka küçəsi, 10 ünvanında yerləşən zirzəmi nəzərə alınmaqla üçmərtbəli VITA Fitness SPA mərkəzi var. Burada voleybol da daxil olmaqla bir çox idman növü ilə qrup və fərdi şəkildə məşğul olmaq hər cür şərait var. Sauna, hovuz, kafe-bar da ki öz yerində. Yusif Eyyubov burada 10-da çox iş yeri açıb. Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin apardığı təhqiqat müəyyən edib ki, şirkətin təsisçisi onun yaradılımasına 19,9 milyon xorvat kunüsi (təxminən 3 milyon ABŞ dolları) yatırıb. Y.Eyyubov Azərbaycanla əlaqələrini də itirmir. 2017-ci ildə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası onu Xorvatiyada özünün nümayəndəsi təyin edib

Fəryad qəzetinin redaksiyasına məlumat verən etibarlı mənbə bildirir ki, Yaqub Eyyubovun pullarının “yuyulmasını” həyata keçirərək “obnaliçka” edilib nağdlaşdırılmasında ona kömək edən şəxs “Kapitalbank”ın paytaxtın Nərimanov rayonunda yerləşən “Rabitə” (“Gənclik”) filialının rəhbəri Sabir Əliyevdir. Filial rəhbərinin qanunsuz əməlləri ucbatından həbs olunduğunu iddia edən Sumqayıt şəhər sakini Şamil Əliyev hələ bir neçə il əvvəl KİV-də çıxış edərək bildirmişdi ki, Sabir Əliyevin əlbir olduğu mütəşəkkil cinayətkar dəstənin başçısı Şahoğlanın, üzvləri Əmrah və Cəbrayıl adlı şəxslərin toruna düşüb, ali savadı olmadan adına şirkət açılmasına razılıq verib və onların istədikləri sənədlərə qol çəkdiyinə görə cəncələ düşüb. Şamilin sözlərinə görə, dəstənin iri maliyyə əməliyyatlarını həyata keçirən Sabir Əliyev hər görüşlərində onu əmin edirmiş ki, bu işdə heç bir qanunsuzluq yoxdur: “Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2011-ci ildə həbs olunarkən məlum oldu ki, mənim 1 milyondan artıq vergi borcum var. İstintaq zamanı müstəntiqə dedim ki, axı mən 10-20 manatdan artıq pul almamışam bunun vergi borcu necə 1 milyon manatdan çox ola bilər? Mənə istintaq zamanı məlum oldu ki, aldadılmışam və adıma böyük şirkət açılaraq, maxinasiyalar olunub və məsuliyyət mənim ayağıma yazılıb. İstintaq zamanı mənim başıma bu oyunları açan şəxslərin adlarını açıqladım və bildirdim ki, Əmrah, Cəbrayıl, Şahoğlan və Kapital Bank ASC-nin «Rabitə» filialının müdiri Sabir müəllim məni bu oyuna salıblar. Lakin nədənsə onlar barəsində heç bir qanuni tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də həmin mütəşəkkil dəstə üzvlərini yüksək səviyyədə himayə edənlər var”.

Sabir Əliyev həmin cinayətlərdə əlinin olduğunu təkzib etsə də, Şamili yalnız müştəri kimi tanıdığını desə də, ona türmədə yatdığı 2011-2016-cı illər arası maddi yardım göndərdiyini etiraf edib.

Etibarlı mənbə bildiriri ki, Sabir Əliyevin əvvəllər keçmiş spiker Rəsul Quliyevlə şərik “RUZİ” bankı olub. Rəsul Quliyevdən ayrılandan sonra bank və Sabir müflisləşib. Sabir Əliyev çevik hərəkət edərək bu dəfə “Texnikabank” rəhbəri Etibarın yardımı ilə qəddini düzəldə bilib.

Yaqub Eyyubovun ötən ilin sentyabr ayında Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan baş tutan ayaqüstü söhbətində erməni dilində sözlər işlətməsi isə əlahiddə mövzudur.

P.S. Növbəti sayımızda 1995 — ci ildə Gəncə alüminium zavodunda 6,5 milyon dollarlıq əməliyyatda alüminium və boksidin pulunun mənimsənilməsi və bu əməliyyatda Natiqin müəmmalı şəkildə öldürülməsi məsələsindən bəhs edəcəyik.

Dəryaz.az
 

Dünyapress TV

Xəbər lenti