Ardını oxu...
Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

Nazir məlum səbəblərdən məhv olmuş taxıl əkininə görə büdcədən ayrılan subsidiyadan və 50 faizini dövlətin qarşıladığı aqrar sığortadan danışmayıb.

Maraqlıdır ki, İnam Kərimov yaranmış böhranlı vəziyyətin səbəbindən bəhs etmir.

Burada təkcə biçinə qədər məhv olmuş tonlarla buğdadan getmir. 100 hektardan toplanması mümkün olan, hətta ən aşağı tədarük göstəiricisi ilə hesablasaq ciddi bir rəqəm ortaya çıxar.

Bununla belə, məhv olmuş 100 min hektar ərazidə həm də milyonlarla manat büdcə vəsaiti məhv edilib.

Məsələn, 1 hektar taxıl əkininə görə dövlət büdcəsindən fermerlərə 220 manat subsidiya verilir. 100 min hektar üçün subsidiya məbləği 22 milyon manat edir ki, onun da 25 faizini nağdlaşdırmaq, 75 faizini isə xüsusi dükanlardan gübrə alınmasına xərcləmək mümkündür.

Göründüyü kimi, dövlətin itkiləri 22 milyon manatdır. Bəs, bunun hesabını kim verəcək, cənab nazir?

Digər tərəfdən də Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarının ərazisində yetirişdirilən taxılın hər 1 tonunun satışından əldə edilən gəlirin 4 faizi, digər ərazilərdə isə 1,2-2,5 faizi qədər sığorta haqqı nəzərdə tutulur. Bu isə o deməkdir ki, riski yüksək olan ərazilərdə hər tondan 1000 manat gəlir əldə edildiyi halda onun 40 manat sığortaya gedir. Əgər sığorta hadisəsi baş verərsə, onda həmin gəlirin 90 faizini, yəni 900 manatını sığorta şirkəti fermerə ödəməlidir. Düzdür, Azərbaycanda quraqlığa görə sığorta ödənişi nəzərdə tutulmur, həmçinin məhv olmuş taxın sahələrinin sığortalanmasına dair məlumatlar da yoxdur.

İstənilən halda 100 min hektar taxıl əkinləri məhv olubsa, onun hansı fermerlərə məxsus olması və haralarda əkilməsinə dair məlumatlar da açıqlanmalıdır. Azərbaycanda orta məhsuldarlığın 32 sentiner olduğunu nəzərə alanda quraqlığa görə məhv olmuş 100 min hektar ərazidə taxıl əkindən itkilərimiz 320 min ton olub, bu da buğdanın indiki qiymətilə 320 milyon manat deməkdir.

Hesab edirəm ki, baş verənlər aqrar, su və meliorasiya təsərrüfatı sahələrində pis idarəçiliyin göstəricisidir. Xüsusilə də taxıl qıtlığının mövcud olduğu indiki şəraitdə bunun üzərindən ötüb keçmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi dövlətə dəyən ziyana görə əlavə məlumatlar açıqlamalıdır.

“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, İnam Kərimovun qeyd etdiyi quraqlıqdan məhv olan 100 min hektar taxıl sahəsi məhz susuzluqdan, daha doğrusu təsərrüfat suyu verilmədiyindən məhv olub. Taxıl sahələrinə verilməli olan su isə pambıq əkilən təsərrüfatlara verilib. Bununla da hazırda bütün dünyanı narahat edən ərzaq buğdası təminatı, əsas qida məhsulu olan taxıl tədarükü 320 min ton aşağı düşüb.

Nəhayət, Azərbaycan hazırda ərzaq buğdasına olan təlabatını ödəmək üçün idxalatla bağlı problemlərlə üzləşir. Rusiya, Qazaxıstan, Ukrayna kimi əsas buğda ixracatçıları Azərbaycana taxıl satmağı ertələyiblər. Bu isə o deməkdir ki, Kənd Təsərrüfatı Nazirliyi, nazir İnam Kərimov zamanında əsas strateji ərzaq məhsulları sayılan sahələrə xüsusi diqqət ayırmalı idi. Bununla bağlı zəruri olan inzibati addımlar atılmalı idi. Lakin ortada yalnız 100 min hektar məhv olmuş taxıl sahəsi haqqında informasiya var. Bunun da məsuliyyəti əlbəttə ki, İnam Kərimovun üzərinə düşür.

Hurriyyet.az
 
 
 

Ardını oxu...
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub.

Kiçik araşdırmamız nəticəsində məlum olub ki, Səfər Mehdiyev hələ Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sonradan isə sədr vəzifəsində çalışarkən Balkan yarımadası və Alp dağları ətəklərindəki kurort ərazilərdə onlarla daşınmaz əmlak biznesinə milyonlarla sərmayə yatırıb.

Həmin illərdə Səfər Mehdiyev xüsusilə Avstriya, Sloveniya və Xorvatiyanın turizm bölgələrində otellər və istirahət mərkəzləri satın alıb.

 Səfər Mehdiyevin 2018-2019-cu illərdə Avropa ölkələrində aldığı əmlakların bir neçəsinin adlarını oxuculara təqdim edirik:

Ardını oxu...

Avstriyada göl kənarında “Feriendorf 1, 9181 Feistritz im Rosental” ünvanında yerləşən “Euro Parcs Rosental” adlı istirahət mərkəzi;

Sloveniyada “Triglavska cesta 17, Bohinjska Bistrica, 4264 Bohinj” ünvanında yerləşən dörd ulduzlu “Bohinj Eco Hotel” adlı otel.

Səfər Mehdiyev yuxarıda adları qeyd olunan otellərə 2018-2019-cu illərdə sahib olub.

Sabiq komitə rəisinin “Euro Parcs Rosental” otelini 8 milyon avroya, “Bohinj Eco Hotel” otelini isə 12 milyon avroya aldığı deyilir.

Ardını oxu...

Səfər Mehdiyevin Avropada aldığı əmlakları təkcə Avstriya və Sloveniya ilə bitmir, onun İtaliya və Xorvatiyada da daşınmaz əmlaklara sahib olduğu barədə araşdırmalar aparırıq. Bununla bağlı növbəti materialımızda oxuculara məlumat veriləcək.

Məsələ ilə bağlı Səfər Mehdiyev informasiya sorğumuzu cavabsız qoyub. //demokrat.az// 

Ardını oxu...
 
 
Ardını oxu...
Ölkə gündəmini diqqətlə izləyən vətəndaşlar bəlkə də xatırlayarlar, Baba Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunandan sonra fəaliyyətə başlar-başlamaz dövri mətbuatda “Azərişıq” işçılərinin “Azərenerji”yə kütləvi şəkildə axacağı barədə məlumatlar yayıldı. Bildirilirdi ki, bu dəyişiklik təkcə strtuktur və mövcud idarəetmə sistemində deyil, həm də kadrlarda özünü göstərir. Qeyd olunurdu ki, “Azərişıq”da artıq çemodanlarını hazırlayıb daha da böyük vəzifəyə getmək istəyənlərin sayı heç də az deyil. Onlardan biri kimi iyirmi ildən çox “Azərişıq” Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsində işləmiş Səxavət Səlimov göstərilirdi. Proqnozlar doğru çıxdı.

Belə ki, son vaxtlar Səxavət Səlimov ona bu və ya digər sualları vermək üçün telefon açan jurnalistlərə “mən artıq işdən çıxmışam” – cavabını verir. Halbuki, o, daha yüksək vəzifəyə — “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Çoxdan göz dikdiyi kresloda yayxanan kimi əvvəl rəhbərlik etdiyi qarajda ətrafına yığdığı İsmayıllı rayonundan olan həmyerlilərini də yanına çəkib. Onların boşalan yerlərinə yenə də İsmayıllıdan adamlar gətirib. Xidməti maşınla təmin etdiyi sürücüsünə isə külli – ixtiyar verib. O zalım da işçilərə necə deyərlər, qan uddurur.

Səxavət Səlimov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsini çapıb-talamaq hesabına özünə nəhayətsiz haram kapital toplayıb. Qəribədir ki, Baba Rzayev bütün bunları bilə-bilə Səlimova necə daha yüksək vəzifəni etibar edib. Görünür, Səlimovda Rzayevi qane edən başqa vacib məziyyətlər vardır. Yəqin, Səlimov idarəyə ayrılan yanacaq, sürtgü yağları, şin və başqa ehtiyat hissələrini “səmərəli və təyinatı üzrə silməkdə” pərgardır və tabe olduğu şəxslərə münasibətdə öz adına uyğun olaraq səxavətlidir.Səxavət Səlimovun suallardan yayınmaq üçün tez-tez istifadə etdiyi bir fənd də şəkər xəstəsi olduğunu, ürəyi ağrıdığını deyib jurnalistləri özü ilə təmasdan çəkindirməsidir. Belə olan halda o, cəmi bircə suala cavab versə, yetərlidir?

“Xəstəsənsə, niyə vəzifədən əl çəkmirsən?”Redaksiya olaraq hazırda Səxavət Səlimovun “Azərenerji”nin tender və kotirovkalarından bir qayda olaraq “qalib” çıxan “Marketinq və Servis Müəssisəsi” MMC ilə və həmin MMC-nin qanuni təmsilçisi Fikrət Səlimov ilə mübhəm əlaqələrini araşdırırıq.

Mövzunu davam etdirəcəyik

"Azərbaycan Reallığı"
 

Ardını oxu...
 
 

 
“Veysəloğlu” şirkətinin tabeliyində olan “Araz” marketlər şəbəkəsində istehlakçıları aldadırlar. TİA.Az bildirir ki, Araz Məmmədov bu haqda fakt təqdim edib. Müştəri deyir ki, bu mağazadan alış-veriş edərkən diqqətli olun: “Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm, deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxdı. Bunu görüb qayıdıb etiraz etdikdən sonra məbləği geri qaytardılar.

 
Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub. Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar”.
Ardını oxu...

Şikayətçi qeyd edir ki, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxu heç fikir də vermir və aldanır: “Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq” .

TİA.Az
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az

Ardını oxu...
Neftçala sakini Şəfaqət Bədəlova 18 ildir ki, çalışdığı "Azəriqaz" İstehsalat Birliyində (İB) hüquqlarının pozulduğundan şikayətçidir.

DİA.AZ xəbər verir ki, o, bu barədə ölkə başçısına müraciət edib.

"Arqument.az"a göndərilmiş şikayət məktubunda deyilir: "Mən Şəfaqət Bədəl qızı Bədəlova 2005- ci il 16 martda "Azəriqaz" İB-nin Neftçala Qaz İdarəsinə kompüter operator vəzifəsinə işə düzəlmişəm. Sonra 2008- ci ildə analıq məzuniyyətinə çıxdım. 2008-ci ildə "Azəriqaz" İB-nin rəhbəri Əlixan Məlikov idi. Lakin sonradan 2010-cu ildə analıq məzuniyyətimin artırılması üçün müraciət etdikdə kadrların nümayəndəsi Elçin Alışov vəzifəmin ləğv olunduğunu bildirdi. Məni aldadaraq başqa vəzifəyə ixtisasıma uyğun olmayan Qəza dispetçer xidmətinin texniki vəzifəsinə ərizə yazmağımı tələb etdi. Dedi ki, əyər o vəzifəyə keçməsən, işsiz qalacaqsan. Mən ailə vəziyyətimi və acınacaqlı maddi durumumu nəzərə alıb Elçin Alışovun bu təklifi ilə ərizə yazdım. Lakin sonradan işçilər mənə aldadıldığımı dedilər. Vəzifəmin adının dəyişdirərək texnik qoymuşdular. Əvvəlki vəzifəmi isə mənimlə işləyən birlikdə Fuad Məmmədovun əmisi oğlu Ramil Məmmədova vermişdilər. Yəni qadın işinə kişini, kişi işinə qadını keçirmişdilər. Mən ali təhsilli onlar isə orta təhsilli idilər".

"Mən məzuniyyətdən gələndən sonra şifahi şəkildə kadrlara dəfələrlə müraciət etdim. "Azəriqaz" mənim məsələmə laqeyid yanaşdı. Anlayışım olmaya-olmaya məni sahə texniki qoymuşdular. 2014-cü ildə attestasiya imtahanı keçirildi. Məlumat verildi ki, kəsilmişəm. Lakin heç mənim adım siyahıda yox idi. Həmin imtahanın nəticələrini dəfələrlə tələb etdim, amma heç bir əsas göstərmədilər. Ancaq o vaxt Tərlan Nağıyev və başqaları imtahandan keçməyənlərə 3 dəfə imtahana girməyə şans vermişdilər. Mənə bu şans da verilmədi. Problemlə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürərək İnsan resursları departamentinə müraciət etdim. Himayəmdə azyaşlı övladım olduğu üçün yenidən işə, lakin başqa vəzifəyə qaytarıldım. Bununla bağlı dəfələrlə "Azəriqaz"ın kadrlar şöbəsinə - Narxanım Səmədzadəyə və onun hazırda işləyən işçisi Həqiqət xanıma müraciət etmişdim. Onlar mənə laqeyid yanaşaraq təhqir etdilər", - deyə o bildirib.

Onun sözlərinə görə, oxşar problemlə 2021-ci ildə də qarşılaşıb: "2021-ci ildə yenidən attestasiya imtahanı keçirildi. Müraciətdə bildirilirdi ki, təkbaşına yaşayan və himayəsində azyaşlı uşaqlar olan analar imtahana getməyəcək. Bizə 6 ay hazırlaşmaq üçün möhlət verilmişdi. Bildirdim ki, mən də təkbaşına yaşayıram və himayəmdə azyaşlı uşaq var. İmtahana 2 ay qalmış adım siyahıda gəldi. Soruşdum ki, niyə nəzərə alınmıram? Kadrların nümayəndəsi Fizuli Zülfüqarov dedi ki, SOCAR sizi nəzərə almadı, ancaq şəhid və qaziləri nəzərə alır. Müddət az olsa da, imtahanda keçid balı yığdım, yəni 40 baldan 30-nu topladım. 395 sual tərtib edən region olmalıydı, lakin biz "Azəriqaz"ın suallarına cavab verdik. Mən hazırda təkbaşına anayam. Oğlum Abdullazadə Allahyar Neftçala rayonu və region üzrə yaşıdları arasında 7 ildir ki, şahmat üzrə 1-ci yeri qazanır və futboldada fəaldır. Mən ən çox onun gələcəyi üçün narahatam".

"Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm, lakin müraciətimə baxılmır. 28.07.2022-ci il tarixdə "Azəriqaz"a yenidən yaxınlaşaraq sədr Ruslan Əliyevə müraciət etmək istədim. Lakin məlumat verdilər ki, o, hazırda Qarabağdadır. Məni birinci şikayətlər şöbəsinin rəhbəri İbrahim adlı şəxs qəbul etdi. 5 dəqiqə şifahi dinlədi, sonra o da kadrlar yönəldərək Xəqani müəllimin qəbuluna apardı. İlk şikayətim dərəcənin artırılması ilə bağlı idi, lakin təəssüf ki, Xəqani müəllim də, Ruslan Əliyev də müraciətimə laqeyd yanaşdılar. Əsassız yanaşma ilə dərəcə məsələsini əhali sayının azlığı ilə əlaqələndirdilər. Yaxşı, əhali sayı azdırsa, niyə satış şöbəsində işləyən orta təhsilli - kollec bitirən şəxs 8-ci dərəcəli olur, mən isə ali təhsilli olsam da, 7-ci dərəcəli? Bu qurumda o qədər yalan var ki, saymaqla bitməz. Bizim idarəmizdə heç bir işçi ixtisas üzrə işləmir. Mən özüm iqtisadçı olsam da, 3 ixtisas üzrə işləmişəm. Mənim kimi, idarəmizdə məcburi işləyən o qədər bacarıqlı adam var ki, 290 manata qulluq edirlər", - deyə şikayətçi vurğulayıb.

Şikayətlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən münasibət öyrənmək mümkün olmayıb

Ardını oxu...
Korrupsiya bataqlığından xilas ola bilməyən Azərbaycan səhiyyəsini bu bəladan xilas etmək üçün nə qədər tədbirlər görülsə də heç bir nəticə əldə olunmur. İcbari tibbi sığortanın tətbiq olunması, həkimlərin əmək haqlarının yüksək dərəcədə artırılması belə səhiyyə sistemində metastaz halını almış korrupsiyanı “müalicə” edə bilmir. Adi bir fakta gözucu nəzər salsaq paytaxtın xəstəxanalarında “65 yaş +” korrupsiya piramidasının hansı dərəcədə yayıldığının şahidi olarıq. Belə ki, işləmənin son həddinə, yəni 65 yaşa çatmış həkimlərin əmək müqaviləsinin yenidən hər il 80 yaşa qədər uzadılması səhiyyə sistemində əməlli-başlı gəlir mənbəyinə çevrilib (yazdıqlarım institutda fəaliyyət göstərən həkimlərə şamil edilmir). Hamıya məlumdur ki, əmək müqaviləsini heç kimin ağ saçlarına, ağ birçəyinə görə uzatmırlar. Burada maraqlar böyükdür və araşdırma aparılarsa, 10 ildən çox ard-arda əmək müqaviləsi uzadılan ağ xalatlıların, daha doğrusu ağ saçlıların sayı dodaq uçurdar (xatırladım ki, bu barədə redaksiyamızın əməkdaşları paytaxt xəstəxanalarında jurnalist araşdırması aparmış, yüzlərlə belə faktın olmasını müşahidə etmişdir).
Maraqlıdır ki, öz peşəsində çalışmaq istəyən bir xeyli gənc kadr vakant yer tapıb fəaliyyət göstərə bilmir. Amma, təqaüd yaşını çoxdan keçənlər hər il müqaviləsi uzadılmaqla yenidən işdə saxlanılır.
Səhiyyə naziri Teymur Musayevdən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevdən, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovdan soruşmaq istərdik ki, əcaba bu lütfkarlığın səbəbi nədir ? “Yol böyüyündür” deyən dədələrimizin ruhuna ehtiram, yoxsa tamam başqa bir səbəb? Sadəcə paytaxtın xəstəxanalarında yüngülvari bir araşdırma aparın, görün nə qədər belə faktlarla rastlaşacaqsınız. Bütün bunlar sırf korrupsiya halları deyilmi, belə uzatmaların hansı maraqlar hesabına baş tutduğunu bilmirsinizmi?
Bu barədə yuxarıda qeyd etdiyim aidiyyatı rəhbərliklərin də mövqeyi maraqlı olardı. Nə vaxta qədər döyüşə, pardon əməliyyata qocalar gedəcək? Prezidentin gənclər siyasətinə Azərbaycan səhiyyəsinin verdiyi töhfə budurmu ?
İnanırıq ki, xəstəxanalarda illərdir davam edən bu korrupsiya mexanizmi tezliklə dağıdılacaq, nəhayət ki, gənclərə də yol açılacaq !

Nicat Mahmudov
Rubrika.Az
Ardını oxu...
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "Azərsu" ASC-nin avqust ayının 5-də yekun vurduğu satınalmanın məbləği 5.115.050 manat, qalibi isə "Arko Təmir Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Arko Təmir Tikinti Şirkəti" 2011-ci ilin aprel ayında təsis edilib.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Əhmədov Rasim Qazməmməd oğludur.

"Arko Təmir Tikinti Şirkəti" MMC-nin fəaliyyət profili, maddi texniki bazası barədə açıq internet resurslarında məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "Arko Təmir Tikinti Şirkəti" MMC-nin qanuni təmsilçisi Rasim Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşıdır.

Vahid Əhmədov Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, 1992-1994-cü illərdə Baş nazirin müavini, Baş nazirin birinci müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 14-də Şəmkir və Cəlilabad rayon icra Hakimiyyətlərinin başçılarını qəbul edərkən çıxışında bəzi vəzifəli şəxslərin tenderdə yol verdikləri korrupsiya faktına toxunaraq dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə vəzifəli şəxslərə yaxın olan şirkətlərin qalib gəldiyini bildirirdi.
 
 
 
Ardını oxu...
Sosial.gov.az hökumət portalı çat verir
1997-ci ilin avqustun 2 – dək Qarabağ savaşı ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə sosial sığorta ödəmələrinin verilməsinə başlanılması ilə qaranlıq məqamların üzə çıxması da qeydə alınıb. Ən başlıca qaranlıq , 30 ilə yaxındır müharibə əlili kimi pensiya alanların heç də hamısının 30 ildir həsrətində olduqları “qanpulu”nu ala bilmədiyi barədədir. Amma ödənişlərin verilməsi tapşırılan ƏƏSMN yetkililəri indiyədək bildirirdi ki, heç bir sənədə , müraciətə ehtiyac yoxdur, bütün müharibə əlillərinin adı nazirlikdə var. İndi isə məlum olur ki, hamının adı, sənədi reyestrə salınmayıb, e-sistemdə yoxdur. Bu necə ola bilər? Bəs bu əlillərə necə pensiya, müavinət, Prezident təqaüdü ödənilir? Belə çıxır, Qarabağ müharibəsi əlillərinin xəsarət almaları haqqında sənədləri, əlillik dərəcəsinin təyin edilməsi haqqında arayışlar e-sistemdə yoxdur və ya bu sistemə salınmayıb? Ha fikirləşirsən, bu dolaşıqlığa cavab tapa bilmirsən. Axı bu sənədlərsiz heç kəs dövlətdən 30 ildir pensiya, müavinət, təqaüd ala bilməz! Tutaq ki, yaralanma haqqında arayışın verilməsini uyğun hərbi qurum təmin edir, bəs axı əlillik barədə arayışı elə ƏƏSMN özü verir! Və ƏƏSMN hərbi qurumdan uyğun tibbi şəhadətnamə almayınca nə əlillik təyin edir, nə də onun müharibə ilə bağlı səbəbini!
Ortalıq minə yaxın Qarabağ əlilinə proaktiv qaydada birdəfəlik ödəmənin verilməməsi və onlardan aidiyyatı qurumlardan e-sistemdə olmayan sənədləri alıb sistemdə elektronlaşdırmalarının tələb edilməsi sosial.gov.az elektron hökumət portalının çat verdiyini deməyə əsas verir. Onu da vurğulayaq ki, sözügedən portalın idarəediciləri elə ƏƏSMN-in məsul şəxsləridir. Niyə əlillər barəsində bilgiləri sistemdən gizlədiblər, niyə sistemə düzgün bilgiləri yerləşdirmirlər?
Birinci Qarabağ savaşının birdəfəlik ödəmə ala bilməyən əlilləri ƏƏSMN-ə hansı qurumdan, hansı sənədi təqdim etməlidirlər ki, hökumətin 30 ildir yediyi sığorta haqqını, eldə deyildiyi kimi, qanpulunu ala bilsinlər? Onu da vurğulayaq ki, sonradan dünyasını dəyişən müharibə əlillərinin varislərinə ödənişin verilməsində də problemlər yetərincədir. Onlardan istənilən sənədlər də elə ƏƏSMN-in reyestrində olmalıdır. Ən azı, ona görə ki, qanunvericiliyə əsasən, müharibə əlili dünyasını dəyişəndə ailəsi şəhid statusu əldə edir və onlara 11 min manat məbləğində ödəniş verilməsini qanun doğrulayır.
İstənilən halda qanpulunu ala bilməyənlərə, yəni adı e-sistemdə olmayanlara da imtinanın əsaslarını göstərən sms-bildiriş göndərilməlidir. Axı müharibə əlillərinin birdəfəlik ödəmələrin verilməsindən imtinadan məhkəməyə müraciət etmək hüququ var! Əlbəttə, məhkəmə olsa ..
Məğrur Bədəlsoy
 
 
 

Ardını oxu...
Azərbaycanın bir sıra ölkələrdəki səfirlik və baş konsulluqlarının rəsmi internet səhifələri illərdir ki, yenilənmir. DİA.AZ editor.az-a istinadla xəbər verir ki, bəzi ölkələrdəki diplomatik təmsilçiliklərimizin saytlarına son xəbər bir neçə il öncə qoyulub.

Dünyanın az qala informasiya ilə idarə olunduğu, bütün dünyanın hər hansı xəbəri dəqiqləşdirmək üçün internetə müraciət etdiyi bir dövrdə bəzi səfirlik və konsulluqlarımızın saytlarına nəzər saldıqda sanki bu diplomatik təmsilçiklərimizin fəaliyyətini dondurduğu təəssüratı yaranır.

Çünki bu ölkələrdəki səfirlik və konsulluqlarımızın saytlarında bir neçə il, ən yaxşı halda bir neçə ay ərzində nə onların fəaliyyətini, nə də ölkəmizin xarici siyasətini əks etdirən xəbərlərə rast gəlmək mümkün olmur.

Məsələn, Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun rəsmi internet səhifəsinə son informasiya 2020-10-20 tarixində yerləşdirilib. (https://kars.mfa.gov.az/az/news/3121/turkiye-respublikasina-sefer-eden- azerbaycan-respublikasi-vetendaslarinin-pasportlarinin-zeruri-etibarliliq-muddeti-barede-melumat).

Azərbaycanın Dubaydakı Baş Konsulluğunun rəsmi saytı isə son dəfə 2021-02-26 tarixində yenilənib.(https://dubai.mfa.gov.az/az/news/3165/dubayda-ermeni-silahlilarinin- azerbaycanlilara-qarsi-toretdiyi-vehsilikleri-eks-etdiren-fotoguse-yaradilib).

Ölkəmizin Təbriz şəhərindəki Baş Konsulluğunun rəsmi səhifəsinə isə son xəbər 2021-12-24 tarixində yerləşdirilib. (https://tabriz.mfa.gov.az/az/news/3283/azerbaycan-respublikasinin-prezidenti-ilham-eliyev-dekabrin-22-de-iran-islam-respublikasinin-xarici-isler- naziri-huseyn-emir-abdullahianin-basciliq-etdiyi-numayende-heyetini-qebul-edib)

Azərbaycanın Özbəkistandakı səfirliyinin saytı da digərlərində fərqlənmir. Diplomatik təmsilçiliyimizin internet səhifəsinə elan xarakterli son xəbər 2022-03-19 tarixində yerləşdirilib. (https://tashkent.mfa.gov.az/az/news/3148/azal-aprel- ayinda-bakidan-daskend-seherine-ucuslara-baslayacaq)

Azərbaycanın Litvadakı səfirliyinin saytı isə demək olar ki, işləmir. Texniki baxımdan yararsız vəziyyətdə olan internet səhifəsinə son xəbər 2021-06-30 tarixində yerləşdirilib. (https://vilnius.mfa.gov.az/az/news/3149/xususi-karantin-rejiminin-muddetinin-uzadilmasi-ve-bezi- mehdudiyyetlerin-aradan-qaldirilmasi-ile-bagli-tedbirler-barede)

Azərbaycanın Avstriyadakı səfirliyinin saytında da vəziyyət fərqli deyil. Bu ölkədəki təmsilçiliyimizin internet səhifəsində son xəbər 2021-05-24 tarixində dərc edilib. (https://vienna.mfa.gov.az/az/news/3220/28-may-respublika-gunu-munasibetile-28-may-2021-ci-il-tarixi- azerbaycan-respublikasinin-avstriya-respublikasindaki-sefirliyinde-qeyri-is-gunudur)

XİN-in keçmiş mətbuat katibi Elxan Poluxovun rəhbərlik etdiyi Azərbaycanın Braziliya Fedarativ Respublikasındakı səfirliyinin saytı da digərlərindən fərqlənmir. Bu ölkədki diplomatik təmsilçiliyimizin rəsmi internet səhifəsinə son xəbər 2021-12-14 tarixində yerləşdirilib. (https://brasilia.mfa.gov.az/files/shares/International%20Essay% 20Competition%20A%20Letter%20to%20Nizami%20Ganjavi.pdf)

Azərbaycanın Qazaxıstandakı səfirliyinin saytına da son xəbər təxminən 7 ay öncə-2022-01-20 tarixində yerləşdirilib. (https://nursultan.mfa.gov.az/az/news/3293/ azerbaycan-respublikasi-xarici-isler-nazirliyinin-20-yanvar-umumxalq-huzn-gunu-ile-elaqedar-beyanati) .

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin saytına yerləşdirilən son xəbər isə 2021-12-08 tarixinə təsadüf edir. (https://seoul.mfa.gov.az/az/news/3171/hazirda-koreya-respublikasinda-yasayan- azerbaycan-respublikasi-vetendaslarinin-diqqetine)

Livandakı səfirliyimizin saytı da digər ölkələrdəki diplomatik təmsilçililklərimizin internet səhifələri ilə eyni taleyi paylaşır. Burada da sayta son xəbər 2021-07-26 tarixində yerləşdirilib. (https://beirut.mfa.gov.az/az/news/3056/2019-2023-cu-iller-ucun- azerbaycan-respublikasinda-ali-tehsil-sisteminin-beynelxalq-reqabetliliyinin-artirilmasi-uzre-dovlet-proqrami)

Hesab edirik ki, hərbi müstəvidə olduğu kimi, informasiya cəbhəsində də düşmən təxribatlarının artan xəttlə inkişaf etdiyi, bunun fonunda ölkəmizin diplomatik müstəvidə hücum mövqeyində olduğu, ölkəmizdə hər gün nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi, ümumilikdə isə bütün dünyanın informasiya ilə səmərəli işləməyin yolları üzərində baş sındırdığı bir dövrdə çox mühüm ölkələrdəki səfirlik və konsulluqlarımızın bu işə son dərəcə laqeyd yanaşması qətiyyən qalib və müzəffər ölkənin xarici siyasətinə adekvat durum deyil.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti