Ardını oxu...
Xəbər verdiyimiz kimi Bakıda fəaliyyət göstərən əvvəlki adı - "Evim" uşaq bağçasıyla bağlı saytımızda qalmaqallı halla bağlı vətəndaş şikayətləri əsasında yazı dərc etmişdik.

Bu dəfə də bağçayla bağlı Bizim.Media-ya növbəti şikayət daxil olub.

Bağçada müəllimə kimi işləmiş Rəqsanə Şıxəliyeva müraciətində bağçanın müdiri Xanım Əliyevanın onun maaşını 3 aydır ki, ödəmədiyindən gileylənib.

"Həmin bağçada 14 avqust 2024-cü ildən bəri fəaliyyət göstərirəm. Avqustun ortasından başlayaraq işləməyə başladım, həmin ay yarım ay işlədiyim üçün maaşımın yarısı düşürdü. Məndən ilk ay xahiş etdilər ki, olar ki, bu ay maaşı verməyək, sentyabrın maaşıyla birlikdə verilsin. Mən də razılaşdım. Sentyabr ayınının maaşını aldıqda həmin avqust ayının yarım ay maaşı verilmədi. Oktyabr ayında da yenə eyni hal təkrarlandı. Ümumi olaraq, sentyabr və oktyabr ayının maaşını aldım. Noyabr, dekabr və yanvar aylarının isə maaşını ala bilmədim".

Şikayətçi bildirib ki, maaşın gecikdirilməsinə səbəb olaraq direktor valideynlərin pul ödəmədiyini və vəziyyətlərinin yaxşı olmadığını əsas gətirib:

"Mən də bir insan kimi onu başa düşdüm və dedim ki, dayələrin maaşını verin, insanlar əziyyət çəkir. Çalışırdım ki, bağça təzə qurulduğu üçün onun adını tanıdaq. Ancaq Xanım Əliyevanın başqalarının adına borc götürdüyünü öyrəndikdən sonra yanvarın 24-də öz istəyimlə işdən çıxdım. Çıxanda belə dedim ki, eybi yoxdur, hər kəsin borcunu qaytarın, sonra mənimkini verərsiniz. Ancaq yenə də mənim insanlığımdan istifadə etdilər. Məndən işdən ayrılmamağımı xahiş etdilər. Amma mən çıxdım".

Rəqsanə Şıxəliyeva iddia edir ki, bağça müdiri hazırda ona əl borcu olaraq verdiyi 194 manatla birgə təxminən 1500 manat pul verməlidir:

"Yanvarın 27-də digər işçilərin borclarının ödəndiyini bildikdən sonra, Leyla Tahirova ilə danışdım, maaşımın verilməsini tələb etdim. O isə fevralın əvvəlində qalan əməkhaqqı üzrə borcun tam ödəniləcəyini vəd etdi. Mən isə razılaşmadım, ona yanvarın 29-na kimi vaxt verdim. “Əgər məbləğ ödənilməsə, yoldaşım məhkəməyə müraciət edəcək” dedim. Onu da deyim ki, işdən çıxdıqdan sonra mənə valideynlərdən zəng edənlər oldu. Onlar dedilər ki, müdiriyyət arxamca artıq-əksik sözlər danışıb".

Şikayətçi dediyi vaxtda maaşın ödənmədiyini gördüyü üçün polisə və Əmək Müfəttişliyinə də müraciəti edib:

"Mənə xəbərdarlıq olunmadan yanvarın 14-dən işimə xitam verilsə də, yanvarın 24-nə kimi işə getdim, hər gün giriş-çıxış saatlarında imza atdım. Bunun səbəbini soruşduqda isə bağçanın MMC-yə keçməsi, adının dəyişməsiylə və s bağlı olduğunu dedilər. Mən bunu "My.Gov.Az-da məlumatlarıma baxarkən öyrəndim".

Qeyd edək ki, sözügedən uşaq bağçasının təsisçisi və mühasibi Xanım Əliyevanın anası Leyla Tahirovadır.

Məsələylə bağlı Leyla Tahirovanın da mövqeyini öyrəndik. O, maliyyə çətinliyi səbəbindən maaşların gecikdiyini bildirib:

“Amma onun özüylə də danışanda dedim ki, tezliklə ödəniş olacaq. Bu həftə ödəniş ediləcək. Mən özüm də mühasib kimi işləyirəm, 3 aydır ki, maaşım verilmir. Ancaq mən şikayət etmirəm, vəziyyəti başa düşürəm".

Məlumat üçün bildirək ki, “Evim” uşaq bağçasının müdirinin məlum əməlindən sonra bağçada kütləvi işdənçıxma başlayıb. Adına kredit götürülən 7 nəfərdən sonra bağçanın digər müəllim heyəti öz ərizələri ilə işdən azad olunublar.
 

Ardını oxu...
UNEC nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva şəxsi vəsaiti hesabına rəhbərlik etdiyi təhsil müəssisəsini təmir etdirib.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə direktor "Lexus" markalı avtomobilini sataraq Qida Sənayesi Kollecinin damını təmir etdirib.

Ardını oxu...


Sevinc Həmzəyeva

Sosial şəbəkələrdə əksər insanlar məktəb direktorunun bu addımını alqışlasa da, bəziləri dövlətin təhsilə kifayət qədər vəsait ayırdığını bildirərək məktəb direktorunun özünü reklam etdiyini yazırlar.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin Almaz Məmmədova adlı tələbəsi direktordan mətbuata etdiyi şikayətində Sevinc Həmzəyevanın "Lexus" avtomobilini sataraq kolleci təmir etdirdiyini yazırdı.

Xatırladaq ki, Sevinc Həmzəyeva 2024-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O, 3 iyun 2024-cü il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecinə direktor təyin edilib.
Ardını oxu...
Son illərdə demək olar istənilən yanacaqdoldurma məntəqələrində sürücülərə yanacaq qatqıları təklif edilir.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, sürücülərə yaxınlaşan yanacaqoldurma məntəqəsinin işçiləri, müxtəlif qiymətə olan yanacaq qatqılarını təkilif edirlər.

Bəs belə qatqıların yanacağın keyfiyyətinə təsiri varmı?

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, Avro-4 və Avro-5 standartlı avtomobillərdə Aİ-95 yanacağından istifadə edilməlidir.

Bəs Aİ-92 yanacağından istifadə edən sürücülər oktan ədədini artırmaq üçün qatqıdan istifadə edə bilərlərmi?

Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli avtomobillər üçün də faydalıdır.

Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi, şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər.

 
 
 

           

Ardını oxu...
"Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, "Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır”.

Qaynarinfo xəbər verir ki, bunu jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib.

"Vialon” tikinti şirkətindən şikayətçi olan jurnalist bildirir ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə 73 ünvanında yaşayan anası və birinci qrup əlil qardaşının yaşadığı evin divarına bitişik beşmərtəbəli binada söküntü işləri aparılıb. Nəticədə binadan qopan hissələr onların evinin damına tökülüb:

"Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar, amma yox. Anamgil yatdığı yerdə gurultu qopup. Yuxarıdan bunlar sökməyə başlayanda damın üstünə tökülüb. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldurlar, dayandırdılar. Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədirlər. 70 yaşlı adam binanın başlarına uçacağından qorxaraq yaşayır”.

A.Məmmədova qeyd edib ki, "Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var:

"Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Anamın cəmi 50-55 kvadratmetrlik evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib”.

"Qasımovlar cəmi bir küçə aşağıda "Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadratmetrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadratmetri 2100 manatdan alıb. Deyilənə görə, anamgilin evlərinin yerində məktəb olacaq”, - şikayətçi vurğulayıb.
Ardını oxu...
Qurumdan belə cavab verilib:

"Bakı şəhərinin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində aparılan söküntü işlərinin müvafiq icazəverici sənədləri olmadığından, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən söküntü işlərinin dayandırılması barədə Qərar çıxarılıb. Əraziyə nəzarətin təmin edilməsi üçün Qərarın surəti qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə yerli icra hakimiyyəti və hüquq muhafizə orqanına göndərilib".

Sayt şikayətlə bağlı "Vialon” tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsa da, telefon zənglərə cavab verən olmayıb.
Ardını oxu...
Qlobal.az
 
Ardını oxu...
"Lerik rayonunda bələdiyyə seçkiləri başlamamış bitmişdi, nəticələr bəlli idi. Artıq hamı bilirdi ki, hansı kənddə kimlər seçiləcək, sədr və sədrin müavini kim olacaq. Bütün bunlar rayon icra başçısının otağında başçının müavini Habil Məlikov, dəfələrlə adı korrupsiyada hallanan icra hakimiyyətində Ərazi İdarəetmə Şöbəsinin müdiri işləyən Əlipənah Bayramov və Əkbər Abbasovun "sağ əli", ağsaqqalı olan maliyyə idarəsinin müdiri Hafiz İmanovun iştirak və məsləhətləri ilə çoxdan həll olmuşdu".

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə seçkidən əvvəl rayon İcra Hakimiyyəti tərəfindən hazırlanıb ərazi icra nümayəndələrinə təqdim edilən siyahı olub. Bu siyahıda seçki günü hansı namizədlərin "seçiləcəyi" aydın qeyd edilib.

İddia olunur ki, seçki qutusundan çıxacaq bələdiyyələrin siyahını Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tərtib edib.

Əldə etdiyimiz məlumata görə seçki günü Habil Məlikov, Əlipənah Bayramov, Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov (Firdovsi Əkbər müəllimin yeni kadrı və maliyyə mənbəyidir) seçkini öz otaqlarından, icra nümayəndələri kəndlərdə və Hafiz İmanov və onun kürəkəni Ramal Məstiyev (şəhər icra nümayəndəsi) şəhər məntəqələrini bir-bir gəzməklə idarə ediblər. Hafiz İmanov əlində olan siyahı ilə məntəqələrdə nəzarət edib, kimlərin neçə səs almasını tənzimləyib.

Daha ilginc məqam isə İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin seçiləcək namizədlərlə bəzi "profilaktik" söhbətlər aparmasıdır.

Qlobal.az məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.

Qeyd edək ki, Lerik rayonunda əvvəl 29 bələdiyyəsi olsa da, hazırda 10 bələdiyyə fəaliyyət göstərir.

Xatırladaq ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. Əkbər Abbasov 2022-ci ilin iyul ayından Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.

Leysan Məmmədovla bağlı mediada vaxtaşırı məlumat yayılır. Onun adı tez-tez qalmaqallı olaylarda hallanır.

Belə xəbərlərdən biri də onun ölkədən çıxışına “stop” qoyulması haqdadır.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, Leysan Məmmədovun Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində rəhbər vəzifədə çalışdığı 15 illik dövrlə bağlı cinayət işi istintaq olunur.

Mənbə bildirir ki, araşdırmalar çərçivəsində Leysan Məmmədovun və onun rəhbərliyi altında çalışmış Elmir Mehdiyevin, Cəbrayıl Bayramovun və Rövşən Rüstəmovun ölkədən çıxışlarına “stop” qoyulub.

Leysan Məmmədov 2006-cı ildə Gənclər və İdman Nazirliyinin (GİN)Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində əvvəlcə direktor müavini, 2009-cu il ildən 2021-ci ilin yayına qədər isə direktor vəzifəsində çalışıb. Həmin dövrdə Leysan Məmmədovun rəhbərliyi altında Şəmkir, Hövsan, İsmayıllı, Şağan, Ağdaş, Göyçay, Balakən, Tovuz, İmişli, Sumqayıt, Qəbələ, Astara Olimpiya İdman Kompleksləri, Kür Avarçəkmə müəssisəsi, Səadət Sarayının restavrasiyası, Tofiq Bəhramov adına Stadionun yenidən qurulması, Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri, çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektləri tikilib.

Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib. Bu haqda mətbuatda yazılanlardan aydın olur ki, Hesablama Palatasının 2013-cü ildəki hesabatına görə dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib.

Məlumata görə, Leysan Məmmədovun bilavasitə rəhbərlik etdiyi olimpiya idman komplekslərinin tikintisi ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib. Bildirilir ki, məsələn, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə OİK-in tikintisinə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə OİK-lərin tikintisinə təxminən 12 milyon manat, İsmayıllıdakı OİK-ə 11,5 milyon, Ağdaş, Şağan və Hövsandakı OİK-lərə 10, 5 milyon, Şəmkir və Balakəndəki OİK-lərə 10 milyon, Biləsuvar və Kürdəmirdəki OİK-lərə 9,2 milyon, Füzuli və Oğuzdakı OİK-lərə 8,5 milyon, Ağdamdakı OİK-ə 3,6 milyon, Sabirabaddakı OİK-ə isə 837 min manat vəsait xərclənib.

Dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı bu qədər böyük fərqin məntiqi izahını tapmaq mümkün deyil. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib.

Bu isə 10 milyonlarla manat mənimsəmə deməkdir.

Redaksiyamıza daxil olan məlumatda o da deyilir ki, Leysan Məmmədovun GİN-dəki fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində illərdir ki, araşdırma aparılır. Bir müddət araşdırmalar səngisə də, deyilir ki, hazırda istintaq aktiv fazaya keçirilib. Mənbəmiz bildirir ki, Leysan Məmmədov və qrupunun üzvləri yenidən istintaqa çağırılıblar. Onlardan mənimsənilən vəsaitin qaytarılmasının tələb edildiyi deyilir.
Ajans.az
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Kommunikasiya departamentinin müdiri Aybəniz İsmaylovanın tanınmış jurnalistlərə qonorar qarşılığında trolluq təklif etməsi iddialarına aydınlıq gətirib.

Bəxtiyar Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, ortaya atılan iddialar həqiqəti əks etdirmir:

"Ümumiyyətlə, jurnalistlərlə iddia edilən yerdə görüş keçirilməyib. Bu informasiyalar haradan və necə ortaya atılır, bilmirik. Azərbaycan Dəmir Yolları(ADY) adından yox, ümumiyyətlə deyirəm ki, iddia irəli sürülən zaman arxasında dayana bilməyi də nəzərə almaq lazımdır. Hər dedi-qodunu iddia kimi qələmə vermək olmaz. Biz bütün mətbuat orqanlarına açığıq, istəyən hər kəslə əməkdaşlıq edirik. Biz açıq-aydın şəkildə mətbuat orqanları ilə əməkdaşlıq edirik. Mənim telefonum 7/24 açıq vəziyyətdədir. Ortaya atılan bu iddia yalandır, hətta iftiradır. Həqiqəti əks etdirməyən bu iddialar Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən təkzib olunur".
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmaylovanın haqqında yeni iddialar ortaya çıxıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və "Bakı Metropoliteni" QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, bu gün “Pravda.az” saytı Aybəniz İsmaylovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir.

İddialarda bu da bildirilir ki, departament müdiri “Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib:

“Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”.
 
Ardını oxu...
“Naxçıvan” Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev deyir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.

TEREF AzadlıqRadiosuna istinadən xəbər verir ki, onun sözlərinə görə, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb:

“2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib”.

İ.Əliyev “Naxçıvan” Universitetini 1999-cu ildə yaradıb. Həmin ilin 2 iyulunda universitet Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

İ.Əliyev deyir ki, bu universitetədək Naxçıvan Dövlət Universitetində dərs deyib və elmi fəaliyyətlə məşğul olub. Hazırda da bu fəaliyyətini davam etdirir.

Vaxtilə V.Talıbovun da müəllimi olduğunu yada salan İ.Əliyevin sözlərinə görə, sonradan keçmiş tələbəsi əmlakını zorla əlindən aldığından qorxaraq heç yerə şikayət edə bilməyib:

“Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ ilə mənə məxsusdur. Onu da vermədilər”.

İ.Əliyev deyir ki, universitet S.Talıbovun mülkiyyətinə keçsə də, onu rektor kimi saxlamağa razılıq veriblər. O, 2019-cu ilədək rektor vəzifəsində qala bilib.

2019-cu il dekabrın 5-də V.Talıbovun sərəncamı ilə Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin edilib.

1977-ci il təvəllüdlü N.Əliyeva 2001-ci ildən bu universitetdə müəllim çalışıb.

2022-ci il dekabrın 21-də V.Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad ediləndən bir həftə sonra “Naxçıvan” Universitetinin təsis payları Talıbovlardan da alınıb. 29 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, universitetin təsisçilik hüquqları S.Talıbovdan Hüseyn Məmmədov adlı şəxsə keçib. Təsisçi dəyişəndən sonra rektor da vəzifəsindən azad edilib. 2023-cü ilin fevralında Anar Kazımov “Naxçıvan” Universitetinin yeni rektoru təyin edilib.

Məhkəmə iddianı təmin etməyib
Naxçıvan MR-də Talıbovun 27 illik (1995-2022) hakimiyyətinə son qoyulandan sonra İ.Əliyev də vaxtilə yaratdığı universitetlə bağlı dövlət orqanlarına şikayətlər ünvanlamağa başlayıb. Şikayətlərində göstərib ki, əmlakı əlindən zorla alınsa da, qorxudan səsini çıxara bilməyib. Deyir, dövlət qurumlarına şikayətlərinə gələn cavablarda ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Universitetin artıq Talıbovların mülkiyyətində olmadığını da həmin cavablardan öyrənib.

Keçmiş rektor məhkəmədə həm S.Talıbova, həm də sonradan təsis paylarını almış H.Məmmədova qarşı iddia qaldırıb. O, hər iki alqı-satqı müqaviləsinin qanunsuz sayılaraq ləğv olunmasını istəsə də, məhkəmə onun iddiasını təmin etməyib.

Cavabdeh tərəflər də müqavilələrin qanunsuzluğu haqda iddialarla razılaşmayaraq deyiblər ki, o, universiteti zorla əldən verdiyini təsdiqləyən sübut ortaya qoymayıb və, üstəlik, özü də 2019-cu ilədək rektor vəzifəsində qalıb. Həm də belə məsələləri mübahisələndirməkdən ötrü qanunla məhkəməyə üz tutmaq üçün 3 illik müddət var, İ.Əliyevsə 10 il sonra iddia qaldırıb.

“Naxçıvan” Universiteti 2024-cü ildə rəsmi şəkildə ləğv edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mediaya verilən məlumatda bildirilib ki, ləğv edilmə ilə bağlı müraciət 2024-cü ilin fevralında təsdiqlənib: “Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb”
 
Ardını oxu...
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yanvar ayının 23-də Muradlı kəndində səyyar qəbul keçirdi. Mən də bir çox problemi olan kəndlilər kimi görüşə getdim. Çox sevindim ki, o bizi şəxsən qəbul edib, problemlərimizlə maraqlanacaq. Çünki belə görüşlər nadir hallarda keçirilir. Mənim də Ağsuda, Şirvan kanalının üzərində pay torpağım var. Çox təəssüf ki, Ağsuda fəaliyyət göstərən “Az-Granata” MMC şirkətinin ucbatından oranı istifadə edə bilmirəm. Onlar mənim torpaq sahəmdən kanalizasiya xətti çəkiblər. Bu kanalizasiya xətti düzgün çəkilmədiyi üçün mənim sahəmi batırır. Bu problemlə bağlı ayağa qalxıb icra başçısına müraciət etmək istədim. O məni elə acıladı ki.. İmkan vermədi heç ağzımı açım. Dedi ki, sən kimsən ki, mənə bu sözləri deyirsən? Başa düşmədim, ora nə üçün gəlmişdi?”

Bunu Moderator.az-a açıqlamasında Ağsu rayonu Muradlı kənd sakini Eyyub Əkbərov deyib. O daha sonra digər iddialarını səsləndirib:

“İcra Başçısına dedim ki, biz sizi dinlədik, nə olar ki, indi siz bizi dinləyəsiz? Bura problem dinləməyə gəlməmisiz ki? O isə bu sözlərin qarşılığında İcra nümayəndəliyinə və kənd Bələdiyyəsinə dedi ki, belə adamları bir də iclasa buraxma! Sonra baxıram ki, həmin görüşdən video görüntüləri öz yutub səhifələrində yerləşdiriblər, amma mənim çıxışım orada öz əksini tapmayıb. Demək ki, onlar problemləri dinləməyə yox, sadəcə görüş xatirinə səyyar görüşə gəliblər. Guya insanların heç bir problemləri yoxdur. Ancaq özlərinə sərf edən çıxışları yerləşdiriblər. İcra başısından xahiş edəcəkdim ki, məhkəmədə mənim işimə yaxşı baxsınlar. Söz deyə bilmirəm, yaxşı mən nə etməliyəm? Əgər problemlərimizi həll etməyəcəkdizsə, niyə bəs icra başçısı kimi gəlmisiz? Cənab prezidentimiz dəfələrlə tapşırıb, göstəriş verib ki, yerli icra başçıları insanların problemləri ilə yaxından maraqlansınlar. Amma biz bunun əksini görürük. Sona qədər oturub görüşdə sakitcə dinlədim. Bu gün Ağsuda hektarlarla 150 parnik var. İnsanlar iş axtarır. Bomboş qalıb, kənd camaatı iş axtarır. Niyə onları işlətmirsiz? Bilmirik dərdimizi kimə deyək?” deyə kənd sakini bildirib.
 

Dünyapress TV

Xəbər lenti