![]() |
![]() ![]() ![]() |
|
“Sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Dövlət Universiteti tələbələri qarşısında çıxış edərkən “vətənimizin bir hissəsini itirmişik” deyib.
Baş nazir beyinləri zaman-zaman xəstə ideyalarla doldurulmuş bir fəal nəslin - universitet tələbələrinin qarşısında çıxış edib, rəsmi açıqlamalarındakı “Qarabağ Azərbaycan ərazisidir”, “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” kimi ifadələr işlətməkdən çəkinib. Buna görə ona haqq qazandırmaq mümkün deyil, amma Paşinyana qarşı birləşmiş qüvvələr hazırda məhz əsas kritik kütlə kimi dindarlara və tələbələrə ümidlidir”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.
Əlavə edib ki, Paşinyan tələbələrin xəstə hissələrini nəzərə alaraq sonrakı fikirlərində həqiqəti deməyə cəhd edib:
“Yəni o ərazi bizim olsaydı, oranı niyə xarabaxanaya çevirirdik ki? Doğrudan da Şuşa da daxil olmaqla işğal edilmiş bütün ərazilər xarabaxanaya çevrilmişdi. Ərazinin fauna və florası məhv edilmiş, bütün infrastruktur, yaşayış və qeyri-yaşayış binaları məhv edilmişdi. Mineral ehtiyatların da vəhşicəsinə istismarı onu göstərirdi ki, onlar bura vətən kimi deyil, işğal edilmiş özgə torpaqları kimi baxıb. Amma onu geri qaytarmaq fikirləri də olmayıb.
Paşinyan özü unudubsa, xatırlatmaq lazımdır ki, o da dövlət hakimiyyətini ələ keçirdikdən sonra orta statistik erməninin düşüncəsində idi və “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm fikirlər səsləndirmişdi. “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən də Nikol Paşinyan idi. O zaman niyə açıqlama vermirdi ki, bu şəhəri niyə bu günə qoymuşuq? O zaman belə açıqlamalar vermirdi və qarşısında çıxış etdiyi tələbələr kimi düşünürdü”.
Sahib Məmmədov bildirib ki, Paşinyanın düşüncə tərzi dəyişib və bu, çox yaxşıdır:
“Amma bu, çarəsizlikdən dəyişən düşüncə tərzidir. İçərisində revanş hissləri qalır və bəzən də onu gizlədə bilmir. Məhz buna görə də biz tələblərimizdən geri çəkilməməliyik, ordumuzu gücləndirməkdə davam etməliyik.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ifadələri ilə desək, ən yaxşı diplomatlar döyüşən əsgərlər olur. Biz sülh istəyirik. Ona görə davamlı sülh müqaviləsinin bağlanması üçün beynəlxalq hüquqa əsaslanan tələblərimizdə israrlıyıq. Bizim ərazilərimizə vətən kimi baxanlara isə bundan sonra da cavab verməyə hazırıq. Unutmasınlar ki, yaşadıqları ərazilər bizim tarixi vətənimizdir”.
E.Paşasoy,
Musavat.com