“İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Cəmiyyət olaraq zaman-zaman “iş adamı”, “sahibkar”, “investor” kimi titullarla təqdim edilən şəxsləri tanıyırıq. Amma bəzən bu titulların arxasındakı gerçək portretlər toplumda təəccüb, hətta həyəcan doğurur. Müqayis Verdiyev – hal-hazırda azadlıqdan məhrum edilmiş və barəsində çoxsaylı cinayət işləri olan bir şəxs – məhz belə ziddiyyətli obrazlardan biridir.
"DogruXeber.az" xatırladır ki, Müqayis Verdiyev ilk dəfə 2002-ci ildə ACDİÜ Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi – təkrar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və qanunsuz balıqçılıq fəaliyyəti – üzrə 8 il azadlıqdan məhrum edilib.
Lakin bu ilk və son hal deyildi. 2015-ci ildə bu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda dələduzluq və mənimsəmə əməllərinə görə 9 il 14 gün azadlıqdan məhrum etdi. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi bu cəzanı 5 il 6 ay 28 günə endirsə də, bu dəyişiklik onun kriminal xarakterini ört-basdır etmir.
İctimai manipulyasiya cəhdləri
Təəccüblü olsa da, Verdiyev bütün bu hadisələrə baxmayaraq, özünü cəmiyyətə “haqq axtaran sahibkar” kimi təqdim etməyə cəhd edir. Zamanında Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyini guya ona və digər iş adamlarına borclu olmaqda ittiham etmiş, bu iddiaları yaymaq üçün bəzi mediaya sifarişli yazılar təqdim etdirmişdi. Redaksiyamıza da müraciət etmişdi. Fakta əsaslanmağı xahiş etdik – söz verdi, təqdim edəcəyini bildirdi, amma bir daha geri dönmədi. Belə görünür ki, bu da növbəti “ictimaiyyət qarşısında teatr səhnəsi” imiş.
Ailə və “kölgə biznesi”
Məlumata görə, Müqayis Verdiyev oğlu Anar Verdiyevin mobil rabitə şirkətində vəzifə tutması üçün 150 min manat xərclədiyini bildirib və iddia edib ki, “oğlumu rabitə naziri qoyduracam”. Bu cür qeyri-ciddi bəyanatlar təkcə gülüş doğurmur, həm də bu şəxsin reallıqla bağını itirdiyini göstərir.
Bundan əlavə, onun “Abu-Dabi” avtosalonuna nəzarət etdiyi, lakin hüquqi sənədlərdə obyekti kürəkəninin adına rəsmiləşdirdiyi bildirilir. Bu isə klassik “kölgə mülkiyyətçiliyi” sxemidir.
Azadlığa çıxmaq planı, yoxsa növbəti təhlükə?
Son məlumatlara görə, Müqayis Verdiyev yaxın zamanda azadlığa buraxılmağa çalışır. Bu, bir sualı gündəmə gətirir:
Nə üçün bu qədər cinayət törətmiş biri yenidən “iş adamı” adı altında cəmiyyətə təqdim olunmalıdır?
Əgər bu şəxs yenidən “sahibkar” libasında dövriyyəyə daxil olacaqsa, dövlət orqanları ilə təmas quracaq, ictimai rəyə təsir etməyə çalışacaqsa, bu, artıq hüquqi məsələ olmaqla yanaşı, etik təhlükədir.
Cəmiyyət belə hallarda sükut etməməlidir. Medianın borcu sadəcə hadisələri qeydə almaq deyil, gələcək riskləri xəbərdar etmək və ictimai müdafiəni təşviq etməkdir.
Sonda isə qeyd edirik ki, bu yazı bir şəxsin keçmişi üzərindən cəmiyyətin hüquqi yaddaşına və medianın məsuliyyətinə çağırışdır.

Dünyapress TV

Xəbər lenti