İrəvanla Tiflis arasında münasibətlərdə etimad böhranı yaranıb. Bu barədə politoloq Suren Surenyants bildirib. O bildirib ki, Gürcüstan Ermənistandan böyük partiyanın, 10 min gülün idxalını qadağan edib. Rəsmi açıqlamaya görə, Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı keçid məntəqəsində yoxlamalar zamanı gürcü gömrükçüləri bitkilərdə karantin zərərvericisi aşkar ediblər. Artıq bir aydan çoxdur ki, erməni brendi və şərab ixracatçıları da Gürcüstanda aparılan lazımsız yoxlamalar və maneələrdən şikayətlənir, nəticədə Rusiya və digər ölkələrə gedən yük maşınları həftələrlə Gürcüstan gömrük postlarında ilişib qalır. Məsələ dünən Gürcüstanın kənd təsərrüfatı nazirinin İrəvana səfəri zamanı müzakirə edilməli idi. Lakin iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri David Sonqulaşvilinin Ermənistana səfəri ləğv edilib, bir gün əvvəl isə Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistanın futbol üzrə milli komandasının Gürcüstanda qeydiyyatda olan təyyarə ilə Kosovaya çarter reysi həyata keçirməsinə icazə verməyib. O qeyd edib ki, Ermənistan-Gürcüstan münasibətləri hazırda əməkdaşlıq və gərginlik elementlərinin birləşdiyi çətin mərhələdədir. Aydındır ki, İrəvanla Tiflis arasında münasibətlərdə etimad böhranı yaranıb.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, Ermənistanın Gürcüstanla münasibətlərdəki son gərginliklərdəki mövqeyi və davranışları ciddi tənqidə layiqdir:
“Ermənistanın iqtisadi və siyasi məsələlərdə, xüsusilə də tranzit və ixrac məsələlərində qonşu ölkəyə qarşı açıq-aşkar etinasız və qeyri-konstruktiv yanaşması regional sabitliyə və qarşılıqlı əməkdaşlığa zərər vurur. Gürcüstanın sərhəd yoxlamaları zamanı aşkar etdiyi karantin zərərvericiləri ilə bağlı qərarları, o cümlədən gül idxalına qadağa qoyması, beynəlxalq ticarət və fitosanitar normalara uyğun olaraq öz iqtisadi və ekoloji maraqlarını qorumaq üçün haqlı bir addımdır. Ermənistan isə bu məsələni siyasiləşdirməyə və Gürcüstanı günahlandırmağa çalışaraq öz məhsullarının keyfiyyətinə və ixrac proseslərinin şəffaflığına diqqət yetirmək əvəzinə gərginliyi artırmağa üstünlük verir. Bundan əlavə, Ermənistanın brendi və şərab ixracatçılarının Gürcüstanın gömrük postlarındakı yoxlamalardan şikayətlənməsi, öz ixrac proseslərindəki nöqsanları ört-basdır etmək cəhdi kimi görünür. Gürcüstanın tranzit ölkə kimi öz qanunlarına və beynəlxalq standartlara riayət etməsi təbii bir haldır, lakin Ermənistan bu yoxlamaları “lazımsız maneələr” kimi təqdim edərək məsələni qəsdən dramatikləşdirir. Ermənistanın futbol komandasının çarter reysi ilə bağlı rədd cavabı da Gürcüstanın öz suveren hüquqları çərçivəsində qəbul etdiyi qərarıdır və bu, Ermənistanın özünü regionda “zərərçəkmiş” kimi göstərmək cəhdindən başqa bir şey deyil”.
Ekspert qeyd edib ki, Ermənistanın bu cür məsələlərdə daim şikayətçi mövqe tutması, qonşu ölkələrlə konstruktiv dialoq qurmaq əvəzinə gərginlik yaratması regionda etimad mühitini zədələyir:
“Gürcüstanın kənd təsərrüfatı nazirinin səfərinin ləğv edilməsi də, ehtimal ki, Ermənistanın qeyri-səmimi və təxribatçı davranışlarına cavab olaraq baş verib. Ermənistan öz iqtisadi və siyasi siyasətini nizamlamalı, qonşularına qarşı məsuliyyətsiz ritorikadan əl çəkməli və regionda sabitliyi dəstəkləyən addımlar atmalıdır. Başqa cür Ermənistanın normal gələcəyi yoxdur”.