Ardını oxu...
 
 

 
Astaradakı əksər fermer kimi 46 yaşlı Azər Rzayevin də başı naringi yığımına qarışıb. Niləşə kənd sakini deyir ki, gözünü açandan bu işlə məşğul olur. Amma təsərrüfata çəkdiyi əziyyətin bəhrəsini götürmək ona hər zaman qismət olmur.

 

Azər Rrzayevin sözlərinə görə, quru sərhədlərinin bağlanması onların təsərrüfatına çox təsir edib. Bu səbəbdən dərmanları qonşu İrandan gətirməyə də imkan yoxdur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmliyə görə də fermerlərin əsas çətinliyini dərmanların baha olmasıdır. Bahalığın səbəbləri isə bir neçədir:

2018-ci ildə Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Proqramın məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

Ekspert hesab edir ki, dövlət proqramında nəzərdə tutulan tədbirlərin əksəriyyətinə əməl olunmur.

Azər Rzayev narıngi bağının ona atasından qaldığını deyir. Övladlarının isə

gələcəkdə bu işlə məşğul olacağına ümidi yoxdur

 

XalqXeber.Az
Ardını oxu...
Milli Məclis hökumətə Fransa ilə bağlı çağırış edib. Fransa hökuməti Senatın Azərbaycana qarşı qətnaməsinin icrasına başlayarsa, Azərbaycan hökuməti Milli Məclisin çağırışının praktiki icrasına start verə bilər:
1. Fransanın mümkün vasitəçiliyindən tamamilə imtina edəcək;
2. Siyasi və iqtisadi münasibətlərə yenidən baxacaq: diplomatik münasibətlərin kəsilməsi istisna deyil;
3. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə icra edilən istənilən layihədə iştirakına imkan verməyəcək;
4. Fransa şirkətlərinin Azərbaycanla enerji sektorunda əməkdaşlığına yenidən baxacaq: “Total” və digər şirkətlər bazardan çıxarıla bilər;
5. Fransanın hərbi cinayətlərini, islamofibiya və türkofobiya siyasətini Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirəyə çıxaracaq;
Bu, Senatın qəbul etdiyi qətnamənin Fransa hökuməti tərəfindən mümkün icrasına qarşı Bakının əks-həmləsidir.
Fransanın qətnamənin icrasına başlayacağı, xüsusilə Avropanın enerji ehtiyacları fonunda çətin görünür. Müzakirələrdə iştirak edən Fransa xarici işlər naziri də qətnamənin icrasının mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina etdi. Bu baxımdan, Azərbaycanın əks-addımlarına ehtiyac yaranacağı gözləntisi də azdır. Lakin Fransanın vasitəçilik cəhdlərinə imkan verilməyəcəyi ehtimalı böyükdür, hətta belə bir situasiya yaransa belə, bu formal xarakter daşıyacaq.
 
Ardını oxu...
Ötən il Prezident İlham Əliyev tərəfindən Binəqədi rayon Məhkəməsinə hakim təyin olunan Tağıyev Vüsal Adıgözəl oğlu hələ “ili çıxmamış” siftəsini femidanı zorlamaqla başladı. Dövlətin etimad göstərdiyi bu yeni hakim qanunu elə “mindi” ki, misli bərabəri yoxdur. Ona görə kimlər hüquq-məhkəmə sistemində islahatlar aparıldığına inanırsa, ya sadəlövhdür, ya da qırmızı yalanlar danışmağa bir növ adətkardır. Çünki Vüsal Tağıyev kimi hakimlərlə olsa-olsa, yalnız ədalətin, femidanın deqradasiyasının “islahatı” mümkündür.
Bəs, soruşacaqsınız ki, hakim Vüsal Tağıyev nə edib? Bax, buna “cinayətə yol verib” də söyləmək olar. Söhbət 165 ailənin, 165 talenin, yüzlərlə insanın, vətəndaşın ümidlərinin üstündən xətt çəkməkdən gedir. Söhbət onları heçə saymaq, hüquqlarını ayaqlar altına atmaqdan, qanunlara, Cinayət Məcəlləsinə tüpürməkdən gedir. Bəli, hakim məhz CM-nə tüpürdü! Özü də bir dələduza, fırıldaqçıya, illərdir vətəndaşları qapı-qapı süründürən, qapılarda qoyan, kirayələrdə yaşamağa məhkum edən, min bir əziyyətlə, borc-xərclə əldə edib mənzil sahibi olmaq istəyənləri aldadan bir tikinti mafiozuna qurban verdi. Hərçənd indiyə qədər həbs edilən heç bir tikinti firmasının rəhbəri tezliklə azadlığa buraxılmamışdı. Ölkədə onlarla MTK adı çəkmək olar ki, bura “GEN” MMC, “Muray” MMC, “Oskar” və s. Daxildir, heç birinin sahibi azadlıqda gəzmir, hərəsinə azı 10-13 il həbs cəzası verilib, üstəlik, dələduzluğa görə əfvə də düşə bilmirlər. Amma hakim Vüsal Tağıyev “ilkə” imza ataraq xalqı, haqqı pozulan, ev-eşiksiz qalan, pulu yeyilən xalqı deyil, dələduzu müdafiə etdi, ona qahmar çıxdı. Görəsən, nəyin müqabilində bu qərarı çıxardı?
Reportyor.info məlumat verir ki, söhbət “Sahil – s İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması qərarından gedir. Hakim 165 ailəni aldatmış tikinti fırıldaqçısını evə buraxıb ki, get, dincəl. V.Tağıyev yəqin ki, ürəyindən bu fikir keçdiyi üçün, yaxud qanunlara istinadə edərək bu qərarı çıxarmayıb. Onun bu məsələdə marağı olmasa, əsla Pənah Kərimovu ev dustaqlığına buraxmazdı. Maraqlıdır, Pənah Kərimov onunla sövdələşməyə necə gedib, hakimə nə qədər verib? Bu qərarı çıxaranda hakimin vicdanı heç sızıldamadımı?
165 ailəni “ev dustağı” edən bir fırıldaqçını aylar sonra həbsdən azad edib ev dustaqlığına göndər, sonra da məhkəmə zalından çıxıb öz komfort mənzilinə get, bu, heç bir əndazəyə sığışmır. Bəli, Pənah Kərimov Tale Alaverdiyevlə birlikdə bu qanunsuz hərəkətləri görmüşdülər, onlar Yeni Günəşlidə “Sahil s İnşaat” MTK olaraq bina tikməyə başlamışdılar, alıcılar da böyük ümid və sevinclə müqavilələr bağlayıb mənzil sahibi olacağı günü gözləyirdilər. Lakin 2016-cı ildən bəri gah tikinti yubanmağa başladı, gah yarımçıq saxlandı, gah vətəndaşları süründürdülər, nəhayət, məlum oldu ki, Pənah Kərimovla Tale Alaverdiyev 165 ailəyə kələk gələrək bir mənzili 3-4 adama satıbmışlar.
Bu cinayətin üstü açılandan sonra vətəndaşlar müraciətlər yazmağa, aksiyalar keçirməyə, Prezidentə, Baş Porkurorluğa məktublar göndərməyə başladılar. Onların aylarla davam edən etirazlarından sonra axır ki, cinayət işi açıldı, adıçəkilən dələduz şəxslər həbs olundular. Vətəndaşlar isə onlara dəyən zərərin ödənilməsini, məhkəmədə bu məsələlərin aydınlaşacağını gözləyirdilər, eyni zamanda, kollektiv şəkildə bir addım ataraq öz imkanları daxilində sözügedən binada yarımçıq qalan işləri yavaş-yavaş görməyə başlamışdılar. Sakinlərin ümumu fikri bundan ibarətdir ki, mənzillər düzgün bölüşdürülsün, aldadılan payçıların ev məsələsi öz aralarında həllini tapsın. Ancaq bu tərəfdən hakim Vüsal Tağıyev şirkətin əsas quldurlarından olan Pənah Kərimovu dörd divarlı hücrəyə göndərmək əvəzinə, ev dustaqlığına buraxır.
Artıq bu qərarla bağlı tikinti şirkətinin qurbanları Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlamağa hazırlaşırlar. Onlar ötən il təyin olunan hakimin bu ədalətsiz, qanunsuz qərarına etiraz bildirir, V.Tağıyevin fəaliyyətinin araşdırılmasını xahiş edirlər. Müraciətdə deyilir ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək və Pənah Kərimov haqqında çıxarılan ev dustaqlığının geri oxunması tələb olunacaq. Əgər apelyasiya qərarı qüvvədə saxlasa, Ali Məhkəməyə, ən yüksək instansiya da protesti təmin etməsə, o halda Avropa Məhkəməsinə müraciət ediləcək. Sakinlərin sözlərinə görə, Ədliyyə Nazirliyi və Ali Məhkəmə hakimlərin fəaliyyətinə diqqət yetirməli, qərarlarının obyektiv olub-olmadığını araşdırmalıdırlar. Vətəndaşlar nazir Fikrət Məmmədovdan xahiş edirlər ki, Pənah Kərimov barəsində qərarın hansı əsasla verildiyini hakim Vüsal Tağıyevdən izahatı istənilsin.
Axı dələduzluqla tutulan, 178-ci maddə ilə haqqında cinayət işi başlanmış, vətəndaşlara dəymiş zərəri ödəməmiş bir şəxs barəsində hansı arqumentlə ev dustaqlığı qərarı çıxarıla bilər? Belə görünür ki, qanun şah deyil, Pənah Kərimov “şah”dır. Əks təqdirdə hansısa maraqların qarşılığında hakim onu həbsdən evə göndərməzdi. Faktiki 165 ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır – bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır, üstəgəl, cinayət törətmiş şəxslərdən birini də azadlığa buraxırlar. O zaman hakim Baş Prokurorluğun apardığı istintaqı, cinayət işini tamamilə şübhə altına alıb, heçə endirib, bundan öncə çıxarılmış qərarları da “vozdux” hesab edərək öz bildiyini edib. İndi Baş Prokurorluq da qərardan əminliklə protest verə bilər. Çünki Pənah Kərimov haqda aparılan araşdırma nəticəsində dələduzluq əməli sübuta yetirilib, amma heç bir əsas olmadan məhkəmə onu azad edir. Sakinlər ümid edirlər ki, Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyi bu məsələni diqqətdə saxlayacaqlar. Sakinlər PA və Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirəcəklərini də bildiriblər.

Reportyor.info
Ardını oxu...
Səhiyyə Nazirliyi “Qiymətləri Tarif Şurası müəyyən edir” deyir; iqtisadçı: “Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu”
Azərbaycanda son bir neçə ayda bir sıra dərmanlar 4-5 dəfə bahalaşıb. Kəskin qiymət artımı əsasən qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən, o cümlədən Rusiya və Ukraynadan gətirilən dərmanlarda müşahidə olunur. Eyni zamanda nisbətən ucuz, lakin keyfiyyətli dərmanlar yoxa çıxıb, əvəzinə daha bahalı analoqları satılmağa başlayıb.

Ekspertlərə görə, Türkiyədən alınan dərmanlarla Azərbaycanda satılan eyni tərkibli dərmanlar arasında, Rusiyadan gətirilən dərmanlar arasında təxminən 8 dəfə qiymət fərqi var. Əvəzində daha bahalı əvəzedicilər təklif olunur ki, bu da əhali arasında narazılıq yaradır. Öskürək əleyhinə dərmanlar və antibiotiklər də azı 40-50 faiz bahalaşıb. Qlükoza və fizioloji məhlul Ukraynadan gətirildiyi üçün müəyyən çətinliklər yaranıb. Apteklərdə satıcılar depolarda yodun məhdud miqdarda verilməsindən şikayətlənirdilər, amma yodun qiyməti qalxan kimi qıtlıq dərhal aradan qalxdı.

“5-HOK” dərmanına tələbat yüksək olsa da, son aylar tədarük edilməyib. Bu dərmanın əvəzinə oxşar dərmanlar baha qiymətə gətirilir. Betoptik göz damcılarına da ciddi tələbat var, lakin hər aptekdə yoxdur. Elə dərmanlar var ki, 6-7 dəfə bahalaşıb. Nəqliyyat xərclərini və vergiləri nəzərə alsaq belə, qiymətlərin bu qədər kəskin artması yenə də ola bilməz. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana 432 milyon 151,98 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyən edir. T. İsmayılov bildirib ki, yerli dərman preparatlarının istehsalı sahəsində də xeyli iş aparılır. İsmayılovun sözlərinə görə, “Diamed Co” və “R-Pharm” adlı iki şirkət artıq yerli istehsal qurub. Ələt Azad İqtisadi Zonasında İsrail şirkəti ilə birgə açılacaq yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq güclənir. Yeni investorların cəlb edilməsi ilə dərman istehsalının artırılması və idxaldan asılılığın aradan qaldırılması nəzərdə tutulur. Bununla belə, Azərbaycanda dərman preparatlarının idxalını kimin monopoliyaya alması ilə bağlı sualın cavabı açıq qalır.

TEREF.AZ yazır ki, iqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, problemlərin olacağı əvvəldən proqnozlaşdırılırdı: “Əslində ilk gündən Tarif Şurasına bu səlahiyyətlər veriləndən qərarın əleyhinə çıxış edən, bununla bağlı mətbuatda çıxışlarında bunu vurğulayan mütəxəssislərdən biri də mən olmuşam. Çünki bu qərarın belə bir nəticələr doğuracağı öncədən məlum idi. Əgər Azərbaycan özünü bazar iqtisadiyyatı ilə fəaliyyət göstərən ölkə adlandırırsa, dərman preparatlarının qiymət tənzimlənməsinə, dövlət yox, bazar, yəni rəqabət cavab verməli idi. Rəqabətli mühitin yaradılmasına dövlət çalışmalı idi ki, bazarda 10-larla şirkət olsun. Rəqabətli mühit yaransın və qiymətləri bazar tənzimləsin. Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu. Çünki Tarif Şurasının qaydalarına görə dərman preparatlarının adları yox, molekulları və istehsal ölkələrinə görə qiymətləri müəyyənləşir. Nəticə etibarilə də Tarif Şurasının qiymət təyin etdiyi molekulun ən ucuzunu, ən keyfiyyətsizini xaricdən gətirib. Misal üçün, Hindistandan, Asiya ölkələrindən gətirib, daha baha qiymətə satmaq fürsəti yaranıb. Ona görə də bazardan keyfiyyətli, dünyaca tanınmış brendlərin istehsal etdiyi dərmanlar ya yoxa çıxır, ya da çox bahalaşır. Əksəriyyət xaricə gedən qohumundan xahiş edir ki, dərman alıb gətirsin. İstər Türkiyə, istərsə də Avropa ölkəsi olsun, dərmanların bizdən qat-qat ucuz qiymətə olduğunu görürük. Ona görə də Tarif Şurası bu işdən uzaqlaşdırılmalıdır. TŞ-nin tənzimləmə siyasəti ölkədə inhisarçılığı daha da artırdı. Ölkədə bir-iki şirkət var ki, bütün bazarın demək olar ki, 80-90 faizinə nəzarət edir. Bu da TŞ-nin gətirdiyi qaydalara görə inhisarçılığın artmasına səbəb oldu. Ona görə də Tarif Şurasından bu tənzimləmə tamamilə alınmalıdır. Dövlətin borcu tənzimləmədə dərmanların keyfiyyətinə nəzarət etmək, keyfiyyətsiz dərmanların bazarda olmasının qarşısını almaqdır. Yerdə qalan hər şeyi açıqlamaqla, bazarda rəqabəti gücləndirməklə, xarici şirkətlərin bazara daxil olmasına şərait yaratmaqla inhisarçıların deyil, xalqın, vətəndaşların maraqlarına cavab verən yanaşma ilə bu məsələ həllini tapmalıdır. İndiki yanaşma, sistem özünü doğrultmadı. Hər il də davam edir, amma hökumət tutduğu səhv yoldan dönmək istəmir”.

İqtisadçı “bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat baha satırlar” iddiasına belə cavab verib: “Səbəbi odur ki, dərmanların molekullarına qiymət qoyulur. Misal üçün, həmin dərman molekulu Fransa, İtaliya, Almaniya istehsalı olan dərmanlar keyfiyyətlidir və bahadır. Azərbaycana nisbətən orada ucuzdur. Azərbaycana gətirəndə daha baha başa gəlir. Amma Hindistan, Nepal, Şri-Lanka istehsalı olan həmin eyni molekul dərmanları daha ucuz olur, amma keyfiyyətsizdir. Bura gətiriləndə daha baha satılır, amma keyfiyyətsizdir. Vətəndaşlar da bundan ikiqat əziyyət çəkirlər”.

Farmakoloq, dosent, professor Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərman istehsalı böyük sənayedir və bunun hazırlanmasında alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı-hər kəs iştirak edir: "Bu, yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu, dövlətin problemidir və həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir".

Qeyd edək ki, yaxın günlərdə Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların qıtlığının yaranması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən mediaya bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bildirilib ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "Niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Afaq MİRAYİQ,
 
Ardını oxu...
Şəmkirin keçmiş icra başçısı, il yarımdır ki, həbsdə olan Alimpaşa Məmmədovun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Onların arasında özünün və ailə üzvlərinin adına olan biznes obyeklərilə yanaşı, Bakının Nərimanov rayonu ərazisində yerləşən “Sipark” yaşayış kompleksində mənzillər də var.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində bu evlərin hansı yollarla əldə olunmasıyla bağlı araşdırma aparılıb və rüşvət kimi verildiyi müəyyənləşdirilib. Bütün bunlar Alimpaşa Məmmədovla bağlı cinayət işinin materiallarında da öz əksini tapıb. Elə ona görə də bir sıra başqa daşınmaz əmlaklarla yanaşı, həmin mənzillərin də üzərinə həbs qoyulub, məhkəmədən onların da müsadirə olunması istənilib.

Cinayət işinin materiallarında yazılıb ki, Bakının Nərimanov rayonu, Təbriz küçəsində “Svrostroy S.S” MMC-nin inşa etdiyi “Sipark” yaşayış kompleksində sahəsi 103 kvadrat metr olan 231 saylı və 212 kvadrat metr olan 232 saylı mənzilləri 2018-ci ilin avqust ayında sabiq icra başçısı Hüseynli Nicatın adına rəsmiləşdirərək, şirkətin faktiki sahibi Seymur İsayevdən rüşvət kimi alıb. İstintaq bu mənzilləri 677 min manat dəyərləndirib. İttihama əsasən, bu mənzillərin müqabilində Alimpaşa Məmmədov şirkətin sahibinə Şəmkir şəhərində Nizami küçəsi 2 ünvanında torpaq sahəsi ayırıb. Bu şirkətə və onun sahibi Seymur İsayevə himayədarlıq edib.

Həbs edilən icra başçıları arasında sonuncusu olan Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətində keçirilən satınalmalar zamanı şirkətlərin qalib elan edilməsi üçün rüşvət almaqda, rayonun abadlaşdırılması üçün ayrılan vəsaitlərin yeyintisində və s. əməllərdə ittiham edilir. Cinayət işində ümumilikdə 7 milyon manata yaxın mənimsəmə və rüşvətdən söhbət gedir.

İddia olunur ki, o, “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.

Sabiq icra başçısı həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.

Alimpaşa Məmmədov Bakı-Qazax yolunun 399-cu kilometrliyində yerləşən və 2015-ci ildə Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, faktiki dəyəri 3.4 milyon manat olan “Səbət” ticarət mərkəzini oğlunun və köməkçisinin adına cəmi 40 manata rəsmiləşdirərək mənimsəməkdə də ittiham edilir.

Alimpaşa Məmmədov yeyinti və rüşvətdən əldə etdiyi 6.8 milyon manatı 2017-ci ilin avqustunda oğlu Adil Adilzadənin adına təsis elədiyi “AzFarel” MMC – balıq yetişdirmə və emalı müəssisəsinin yaradılmasına xərcləməkdə təqsirləndirilir. Bu üzdən ona qarşı həm də cinayət yoluyla əldə olunan vəsaitlərin leqallaşdırılması ittihamı irəli sürülüb.

Keçmiş icra başçısı hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyilə baxılır. Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlax rayonlarının sabiq icra başçılarıyla başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir, Şəmkirdə davam edib.
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free" şirkəti ilə bağlı da araşdırmalara başlanılıb.

TEREF.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 10 manat olmasına baxmayaraq, dövriyəsi milyonlarla manat olan "Duty Free.Az" MMC-nin qanuni təmsilçi Aslanov Cavid Aqil oğludur. "Duty Free" biznesi təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir.

Ardını oxu...
Baş verən maxinasiyalarla bağlı artıq araşdırmalar gedir. Bu işi öz şəxsi biznesinə çevirən gömrük oliqarxları da dindirilir. İşin başında duran əsas adamlardan biri isə gömrük xidməti polkovniki Teymurov Arazxan Əbülfət oğlunun olduğu deyilir. O, sabiq sədrlərin dövründə yaxın qohum-əqrabasını gömrük orqanlarında müxtəlif vəzifələrdə yerləşdirməklə bu biznesi özəlləşdirə bilib.

Ardını oxu...
Apardığımız araşdırmaya əsasən, artıq "Duty Free.Az" MMC-nin şirkəti məcburi auditdən yayınmaya görə cərimə olunmaq üçün məhkəmə iddiası qaldırılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək, Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zaur Tağıyevin sədrliyi ilə baxılacaq.

İXM-nin 464-cü maddəsində "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
Ardını oxu...
“Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 10/27 daxil bütün mikrayon ərazisi illərdir su üzünə həsrətdir. Bəlli olan saatlarda təzyiqlə su verməli olduqları halda elə günlər olur ki, vermirlər. Hətta bəzən su nəinki təzyiqlə gəlir, ümumiyyətlə, gəlmir”.

Bunu Toplum TV-nin qaynar xəttinə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov yazıb. Onun sözlərinə görə bu problemlə bağlı dəfələrlə “Azərsu” ASC-ə, Sumqayıt Sukanal İdarəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməyib.

“9-cu mikrorayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir. Sumqayıtda 9-cu mikrorayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə verirlər. Su səhər saat 06:00-dan 10:00-dək, axşam da 18:00-dan 22:00-dək təzyiqlə verilməli olduğu halda heç qrafiklə belə normal su verilmir. Gün ərzində isə ümumiyyətlə, su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gah da indi bildirərik suyu verərlər deyib yola verirlər. Nədənsə 9-cu mikrorayonun “Təzyiq problemi”, “Qəza problemi” illərdir bitmir. “Azərsu”nun 955 saylı çağrı mərkəzinə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər, dəyişən isə heç nə yoxdur”.
Ardını oxu...
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Toplum TV-ə şikayətçinin dediklərinin həqiqəti əks etdirmədiyini dedi: “Həmin ərazi səhər, axşam qrafiklə su alır. Sumqayıt şəhərinin 90 faizi 24 saat su alır. Ola bilər ki, nə vaxtsa su gələn vaxtda hardasa qəza olsun və su kəsilsin. Bu o demək deyil ki, orada ümumiyyətlə, su yoxdur. Bəzən insanlar saxta profillərlə bu cür şikayətlər yazırlar. Həmin şəxslər bəzən nə vaxtsa bizim qurumda işləyib çıxan şəxslər olur və ya Sumqayıtda hansısa su işçisi ilə şəxsi qərəzliyi olur. Ona görə də bu cür şikayətlər edirlər. Araşdıranda isə görürük ki, həmin ərazidə heç elə bir insan yaşamır. Mənim araşdırmama görə, həmin ərazi qrafikə uyğun olaraq problemsiz suyunu alır”.

Şikayətçi İ. Məmmədkərimov həmin ərazidə yaşadığını və telefon nömrəsini də qeyd etməklə qurum rəsmisinə dəfələrlə sosial şəbəkələrdən yazdığını, ancaq bir cavab ala bilmədiyini deyir. O, su probleminin yalnız bugün deyil, illərdir davam etdiyini deyir.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə

MÜRACİƏT

Çox hörmətli Prezident!
Artıq mən dözə bilmirəm. Bu gün Azərbaycan təhsilində baş verən özbaşınalıqlar, qanunsuzluqlar, ədalətsizliklər və haqsızlıqlar artıq heç bir ölçüyə sığmır. Məlumatınız olsun ki, təhsildə anarxiya və dərəbəylikdir. Xüsusilə Gəncə-Daşkəsən Regional Təhsilin müdiri Anar Qədiməliyev artıq Gəncəbasar təhsilini dədəsinin mülkü kimi tamamilə özəlləşdirib. Özü kimi bütün bank işçilərini təhsil idarəsinə işə götürüb. Bu adamın başlıca məqsədi Gəncədə yalnız çaxnaşma törətməkdir. Gəncədə təhsildən başqa yalnız çirkin əməllərlə məşğuldur. Anar Qədiməliyev ancaq SOROS-un göstərişlərini həyata keçirir. Özü bankir olmaqla yanaşı Regional təhsil üzrə yaxın dostu və qohumu Rövşən Kərimovu müavin, sinif yoldaşı Elnur adlı şəxsi təchizat şöbəsinə işə götürüb. O da bankirdir. Digər SOROS-da bir yerdə oxuduğu Elmir Cəfərovu Daşkəsən Təhsilinə sektor müdiri təyin etdirib. O da Aqrar Universitetinin Mexanikləşdirmə fakültəsini bitirib ixtisasca mexanizatordur. Goranboy rayonunun təhsil sektoruna müdir təyin etdirdiyi Xəyal adlı şəxs Gəncəbasarda maşın alverçisi kimi tanınır. Bunların əksinə olaraq Regional Maliyyə sektoruna qoyduğu özünün yaxın adamı Gülnar Nəbiyeva isə Texnalogiya Universitetinin Qida Məhsulları fakültəsini bitirib. Gəncədə məişət pozğunu kimi tanınan ən yaxın dostu, sinif yoldaşı Elnur Qasımovu əvvəlcə məktəb direktoru, sonra isə onu Göygöl Rayon Təhsilinə sektor müdiri təyin etdirib. Onun qeyri-qanunu eşq macərası yaşadığı müəlliməyə isə müəllimlər günündə “Təşəkkürnamə” verdirdi. Hazırda bu adamın cinayət faktları əsasında Göygöl rayon prokurorluğunda istintaq yekunlaşmaq üzrədir. Bu adamın hər bir hərəkəti özü bir cinayətdir. Amma bu adam Gəncədə özünü Prezident kimi aparır. Başlıca işi intriqa ilə məşğul olmaqdır. Lakin cəzasızlıq şəraitində get-gedə daha da azğınlaşır. Səlahiyyətli qurumlar onun haqqında lazımi tədbir görmürlər. Ona görə də Anar Qədiməliyev deyir ki, mən heç kimdən qorxmuram. Təhsili bilmədiyi təqdirdə Gəncə və Gəncəbasarda təhsili rüşvət mənbəyinə çevirib. Bütün 65 yaşı tamam olan müəllim və məktəb direktorlarını rüşvət verdiyi təqdirdə müqavilə bağlayıb işdə saxlayır. Rüşvət verməyəni dərhal işdən çıxardır. Bunun bariz nümunəsi bu il yenə 4 məktəb direktorları ilə yenə müqavilə bağlayıb işdə saxlamasıdır. Artıq 5 nömrəli məktəbin direktoru Bəhram İmranovla 6-cı dəfədir ki, müqavilə bağlayır. O da öz növbəsində qanunsuzluqlar edərək işləyən müəllimləri boğaza yığıb. Neçə-neçə müəllimlər hətta Prezident Adminstrasiyasına çox saylı şikayətlər edib. O, şikayətlərə də baxan yoxdur. O müəllimlərdən biri, savadlı bir qadın Gülzalə Şükürovadır. Bəhram İmranov Anar Qədiməliyevin əqidə dostudur. Daha sonra Anar Qədiməliyev, Fransada yaşayan idarənin işçisi Məsmə İsmayılovaya maaş yazıb mənimsəmişdir. Ancaq Anar Qədiməliyevə söz kar etmir. Çünki, nazir Emin Əmrullayev onu bərk müdafiə edir. Maraqlıdır ki, heç kəs ona söz demir. Yəni, Anar Qədiməliyev “Kənd Təsərrüfatı” işçisi ola-ola, əsgəri xidmətdə olmaya-olmaya, psixoloji problem yaşadığı halda, təhsildən başı çıxmadığı təqdirdə o qədər əvəzolunmaz şəxsiyyətdir? Bir sözlə Anar Qədiməliyev Gəncəbasar təhsilini sanki dəfn edib.Gəncə təhsilini bank işçilərinin qəbirsanlığına çevirib. Indi də yeni bir bufet əməliyyatına başlayıblar. Bütün bufetləri məcbur edirlər ki, şagirdlərin sayına görə hər bir şagirdə 45 qəpik olmaqla arenda pulu ödəsinlər. Bunların bir məqsədi var, əhalini ölkə prezidentindən narazı salsınlar. Mən isə söz verirəm ki, Gəncə şəhərində bir ziyalı kimi, bir ağsaqqal kimi buna imkan verməyəcəyəm. Cənab Prezident, demirlər ki, biz təmiz işləyirik, o zaman 65 yaşdan yuxarı bütün məktəb direktorlarını işdən azad etsinlər. Məndə deyim ki, halaldı. Yoxsa, məni, əməkdar müəllimi Gəncəbasarda tanınmış ictimai xadimi öz işimə bərpa etsinlər. Yadda saxlasınlar ki, Bəhram İmranov jurnal alıb əlinə sinifə girməyib. Mən isə 25 il bir nəfəsə müəllim işləmişəm. O, zaman hansı obyektivlikdən danışırlar? Bu baxımdan cənab Prezident, Anar Qədiməliyev nə böyük şəxsiyyətdir ki, ona heç kəs söz deyə bilmir. Cənab Prezident, sizdən xahiş edirəm ki, Gəncədə Anar Qədiməliyev barədə ən ciddi tədbirlər görülsün və o, cinayət məsuliyyətinə cəlb olunsun. Əlavə olaraq sizdən xahiş edirəm ki, Təhsil Naziri Emin Əmrullayevin Əli Həsənovun kadrı olması barədə dəqiq və ciddi araşdırma aparılsın. Çünki, bunlar bir kompaniya, bir şəbəkə və bir dəstədirlər. Mən bir onu görürəm ki, bunların törətdikləri əməllər qeyri-qanuni işlər ermənilərdən, xüsusilə Paşinyandan da təhlükəli və qorxuludur. Cənab Prezident, sizi öpürəm, bağrıma basıram, Azərbaycan müstəqilliyi uğrunda yeni-yeni uğurlar arzulayıram.


Hörmətlə: Həsənov İlham Musa oğlu

Azərbaycan Respublikasının Əməkdar müəllimi,
1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,
“Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
 
 
 
Ardını oxu...
Teref.az yazır ki, Azərbaycanın ilk sahiubkar xanımlarından olan Fatima Aghamirzayeva Alpan kəndində başına acılan oyunlardan yazıb. Fatma xanım yazır:
Dostlar, mən 1988-ci ildən fəaliyyətdə olan Azərbaycanın ilk qadın sahibkarıyam. Müvəffəqiyyətlərim və gördüyüm işlər heç də az olmayıb. Hətta ən çətin şəraitlərdə belə...Lakin indi hərəkət eləmək heç mümkün deyil. Mən sizə bu dəfə bir sahəni deyəcəyəm və məsləhətlərinizə də ehtiyacım var və sonra ardıcıl olaraq nələrdə çətinliklərim olduğunu bölüşəcəyəm. Çünki arada həsəd bürüyür məni ki, tanıdığım xanımların güclü reklamı və bacarıqları tez-tez göstərilir. Görəsən, mənim beynəlxalq səviyyədə belə tanınmağıma baxmayaraq nəyə görə mən öz respublikamızda bacarıqsız görünürəm?!
Ardını oxu...
Birinci - 2017-ci ildə ABŞ Səfirliyi və İqtisadiyyat Nazirliyinin birgə klaster layihəsi mənə tapşırıldı. Bu, Alpan kəndində qadınlar üçün Sənətkarlığı artırmaq və işə cəlb etmək üçün olan çox maraqlı bir layihə idi. Və biz həm bir qrup xanımı tədris etməli idik, həm də bina tikilməli idi. Binanın tikilişinə 3000 AZN xərcləməli idim, 75000 dollar səfirlik, qalan işləri isə bələdiyyə və ictimai şüra üzərinə götürməli idi. Bələdiyyə heç bir köməklik göstərmək istəmədi və hətta onun üzərinə düşən sənədləşmə işini bilərəkdən etmədi. İcmanın büdcəsi yox idi. O səbəbdən yük mənim və səfirliyin üzərində qaldı. Mənim özümdə olan iki böyük yük maşını quru taxta və içəridə olan dəzgahlar, xammal, stol-stullar, qapılar və digər xərclər mənim üzərimə düşdü ki, əvvəllər 42000 AZN hesabladılar, sonra isə onların bağladığı ikinci aktda azaldılaraq 34000 AZN düzəliş etdilər.
Ardını oxu...·
O vaxtadək ustaların öyrənilməsi üçün 5 növ texnoloq usta 3 ay müddətində maaşları, yol xərcliyi və yemək mənim üzərimə düşdü. Nə yaxşı ki, mən müəllimələrlə razılaşdıq ki, birdən bu pul mənə ödənilməsə, mən pulu tədricən, hissə-hissə ödəyərəm və belə də etdim. Dəzgahların quraşdırılması, xammalın alınması, sonradan işlə təmin etmək üçün ehtiyat xammal və bütün bunlar mənə 52000 AZN xərcləmək məcburiyyətində qoydu. Və 15 nəfər qadın çox yüksək səviyyədə xalça, kilim, verni, sumax texnologiyasını mənimsədilər və işə başladılar. Çox təntənəli açılış oldu. Səfirlik, nazir müavini, tanınmış Qadın Assosiasiyası rəhbərləri, kənd camaatı və s. (bu disk məndə var) bu görünən işlərin nümunələri ilə və xanımlarla tanış oldular. Lakin həmin vaxtda da bizim əsaslı ünvan sənədlərimiz bələdiyyə tərəfindən yerinə yetirilməmişdi. Baxmayaraq ki, məndə onların bağladığı akt var ki, guya torpaq sənədlərinin alımasına 3500 AZN, qazlaşdırmaya 500 AZN, işığa isə 500 AZN xərcləyib. Hamısının imzası var, bircə mən imzalamamışam. Yəni sənəd olmadığı üçün qaz çəkilişi bu günəcən mümkün olmayıb. İşıq pulun isə mən 830 AZN ödəmişəm (qəbz məndədir). Açılışdan sonra isə iş orada davam edib, əməkhaqları alıblar, mən isə sənədləri tələb etmişəm. Kəndin bələdiyyə sədri Seyidov Əziz qızlar haqqında müxtəlif şayiələr yaydıraraq onları işdən çəkindirməyə başladı və sənəd tələb etdikdə "mən bələdiyyə nəzdinə keçməliyəm" kimi bəhanə gətirdi. Hansı ki, bələdiyyənin dövlətə 2 milyondan çox borcu var idi və onun nəzdinə keçdikdə qazanan yer kimi borcu biz ödəməli idik. Bu isə, hamınızın bildiyi kimi, mümkün deyildi, amma biz Danışan İlmələr kollektivinə və onun idarə heyətinə əsasən, sənədi bir nəfərin adına ala bilərdik və beləcə müəssisə öz vergisini özü ödəyə bilərdi. Bina əvvəlki qüsurlarından və sonrakı baxımsızlıqdan ciddi zərər görür. İki ildir ki, oraya baxmaq adı ilə bir mollanı bir ailəsi ilə yerləşdirmiş və bütün müəssisəni mənzilə çevirmişdi. Həmin MOLLA öz evini satarkən deyildiyinə görə 10000 AZN pul alaraq Seyidov Əzizə vermiş və binamın yanında ona həyətinin çəpərlərini sökərək və birləşdirərək torpaq sahəsi vermişdir. Hətta binanın içərisində dəzgahların üstündə çox qiymətli xalçaların yarımçıq qalmağına və sifarişlə düzəltdirdiyim avadanlığın içəridə olmağına baxmayaraq mən o binaya 2 ildir ki, girə bilmirəm. Və son dəfə mən həmin şəxsin odunlarımızı yandırdığına və içəridə bizim bütün işimizi şok vəziyyətinə saldığına görə onun çıxmağını istədikdə Əziz Seyidov və kəndin icra nümayəndəsi çoxlu adam toplayaraq gəldilər və bildirdilər ki, bu adam bu kəndin sakinidir və çıxmayacaq.
İndi, əziz dostlar, siz deyin. Ət budursa, pişik hanı, pişik budursa, ət hanı. Yəni əgər bu bina Əzizin, yanındakı torpaq da mollanındırsa, mənim 86000 AZN pulum hara getdi və səfirliyin 75000 Dollar pulu MOLLAya niyə bağışlandı. Çəkdiyim əziyyəti, əsəbi, yolu demirəm. Bu, bir problem.
Növbəti dəfə çalışacağam (əgər sizə maraqlıdırsa) ikinci problemi də deyim. Yəni mən baş aça bilmirəm, siz nə məsləhət bilirsiniz?!
Fatima Aghamirzayeva
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Naxçıvan MR dünyanın ən unikal yeridir. Bu məmləkətə nə koronavirus, nə də cinayət girə bilər. Çünki Naxçıvanın "xan" kimi misilsiz izolyatoru var.

Deyə bilərsiniz ki, koronavirusu başa düşdük. Bəs, cinayəti necə izolyasiya etmək olar?

Çox sadə. "Xan"ın bu məmləkət üçün tətbiq etdiyi möhtəşəm bir resepti var: Cinayəti qeydə alma, o da baş verməsin. Necə ki, eyni məntiqlə gözümüzü yumub "Günəş yoxdur" deyə bilərik.

Şərur rayonunun Arpaçay kəndinin sakini mərhum Mirzəyeva Aysunun başına gələn müsibətlər Naxçıvanın necə "0 cinayət" moduyla idarə olunduğunun ən bariz örnəyidir.

Rəsmi məlumata inansaq, 27 yaşlı Aysun bu ilin iyul ayının 31-da özünü hamamda asıb. Aysunun övladları isə başqa şeylər danışır.

11 yaşlı Sabirin iddiasına görə, anasını gecə axtararkən samanlıqda ölü vəziyyətdə tapıblar. Şərur Prokurorluğu isə onu 10 saat göz altına tutaraq, müxtəlif təzyiqlərlə tamamilə fərqli izahat alıb. Guya, o, atası Sabir, babası Hüseyn kişi ilə birlikdə anasını hamamda asılı vəziyyətdə görüb. Atası ondan qaranlığa batareya tutmağı tələb edib və özünü asmış Aysunun ayağından yapışıb, Hüseyn kişi isə gəlininin boğazındakı ipi kəsib.

Qısası, qətl hadisəsinə intihar süsü verilib.

Ardınca da heç bir səbəb olmadan ailənin saxladığı 140 baş qoyun satışa çıxarılıb. İddialara görə, qoyunlar satılıb kimlərəsə rüşvət də verilə bilər.

Digər müəmmalı məqam qətl və ya intihar hadisəsindən 3 gün əvvəl babanın öz gəlinini və nəvələrini evdən qovmasıdır. Bildirilir ki, evdən qovulan gəlin bir qızı, bir kiçik oğluyla hamamda, ata və böyük oğul isə tövlədə gecələyiblər. Qətlin ana ilə bərabər hamamda yatan 10 yaşlı Zərov tərəfindən görüldüyü də iddialar arasındadır.

Bir başqa müəmma mərhum Aysunun telefondan bəzi səslərin silinməsidir. Aysunun atasının dediyinə görə, hadisədən əvvəl onun telefonuna qızından 3 səs mesajı gəlib və dərhal silinib. O, səsin qızı tərəfindən silinməsinə inanmır.

İddiaların nə dərəcədə haqlı olduğuna, təbii ki, hüquq mühafizə orqanları qərar verə bilər. Di gəl ki, Naxçıvan "xanı" "0 cinayət" moduyla işləyir və bu da hadisənin obyektin qiymətləndirilməsinə mane olur.

Bütün bu şübhələri bir kənara ataraq, məhrumənin oğlu 11 yaşlı Sabirin mənə göndərdiyi imdad çağırışını sizinlə bölüşürük.

Bu lində: https://www.facebook.com/heyder.oguz/videos/846312649741420

Ovqat.com
 

Dünyapress TV

Xəbər lenti