“Subsidiyadan bəhrələnən oliqarx-məmurlardır” - FAKT BUDUR!
Azərbaycanda pambıqçılıqda subsidiya mexanizminin effekt vermədiyi bildirilir.

Hesablama Palatasının məlumatına görə, pambıqçılıq üzrə ödənilmiş ümumi subsidiya 2019-cu ilə nisbətən 2020-ci ildə 59.7 faiz artaraq 47.1 milyon manata, 2021-ci ildə isə 82 faiz çoxalaraq 53.7 milyon manata yüksəlib. Amma məhsuldarlıq 2021-ci ildə 28.5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 3.4 və 14.9 faiz azalıb.

Hesabata görə, istehsalda da azalma var. Ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olub. Əvvəlki iki ilin göstəricilərinə nisbətən, müvafiq olaraq, 2.8 və 14.8 faiz azalıb: "Bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərib”.

Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir (Əvvəl əraziyə görə verilib). Məhsul subsidiyasının məbləği hər tona görə 170 manatdır.

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan”a bildirilib ki, 2022-ci ildə pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib:
"Orta məhsuldarlıq 30.92 sent/hektar təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2.42 sent/hektar artıb”.

Nazirlikdən əlavə edilib ki, 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar, avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb: "2022-ci ildə birinci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov da AzadlıqRadiosuna bildirib ki, əvvəllər subsidiya sahəyə görə verilirdi və pambıq ərazilərini çox göstərməyə çalışırdılar: "Hazırda isə biz illər əvvəl təklif etdiyimiz mexanizmi – hazır məhsula görə subsidiyaların verilməsini tətbiq ediblər. Amma bununla belə, artıq məhsuldarlığı artırmaq mümkün deyil. Onun da bir neçə səbəbi var”.

Ekspert hesab edir ki, onlardan biri su çatışmazlığıdır: "Bundan əlavə, fermerlərimiz şikayətlənir ki, vaxtlı-vaxtında onlar texnika ilə təmin olunmur, əkin-səpin işləri optimal müddətdə həyata keçirilmir. Bitkiyə qulluq prosesində də vaxtlı-vaxtında işlər görülmür, bu da onunla bağlıdır ki, texnika çatışmazlığı var. Yığımda da problem var. Baxmayaraq ki, 500 kombayn gətiriblər, yığım optimal müddətdə aparılmır, uzadılır”.

İqtisadçı deyir ki, pambıq təhvili zamanı şikayətlərə görə kəndliləri aldadırlar: "Nəmlik yüksək olduğunu və pambığın tərkibində daha çox zibil qarışığı olduğunu göstərirlər. Hətta elə hala gəlir çatır ki, məhsulun 60 faizini nəm və zibil kimi göstərirlər”.

Məhərrəmovun sözlərinə görə, subsidiyadan bəhrələnən fermerlər deyil, oliqarx-məmurlardır: "Pambığın emalı və ixracı ilə məşğul olanlardır. Onlar daha yüksək qiymətə fermerlərdən pambıq almalıdırlar, çünki dünya bazarında pambığın qiyməti yüksəkdir. Həmin məmurlar məhsulu ucuz alır və baha satır. Dövlət də burada onlara yardımçıdır, subsidiya verir. Hakimiyyət pambıq istehsalında ona görə maraqlıdır ki, sonda həmin məhsulun alıcısı və ixracatçısı oliqarxlardır”.

Onun fikrincə, subsidiyaya, ümumiyyətlə, ehtiyac yoxdur: "Fermerdən təhvil verdiyi pambığı yaxşı və ona sərf edən qiymətə almalıdırlar. Hazırda isə oliqarx-məmurlar dövlətlə bir yerdə qiyməti müəyyən edir. Bu, bazar iqtisadiyyatına ziddir. Necə ola bilər ki, qiyməti alan müəyyən etsin?”.

Ekspert hesab edir ki, fermerlər özləri birləşib məhsulu emal edib sata bilərlər: "Dövlət də onlara ucuz kredit resursu ilə yardımçı ola bilər ki, onlar məhsulun emal müəssisəsini yaratsınlar. Onda kəndlilər daha çox məhsuldarlıqda maraqlı olacaq”.

Yazıda yer alan fikirlərlə bağlı pambıq tədarükü və emalı müəssisələrinin rəhbərlikləri ilə danışmaq mümkün olmayıb. //Azadlıq Radiosu//

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti