"İsrail "Patriot"ları Ukraynada:
"Bu sistemlər iyunun 9-da Rusiyanın "Kinjal" raketlərini məhv edərək effektivliyini bir daha sübut edib..."

Ukraynanın hava hücumundan müdafiəsində istifadə edilən ən etibarlı sistemlərdən biri - ABŞ istehsalı olan "Patriot" zenit-raket kompleksi bu gün təkcə texnoloji baxımdan deyil, həm də geosiyasi əhəmiyyət baxımından diqqət mərkəzindədir.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski yerli mediaya verdiyi açıqlamada bəyan edib. Məlumatı yayıb.

Səfir qeyd edib ki, İsrail 1990-cı illərin əvvəllərində ABŞ-dan aldığı "Patriot" sistemlərini Ukraynaya verib. Onun sözlərinə görə, bu qərar ictimaiyyətə geniş açıqlanmasa da, Təl-Əvivin hərbi dəstək göstərmədiyi iddiaları həqiqətə uyğun deyil.

"O dövr üçün bu sistemlər bizi, İsraili, Fars körfəzi müharibəsi zamanı xilas edib. Bu gün isə həmin sistemlər Ukraynada yerləşdirilib və orada xidmət edir", - Brodski qeyd edib.

İyunun 9-da "Patriot"sistemi öz gücünü göstərib

Bu sistemlərin real döyüş şəraitində necə işlədiyinə dair son nümunə iyunun 9-na keçən gecə yaşanıb. Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnatın verdiyi məlumata görə, "Patriot" sistemi Rusiyanın atdığı bütün "Kinjal" raketlərini məhv edib.

Bu, son dərəcə əhəmiyyətlidir, çünki "Kinjal" (X-47M2) raketləri hipersəs sürətli və aerobalistik silahlar kateqoriyasına daxildir və adi sistemlər üçün demək olar ki, "ələkeçməz" sayılır.

"Patriot"lar bu gün 100 faiz nəticə verib. Müdafiə qüvvələrimizi təbrik etməliyik. Onlar bir daha sübut edib ki, bu sistemlər hələ də işlək və effektivdir", - İqnat deyib.

O, əlavə edib ki, hazırda Ukrayna ordusunun silahlanmasında olan sistemlər arasında belə hədəfləri məhv edə bilən yeganə real vasitə məhz "Patriot"lardır.

Qlobal dəstək və yeni təşəbbüslər

"Patriot" sistemlərinin Ukraynada uğurla tətbiqi Qərbin bu ölkəyə hava hücumundan müdafiə sahəsində göstərdiyi dəstəyin nə qədər vacib olduğunu göstərir. ABŞ və İsrailin yanaşı, Kanada və Almaniya da Ukraynaya yeni hərbi yardım paketləri göndərməkdədirlər. Məsələn, Kanada 25,5 milyon dollar dəyərində zirehli texnika ayıracağını elan edib. Almaniya isə çoxmillətli hava müdafiəsi təşəbbüsünü genişləndirmək niyyətindədir.

Bütün bu proseslər onu göstərir ki, Ukraynanın hava məkanını qorumaq təkcə texniki deyil, həm də diplomatik və strateji bir məsələdir. Bu baxımdan, İsrailin köhnə olsa da funksional "Patriot" sistemlərini Ukraynaya verməsi həm real döyüş sahəsində, həm də beynəlxalq siyasətdə əhəmiyyətli bir jestə çevrilib.
 

Dünyapress TV

Xəbər lenti