Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları bəzən sərrast olduğu qədər, həm də o qədər zəhər-zəqqum olur ki, onu 1 nimçə balla qarışdırıb “həzm etmək çətindir”. Tipini bəyənməsək də, zaman-zaman bizi də sözləri ilə çox zəhərləsə də, etiraf edilməlidir ki, XİN sözçüsü Qarabağ mövzusunda bilgili və hazırlıqlıdır. Son aylar isə ermənilər onu çox “qaralayıb” və hər fürsətdə naqolay suallar verib çətin vəziyyətə salmaq istəyirlər...

Həftənin əvvəlindəki ənənəvi mətbuat konfransında erməni jurnalistin Laçın yolu ilə bağlı Zaxarovaya yönəlik sualı da bu qəbildən idi. Azərbaycan bayrağını təhqir etdiyinə görə erməni futbolçuların Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılmasında Rusiya sülhməramlılarının da günahkar olması ilə bağlı suala Zaxarovanın cavabını həqiqət olsa da, “balla qarışdırıb yemək” lazım idi. XİN sözçüsü ittihama belə cavab verdi ki, Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ardınca onu da xatırladıb ki, İrəvan məhz Avropa İttifaqının himayəsi altında keçirilən görüşlərdə keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “Bu məzmunda məsuliyyəti Rusiya sülhməramlı kontingentinin üzərinə qoymağı yersiz, düzgün olmayan və haqsız hesab edirik”. Əlbəttə, biz də bu bəyanatı çək-çevir etsək, “Zaxarova Qarabağı tanıdığına görə İrəvana sitəm edir” kimi nəticə də çıxara bilərik. Amma Zaxarovanın dedikləri indilikdə bizə toxunmur və biz də onu rahat buraxaq ki, qoy ermənilərə cavab versin, onlarla “atışsın”.

Rəsmi İrəvanın Zaxarovanın bəyanatına bir neçə günlük susqunluqdan sonra reaksiya verməsi onu göstərdi ki, XİN rəsmisinin sözlərini “həzm etmək” doğurdan da asan olmayıb.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni İTV-sinə müsahibəsində Zaxarovanın dediklərini absurd adlandırıb, amma özü də çox absurd “arqument” səsləndirib. Deyib ki, bəs, təkcə İrəvan yox, Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bunu Putin müharibədən sonrakı müsahibəsində dilə gətirib. Simonyanın başı kötükdən deyil və Zaxarovanın nə demək istədiyini hərfən başa düşüb, amma necə deyərlər, söhbəti Rusiyanın üzərinə “fırladıb”. Məlumdur ki, Rusiya müharibədən əvvəl də, sonra da Azərbaycanın ərazi bötüvlüyünü tanıyıb, ayrı-ayrı rəsmi və ya qeyri-rəsmi şəxslər zaman-zaman bəlkə də hansısa yekəbaş bəyanatlar verib, amma rəsmi Kreml heç zaman... Yəni Simonyanın müqayisəsi təkcə qüsurlu və yersiz deyil, həm də absurddur.

"Rusiya bununla deməyə çalışır ki, o, 9 noyabr bəyanatında nəzərdə tutulduğu kimi, artıq qarant deyil? Əgər belədirsə, o zaman bunu birbaşa söyləmək lazımdır" deyə, Simonyan davam edib. Simonyan da Zaxarovaya “iynəli sözlər”lə cavab verməyə çalışıb: “Deyək ki, erməni tərəfi hansısa bəyanatla çıxış edib, amma 9 noyabr 2020-ci il tarixli bəyanat var ki, orada üç ölkənin imzası var, orada Laçın yolunun eni 5 km olan ərazi olduğu, onun Rusiya sülhməramlılarının nəzarətində olduğu bildirilir. İndi sual olunur: bu ərazi kimin nəzarəti altındadır və Rusiya sülhməramlıları haradadır?”Bu da əlbəttə ki, Rusiyanın şantajının davamıdır. Simonyan yenə də hədəfi yayındır, üstəlik Rusiyanı aşağılayır və öz ağlınca, Azərbaycana qarşı qoymağa çalışır. Bu dediklərinin açması budur ki, “yaxşı, Azərbaycan bizi rəzil etdi, bəs, siz niyə 5 kilometrlik əraziyə nəzarət edə bilmirsiz?” Simonyan Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti dislokasiya yerlərinin harada olduğunu yaxşı bilir, rəsmi xəritə də var. Laçın postu da oraya sülhməramlılara acıq və ya qıcıq yaratmaq üçün qoyulmayıb. Ölkəsinin sərhədinə nəzarət-buraxılış postu qoymaq Azərbaycanın qanuni haqqıdır. Buna Rusiya hansısa sənədə istinadən yasaq qoya və ya müqavimət göstərə bilməzdi. Sülhməramlılara gəlincə, onlarda oradadırlar, sərhəddən keçənləri Qarabağa gətirir, gələn varsa posta qədər aparır, müşahidə edir, təhlükəsizliklərinə təminat verir. Zaxarovanın da dediyi kimi, “yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməkdən ibarətdir”.

Simonyan fərqindədir ki, Zaxarovanın “Qarabağı tanıdınız” açıqlaması Paşinyan hakimiyyətinə daxili hücumları artıracaq, çünki Rusiya rəsmisi hələ də günahkar axtarışında olan ermənilərə konkret hədəfi göstərir. Bunu isə Paşinyan hakimiyyətinin devrilməsinin siqnalı kimi də qəbul edirlər. Simonyan məlum müsahibəsində bunu gizlətməyib də. O, Rusiyanın Ermənistanla niyə belə davranması sualını xeyli dağınıq cavab verib. Bunu həm Rusiyanın Ukraynada çox çətin vəziyyəti, həm də Ermənistan ərazisindən keçən dəhlizlərin uzunmüddətli perspektivlərində geosiyasi maraqları olması ilə izah edib.

Erməni spiker Ermənistan hakimiyyətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışması ilə bağlı ittihamlara cavabı da maraqlıdır. "Danışıq dili ilə desək, biz bunu deyirik, əgər sənin (Rusiya - red.) bizi qorumaq öhdəliyiniz varsa, o zaman bizi qoruyun və deməyin: siz bəyanat verdiniz, ona görə də sizi qoruya bilmərik.” Əsli erməni “məntiqidir”. Sanki hamı bunlara borcludur, hamının bu milləti, dövləti qorumaq kimi mənəvi borcu varmış, o cümlədən də Rusiyanın. Simonyan Paşinyan hakimiyyətin istefaya getdiyi zaman Rusiyanın Ermənistana kömək edəcəyi iddiasına da çox iddialı reaksiya verib.

“Bu gün Ermənistanda seçilmiş, demokratik hökumət var ki, bu, görünür ki, regionda “pis” nümunədir”. Simonyan demək istəyir ki, guya regionda Ermənistan demokratik ölkə kimi pis nümunədir, onu Rusiya da, Azərbaycan da ona görə yıxmaq istəyir.

Simonyan və bu gün Qarabağ ermənilərinə “müstəqillik günü” ilə bağlı məktub göndərən Paşinyan fərqində deyil ki, Ermənistanın düşməni nə Rusiya, nə Azərbaycan, nə Zaxarova deyil, Düşmən elə özləri, apardıqları axmaq siyasətdir. Belə davam etsinlər...

Nazim SABİROĞLU
Musavat.com
 
Ardını oxu...
"Bu ssenaridə Ermənistan mütləq şəkildə uduzacaq və nəticələr onun üçün görünməmiş dərəcədə fəlakətli olacaq".

Bunu "Report"a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Koribko deyib.

O söyləyib ki, İrəvan Rusiyanı İkinci Qarabağ müharibəsinə cəlb edə bilmədi. Ona görə də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan bölgədən geri çəkilmə öhdəliyini həyata keçirməyi gecikdirmək üçün Fransanı prosesə qoşmağa cəhd göstərir: “İrəvan hesab edir ki, Moskva və Parisi öz xeyrinə bir-birinə qarşı oynada bilər, lakin bu yanaşma uğursuzluğa düçar olacaq. Rusiya və Ermənistan arasında qarşılıqlı inamsızlığın artma ehtimalı yüksəkdir. Bununla belə, Kremlin imkanları məhduddur, çünki o real olaraq nə İrəvanı geri çəkilməyə məcbur edə, nə də onun xarici siyasətinə nəzarəti ələ keçirə və Fransanın Cənubi Qafqaza müdaxiləsinə mane ola bilər”.

E.Koribkonun fikrincə, Rusiya hələlik Ermənistanı 2020-ci ilin noyabr bəyanatını yerinə yetirməyə razı salmaq üçün diplomatik vasitələrdən istifadəni davam etdirəcək. Ekspert söyləyib ki, bu cəhdin uğursuzluqla nəticələnmə ehtimalı da var: “Həmçinin, Fransanın yaxın gələcəkdə Ermənistan üzərində daha çox təsirə malik olması mümkündür”.

Siyasi şərhçinin sözlərinə görə, bu dəyişən dinamikanın başqa bir münaqişəyə səbəb olub-olmayacağı hələ də qeyri-müəyyəndir: “Ancaq münaqişə baş verəcəyi təqdirdə Ermənistan Rusiya və ya Fransanın Azərbaycana qarşı müharibəyə başlamasını gözləməməlidir. Ermənistan bu ssenaridə mütləq şəkildə uduzacaq və bunun nəticələri onun üçün görünməmiş dərəcədə fəlakətli ola bilər. Ona görə də erməni xalqı bunun baş verməməsi üçün öz hökumətinə beynəlxalq öhdəliklərini mümkün qədər tez yerinə yetirməsi yönündə təzyiq etməlidir”.
 
Ardını oxu...
“Xankəndində baş verənləri Rusiya amilini nəzərə almadan dəyərləndirmək yanlış olar. Aydındır ki, qanunsuz qurum orada hələ də fəaliyyətini davam etdirirsə, bunun yeganə səbəbi ərazidə Rusiya hərbi kontingentinin mövcudiyyətidir”.

Teref.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Ekspert bu nöqteyi-nəzərdən Araik Arutyunyanın istefasını 2 ehtimal-ssenari üzrə izah edir:

“Birinci ehtimal-ssenariyə əsasən bu hadisə Bakı və Moskva arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılmış addımdır.

Rusiya bölgədə öz maraqlarını qorumaq istəyirsə, bunun yolunun Azərbaycanla anlaşma şəraitində hərəkət etməkdən keçdiyini anlayır. Öz növbəsində Azərbaycan tərəfi də çalışır ki, Rusiya kimi önəmli regional güclə konfrontasiyaya getməsin, onun maraqlarını öz siyasətində nəzərə alsın. Eyni zamanda, Azərbaycan hakimiyyəti hər nə qədər Rusiyanın bölgədəki təsir imkanlarının zəifləməsində taktiki fayda görsə də, strateji planda onun regionu tamamilə tərk etməsində maraqlı deyil, çünki bu halda yaranacaq boşluğu Qərb doldura bilər.

Bakı böyük ehtimalla Arutyunyanın barəsində cinayət dosyesinin və axtarış qərarının olduğunu, bu səbəbdən onunla masaya oturmayacağını, Qarabağdakı erməni icmasının rəhbəri qismində başqa birini görmək istədiyini və bu halda Rusiyanın vasitəçiliyi ilə ermənilərlə dialoqu qəbul edəcəyini Moskvanın nəzərinə çatdırıb.

Artıq Ağdam-Xankəndi marşrutunun fəaliyyətə başlaması və bundan 1 sutka sonra Laçın yolunun da açılması ilə bağlı iki ölkə arasında konsensus var. Bunun davamı kimi Ermənistandan gəlmiş silahlı qrupların Azərbaycan ərazisindən çıxarılması, yerli silahlı dəstələrin tərksilahı, sülhməramlıların nəzarətindəki ərazidə Azərbaycanın suverenlik hüquqlarının bərpası və separatçı administrasiyanın buraxılması; bütün bunların əvəzində isə Rusiya sülhməramlılarının mandatının daha 5 il (minimum) uzadılması da baş verə bilər. Bu halda 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin mətninə və ruhuna uyğun olaraq srateji mahiyyətli Azərbaycan-Rusiya razılaşmasından bəhs edə bilərik.

İkinci ehtimal-ssenariyə əsasən Moskva Xankəndindəki qanunsuz qurumun rəhbərliyinə tamamilə özünə bağlı, onun direktivləri əsasında, İrəvana boylanmadan hərəkət edəcək bir fiquru gətirmək istəyir (Məcbur deyil ki, bu şəxsin adı Ruben Vardanyan olsun.).”

Təhlilçi hesab edir ki, Arutyunyan Paşinyana uzaq biri deyildi və onunla müəyyən sinxronluq şəraitində fəaliyyət göstərməyə çalışırdı, bu isə Rusiya üçün bəzi çətinliklər yaradırdı. Onun sözlərinə görə, Rusiyaya lazımdır ki, Qarabağda onun cızdığı çərçivədə, kontrollu gərginlik strategiyasına uyğun şəkildə hərəkət edəcək, lazım gəldikdə Ermənistan hökumətinə qarşı da istifadə edə biləcəyi bir kukla rejim mövcud olsun.

“Bu halda həm konflikt situasiyasını uzadıb, onu xroniki hala gətirmək, həm də yeni separatçı liderin “biz burda aclıq və səfalət şəraitində ölüm-qalım mübarizəsi aparırıq, Paşinyan isə Arsaxı satır” agitasiyası vasitəsilə Ermənistanın mövcud hökumətinə qarşı ölkə daxilində ümumxalq qəzəbini alovlandırmaq və dünya ermənilərinin gücünü Paşinyana qarşı yönəltmək mümkün ola bilər”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, Xankəndindəki radikallardan biri bu gün Arutyunyanın istefa qərarından sonra Ermənistanda da siyasi aktorların dəyişməsinin zəruri olduğu barədə açıqlama verib.

“Paralel şəkildə Moskva “Qarabağın rus icması”nı aktivləşdirmək və talış məsələsini gündəmə gətirməklə Bakıya göz dağı verir ki, mənim əlimdə əlavə təsir alətlərinin olduğunu da unutma... Hadisələrin hansı ssenariyə uyğun inkişaf edəcəyini izləyib, görəcəyik. Dəqiq məlum olan budur ki, Rusiya Qarabağdan çıxmaq niyyətində deyil”, - Şahin Cəfərli vurğulayıb.
AzPolitika.info
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ilk baxışdan qulağa xoş gələn açıqlama səsləndirib: “Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir”. Birincisi, bu cümlədə Azərbaycanın maraqlarıyla hesablaşmayan iki ifadə var: “Laçın dəhlizi” (Laçın yolu) və “Dağlıq Qarabağ” (Qarabağ iqtisadi rayonu). İkincisi, Mariya Zaxarovanın açıqlamasını tərsinə oxusaq bu alınar: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Rusiya Laçın dəhlizinin bağlanmasına imkan verməzdi”.
Belə çıxır ki, Rusiyanın Azərbaycanın Qarabağın tamamını ram etməsi siyasətinə mane olmaması sırf Ermənistanın baş nazir Nikol Paşinyanın məlum açıqlamasıyla bağlıdır. Yəni Ermənistanın başında Nikol Paşinyan deyil, Robert Köçəryan kimisi olsaydı, Rusiya bildiyini edəcəkdi. Bu məntiqlə iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olsaq, Moskva bunun “günahını” da Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla əlaqələndirəcək. Moskva sadəcə Paşinyanı hədəf göstərir, ancaq Kremlin istəyinin əksinə olaraq Ermənistandakı çoxluq indiki baş naziri devirmək istəmir.
Elxan Şahinoğlu
Teref.az
 

Ardını oxu...
     

Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbdə şagirdlərin məktəbli forması almağa məcbur edildiyi iddia edilir.

Xalqxeber.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə valideynlərdən biri sosial şəbəkədə paylaşım edib.

İddialara görə, direktor Adilə Süleymanova şagirdləri yeni forma almağa məcbur edib.

İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin sözçüsü İlhamə Abdullayeva bildirdi ki, səsləndirilən iddialar əsassızdır:

“Adilə xanım idarəmizə çağırılıb, söhbət aparılıb. Belə halların yaşanmadığı müəyyən edilib. Adilə xanım vəzifəyə yeni təyin olunub və orada səliqə-sahman yaradır. Bütün fəaliyyəti qanunlara əsaslanır. Onun yenilik etməsi daxildən və xaricdən kimlərinsə xoşuna gəlmir. O səbəbdən belə dedi-qodular yayırlar”.


Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin öz ölkəsinə səfər etməsini gözləsə də, məsələ bir qədər fərqli yön aldı.

İlk olaraq ondan başlayaq ki, Putinin Türkiyəyə səfər qrafikinin müəyyən edilməsi ətrafında qeyri-müəyyənliklər davam edirdi, bunun ilkin səbəbi, belə görünür ki, Rusiya liderinin ümumiyyətlə Türkiyəyə getmək barədə tərəddüd etməsidir.

Ən azından, onu göz önündə canlandırmaq lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsi Putin haqqında həbs qərarı verib, hərçənd, Türkiyəyə getsəydi, Ərdoğan onun saxlanılmasına göstəriş verməzdi.

Başqa bir məsələ “Vaqner”in keçmiş rəhbəri (artıq ölüb) Yevgeni Priqojinin məlum qiyam cəhdindən sonra Kreml daxilindəki saray çəkişmələrinin artmasıdır. Putin ona görə, necə deyərlər, yerindən tərpənməkdən qorxa bilər, çünki Priqojin qiyamının motivləri nə olursa-olsun, Rusiya hərbi-siyasi elitasındakı hakimiyyətin ali eşelonları uğrundakı iddiaları üzə çıxardı. Bu, Putin üçün həssas məqamdır, ona görə də Rusiya lideri hələ ayağını ölkə xaricinə basmamağı məqsədəuyğun hesab edə bilər.

Böyük ehtimalla Ərdoğan plan qurmuşdu ki, Putini İstanbulda qəbul etsin, çünki İstanbul Rusiya-Ukrayna müharibəsinin sülhlə yekunlaşmasında mühüm platforma kimi rola malikdir.

Ancaq Türkiyənin də Qərblə münasibətlərində istiləşmə müşahidə olunmaqdadır, o baxımdan fikir bildirmək mümkündür ki, Ərdoğan ölkəsinin beynəlxalq nüfuzunu düşünərək Putinin gəlişi məsələsini alternativlə əvəzləyib.

Bəli, Ərdoğanın Soçiyə gedərək Putinlə görüşəcəyi bildirilir, tuneldə saçan işığın əhatə dairəsi belə versiyanı önə çıxarır ki, Türkiyə lideri rusiyalı həmkarı ilə görüş məkanının dəyişməsindən narahat deyil.

Burası da var ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edib görüşlər keçirdikdən sonra Ərdoğan-Putin görüşünün yerinin dəyişməsi barədə məlumatlar ortaya çıxdı.

Lakin bunlar detallardır, geniş müstəvidə Türkiyə üçün indi ən vacib olanı Rusiya-Ukrayna arasındakı müharibəni özünün moderatorluğu vasitəsilə sonlandırmaqdır. Ankaranın məntiqi strateji irəliləyişə nail olmaqdır, o, özünü Rusiya-Ukrayna münaqişəsinin arasında yerbəyer edərək sülh prosesində ən üst mövqelərə çıxmağa çalışır.

Əgər Türkiyə vasitəsilə sülh əldə edilsə, Ankaranın beynəlxalq profili onu qlobal oyunçu zolağına salacaq.

Bu baxımdan, Ərdoğan “Türkiyə olmasın, Rusiya olsun, əsas - məqsədə nail olmaqdır” məntiqindən çıxış edir, ancaq onun Putini yola gətirməsi çox çətin görünür.

İlk olaraq Türkiyə “Taxıl sazişi”ni bərpa etmək üçün Putini ələ almağa çalışacaq, buna nail olunsa, Ankara sülh sazişi üzrə səylərindəki manevrlər sahəsini genişlədəcək.
Bununla belə, Rusiyanın neoimperiya məramından geri dönməməsi, Putinin Ukraynanı “qırmızı xətt” kimi görməsi Türkiyənin işini çətinləşdirir, elə hesablamaq olar ki, Ərdoğanla görüş gərgin müzakirələr atmosferində keçəcək.

Liderlərin razılıq sərhədlərinə yaxınlaşmaq hədləri iki ölkənin Suriya, Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə sövdələşmələr ehtimallarından da asılı olaraq qalmaqdadır.

Deməli, Putin-Ərdoğan görüşündəki müzakirələr geniş beynəlxalq gündəliyi əhatə edə biləcək önəmə sahibdir.

Elə buna görədir ki, beynəlxalq və regional oyunçular, onların ambisiyalarının əhatəsində qalan dövlətlər Putinlə Ərdoğanın görüşü və onun nəticələrini böyük həyəcanla gözləyirlər.

Ərdoğanla Putinin dil tapmaq təcrübəsi olduğundan görüşdən müəyyən nəticələr gözləməyə dəyər, lakin inandırıcı gəlmir ki, nə Rusiya, nə də Türkiyə maraqlarını bir-birinə güzəştə getsin.

Güzəşt olmayacaqsa, onda daha səmərəli əməkdaşlıq platforması üçün planlar cızıla bilər ki, bu da Rusiya-Ukrayna münaqişəsinin fonunda başqa regionlarda öz təsirlərini göstərər.

Ərdoğanın səfərinin əhəmiyyəti həm də burasındadır ki, görüş zamanı Rusiyanı mümkün nüvə ritorikasından uzaq tuta biləcək şifahi razılıq əldə edilə bilər.

Nəticə çıxarası olsaq, Ərdoğanın səfərindən sonra Ukrayna cəbhəsində fərqli bir vəziyyət yaranacağı gözlənilmir. Çünki rəsmi Kiyev əks-hücum əməliyyatlarından bol bəhrə görməyə ümid edir, Moskva isə Ukraynanı ram edəcəyinə inanır.
Aqşin Kərimov //oxu.az//
 
Ardını oxu...
“Sergey Kiriyenkonun rəhbərlik etdiyi Rusiya Prezident Administrasiyasının siyasi bloku 2024-cü il seçkçilərində Vladimir Putinə “rəqib” olacaq namizədləri müəyyənləşdirib”.

“AzPolitika.info” xəbər verir ki, bunu Kremldəki mənbələrinə istinad edən Rusiyanın “Meduza” kanalı açıqlayıb.

Xəbrdə deyilir ki, seçkiyə buraxılacaq “namizədlərin” seçimi zamanı əsas kriteriyalardan biri yaş həddi olacaq. Mənbə bildirib ki, Putinin rəqiblərinin yaşı 50-dən yuxarı olmamalıdr. Ondan ötrü ki, yaşı 70-i keçmiş Putin onlarla müqayisədə çox qoca, hətta “baba kimi” görünməsin.

Kremldə hesab edirlər ki, rəqiblər arasında gənc namizədin olması rusiyalıları “Putin əlbəttə ki, yaxşıdır, amma artıq onun getmək vaxtı deyilmi” kimi sual qarşısında qoya bilər.

“Meduza” yazır ki, zatən Ukrayna müharibəsi, eləcə də Yevgeni Priqojinin qiyamı Putinin bacarıqlarını, əvvəlki gücünü sual altına alıb və buna görə Prezident Administrasiyasındakıların fikrincə, insanlar “70 yaşlı Putin artıq hakimiyyətə möhkəm əllə gələn əvvəlki adam deyil”, -deyə düşünə bilərlər.

Məlumatda bildirilir ki, siyasi elitada da Putinə münasibət xeyli dəyişib və elita nümayəndələri öz aralarında, kuluarlarda Putinə əvvəlki kimi “birinci”, “ali baş komandan” və s. yox, “baba” deyirlər.

Məlumatda o da qeyd olunur ki, Kremldə Putinin “rəqibləri” əsas etibarilə müəyyənləşdirilib. Onlar üç partiyadan – Kommunist partiyası, Jirinovskinin mirası olan LDPR və “Yeni adamlar” partiyasından olmalıdırlar.

Kommunistləri həmişəki kimi artıq yaşı 80-i haqlamış Gennadi Zyuqanov, LDPR-dən isə 56 yaşlı partiya sədri Leonid Slutski təmsil etməlidir.

Zyuqanovla bağlı hər şey məlumdur. O, artıq on illərlə sürən “missiyasını” bu seçkidə də davam etdirməlidir və təxminən 10 faizdən artıq səs toplamalıdır.

Slutski isə Jirinovski kimi populizmə meyllidir və “səhnəyə çıxmağa” can atır. Ona görə də Kremlin təklifinə dərhal müsbət cavab verib. Jirinovskinin xələfi bu yolla cəmiyyətdə populyarlığını artırmaq istəyir və yəqin ki, ona da Zyuqanovun səsinə yaxın miqdarda “səs verəcəklər”.

“Yeni adamlar” partiyası ilə bağlı məsələ isə bir qədər mürəkkəbdir. Belə ki, “Meduza”-nın yazdığına görə, Kreml bu partiyadan ona rəhbərlik edən biznesmen Aleksey Neçayevin namizəd olmasını istəyir. Lakin iş adamı bu təklifi qəbul etmir.

Belə ki, seçkidə ona 2-3 faiz səs yazılacağını bildiyi üçün özünün bu cür təqdim olunmasını istəmir. Deyilənə görə, Neçayev Kremlə öz yerinə partiuya sədrinin müavini Vladislav Davankovun namizədliyini təklif edib. Lakin bu namizəd Kremli qane etməyib, çünki Davankovun cəmi 39 yaşı var...

Sonda qeyd olunur ki, Kremlin planına görə, 2024-cü il prezident seçkilərində seçicilərin 70 faizindən çoxu “iştirak etməli” və onların 80 faizindən artığı Putinə “səs verməlidir”.

C.Məmmədov

     

Ardını oxu...
İnternet dövründə, informasiyanın yayılma sürətinin fantastik həddə çatdığı bir zamanda yaddaşımız qısalır, ona görə də “gündəm” deyilən bir anlayış yaranıb. Media, sosial şəbəkələr “gündəm” dalınca qaçır, demirəm ki, bu pisdir, ya yaxşıdır, fakt olaraq belədir. Nəticə etibarı ilə dünən aktual olan mövzu bu gün yaddan çıxır, səhər müzakirə olunanlar axşama dəbdən düşür.
Sözün, fikrin çəkisi, danışmaq və dinləmək mədəniyyəti getdikcə zəifləyir, insanları informasiya “istehlakçısına” çeviriblər, amma bu “istehlak” paralel olaraq da tez “ifraz” olunur, yaddaşlarda qalmır, insanın formalaşmasında ciddi rol oynamır. Fikir yönləndirilməsi o qədər asanlaşıb ki, ciddi mövzuların “alıcısı” azalıb.
Cəmiyyət “dərd danışan” axtarır, özünün deyə bilmədiyini başqası deyəndə ürəyindən tikan çıxır, amma bu “dərd danışmaq” ölkədə heç nəyi dəyişdirmir, “dərd danışmaqdan” kimsə “dərd həll etmək” moduna keçmək istəyəndə ona da 100 “vedrə bağlayıb” ciddi mövzuları belə dəyərdən salırlar.
Siyasət sahəsi məhz “dərd həll edən” sahədir, problemlərin cözüm yollarının müzakirəsi müstəvisidir, amma onillərdir ki, bu sahəni iqtidar da, onların güzgüdəki əksi, sistem qoruyucusu olan klassik müxalifət də siyasəti gözdən-nüfuzdan salaraq bayağı “ağlaşma” platformasına çeviriblər. İqtidar öz səhvlərini görmədən beynəlxalq aləmdən şikayət edir, xarici qara qüvvələrdən danışır, hamının bizi gözü götürmədiyinə görə inkişafımızın ləngiməsindən dəm vurur, klassik müxalifət isə nəticələrdən danışaraq səbəbləri aradan qaldırmaq yollarını ya bilmir, ya da bəsit təqdim edir. İqtidar kadr dəyişikliklərini islahat kimi təqdim edir, klassik müxalifət isə deyir ki, onların kadrları pisdir, bizimki yaxşı olacaq – hər iki tərəf düz demir, yanılır. Problem insanlarda, kadrlarda deyil, sistemdə, “oyun qaydalarındadır”. İllərdir, “iqtidarın rəisi pisdir, icra başçısı pisdir, naziri pisdir, bizimki yaxşı olacaq”, tezisi irəli sürüb bunun üzərində “dərd danışırlar”, iqtidar da, “müxalifətin biliyi-bacarığı, təcrübəsi yoxdur, 92-93-də hər şeyi bərbad etdilər”, tezisinin yüz versiyası üzərində 30 ildir “oynayır”. Klassik müxalifət deyir ki, əhaliyə pul paylamaq lazımdır, populistlik edir, iqtidar da əlində cəmləşdirdiyi maliyyə imkanlarına görə eyni şeyi edir (effektsiz edir, amma edir), hər il pul paylamaq istiqamətlərini artıraraq daha çox vətəndaşı özündən asılı vəziyyətə salaraq verdiyi qəpik-quruşa görə onları susmağa məcbur edir.
Bizim yanaşmamız isə fərqlidir, biz deyirik ki, yaxşı-pis icra başçısı olmur, bu institut kökündən ləğv edilməli, yerli özünüidarə institutları yaradılmalıdır, iddia edirik ki, yaxşı-pis nazir olmur, parlamentdən çıxan hesabatlı hökumət üzvləri olur, yaxşı, ya da pis polis rəisi, məhkəmə sədri olmur, qanunların dəyişdirilməsi yolu ilə hüquqin aliliyini təmin edən sistem olur. Biz təklif edirik ki, vergiləri azaltmaq, gömrük tariflərini aşağı salmaq yolu ilə insanlar özləri pul qazansın, dövlətin sosial yükü azalsın, vətəndaşın iqtisadi fürsətləri artsın ki, dövlətdən-hökumətdən asılılığının azalması onları siyasi aktiv vətəndaşa çevirsin.
Yəni, biz “dərd həll etmək” istəyirik, amma çox zaman cəmiyyətin özü belə bizi “dərd danışmağa” vadar etmək istəyir, hər dəfə “gündəm” deyilən süni və manipulyativ mövzularda danışmağımızı gözləyir.
Əvvəl danışmağı, sonra da dinləməyi öyrənməliyik ki, iqtidarlı-klassik müxalifətli yaratdıqları bu mənasız “siyasi dalandan” çıxmağı bacaraq, sonra yolu-izi tapmaq çətin olmayacaq. Bunu bacarmasaq bu “dalanda”, hətta “qısır döngədə” itib-batacaq, irəliyə gedə bilməyəcəyik...
Natig Cəfərli
Teref.az
 
Ardını oxu...
Dünyanın ən zəngin karbohidrogen ehtiyatlarından birinə sahib olan, lakin aktiv xarici siyasəti və geosiyasi ambisiyaları ilə də seçilən Birləşmiş Ərəb Əmirlikləri yerləşdiyi coğrafiya etibarilə tez-tez qlobal və regional güclərin rəqabətinə məruz qalır. Dünya iqtisadiyyatı üçün can damarı rolunu oynayan Körfəzdə fərqli maraqların toqquşacağını təxmin etmək elə də çətin deyil. Bu məqalədə isə sözügedən toqquşmalardan birinə - İsrail və İran arasında onilliklərdir davam edən düşmənçiliyə, ələlxüsus da rəsmi Əbu-Dabinin bu qarşıdurmadakı mövqeyinə toxunulacaq.

İsraillə əlaqələr

2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında imzalanan və İbrahim Razılaşmaları adlandırılan normallaşma müqaviləsi Tel-Əviv və Əbu-Dabi arasında münasibətlərin rəsmi səviyyədə dərinləşməsi üçün təkan rolunu oynadı. Bu müqavilənin ardınca BƏƏ İsraildə səfirlik açan ilk Körfəz ölkəsi statusuna yiyələndi. Lakin iki ölkə arasındakı münasibətləri 2020-ci ildən başlatmaq düzgün olmaz. Daha əvvəl də tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq olmuş, hər iki ölkə beynəlxalq hərbi təlimlərdə iştirak etmiş, BƏƏ tərəfi xüsusən neft təsislərinin və daxili təhlükəsizliyinin qorunması üçün israilli iş adamına məxsus 3 ədəd dron satın almış, habelə Qətər siyasi elitasını təqib etmək üçün İsrail mərkəzli şirkətin kəşfiyyat softveyrindən istifadə etmişdir.

İbrahim Razılaşmalarından sonra mövcud münasibətlərin üzərindən “gizlilik pərdəsi” götürülmüşdür və iki ölkə xüsusən iqtisadiyyat və təhlükəsizlik sahələrində daha yaxın münasibətlər qurmağa başlamışdır. Bunlara misal kimi İsrail, ABŞ, BƏƏ və Hindistanın daxil olduğu “I2U2” qrupunu, ABŞ, İsrail və bir çox ərəb ölkəsinin daxil olduğu Yaxın Şərq Hava Müdafiəsi İttifaqı təşəbbüsünü, BƏƏ və digər bəzi ərəb ölkələri, ABŞ və İsrail arasında baş tutan Negev Sammitini və keçən il imzalanmış, bu ilin mart ayında qüvvəyə minən, tərəflər arasındakı ticarət məhsullarının 96%-i üzərində vergi və gömrük tariflərini ləğv edən, yaxud azaldan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Razılaşmasını (“CEPA”) göstərmək mümkündür. Dərinləşən münasibətlər hərbi müstəvidə əməkdaşlığa da tövhə vermiş, tərəflər birlikdə təkmilləşmiş sensorlar və qeydəalma sistemlərilə təchiz olunmuş insansız qayıq istehsal etməklə bağlı razılıq əldə etmişlər. Lakin Netanyahunun yenidən hakimiyyətə gələrək İsrail tarixinin ən ifrat sağ hökumətini qurması, ölkədə baş qaldırmış etirazlar, hökumətin Qərb Sahilindəki məskunlaşma siyasətini qətiyyətlə davam etdirməsi, hətta 2020-ci ildə bölgənin ilhaqını vəd etməsi, yəhudi mühacirlərlə fələstinlilər arasında toqquşmaların artması, bəzi kabinet üzvlərinin, BƏƏ də daxil olmaqla, Ərəb dünyasında etiraza səbəb olan, provokativ addımlar atması (israilli maliyyə naziri Bezalel Smotriçin İordaniyanı da İsrail ərazisi kimi göstərən xəritə arxasında çıxış etməsi və çıxışı zamanı “fələstinli” anlayışının keçən əsrdə uydurulmuş mif olduğunu bildirməsi) ölkələr arasındakı münasibətin daha da dərinləşməsi önündəki əsas əngəllərdəndir.

Hərçənd, bu münasibətlər Fələstin mövzusundan asılı olmayaraq, ortaq regional təhlükəsizlik və iqtisadi maraqlar ətrafında inşa edilsə belə, BƏƏ daxili və beynəlxalq mənfi reaksiyalardan yayınmaq məqsədilə İsraillə yaxınlaşma siyasətinin tempini zəiflətməyə məcbur olur. Həmçinin İsrailin digər ərəb ölkələri ilə də normallaşma prosesi başlatmasına gətirib çıxaracağına inanılan İbrahim Razılaşmalarının istənilən nəticəni hələ ki, verməməsi, Səudiyyə Ərəbistanı və İran arasındakı münasibətlərin yaxşılaşması fonunda BƏƏ-nin də İranla münasibətləri yenidən nəzərdən keçirərək tərəflər arasındakı gərginliyi yumşaltması, habelə İranın BƏƏ də daxil olmaqla bir çox bölgə ölkəsinin daxil olduğu donanma ittifaqı yaratma planını açıqlaması Əbu-Dabinin dəyişən geosiyasi reallıqlara tamamilə praqmatik baxış bucağından yanaşdığını və İsraillə əlaqələrin səviyyəsini də bu praqmatikanın müəyyən etdiyini deməyə əsas verir.

İranla əlaqələr

İranla BƏƏ arasındakı münasibətlər heç də birmənalı deyil. İslam İnqilabından etibarən ABŞ hegemoniyasına və hazırki dünya nizamına müqavimət göstərməyə çalışan Tehranın yaxın tarixdə dəfələrlə Hörmüz boğazını bağlayaraq bütün dünyadakı iqtisadi sabitliyi sarsmaqla təhdid etməsi neft-qaz ölkəsi olan BƏƏ-ni İranı təhdidkar və təhlükəli bir qonşu olaraq görməyə vadar edib. Bundan əlavə, iki ölkə arasında hələ də həllini tapmamış ərazi münaqişəsi də mövcuddur. Söhbət Fars körfəzinin şərqində, Hörmüz boğazına nəzarət edən mövqedə yerləşən üç adadan – Əbu-Musa, Böyük Tunb və Kiçik Tunbdan gedir. Adalar 1971-ci ildən etibarən rəsmi Tehranın nəzarətindədir. İran tərəfi adaların tarix boyu İran mərkəzli dövlətlərin parçası olduğunu, lakin 1921-ci ildə Britaniya imperiyası tərəfindən işğal olunduğunu bildirir. BƏƏ tərəfi isə sözügedən adaların 1971-ci ilədək Şarcə və Ras-əl-Xeymə əmirliklərinə məxsus olduğunu, 2 dekabr 1971-ci ildə bölgədəki əmirliklərin birləşərək BƏƏ-nin müstəqilliyini elan etməsindən cəmi 2 gün əvvəl İran ordusu tərəfindən ələ keçirildiyini ifadə edir.

İran tərəfi BƏƏ qurulmazdan qısa müddət əvvəl Şarcə əmirliyi ilə Tehran hökumətinin anlaşma memorandumu imzaladığını, bu sənədə görə İranın adada qoşun saxlaya biləcəyini önə sürsələr də, həmin sənəddə digər iki ada haqda heç nə qeyd olunmayıb. Bu üç adadan sadəcə Əbu-Musada yaşayış var. Sayı bir neçə min nəfərə çatan ada əhalisinin əksəriyyətini İran vətəndaşları təşkil etsə də, BƏƏ vətəndaşlığı olan sakinlər də var. Hətta adadakı BƏƏ vətəndaşı azlığa iranlı idarəçilərin təzyiq göstərdiyi ilə bağlı iddialar da mövcuddur.

Adalarla bağlı münaqişənin 50 ildən çox yaşı olsa da, Rusiya və Körfəz Əməkdaşlıq Təşkilatı (KƏT) ölkələrinin Xarici İşlər nazirləri arasında bu ilin 10 iyulunda baş tutmuş görüşün yekununa dair sənəddə yer verilmiş cümlə məsələni yenidən alovlandırdı: “Nazirlər üç ada – Böyük Tunb, Kiçik Tunb və Əbu-Musa məsələsinin ikitərəfli danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə, beynəlxalq hüquqa və BMT Xartiyasına müvafiq olaraq, sülh yoluyla həllinə çatmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin göstərdiyi təşəbbüs də daxil olmaqla, bütün sülh səylərinə dəstəklərini təsdiq edirlər”.

Bu açıqlamanı ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edən İran rəsmiləri isə çox gecikmədən bu bəyanata öz etirazlarını bildirdilər. İran XİN sözçüsü Nasir Kənani adaların əbədiyyən İrana aid olduğunu, Xarici İşlər naziri Əmir Abdullahiyan isə ölkəsinin milli maraqlarından və ərazi bütövlüyündən güzəştə getməyəcəyini ifadə etdi. Həmçinin Rusiyanın Tehrandakı səfiri də Xarici İşlər Nazirliyinə çağırıldı. Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verən azsaylı ölkələrdən olan, bu ölkə ilə sıx əməkdaşlıq aparan İranın adalar mövzusunda Moskvaya hiddət dolu reaksiya göstərməsi məsələnin cənub qonşumuz üçün necə həssas olduğunu nümayiş etdirir.

İranla BƏƏ-nin mövqelərinin kəsişdiyi digər bir məqam isə Yəməndəki vətəndaş müharibəsidir. İranın dəstək verdiyi Husi qüvvələri Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi silahlı dəstələrə qarşı illərdir mübarizə aparır. Bəzən bu mübarizə Yəmənin sərhədlərini ötüb keçərək yarımadanın digər ölkələrinə də sıçrayır. Buna misal olaraq Husilərin BƏƏ-yə qarşı təşkil etdikləri dron hücumlarını göstərmək olar. 2022-ci ildə yanacaq tankına olunmuş hücum nəticəsində 3 işçi həyatını itirmişdi. Bu isə iqtisadiyyatının özəyini neft-qaz sektorunun təşkil etdiyi ölkə üçün ciddi təhdiddir. Əmirliklər bu təhdidlərdən müdafiə oluna bilmək üçün İsraillə təhlükəsizlik məsələlərində əməkdaşlığı daha da artırmağa meyil göstərir.

Lakin Tehranla Əbu-Dabi arasında münasibətlər heç də sadəcə çəkişmələrdən ibarət deyil. İki ölkə çox yaxın iqtisadi tərəfdaşdır. BƏƏ ağır sanksiyalarla üzləşmiş İrana bu məhdudiyyətlərdən yayınmaq üçün uyğun şəraitə sahibdir. Bu səbəbdəndir ki, BƏƏ şirkətləri İrana sanksiyalardan boyun qaçırmağa kömək etdikləri üçün ABŞ-ın cəzalandırıcı tədbirlərinə hədəf olublar. BƏƏ-nin bir neçə ay əvvəl ABŞ öndərliyindəki dəniz koalisiyasını tərk etməsi də İran tərəfindən sevinclə qarşılanmış, İran XİN Abdullahiyanın Əmirliklərdən olan həmkarı ilə görüşünün ardınca İranın rəsmi xəbər agentliyi olan “IRNA”-da Əbu-Dabinin bu qərarıyla bağlı xəbər dərc edilmişdir.

Yekun

BƏƏ maraqlarına cavab verəcək şəkildə həm İsrail, həm də İranla münasibətləri qorusa belə, bu işin bəzən xeyli çətinləşə biləcəyi aydın məsələdir. İsraillə normallaşma Ərəb dünyasında BƏƏ-yə qarşı skeptikanın formalaşmasına gətirib çıxardı. İbrahim Razılaşmalarına gözlənildiyi kimi başqa ərəb ölkələrinin qoşulmaması, əksinə, Səudiyyə Ərəbistanının ABŞ-a meydan oxuyurmuşcasına Çinin təşkilatçılığında İranla münasibətləri nizama salmağı qərarlaşdırması BƏƏ-nin bu məsələdə tək qalmasına gətirib çıxarır. Eyni şəkildə İranla hələ də həllini tapmamış adalar məsələsinin bu yaxınlarda yenidən aktuallıq qazanması və rəsmi Tehranın bu mövzuda kompromisə açıq olmaması münasibətlərin düyümlənməsinə səbəb olur. Belə olan halda BƏƏ üçün ən optimal variant hadisələrin necə cərəyan edəcəyini müşahidə etmək üçün gözləmək olacaqdır. Hər nə qədər ABŞ-ın Yaxın Şərqdən çıxaraq diqqətini Uzaq Şərqə yönəldəcəyi iddia olunsa da, ABŞ hələ də regiondakı mövcudluğunu qoruyur və ABŞ-la, o cümlədən İsraillə müttəfiqlik BƏƏ üçün regional geosiyasi landşaftda üstünlük qazanmağa kömək edə bilər. Eyni zamanda İranla gərginliyin nəzarətsiz şəkildə artması da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Buna görə də BƏƏ Səudiyyə Ərəbistanı və İran münasibətlərinin yaxın gələcəkdə necə inkişaf edəcəyini, bu ilədək bir-birlərinə qatı düşmən kimi yanaşmış bu iki ölkənin çoxsaylı anlaşmazlıqlarını hansı yolla həll edəcəyini görməlidir. Səudiyyə-İran münasibətlərinin regionun geosiyasi mənzərəsində yaradacağı dəyişiklik İsraillə BƏƏ arasındakı münasibətlərin xarakterinə də birbaşa təsir göstərəcək.

Murad Təhməzov

Top-Center
 
Ardını oxu...
Gənc millət vəkili Kamal Cəfərovun hansı ixtisas sahibi olduğunu bilmirəm və araşdırmaq həvəsim də yoxdur, amma " NOWARCI- lar Rəsulzadənin səhvlərini təkrarlayır " müəllif yazısında bütün həqiqətləri bir kənara qoyub tarixi faktları təhrif edib.Müəllif yoxdan var olan Azərbaycan yaradan , ücrəngli bayrağı bizlərə əmanət edən Cümhuriyyət lideri M.Ə.Rəsulzadəni bir qrup" sülh təşəbbüsçüsü " gənclərlə uğursuz, yersiz müqayisə edir. Bəri başdan onu deyim ki, bu " NOWARCI" ların mövqeyini, baxışını, sülh təşəbbüsü formatını qəbul etmirəm.
K.Cəfərov onu yazır ki, Rəsulzadə Trabzon , Batum konfranslarında Osmanlı dövlətinin , xüsusən Ənvər və Tələt paşaların mövqeyinin əksinə olaraq Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını dəstəkləyib. Hardan alınıb bu fakt ? Əvvəla, Kamal Cəfərov bilməmiş deyil ki, Trabzon və Batum konfranslarından əvvəl Cənubi Qafqazda Zaqafqaziya Komissarlığı , Zaqafqaziya Seymi fəaliyyət göstərirdi və bu qurumlarda hakimiyyət Qafqazda yaşayan , Rusiya Müəssislər Məclisinə seckilərdə topladıqları səs faizinə görə azərbaycanlılar, gürcülər və ermənilər arasında bölünmüşdü. Bölgədə erməni dövlətinin yaradılmasının son kökü bu tarixi proseslərə bağlıdır, Rəsulzadə və tərəfdarlarının burda hər hansı günahı yoxdur.
Qaldı ki, Rəsulzadənin erməni və gürcü liderlərindən fərqli olaraq həddən ziyadə sülh tərəfdarı olması məsələsinə, bəli , bu reallıqdır.Rəsulzadə və Cümhuriyyət qurucularının əsas amalı bölgədə sülhün və əminəmanlığın təmini idi.Gürcülərin, ermənilərin aqressiyasının , müharibə tərəfdarı olmalarının səbəbi isə onların Osmanlı dövlətinə qarşı barışmaz mövqeyi, Brest- Litovski sazişini tanımamaları, Batum məsələsi ilə bağlı idi.Rəsulzadə və Müsəlman Milli Şurası erməni və gürcüləri həqiqəti anlamağa dəvət edir, Osmanlı dövlətinə qarşı müharibə çağrışlarından onları cəkindirmək istəyir, sülh təşəbbüsü ilə çıxış edirdilər. Bu tarixi missiyanın bir qrup gəncin təşəbbüsü , davranışı ilə müqayisəsi isə doğu yanaşma deyil.
Hörmətli millət vəkili bir suala cavab versə yaxşı olar , Azərbaycan Cümhuriyyətinin 1918- ci ilin 28 May İstiqlal bəyannaməsində elan etdiyi sərhədləri sülhlə, danışıqla qəbul etməyənlərə qarşı Türkiyədən ordunu kim dəvət elədi ? Qafqaz İslam Ordusunu formalaşdırıb, gənc Azərbaycan hökümətinin imkanlarını səfərbər edən, 6 ay İstiqlal uğrunda savaş aparanların əsas ideoloqu, fikir komandanı Rəsulzadə deyildi ? Rəsulzadə təkçə ideoloq deyildi , həm də şavaşcı idi. Sadəcə ötəri toxundum bu məsələlərə, geniş faktlara söykənməyə ehtiyac duymadım.Cünki, müqayisə də, göstərilən faktlar da həqiqətdən cox uzaqdır.
Akif Aşırlı
Teref.az

Dünyapress TV

Xəbər lenti